Şairin əsərlərindəki estetik, ekoloji, əmək, əxlaq tərbiyəsinə aid nümunələrindən istifadə edərək şagirdlərdə bu tərbiyə növlərinin formalaşmasına daha yaxşı nail olmaq olar


Dünya şöhrətli şairimiz Nizami Gəncəvi bütün dövrlərin ən sevilən dahilərindən biridir. Xalqımızın adına ucalıq gətirmiş bu böyük şəxsiyyətin bizə miras qoyduğu mənəvi sərvətindən bu gün də bəhrələnirik. Nizami yaradıcılığının əbədiliyini təmin edən səbəblərdən biri onun həyatın bütün sahələrinə  sevgi ilə toxunmasıdır. Öz əsərləri ilə oxucularını valeh edən dahi şairimiz sevgini ən mükəmməl tərzdə, müxtəlif çalarlarla ifadə edərək, onu  dünyanın var olması səbəbi kimi dəyərləndirmişdir. Yaradıcılığında Allaha,peyğəmbərə, İslam dininə, Vətəninə, xalqına olan sevgisini bəyan etmişdir. Vətənini, xalqını dərin məhəbbətlə sevməsinin nəticəsidir ki, Nizami öz əsərlərində Vətən təbiətinin gözəlliklərini böyük sənətkarlıqla təsvir etmişdir. “İsgəndərnamə” əsərində Bərdənin gözəl təbiətini təsvir edərək vətənpərvər - torpağın hər gülünə, çiçəyinə vurğun bir şair kimi çıxış edir:

 

Bərdə nə gözəldir,necə qəşəngdir,

Yazı da,qışı da güldür,çiçəkdir,

İyulda dağlara lalələr səpər,

Qışını baharın nəsimi öpər.

 

Yazı da, qışı da gül-çiçək olan bu torpaq Nizami yurdudur və o, doğma Azərbaycanın təbii gözəlliklərini yorulmadan vəsf edir. Bəlkə də bu Vətən sevgisi onu heç bir yerə getməyə qoymamış, ömrünün sonuna kimi doğma Gəncədən ayrılmamışdır. Vətəninin təbii gözəlliklərini müşahidə edən, duyan şair doğma diyarın başı qarlı uca dağlarını, ceyranlı-cüyürlü düzəngahlarını, müxtəlif fəsillərdəki gözəlliklərini, insanın ruhunu oxşayan səhər  nəsimini, aylı-ulduzlu gecələrini böyük sənətkarlıqla təsvir etmişdir. Nizami təbiəti dərin məhəbbətlə sevməklə bərabər, həm də onun bütün sirlərinə bələd olmağa çalışan təbiətşünas alim-filosof olmuşdur. Dahi şair ensiklopedik  biliyə malik olmaqla fizika, astronomiya, kimya, coğrafiya, biologiya elmlərinə və tibb sahəsinə dair olduqca qiymətli fikirlər söyləmişdir. O, ilk poeması olan “Sirlər xəzinəsi”ndə insan sağlamlığında qidalanmanın rolunu qeyd etmişdir:

 

İnsan sağlam olar az-az yeməkdən,

Uzun ömür eləməz əsla çox yeyən.

 

Bu kimi misralarla tibb elminə aid düşüncələrini oxucuları ilə paylaşmışdır.

 

Əsərlərini oxuduqca oxucunun düşüncəsində Nizami başqa bir obrazda - təbiət qanunlarını mükəmməl bilən, təbiətdə gedən bioloji prosesləri təhlil edən bioloq kimi canlanır. Şairin təliminə görə insanlar da təbiətin bir hissəsidir. Təbiətin bütün üzvlərinin özünəməxsus vəzifəsi vardır və təbiətdə artıq heç bir üzv yoxdur. Əsərlərində cansız təbiəti, maddə ilə məkanın ayrılmaz məfhum olmasını, materiyanın saxlanma qanunlarını, göy cisimlərini, Yerin quruluşunu, vulkanların püskürməsini, həmçinin canlı təbiəti, şəxsiyyətin formalaşmasında irsiyyətin rolunu, insanın mənəvi keyfiyyətinin formalaşmasında ictimai mühitin əhəmiyyətini, yaş dövrlərini və onların səciyyəvi xüsusiyyətlərini təbiətşünas alim kimi məharətlə izah etmişdir. O öz əsərlərində təbiətin mühafizəsinə və onun problemlərinə də toxunmuşdur. “Sirlər xəzinəsi”ndə təbiəti mühafizə probleminə xüsusi yer ayırmışdır. Şair dünyanın əşrəfi olan insana başa salmağa çalışır ki, hər bir canlı da sənin tək canlıdır, qiymətlidir, təbiətdə öz dəyəri var, heç bir canlını məhv etməyə çalışma. Söhbətində insanları təbiətin və həyatın gözəlliklərindən zövq almağa və təbiəti məhv etməməyə çağırır. Aparılan araşdırmalar bir daha sübut edir ki, böyük təbiətşünas alim, humanist-tərbiyəçi-pedaqoq olan Nizami Gəncəvi, demək olar ki, bütün əsərlərində insanları təbiəti sevməyə və ona qayğıkeş münasibət bəsləmək ruhunda tərbiyələndirməyə çalışmışdır. Onun ekoloji tərbiyə ilə bağlı fikirlərində insanın öz ülviyyətini qoruması, təbiəti məhv olmaqdan xilas etməsi irəli sürülmüşdür. Onun fikrincə, kainatın və həyatın idarə olunmasında eşq ən başlıca şərtdir. Biz müəllimlər  də bu eşq ilə vətənpərvər, vətənin gözəlliklərindən zövq alan, onu qoruyan, qiymətini bilən vətəndaşlar yetişdirməliyik. Təlim-tərbiyədə müəllimin yüksək savadı, çalışqanlığı, humanistliyi kimi keyfiyyətlərini önəmli sayan dahi şair şagirdlərin də təlimə marağını, müəllimə münasibətini xüsusi qeyd etmişdir. Belə dəyərli fikirləri  nəzərə alan hər bir müəllim öz dərslərini daha da maraqlı etməklə şagirdlərin biliklərə yiyələnməsinə daha yaxşı imkan yaratmış olar. Təbiət fənlərinin tədrisində dahi Nizami əsərlərinə inteqrasiya etmək, şairin cansız və canlı təbiətlə bağlı fikirlərini səsləndirmək şagirdlərin marağına səbəb olar ki, bu da mövzuların mənimsənilməsində çox əlverişli olar. Şairin əsərlərindəki estetik, ekoloji, əmək, əxlaq tərbiyəsinə aid nümunələrindən istifadə edərək şagirdlərdə bu tərbiyə növlərinin formalaşmasına daha yaxşı nail olmaq olar. Hər birimiz mənəviyyat xəzinəmizin ən qiymətli incilərindən biri olan Nizami Gəncəvinin bizə miras qoyub getdiyi ədəbi-pedaqoji irsi daha dərindən mənimsəməli və dərslərimizdə şagirdlərimizə və gələcəkdə müəllim adı daşıyan tələbələrimizə aşılamalıyıq. Bu, bizim mənəvi borcumuzdur.

 

Əsmər ƏHMƏDOVA,

ADPU nəzdində ADPK-nın biologiya müəllimi