Mingəçevir Dövlət Universitetinin (MDU) təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illik yubileyinə həsr olunan birgə tədbir keçirilib. Tədbirdə hər iki universitetin rektorları, professor-müəllim heyəti, o cümlədən hər iki təhsil ocağının Elmi Şurasının üzləri və tələbələr iştirak ediblər.

 

Online formatda təşkil olunan tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı son dövrdə ali məktəbdə elm, təhsil, beynəlxalq əməkdaşlıq və digər sahələrdə baş verən əhəmiyyətli keyfiyyət dəyişikliklərindən danışıb. Həmçinin qeyd edib ki, region universitetləri, o cümlədən MDU ilə qarşılıqlı faydalı əməkdaşlığa xüsusi diqqət yetirilir və bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində yeni addımlar atılır.

 

Sonra MDU-nun rektoru Şahin Bayramov bu ali təhsil müəssisəsinin Azərbaycan cəmiyyətində oynadığı əhəmiyyətli roldan bəhs edib, təhsil ocağının Azərbaycan və dünyanın çoxsaylı ölkələri üçün yüksəkixtisaslı mütəxəssislər hazırlayan qocaman ali təhsil müəssisəsi olduğunu qeyd edib. Ölkə iqtisadiyyatının müxtəlif sahələrində çalışan, Azərbaycanın hərtərəfli inkişafına əhəmiyyətli töhfələr verən, sıralarında görkəmli alimlər, tanınmış dövlət xadimləri olan məzunlarının hər zaman öz peşəkarlıqları ilə seçildiyini bildirən Ş.Bayramov hazırda ADNSU-nun yeni keyfiyyət mərhələsində fəaliyyətini uğurla davam etdirdiyini vurğulayıb.

 

ADNSU-nun qaz-neft mədən fakültəsinin dekanı, professor Qafar İsmayılov “Neft elmi və kadrlarının beşiyi olan universitet” mövzusunda çıxış edərək ADNSU-nun qabaqcıl ali təhsil müəssisəsinə çevrilməsi istiqamətində keçdiyi tarixi inkişaf yolu, ölkənin neft sənayesinin inkişafında universitetin hazırladığı kadrların rolu,  tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, səmərəli idarəetmənin təmin edilməsi yönündə reallaşdırılan struktur dəyişikliklərindən danışıb.

 

MDU-nun mühəndislik fakültəsinin dekan əvəzi, dosent, ADNSU-nun məzunu Almaz Əliyeva “Regional ali təhsil müəssisələrinin inkişafında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunlarının rolu” mövzusunda çıxış edib, bu universitetdə aldığı ali təhsilin onun akademik karyerasının inkişafında rolu, regionda yerləşən ail təhsil müəssisələrində yüksək keyfiyyətli kadrların hazırlanmasında ADNSU ilə əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

 

Tədbirdə həmçinin, iki universitet arasında tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi, birgə tədqiqatların aparılması, ortaq layihələrin icra edilməsi, MDU tələbələri və müəllimlərinə ADNSU-nun zəngin kitabxanasına çıxış imkanının verilməsi, MDU-nun gənc əməkdaşlarının ADNSU-da doktorantura səviyyəsində təhsil alması və digər istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məsələləri barədə ilkin razılıq əldə olunub.