(Əvvəli qəzetin 31 iyul tarixli sayında https://muallim.edu.az/news.php?id=12285 )

 

Modernləşdirmənin üç əsas təməl məfhum üzərində aparıldığını qeyd edək: cəmiyyət, ictimai şüur və iqtisadiyyat. Sevindirici haldır ki, hökumət və cəmiyyət belə dəyişikliklərin lazım olmasını qəbul edir və bunun üçün çalışır. Lakin ümumi təhsili modernləşdirməmiş ali təhsildə aparılan islahatlar varislik, ardıcıllıq baxımından fayda verməz. Bəs orta təhsildə vəziyyət necədir?  Niyə bəzi şagirdlərimiz təhsilə kifayət qədər can atmırlar? Bəlkə səbəb məktəb didaktikasında, təhsilin məzmununun günün tələblərinə cavab verə bilməməsindədir? Bütün hallarda bu məsələ dərindən araşdırılmalıdır. Vaxtilə belə deyim var idi: “Oxumaq, oxumaq, yenə də oxumaq”. Bu tezis özünü cəmiyyətdə doğrultmadı. Lakin biz məsələyə fərqli yanaşma təklif edərdik: “Oxumaq, öyrənmək və qazanılmış bilik, bacarıq və vərdişlərdən faydalanmaq (düzgün tətbiq etmək)”.

 

Məktəb təhsilində hədəfimiz ideal didaktika və idarəçiliyin formalaşdırılmasıdır. Hesab edirəm ki, bu istiqamətdə pilot kimi müəyyən layihələr hazırlanıb tətbiq olunmalı, ideal didaktika və idarəçiliyə dair beynəlxalq təcrübə öyrənilməli, müasir təhsil quruculuğunda qabaqcıl təcrübədən geniş istifadə olunmalıdır. Düşünürəm ki, bu istiqamətdə bəzi fundamental problemlərə nəzər salmaq olar:

 

İnformasiyanın əsas etibarilə müəllimin monoloji nitqi şəklində çatdırılması üsulunun köhnəlməsi; “Sinif-dərs” sisteminin dinamik inkişafda olan dünyanın tələblərinə tam cavab verməməsi; Şagirdlərin məktəbdə təhsil almaq motivasiyasının və müəllimlərin öz işinə marağının artırılması zərurəti. Hesab edirəm ki, bu qeyd olunan məsələlər ictimai rəy formasında müzakirə oluna bilər.

 

Danılmaz faktdır ki, müstəqillik illərində test üsulu ilə qəbul, cəmiyyətdə hökumətin ali məktəblərə şəffaf qəbulun aparılmasında maraqlı olması inamını birmənalı şəkildə təsdiqlədi. Amma bu o demək deyil ki, plan yerlərinin doldurulması xatirinə normadan çox aşağı qiymət alanlar da ali məktəblərə qəbul olmalıdırlar. Doğrudur, son illərdə bu sahədə aparılan islahatlar qəbulda keyfiyyətin yüksəlməsini təmin etmişdir. Bu sahədə tədbirlərin genişləndirilməsi həyati zərurətə çevrilmişdir. Fikrimizcə, dünyanın yüksək reytinqli universitetlərində olduğu kimi, ali məktəbə gedən yol enli, çıxış isə dar olmalıdır. 

 

Nəzərə almalıyıq ki, orta məktəbin vəzifəsi ali məktəbə abituriyent deyil, ölkəyə vətəndaş yetişdirməkdən ibarət olmaqla, onlara təhsilin digər pillə və səviyyələrini davam etdirmək imkanı yaratmaqdır.  Ölkədə hazırda hər min nəfərə düşən ali təhsilli insanların say göstəricilərinin inkişaf etmiş Avropa ölkələrinin orta statistik göstəricilərinə uyğunlaşdırılması zərurətə çevrilib.

 

Bir məsələni də qeyd etmək istərdik. Avropa Birliyinə daxil olan ölkələrdə məqsəd  əhalinin 60%-nin ali təhsilli olmasıdır. Qloballaşan dünya bunu tələb edir. Elm və texnika elə sürətlə inkişaf edir ki, artıq orta təhsilli insan çətinliklərlə üzləşməli olur.

 

Yaxşı təhsil almış insan bir qayda olaraq həyatda daha uğurlu olur. Bu tezisi çox az sayda adam inkar edə bilər. Lakin başqa bir deyim: “ziyalı cəmiyyət daha uğurludur” tezisi min dəfə tutarlı və dürüstdür. O, daha çox ixtira edir, daha yaxşı tətbiq edir, insanlarla dil tapmağı, ünsiyyət qurmağı və paylaşmağı bacarır...

 

Müasir dünyada təhsilin rolu artıb:  “Yüksək əyarlı” gələcəyə yalnız o ölkələr nail olacaqlar ki, həmin dövlətin və ictimai təsisatların birgə səyləri təhsilə yeni yanaşmanın formalaşmasına gətirib çıxaracaq. Digərləri keçmişdə qalacaqdır...

 

Dəyişmə və müqavimətin vəhdəti: Hər bir yeni dəyişiklik müqavimət qüvvəsi ilə rastlaşır.  Hazırda ölkəmizdə uğurla ümumi təhsildə kurikulum islahatı həyata keçirilir. Burada da müəyyən problemlər ortaya çıxdı. Etiraf etməliyik ki, kurikulum islahatı cəmiyyətdə birməmalı qarşılanmadı. Belə ki, hamı təhsildə möcüzə gözləyir, ancaq prosesin fəal iştirakçısı olmaq istəmirdi. Burada obyektiv və subyektiv amillər özünu büruzə verir. Həm müəllimlər, həm də valideynlər islahatlara hazır olduqlarını nümayiş etdirməlidirlər. Yalnız o zaman uğur qazanmaq olar. İslahatın məqsədi təlim yükünün azaldılmasına və nəticəyönümlüyə istiqamətlənmişdir.

 

Təhsildə ziddiyyətlər və paradiqma: Üç ziddiyyəti təqdim edək:

  • * Təhsilin  keyfiyyətli olması üçün bahalı, kütləviliyi, əlçatanlığı üçün isə ucuz olmalıdır.
  • * Verilən təhsil dar ixtisaslı olmalıdır, çünki “nəhayətsiz olanı əhatə etmək”  mümkün deyildir. Təhsil  dərin olmalıdır, çünki bu amil nəzərə alınmadıqda dar ixtisaslı mütəxəssis yenilikləri pis qavrayır, fənlərarası biliklərdən çətinliklə baş çıxarır, ümumi bir məsələnin həllində digər profilli mütəxəssislərlə ünsiyyət qurmaqda əziyyət çəkir.
  • * Təhsil könüllü olmalıdır, yalnız bu halda maksimum səmərəli olur, həmçinin icbari  olmalıdır, çünki cəmiyyət üçün savadsızlıq sosial baxımdan təhlükəli bəladır. Bu ziddiyyətləri həll etmədən yeni müasir təhsil sisteminə keçmək çox çətindir.

 

Nəyi necə etməli?

Ənənəvi “sinif-dərs” sistemi çərçivəsində istər texniki, istərsə də sosial olsun, istənilən sistem üçün bəzi fundamental ziddiyyətlər mövcuddur və onların həlli sistemin varlığının sözügedən paradiqması çərçivəsində tam mümkün deyildir. Sözügedən  ziddiyyətləri  yalnız paradiqmanı dəyişdirməklə həll etmək olar.

 

İnnovasiyalı təhsil sistemində paradiqma. Pedaqoji bir aksiom ifadə etmək istəyirəm: sərbəstlik verilən uşaq maraq hiss etməyə və öz şəxsi idrak trayektoriyasını həyata keçirməyə qadirdir.

 

Aksiomları sübuta yetirmirlər. Onlara ya inanır, ya da inanmırlar. Aksiomların nəticələrini yoxlayırlar. Əgər həyata keçirsə, etibar da çoxalır.  Ənənəvi sovet məktəbində müəllim işləyərkən müxtəlif intellektual oyunlar  düşünürdüm ki, yeniyetmələr öz bilik trayektoriyasını müəyyən mənada özləri seçə bilsinlər. Biliklərə ciddi və dürüst nəzarətlə birlikdə bu üsul həmişə müsbət nəticə vermişdir. Valideynlik və pedaqoji təcrübəm, ən yaxşı pedaqoq və filosofların ən yaxşı mətnləri məni bu aksiomun doğruluğuna inandırmışdır.

 

Əgər bu aksiom doğrudursa, onda biz bəşər cəmiyyətinin nəhəng kreativ  potensialını inkişaf etdirən təhsil sistemi qura bilərik. Gəlin, təxəyyülümüzü işə salıb, ideal təhsil sisteminin ümumi cizgilərini verməyə çalışaq. Əsas anlayışlar bunlardır: qloballaşma, modernləşdirmə, innovasiya, paradiqma, rəqabətqabiliyyətlilik, fərdi təhsil trayektoriyası, şagird, müəllim, dövlət və iqtisadiyyat.

 

Uşaqlar istedad, maraq dairəsi baxımından çox müxtəlifdirlər.  Gəlin, uşağın fərdi qabiliyyət və maraqlarını həlledici dərəcədə nəzərə almaq iqtidarında olan təhsil sistemi layihələndirək. Onda motivasiya probleminin həlli, tədrisə qarşı  müqavimətin olmaması, tamamilə fərqli tədris dinamikası ortaya çıxır. Lakin eyni zamanda müəyyən təhsil standartlarını, mədəniyyətin ümumiliyini qorumaq lazımdır. Bəs, belə olan halda nə etməli?

 

Təhsil sisteminin yeni paradiqması bu ziddiyyəti aradan qaldırmalıdır. Mədəniyyət standartlarını əldən verməmək şərti ilə tədrisin dinamizmi, forma müxtəlifliyi və mahiyyəti vəhdət halına gətirilməlidir. Təhsil müəssisələrinin müxtəlif formaları, təlim texnologiyaları, fənnə müxtəlif dərəcədə yiyələnməyi nəzərdə tutan küllü miqdarda fənn seçimi imkanları və standart tələblər, “qızıl bilik fondu” çərçivəsində imtahanlar bir-biri ilə uzlaşdırılmalıdır.

 

Təmayüllü Təhsil Mərkəzi - yeni tip müəssisəni şərti olaraq belə adlandıraq. Burada uşaq və gənclər 2-3 gün ərzində hansısa kursu dərindən keçə bilər. Bu, məktəb təhsili üçün standart, yaxud qeyri-standart kurslar da ola bilər: müasir texnikada  fiziki effektlər; məişət cihazlarının mexanizmi; qeyri-standart məsələlərin həll üsulları; ulduzların təkamülü; “Marsın tədqiqi” layihəsinin işlənib hazırlanması və s. Mərkəzdəki standart  kursun məktəb kursundan fərqi nədir? Fənnə dərindən yiyələnmək. “Mətbuat konfransı” metodu. İxtiraçılıq və tədqiqat məsələlərinin həlli. Parlaq eksperimentlər, “bütün divar boyu” difraksiya və interferensiya, təmas və hətta hər hansı cihazı, məsələn, difraksiya qəfəsini öz əlinlə hazırlamaq imkanı. Tədris prosesi  şəkillərin çəkilməsi ilə müşayiət olunur və  şagird  iş dəftəri  - onun öz iştirakının əks olunduğu şəkillərin verildiyi  tədris vəsaiti alır. Əhalisi 500 min nəfər olan şəhər üçün belə bir Mərkəz artıq ciddi məsələdir. Belə bir mərkəz hələ yaradılmayıb. 14 yaşlı uşağın həyatından konkret nümunə gətirək. O, məktəbdə fizika kursu çərçivəsində yarımillik optika kursunu başa vurmuşdur. Şəhər məktəb-gimnaziyasında, əla qiymətlər alır. Fənni yaxşı səviyyədə mənimsəməsi, linzalarda heç də sadə olmayan təsvirləri başa düşərək  qurması üçün həmin şagirdə iki saatlıq 5 məşğələ kifayət edir. Belə bir mərkəz təhsil məkanını gücləndirməyin və çeşidli etməyin çoxsaylı variantlarından biridir. Muzey pedaqogikası, əyləncəli elm şəhərcikləri, elmi-populyar filmlər və TV kanallar, interaktiv  kompüter oyun-laboratoriyaları, maarifləndirici  turizm bu kimi  variantlardır.

 

Ən yaxşı müəllim və şagirdlərin video və audio-vizual mühazirələri, biliyin yoxlama sistemli ixtisaslaşdırılmış saytlar və internet-portallar vasitəsi ilə bu sadalanan funksiyaları müəllimin üzərindən götürüb onun yükünü xeyli azaltmaq olar. Yeni təhsil sistemində müəllim bilik yolunun  mühəndisinə, fərdi təhsil trayektoriyası üzrə məsləhətçiyə çevrilir. Mövcud şagird - müəllim münasibətindəki nisbəti nəzərə alsaq, belə məsləhətçilər standart təhsil sahəsindəki müəllimlərlə müqayisədə  xeyli dərəcədə az tələb olunur.

 

Bəs yeni təhsil sistemində  dövlət və cəmiyyət hansı rol oynayır? Dövlət biliklərin hər bir vətəndaş üçün icbari olan  minimum standartlarını hazırlayır. Məsələn, hansı sürətlə yazıb-oxumaq, oxuyub-anlamaq, ifadəli oxumaq, “ədəbiyyatın qızıl fondundan”, dövlətin, xalqın, dünyanın tarixindən nə qədər məlumatlı olmalı... Həmin bu biliklərə nəzarət sisteminin yaradılması mühüm əhəmiyyət kəsb edir. Biliyin zahiri motivləri yaradılması, yüksək səviyyəli təhsilin normaya salınması zərurəti yaranır. Doğrudur, bu sahədə müəyyən işlər görülməyə başlanıb. Bunun üçün  zəruri olan  bütün vasitələrimiz, ilk növbədə, televiziya  vardır. Daha yüksək standartlar, o cümlədən peşəkar standartlar sahə institutları, peşəkar özünütənzimləyən təşkilatlar tərəfindən  yaradılır. Hər bir səviyyənin özünün   bilik və bacarıq standartları olmalıdır. Şagird ali məktəbə oxumağa gələndə artıq bir xeyli imtahan vermək təcrübəsi olur. Strateji baxımdan  belə təhsil sistemi həm keyfiyyətli, həm də ucuzdur.  İdeal təhsil sisteminin həyata keçirilməsinin şərti inkişaf etmiş innovasiya iqtisadiyyatıdır ki, bu da eyni dərəcədə innovasiyalı olan təhsil sisteminin nəticələrinə əsaslanır. İnnovasiya iqtisadiyyatının təşəkkülündə layihələndirmə və onunla bağlı  müvafiq təhsil sisteminin təşəkkülü əhəmiyyətli rol oynayır.  Təhsil və iqtisadiyyat bir çox baxımdan bir-birini qarşılıqlı surətdə tamamlayır. Təhsilə yönələn ümumi vəsait axınına dövlət, sahə institutları, peşəkar özünütənzimləyən təşkilatlar və xeyriyyə fondları şərait yaradır, valideynlər də imkan daxilində  öz istəyi ilə bu işə qoşulurlar.

 

Təhsil özlüyündə mürəkkəb sistemdir, üstəlik, iqtisadiyyat, siyasət  və s. sıx surətdə bağlıdır. Buna baxmayaraq,  insanların yaratdıqları digər sistemlər kimi o da, ola bilsin, mühəndis təhlilinə, proqnozuna  və sintezinə meyillidir. Mən, bəzən öz tələbələrimə aidiyyəti üzrə müxtəlif - texniki, iqtisadi, hüquq ixtisaslı ali təhsil məktəbləri, praktik olaraq bütün istiqamatlər üzrə məsləhət verməyə çalışıram. Öz təcrübəmdə demək olar ki, hər dərsdə mövzu ilə bağlı videoçarx və ya film nümayiş etdirirəm. Təhsil sistemində müasir dünyanın, yeni tələblərini və çağırışlarını üzə çıxarmaq, sabahın və o biri günün  tələblərini hiss etmək, duymaq və qiymətləndirmək lazımdır.

 

COVID-19 pandemiyası təhsil sistemində ciddi dəyişikliklərin labüd olduğunu göstərdi. Sabah nə edəcəyimizi, bu gün insanlararası münasibətlərə, istehsal alət və vasitələrinə yeni baxış, makro və mikro iqtisadiyyatın yeni zəmində inkişafı, elmə, təhsilə yeni yanaşmalar tələb edir.  Hər bir təhsilalan - şagird, tələbə, magistr və doktorant qarşısında duran vəzifənin nədən ibarət olduğunu dəqiq anlamalı, öhdəliklərini kənar təsirlər olmadan icra etməlidir. Mütəxəssislər vəzifə öhdəliklərinə minimum protokol əsasında icra etməyə qadir olmalıdır.

 

Müəllim hazırlığında da əsaslı dəyişiklik etməyin vaxtı çatmışdır. Lazımi nəticələrə nail olmaq  və  rəqabətqabiliyyətliliyi müəyyənləşdirmək üçün resurslar dəyərləndirilməli, bizi irəliyə doğru aparan strategiya və meyarlar, inkişaf planı əsasında işlər davam etdirilməlidir. Eyni zamanda valideynlərdə motivasiya yaratmaq vacibdir, onlar öz uşaqlarına nəzarət etməyi və onları yüksək keyfiyyətli təhsili almağa yönləndirməkdə çətinlik çəkirlər. Bu yöndə valideynlərin maarifləndirilməsi işinin həyata keçirilməsi məqsədi ilə imkanların mövcudluğu sevindirici hal kimi dəyərləndirilir.  Elm və təhsil festivalları, şagirdlər üçün əsasən təbiət fənləri üzrə nümayiş etdirilən təcrübələr, müxtəlif sərgilər onların, bəzən isə təhsil haqqında geniş təsəvvürü olmayan valideynlərin görüş dairəsini genişləndirir. Savadlı insanlara, yüksək mədəniyyətə malik olan, geniş intellektli ixtisaslı mütəxəssislərə cəmiyyətdə tələb artdıqca, bu məsələnin də öz həllini lazımi qaydasında tapacağına əminik.

 

İnanırıq ki, dövlət başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na və beynəlxalq standartlara uyğun aparılan islahatlar sayəsində yaxın illərdə qloballaşan dünyanın yeni çağırışlarına cavab verən innovativ əsaslı modernləşdirilmiş müasir təhsil sistemi qurulacaqdır.

 

Hümeyir ƏHMƏDOV,

pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü