Qarabağ savaşı tarixinə general Polad Həşimovun qisasını alan qəhrəman kimi düşdü


Bu ikisini çox sevdi, bir anasını, bir də Vətənini. İkisini də canı bahasına qorudu. Birincisi üçün təhsilini, karyerasını, ikincisi üçün bütün həyatını, ömrünü qurban etdi. Ona fəxrlə “oğul” desinlər deyə, bir anası, bir də Vətən.

 

İkinci Fəxri Xiyaban... Bu aralar qapısında hər gün qələbəlik olur.

 

Məzarların birinin başında başdan-ayağa qaraya bürünən qadın var. Həzin bir nalə çəkir. “Məni tək qoyma, gəl”, deyir. Elə hey çağırır, çağırır...

 

Bu səs sentyabrın 27-dən başlayan Vətən Müharibəsinin ilk şəhidlərindən birinin - Cəbrayıl Dövlətzadənin anasının səsidir. Cəbrayılı çağırır. Arxasını, dayağını, tək güvən yerini gözləyir dizini yerə qoyub. Niyə də gəlməsin. Dostu Yalçının yuxusuna gəlib, anasının çağırışınamı gəlməyəcək? Yalçın onu evə dəvət etsə də, rədd edib. Gedəcəyi yer varmış. “Naxçıvana şəhid aparıblar, gedib kömək edəcəm”, - deyib. 

 

Cəbrayılın anası Məleykə xanım 40 gündür ki, günə “İkinci Fəxri Xiyaban”dan, balasının yeni mənzilindən başlayır. Onsuz harda olmağından asılı olmayaraq, hər an Cəbrayılla danışır,  onun səsini eşidir, darıxdıqca onu görür. İstəyəndə düyməyə basıb səsini eşidir, istəyəndə şəklinə baxır, istəyəndə danışdığına, güldüyünə, söhbətinə, əl işlərinə. Cəbrayıl gedəli onun dünyasını telefonuna köçürüb. İndi Cəbrayıl onun telefonunda, telefonu isə başucundadı.

 

Ana balası haqqında...

 

Mərd, döyüşkən, haqsızlığa qarşı susmayan, dostu üçün savaşan, özündən zəifləri qoruyan... Nə müsbət keyfiyyət axtarsan, tapardın onda. Tanıyanlar elə deyir. Bəs, anası?

 

Anası Məleykə Məmmədzadə sentyabrın 11-də hərbi xidmətdə olan oğlunun 19 yaşını qeyd etdi.  Heç ağlına da gəlmədi ki, bundan sonra elə həmişə belə olacaq. Doğulduğu günü o olmadan qeyd edəcək. Hardan bilsin axı. Oktyabrın 2-də hərbi xidmətə başlamağının bir ili tamam olacaq, məzuniyyətə anasını görməyə gələcəkdi. Anaya bəlli olan plan bu idi.

 

Ancaq elə olmadı. 19 illik ömrünə bir dastana sığmayacaq qədər böyük qəhrəmanlıq yerləşdirən, Vətən müharibəsinin ilk günlərində millətinin qəlbində özünə əbədi yer tutan şəhid Cəbrayıl Dövlətzadə. İndi İkinci Fəxri Xiyabanda ən mərkəzi yerlərdən birinin sahibidir. Bu yerə çatana qədər keçdiyi 19 illik qısa yolu anasından öyrənməyə çalışırıq. Ana danışır, görünən odur ki, həmin 19 ilin hər biri bir ömrə bərabər olub. O, Cəbrayılı böyüdərkən tək olub, himayəsində 3 uşaqla birlikdə savaşıb həyatın qarşısına çıxartdığı çətinliklərlə.

 

Dərsə gedən bir...

 

Məleykə Məmmədzadənin sözlərinə görə, bacısı, sonra Cəbrayıl dünyaya gəlib. Ancaq bacısının tamamilə əksi olub Cəbrayıl. Utancaq, üzüyola, cavab qaytarmayan, mehriban, bir sözlə, canayatan bir uşaq. O anadan olanda ailəsi Sumqayıtda yaşayırdı. Sumqayıtda da əlinə çanta alıb məktəbə gedib.  Birinci sinfə “Təfəkkür” liseyində rus dilində başlayıb. Elə başlayan kimi də uğur dalınca uğur qazanıb. Məktəbdə ilk ilini uğurla başa vurub. İkinci sinfə B.Mehdiyev adına Qubadlı şəhər 2 nömrəli tam orta məktəbində davam edib. Bu keçid  balaca Cəbrayıl üçün bəlkə asan olmayıb, ancaq müəllimi Afilə xanımın köməyi ilə öhdəsindən gəlib. Qısa müddət içərisində sinif yoldaşları ilə arasındakı birillik geriliyi aradan qaldıraraq onlara çatıb və sinfin ən yaxşı şagirdlərindən birinə çevrilib. Afilə Ağayarova həmin mərhələdə şagirdinin ən yaxın köməkçisi olub: “Sinfimə II sinifdən daxil oldu. Azərbaycan dilində danışırdı, ancaq yazıb oxuya bilmirdi. Onunla əlavə məşğul olurdum. Qısa müddət ərzində sinif yoldaşlarına çatdı və sinfin əlaçılarından biri oldu.  Sadəcə təhsili ilə yox, xasiyyəti ilə də sevimlimizə çevrildi. Çox gözəl rəsmlər çəkirdi. Çox bacarıqlıydı. Tez qavrayır, qısa müddətdə öyrənirdi”.

 

Afilə müəllim Cəbrayıl şəhid olandan bəri özünə yer tapa bilmir: “Cəbrayılı sevirdim, ona görə ona ölümü yaraşdıra bilmirəm. Bu xəbər mənə çox pis təsir etdi. Qardaşım da I Qarabağ savaşında şəhid olub. Cəbrayıl mənə qardaşımın şəhid olduğu o günü xatırlatdı”. 

 

Çinarə İbrahimli isə Cəbrayılın sinif yoldaşı olub: “Sinfimizə sonradan gəlmişdi. Çox yaxşı oğlan idi. Yaxşı əl qabiliyyəti vardı. Çox gözəl rəsm çəkirdi. Rəsmlərimi mən də ona çəkdirirdim. Etiraz etmədən çəkirdi.  Zarafatcıl idi. Bir yerdə olanda həmişə gülürdük. Bizi hər zaman güldürən o oğlanın bu son ağlatmağı çox sarsıdıcı oldu”.

 

Çinarə deyir ki, onunla sonuncu dəfə “Son zəng”də bir yerdə olublar. VIII-IX sinfi başqa məktəbdə oxusa da, məzuniyyət gecəsini onlarla bir yerdə olmağa üstünlük verib: “Başqa məktəbə getsə də, əlaqəmiz kəsilməmişdi. “Son zəng”də də bir yerdəydik. Çox əyləndik. Nə yaxşı ki, o günü videoçəkilişlə əbədiləşdirmişdik. Videoda Cəbrayılın danışığı, gülüşü bizə xatirə olaraq  qaldı”. 

 

Cəbrayılın sinif yoldaşı olan oğlanların hamısı hazırda onun yarımçıq qoyduğu yolu davam etdirir. Hər biri ön cəbhədə savaşır. 

 

Mahnı bəstələyir, rep oxuyur, gitara çalırdı

 

Bir sözlə, məktəbli Cəbrayıl çox bacarıqlıydı. Ərəb əlifbasını bir neçə günə öyrənmişdi. Əl işləri, rəsmləri görənləri heyrətə salırdı. Mahnı bəstələyir, rep oxuyur, gitara çalırdı. Riyazi bacarığı çox yüksək səviyyədə idi. Hələ idmanı demirəm. 9 il cüdo ilə məşğul olmuşdu. Yaxşı üzür, dəqiqələrlə suyun altında nəfəssiz qala bilirdi.  Ev boyayır, sınan, qırılan əşyaları təmir edirdi. Bir sözlə, əlindən gəlməyən heç nə yox idi. Bir çox bacarıqları marağından, həvəsindən, istedadından qaynaqlanırdısa, bir çoxu da həyatın uşaq yaşlarında qarşısına çıxardığı çətinlikləri dəf edərkən əldə etdiyi, qazandığı bacarıqlar idi.

 

Günlərin birində baş verən bir qəza Cəbrayılı balaca çiyinlərini anasının üzərinə düşən yükün altına verməyə məcbur edib: “VIII sinfə kimi yaxşı qiymətlərlə oxumuşdu, əlaçı idi.  Ancaq VIII sinfi bitirdiyi yay günlərindən birində mən iş yerində qəza keçirdim. Ayağımdan aldığım ağır travma nəticəsində uzun müddət yataqdan qalxa bilmədim. Məndən başqa qazananın olmaması yatağa düşməyimlə mövcud çətinliyimizi daha da artırdı. Cəbrayıl işləyib evə çörək pulu gətirmək məcburiyyətində qaldı”.

 

Cəbrayılın arzuları

 

Nəhayət, hərbi çağırış yaşı çatdır.  “VƏTƏN çağırır”, - deyib hərbi xidmətə Sərhəd Xidmətində xüsusi təyinatlı batalyonda başlayır. Beləliklə, o qədər də uzun olmayan hərb yolu 2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə çağırışçı olaraq qatılması ilə start götürür. Xidmət dövründə hərb sənətinə marağı daha da böyüyür. Həqiqi hərbi xidməti başa çatandan sonra müddətli hərbi xidmətə başlamaq arzusu baş qaldırır. Bu məqsədlə razılaşma da əldə olunur. Planı bu idi ki, başladığı bu yol davam etsin. Ancaq onun planı fələyin planı ilə üst-üstə düşmədi. Anası Məleykə xanım deyir: “Cəbrayıl hərbiçi olmaq istəyirdi. Xüsusi təyinatlı dəstədə qulluq etməyi arzulayırdı”.

 

Artıq bu arzusuna çatmışdı. Özündən kiçik qardaşına işi olduğuna dair söz də vurmuşdu. Böyük arzularını anasından gizlətməmişdi: “Ən sevdiyi, arzuladığı motoskilet idi. Ev və motoskilet alacağıını deyirdi. Planı bu idi ki, Cəlilabadda işləyib orada qalsın. “Burdan ev alsam, sən də gələrsənmi?”, - deyə soruşmuşdu məndən. Mən də gələcəyimi söyləmişdim. Ancaq özü gəldi”.

 

Qəfil zəng

 

Bu gəliş 16 yaşında ana olan, 40 yaşına çatmamış “şəhid anası” statusu qazanan Məleykə xanımın ömründən ömür alıb: “O gün ömrümdən azı 10 il getdi. Keşkə getsin. Xatırlamaq istəmədiyim, ancaq unuda da bilmədiyim bir gün oldu o gün. Gündüz özümü yaxşı hiss etmirdim. Çox narahat idim. Ömrümdə  ilk dəfə məni ağlamaq tutmuşdu. Cəbrayılın ona zəng etməyimdən xoşu gəlmirdi. Ona görə zəng etmək istəmədim. Onunla əlaqəsi olan uşaqlara zəng elədim ki, bəlkə bir xəbər alam. Heç kimdən heç nə öyrənə bilmədim. Sentyabrın 28-də axşam saat 10-a işləyirdi. Zəng gəldi. Hərbi komissarlığa gəlməyimi istədilər. Anladım ki nəsə olub.

 

“Onu da bir gün itirəcəyimdən çox qorxurdum”

 

Onsuz özünü tənha hiss edən ana üçün dünya bir yana, Cəbrayıl bir yanadır: “Dünyada təkəm elə bil. Halbuki hamı var, bir  o yoxdu. Bacısının, qardaşının, hamımızın qoruyucu mələyi kimiydi. Arxamda dağıydı el bil. Ona güvənir, güvəndiyim qədər də qorxurdum. Qardaşım Yadullaya bənzədirdim onu. Dayısına çox oxşayırdı. Belə yaxşı oğul, yaxşı insan olmasını istəyirdim. Qardaşım kimi, onu da bir gün itirəcəyimdən çox qorxurdum”.

 

Ən böyük qorxusu başına gəldi ananın. Ancaq təsəllisi də var: “O elə-belə səbəblərdən ölə bilməzdi. Az yaşasa da, o qədər çox yaxşı işləri vardı ki, Allah Taala onu mükafatlandırdı, şərəfli ölüm verdi. Qadınlarımızın, qızlarımızın, general Polad Həşimovun qisasını aldı”.

 

Döyüş tapşırığı yerinə yetirildi, cənab Ali Baş Komandan!

 

Murovda strateji əhəmiyyətə malik düşmən postunun alınması tapşırığı verilmişdi. Bu tapşırığı yerinə yetirəcək şəxslər xüsusi seçildi. 28 sentyabrda əks-hücum əməliyyatında 11 zabitlə birlikdə komanda məntəqəsi uğrunda döyüşdə əsgər Cəbrayıl Dövlətzadə də vardı. Bir neçə saat çəkən həmin döyüşdə əllərindən gələni etmişdilər. İrəlidə erməni generalı və polkovniki öldürüb ürəyində alovlanan qisasını almaq imkanı vardı. O, bu fürsəti əldən verə bilməzdi. Zabit yoldaşlarına “Siz gəlməyin, yolunuzu gözləyəniniz var. Subayam, mən gedəcəyəm”,  deyərək irəli atılıb. Düşmənlə əlbəyaxa döyüşə girərək erməni generalını və polkovnikini boğaraq öldürüb.

 

Beləliklə, qəhrəman əsgər Dövlətzadənin yolunun sonu Vətən müharibəsinin ilk günlərinə təsadüf etdi.  27 sentyabrda başlayan döyüşlərə o da xüsusi təyinatlı kimi qatıldı və  Qarabağ savaşı tarixinə general Polad Həşimovun qisasını alan əsgər kimi düşdü.

 

O gündən adı dillərdədir döyüşçü Cəbrayıl Dövlətzadənin. Hər azərbaycanlı ailəsində onu tanıyır, sevir, barəsində qürurla danışırlar. Cəbrayılın qohumu Zöhrə Bayramova: “Qızım onu daha yaxşı tanıyır. Bir yerdə çox olurdular. Onu axırıncı dəfə hərbi xidmətə getmədən gördüm. Bizimlə görüşməyə gəldi. Heyif ondan. Çox bacarıqlı, qabiliyyətli, tərbiyəli, düşüncəli oğlan idi. Deyirdi ki, anasının onunla fəxr etməyini istəyir. Artıq 1 il idi ayrılmışdıq ondan. Hərbi xidmətə getməyinin bir ili tamam olurdu. Sevinclə onun məzuniyyətə gələcəyi günü gözləyirdik. 2 günə gəlməliydi. Düzdü, daha tez gəldi, ancaq bizim gözlədiyimiz şəkildə yox. Şanla-şöhrətlə qayıtdı”.

 

Şəhidliyin mübarək, döyüşçü Cəbrayıl Dövlətzadə. Qanın tökülən o torpaqlar artıq sənin kimi igid Vətən oğullarının oylağıdır. Ruhun şad olsun!

 

Ruhiyyə DAŞSALAHLI

 


Bölmənin digər xəbərləri