“Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir”.

 

Heydər ƏLİYEV,

ümummilli lider

 

“Dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi, az qala, adi hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir”.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi  ilə  bağlı  tədbirlər  haqqında”  1 noyabr 2018-ci il tarixli Fərmanından

 

 

Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpası xalqımızın ən ali siyasi iradəsi və həyat formulasıdır. Dünya sivilizasiyasında yer alan bütün xalqlar kimi, azərbaycanlılar da  dövlət müstəqilliyimizə nəticə deyil, vasitə kimi baxıb və indi də elə baxır. Hər bir xalqın keçmişi onun özünüdərki ilə şərtlənən tarixi, yaratdığı maddi və mənəvi nailiyyətlərin ifadəsi olan mədəniyyəti ilə ölçülür. Dil, o maddi və mənəvi xəzinənin ən mükəmməl məcmusudur və buna görə də o, hər bir xalqın varlığını təsdiq edən ən mühüm  faktorlardan biri sayılır. Dil, sosial hadisədir və buna görədir ki, onu hər bir millətin keçdiyi yolun, onun formalaşmasının ən zəngin və mühüm göstəricisi kimi də qəbul edirlər.

 

Dövlət üçün başlıca vəzifələrdən birinin onun təmsil etdiyi xalqın dilinin inkişaf etdirilməsinin qarantı olmaq nümunəsini 1918-ci ildə, Azərbaycan Demokratik Respublikasının elan olunduğu vaxtlarda görmək olur. Həmin ilin iyun ayında, dövlət müstəqilliyindən bir neçə həftə sonra hökumətin ilk qərarlarından biri bununla bağlı idi.  “Dövləti - lisan türkcə qəbul edilərək müvəqqətən hökuməti müəssisələrdə rus lisanı istemalına müsaidə edilməsi haqqında”  hökumət Qərarında ana dilinin dövlət dili olacağı bildirilir, dövlət və hökumət qurumlarında rus dilindən istifadənin müvəqqəti hal olduğu diqqətə çatdırılırdı.

 

Bu Qərarın Azərbaycanda ana dilinin dövlət dili olaraq işlədilməsini təmin edəcək ilk dövlət sənədi kimi tarixi qiyməti var. Düzdür, xalqımızın dövlətçilik tarixinin müəyyən məqamlarında Azərbaycan dilinin hətta diplomatik yazışmalarda işlədilməsini təsdiq edən nümunələr var, amma təəssüf ki, oxşar faktların ardıcıllığı diqqəti çəkməyibdir.  Buna görədir ki, ADR hökumətinin bu addımı dövlət rəmzlərimizin qəbul edilməsi qədər əhəmiyyətli addım sayıla bilər. Hələ daşnak- bolşevik silahlı birləşmələrinin nəzarətində olan Bakı şəhərinə köçə bilməyən Azərbaycan Demokratik Respublikası hökumətinin qəbul etdiyi növbəti Qərar dil siyasətinin ardıcıllığından xəbər verirdi. “Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında”  Nazirlər Şurasının qəbul etdiyi və dərhal icraya yönəldilən mühüm dövlət sənədi perspektiv siyasəti göstərirdi. Bu, ilk dəfə olaraq azərbaycanlı uşaqların doğma dillərində təhsil alma hüquqlarını qanuniləşdirən dövlətin iradəsi idi. O faktı minnətdarlıq hissi ilə xatırlatmaq yerinə düşər ki, hökumətin dil və təhsil ilə bağlı qəbul etdiyi dövlət qərarları xalqımızın işıqlı ziyalılarının mənəvi dəstəyi və milli burjuaziyanın qabaqcıl nümayəndələrinin mesenantlıq fəaliyyəti ilə gerçəkləşirdi. Vətənpərvərlik hisslərindən qidalanan həmin fəaliyyətdə Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Həmidə xanım Məmmədquluzadə və digər insanlarımız yaxından iştirak edirdilər.

 

Azərbaycan Demokratik Respublikasının elan olunmasından 15 ay sonra, 1919-cu il sentyabr ayının 1-də Bakıda universitetin təsis edilməsi ilə bağlı Qərarın qəbul edilməsi elan edilən siyasətin davamı oldu.

 

Cəmi 23 ay yaşayan Azərbaycan Demokratik Respublikası böyük işlərin əsasını qoysa da o işlər qırmızı terrorun müdaxiləsi ilə süquta yetirilən milli dövlətçiliyin ömrü kimi yarımçıq qaldı. Azərbaycanda sosialist  inqilabının elan olunması ilə yaradılan İnqilab Komitəsinin 8 fevral 1921-ci il tarixli əmri ilə “Sovet idarələrində kargüzarlığın rus və türk dillərində aparılması” tətbiq edildi. Əslində bu, dünənki milli respublikaların dövlət müstəqilliyini qəsb etmiş bolşevizmin  “xalqların milli-azadlıq uğrunda mübarizəsinin” yekunu kimi təqdim etdiyi imitasiyadan başqa bir şey deyildi. 1924-cü il iyun ayının 27-də qəbul edilən “Respublikanın dövlət idarələrində dövlət dilini, əhalinin əksəriyyətinin və azlıqda qalan millətlərin dillərini tətbiq etmək haqqında”  qərar isə kağız üzərində qaldı. 32 il sonra, 1956-cı ildə nominal dövlət müstəqilliyi olan Azərbaycan Sovet Sosialist Respublikasının  Konstitusiyasına  Azərbaycan SSR dövlət dili barəsində maddə əlavə edilməsi haqqında Qanun da eyni effekti verdi. 1969-cu ilin yayında Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gələn ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda sovet hakimiyyəti qurulandan sonrakı müddətdə ilk dəfə Azərbaycan dilinin dövlət dili statusuna qaldırılması istiqamətində fəaliyyətə başladı. O, indiki Bakı Dövlət Universitetinin İttifaqın hər yerindən, həmçinin xarici ölkələrdən olan qonaqların da iştirak etdiyi möhtəşəm yubiley tədbirində o günəcən yaranmış standartları ilk dəfə pozdu. Ölkənin yeni gənc lideri universitet müəllim-professorlarının, tələbələrin və Moskvadan gəlmiş partiya-hökumət nümayəndələrinin qarşısında doğma ana dilində parlaq çıxış etdi. Ümummilli lider bu nitqi ilə respublikanın siyasi elitasına milli dilin dövlət qurumlarında tətbiqi ilə bağlı öz mesajını çatdırırdı. Bu istiqamətdə sonradan atılan addımlar onu göstərirdi ki, ölkənin yeni lideri qarşıdakı vəzifənin həyata keçirilməsində ardıcıl və qətiyyətlidir. Elə 1978-ci ildə, Azərbaycan SSR-in yeni qəbul edilən Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi həmin ardıcıllığın və qətiyyətin ifadəsi oldu. O qətiyyəti yaradan səbəblər barədə ümummilli liderimiz sonradan belə deyəcək: “Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir”.

 

Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyində olduğu vaxtlar Azərbaycan dilçilik elminin fundamental və çoxşaxəli tədqiqatlara cəlb edildiyi zamanlar kimi yadda qalıb. Çoxcildlik “Müasir Azərbaycan dili” kitablarının məhz ulu öndərin şəxsi qayğısı ilə Azərbaycan Dövlət Mükafatına layiq görülməsi də unudulmayacaq faktlardan biridir. Bu qayğı və diqqətin ən mühüm nəticələrindən biri onunla xarakterizə oluna bilər ki, Heydər Əliyevin doğma dilimizlə bağlı qurduğu dövlət siyasəti ölkəmizdə qarşısıalınmaz prosesə çevrilirdi. Elə həmin proseslərin nəticəsi oldu ki, ölkəmizdə milli-azadlıq hərəkatının dalğaları ilə dövlət dilinə münasibət cəmiyyət üçün prioritet istiqamətlərdən birinə çevrildi. “Yeni Azərbaycan əlifbası layihəsinin hazırlanması haqqında”, “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında”  qanunlar həmin ərəfədə qəbul edildi. Daha sonra epizodik də olsa oxşar addımlar atıldı, məsələn, 1992-ci il dekabr ayının 22-də  “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu  qəbul edildi.

 

Bütün bunlar əsası ötən əsrin 70-ci illərindən qoyulan dil haqqında siyasətin məntiqi davamı kimi ortaya çıxan dövlət sənədləri idi, lakin məsələyə kompleks yanaşma deyildi. Ümummilli lider 1993-cü ilin iyun ayında vətəndaş müharibəsinin bir addımlığında olan Azərbaycan Respublikasında ikinci dəfə siyasi hakimiyyətə gələndən sonra bu istiqamətdə dövlətin siyasi xəttini elan etdi.  Həmin xətt ilk dəfə Ulu Öndərin birbaşa rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycan Respublikasının Ana Qanununda - ölkə Konstitusiyasında  yer aldı. Suveren dövlətimizin Konstitusiyasında Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri kimi təsbit edildi. Bu, həmin vaxtlar idi ki, ölkənin ancaq ziyalıları deyil, onların təmsil etdiyi cəmiyyətimizin özündə belə, ana dilimizin necə adlandırılması məsələsi əsas müzakirə obyektlərindən birinə çevrilmişdi. Dəfələrlə Prezident Heydər Əliyevin yanında bununla bağlı yaradıcı təşkilatların nümayəndələri, dilçi alimlər, yazıçı və şairlərin iştirakı ilə keçirilən, televiziya ilə yayımlanan müzakirələr zamanı böyük Vətənpərvərin məsələyə necə tarixi məsuliyyətlə, məntiqi arqumentlərlə yanaşmalarının şahidi olurduq. Onun şahidi olurduq ki, Ümummilli Lider tarixi keçmişimizin əvəzsiz xəzinəsini yaşadanları hansı ehtiramla yad edir: “Biz əcdadlarımıza daim minnətdar olmalıyıq, ona görə ki, torpaqlarımız, ərazimiz cürbəcür şahlıqların, sultanlıqların, xəlifələrin, dövlətlərin əlinə keçdiyi vaxtlarda da dilimiz ölməyib, yaşayıb. Onu xalq yaşadıbdır”.

 

Ümummilli liderimiz məsələyə korporativ maraqlar nöqteyi-nəzərindən yanaşan, populist ruha söykənən bəzi ziyalılara izah etmək məcburiyyətində qalırdı ki, Azərbaycan dili türk dilləri ailəsinin üzvüdür və türkdilli xalqların müştərək mədəniyyətinin yaranmasında min illər ərzində iştirakı var, lakin bunlar xalqımızın onu səciyyələndirən digər məxsusi keyfiyyətləri inkar etmir. Bu müzakirələr bir daha böyük siyasət adamının haqlı olduğunu ortaya qoydu və O, tutduğu ali dövlət vəzifəsi ilə deyil, dərin məntiqi, fenomenial yaddaşı ilə ancaq həmin müzakirənin iştirakçılarına yox, çoxmilyonluq auditoriyası olan televiziya tamaşaçılarına üz tutdu: “Biz türkdilli xalqların ailəsinə mənsub olan bir xalqıq. Ancaq bunun çox şaxələri var. Bunun bir şaxəsi də Azərbaycan dilidir. Biz bunu təsdiq etmişik və bu, artıq bütün ictimaiyyət tərəfindən qəbul olunubdur. Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik”.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bir dövlət xadimi və siyasətçi olaraq, bütün fəaliyyəti boyu göstərdiyi ardıcıllıqla  dilimizi dövlət dili statusunda layiqli yerinə qaldıra bildi. Onun 1991-ci il dekabr ayının 25-də qəbul edilmiş “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında”, 1992-ci il dekabrın 22-də  imzalanmış “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunlarının praktikaya yönəldilməsini təmin edən sənədi imzalaması bunu təsdiq edir. Prezidentin 2001-ci il iyun ayının 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman  bu istiqamətdə dövlət siyasətinin əhəmiyyətli mərhələsi hesab edilməlidir. Həmin Fərmanın imzalanması ilə bütün dövlət və qeyri-hökumət təşkilatlarında, həyatımızın bütün sahələrində dövlət dilinin işlək vəziyyətə gətirilməsi təmin edildi. Bununla bərabər, həmin vacib dövlət sənədinin imzalanması ilə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”  Fərman dövlət dilinin problemlərinin həlli, bu məsələlərin elmi tədqiqata cəlb edilməsi üçün Azərbaycan dilçilik məktəbinin qarşısında yeni vəzifələr qoydu. Bunlardan əlavə, vacib dövlət sənədi həyatımızın bütün sahələrində Azərbaycan dilindən istifadə qaydalarını tənzimlədi, qüsurların aradan qaldırılması sahəsində mühüm rol oynadı. Fərman 9 il əvvəl qəbul edilsə də praktikaya yönəldilməsi ildən-ilə ləngidilən, Azərbaycan dilinin latın qrafikalı əlifbaya keçidində maneəyə çevrilən astagəlliyin, ətalətin aradan qaldırılmasında sözünü dedi: “Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, ölkədə Azərbaycan dilində çap olunan qəzet, jurnal, bülleten, kitab və digər çap məhsullarının istehsalının 2001-ci il avqustun birinə qədər bütünlüklə latın qrafikalı əlifbaya keçməsini təmin etsin”.

 

Prezident Heydər Əliyevin 2001-ci il avqust ayının 9-da imzaladığı növbəti Fərman  “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” idi. İmzalanan ali dövlət sənədinə görə Azərbaycan Respublikasının ərazisində “Hər il avqust ayının 1-i gününün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü olaraq qeyd ediləcəyi” bildirilirdi.

 

Bunlar müstəqil Azərbaycan dövlətçiliyinin bərpasından sonra ölkədə ikinci dəfə siyasi hakimiyyətə gəlmiş ümummilli liderimiz Heydər Əliyevin dövlət dili ilə bağlı siyasətinin fundamental hüquqi bazasını yaradan ali dövlət sənədləri oldu. Ana dilinin böyük təəssübkeşi olan Prezident Heydər Əliyev bunlarla bərabər, dilimizin inkişafını şərtləndirən digər amillərə xüsusi önəm verirdi. O, bu istiqamətdə Azərbaycan dilçilik məktəbinin, onun zəhmətkeş və ardıcıl nümayəndələrinin qarşısında mühüm vəzifələr qoyur və o vəzifələrin yerinə yetiriləcəyinə inanırdı. Heydər Əliyev dilin sosial hadisə olduğunu, buna görə də onun inkişaf mərhələlərinin canlı orqanizm olaraq sosial mühitlə üzvi bağlılığını bilirdi. Onun bilavasitə təşəbbüsü ilə Milli Məclisə göndərilən, 2002-ci ilin sentyabrında qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət dili ilə əlaqəli ən vacib hüquqi akt kimi tarixə düşdü.

 

Sənəddə Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca prinsiplərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qaldığı ifadə olunur. Bu Qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Qəbul edilən Qanun ümummilli liderimizin ana dilinin taleyi barədə təməl düşüncələrinin ifadəsi kimi diqqətçəkəndir. Onun 2003-cü ilin yanvarında  təsdiq etdiyi  “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununda  Azərbaycan dili müstəqil dövlətçiliyin əsaslarından biri olaraq qəbul edilir, onun digər dillər arasında yaşaması və təkmilləşdirilməsi sahəsində konseptual ideyalar irəli sürülürdü. Bu qanunvericilik aktı ilə Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalırdı.

 

Ümummilli liderimiz Heydər Əliyev dövlət dilinin qayğısına ona görə qalırdı ki, o, dilimizi xalqımızın ən böyük milli sərvəti hesab edir və bu sərvətin göz bəbəyi kimi qorunmasının hüquqi əsaslarının yaradılmasına çalışır və buna nail olurdu. Bütün bunlarla bərabər, Heydər Əliyev mənsub olduğu xalqı dilin qorunması, inkişafı üçün ən etibarlı keşikçi sayırdı: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.

 

Prezident dilə lazım olan qayğı barədə hər məqamda danışır, onun lüğət tərkibinin zənginliyini birbaşa sosial həyatımızla bağlayır, bunu proporsional inkişaf dinamikasının qanunları ilə əsaslandırırdı: “Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik”.

 

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan xalqının mütləq böyük əksəriyyətinin iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş və ən böyük amalı xalqına xidmət olan İlham Əliyev ulu öndərin dövlət dili siyasətini uğurla davam etdirir. Bu, həm də Prezidentin öz xalqının milli adət-ənənələrinə, onun qədim mədəniyyətinə bağlılığı ilə izah olunmalıdır. Milli kökünə bağlılıq, gələcək qarşısında məsuliyyət hissi  Prezident Heydər Əliyevin başladığı strateji siyasəti 2003-cü  ildən sonra davam etdirmək  işində ən böyük potensial enerjisi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bununla əlaqədar imzalanmış sərəncam və fərmanların geniş spektri fikrimizi təsdiq edə bilər. Dövlət başçısının  Azərbaycan dilində həmin vaxtlara qədər çap edilmiş istər dünya, istərsə də Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrinin latın qrafikalı əlifba ilə nəşr edilməsini təmin edəcək Sərəncamının nümunəsində bunu görürük. Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı bu sferada yarana biləcək vaakkumu aradan qaldırmaqla, əlifba ilə bağlı digər texniki problemləri həll etdi. Onu demək kifayətdir ki, Prezidentin sonradan adıçəkilən Sərəncamın məntiqi davamı olaraq imzaladığı növbəti sərəncamlar  əsasında 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından nəşrlər latın qrafikalı Azərbaycan əlifbası ilə nəşr edildi. Prezidentin 2004-cü il yanvarın 13-də imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” digər Sərəncamı isə Azərbaycan Milli Ensiklopediyasının çoxcildli nəşrinin başlanılmasını təmin etdi. Azərbaycan Milli Ensiklopediyasının yeni nəşri etnik özünüdərkin formalaşmasına ciddi təsir göstərən bir nəşr kimi nəzərdə tutulurdu. Ensiklopediyada xalqımızın bəşəriyyət tarixi, iqtisadiyyatı, mədəniyyəti, elm və siyasətindəki yeri və rolu, respublikamızda bu sahələrdə  çalışanların, həmçinin görkəmli azərbaycanlı mesenat, mühacir və neft sənayesi sahibkarlarının nailiyyətləri, Azərbaycanın öyrənilməsində mühüm rolu olan əcnəbi tədqıqatçıların əsərləri öz əksini tapmalı idi və bu, belə də oldu.

 

Ümumilikdə isə, Azərbaycan Milli Ensiklopediyasının nəşri Prezident İlham Əliyevin maarifçilik məqsədi daşıyan böyük bir xidməti kimi dəyərləndirilə bilər.

 

Prezident İlham Əliyevin 2018-ci il noyabr ayının 1-də imzaladığı  “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”  Fərmanın preambulasında qarşıdakı məqsədlər  belə təqdim edilirdi: “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli Qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır.

 

Bütün yuxarıda qeyd olunan  sənədlər doğma dilimizə göstərilən yüksək səviyyəli dövlət qayğısı barədə danışıq üçün əsas verir. Haqqında  söhbət açdığımız Fərmanda isə göstərilir ki, bu istiqamətdə ardıcıl dövlət siyasətinin aparılması nə qədər zəruridir. O bir gerçəklikdir ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir, lakin Prezidentin imzaladığı sənədin preambulasında  Fərmanın verilməsini vacib edən faktorlar belə sadalanır:  “Dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi, az qala, adi hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir”.

 

Fərmanda Monitorinq Mərkəzinin yaradılması və  Monitorinq Mərkəzinin Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nın hazırlanması barədə tapşırıq verilir.

 

Prezident İlham Əliyevin dilimizin inkişafı və qorunması üçün münbit qanunvericilik bazasını dərinləşdirərək möhkəmləndirməsi onun bir Vətəndaş olaraq doğma ölkəsi və mənsub olduğu xalqa, onun maddi-mənəvi tarixinə, bu tarixin məcmusu hesab edilən dilimizə münasibətindən qaynaqlanır. Dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin qurulması  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdırsa, bu siyasətin yaradıcılıqla davam etdirilməsi missiyası Prezident İlham Əliyevə məxsusdur. Ölkə rəhbərinin Azərbaycan dilinin qloballaşma şəraitində hərtərəfli inkişafı, ədəbi dil normalarının qorunması istiqamətində atdığı addımlar Azərbaycan dilçiləri ailəsi, ümumilikdə, Azərbaycan ziyalıları tərəfindən minnətdarlıqla qarşılanır. Həmin addımların isə ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin edəcəyinə inanırıq.

 

Prezident İlham Əliyevin dilimizin inkişafında başlıca rol oynayan kütləvi informasiya vasitələrinə xüsusi qayğısına həm də onun dilin inkişaf  konsepsiyasının tərkib hissəsi kimi yanaşılmalıdır. Kütləvi informasiya vasitələrinin missiyası, əlbəttə, ancaq informasiya vermək və maarifçiliyi yaymaqdan  ibarət deyil, 300 ildən artıq olan vaxt ərzində onlar həm də yayıldıqları dilin inkişafında xüsusi yer tutur. Buna görədir ki, Azərbaycan mətbuatının yaranmasından keçən müddət ərzində xalqımızın ən işıqlı ziyalıları jurnalistika ilə bərabər, dilimizin qrammatik normalarının qorunması, leksik tərkibinin zənginləşməsi işində can yanğısı, vətəndaş təəssübü ilə məşğul olublar. “Əkinçi” ilə başlayan və ənənəyə çevrilərək bu böyük işlərin əsasını onun naşiri, redaktoru, korrektoru belə özü olan Həsən bəy Zərdabi və  müasirləri-  Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və digər ziyalılarımız yaratdılar. Sonralar bu şərəfli işi Məhəmməd ağa Şahtaxtınski, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Haşım bəy Vəzirov, Əliqulu Qəmküsar, Üzeyir Hacıbəyov və onlarla insanımız davam etdirdi. Bugünkü Azərbaycan dilinin qorunması və inkişafında xidməti olan yüzlərlə dəyərli insanımızın ruhları qarşısında baş əyərək onların xatirəsinə ehtiramımızı ifadə edirik.

 

Prezident İlham Əliyevin imzaladığı, milli mətbuatımızın yaranmasının 145-ci ildönümü ilə bağlı 30 iyun 2020-ci il tarixli Sərəncamı əsası ümummilli liderimiz tərəfindən qoyulan ənənənin davamı kimi qəbul edirik. Adıçəkilən Sərəncamda kütləvi informasiya vasitələrinə dövlət qayğısını şərtləndirən faktorlar yada salınır: “Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır”.

 

COVID-19 pandemiyasının bütün dünyada olduğu kimi, ölkəmizdə də yayılması, bütün dövlət və hökumət resurslarının onunla mübarizəyə səfərbər olunduğu məqamlarda belə, mətbuat gününün ən yüksək səviyyədə keçirilməsini təmin edəcək sənədin imzalanması ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın kütləvi informasiya vasitələrinə verdikləri böyük önəmin təzahürüdür.

 

Mahirə HÜSEYNOVA,

filologiya elmləri doktoru, professor, ADPU-nun Filologiya fakültəsinin dekanı

 

 


Bölmənin digər xəbərləri