Müasirliklə səsləşən, bir-birindən maraqlı elmi-pedaqoji əsərləri ilə Azərbaycan ictimaiyyətində kifayət qədər tanınan və nüfuz sahibi olan, illərdir təhsilimizin gündəlik qayğıları ilə birgə yaşayan, araşdırma və təhlillər aparan təcrübəli təhsil eksperti, “XXI əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru, Milli Məclisin deputatı Etibar Əliyevin təqdimatında təhsilimizin aktual problemlərinə həsr olunmuş “Yeni təhsil, tərbiyə və elm” antalogiyası haqqında fikirlərimi oxucularla bölüşmək istəyirəm.

 

Kitabın Azərbaycan xalqının sevimli müəllimi, görkəmli alimi, milyonların yaddaşında əsl müəllim-alim, dahi şəxsiyyət kimi qalmağı bacaran, pedaqogika elminə, təhsil tarixinə zamanında öz sözünü demiş, sabiq təhsil naziri, akademik Mehdi Mehdizadənin əziz xatirəsinə ithaf olunması qədirbilənlik və qürurvericilik nümunəsidir.

 

Akademik Mehdi Mehdizadənin böyük elmi-pedaqoji yaradıcılığı, təhsilimizlə bağlı önəmli ideyaları, şəxsiyyəti haqqında tam fikir və təsəvvürləri müəllif oxuculara, respublikamızın kifayət qədər tanınmış, ömürlərini elm və təhsilin inkişafına həsr etmiş, görkəmli alim-pedaqoqlarımız: akademik Fuad Qasımzadə, professor Əbdül Əlizadə və professor Əjdər Ağayevin bu böyük şəxsiyyət haqqında yazdıqları xatirələrinin köməkliyi ilə formalaşdırır.

 

Kitabın dəyərli olmasına mündəricatın yaratdığı mənzərə bir əminlik yaradır. Mündəricatda dünyanın bir çox alim filosoflarının adlarının, eləcə də onların arasında Azərbaycan xalqının görkəmli mütəfəkkirlərinin olması kitaba olan ilkin marağı daha da artırır. Müəllif “Ön söz”də kitaba nəfəs verən bu dahilərin dahiyanə ideyalarının əsas istiqamətinə, ruh və məzmununa Senekanın “Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq” epiloq kimi seçdiyi fəlsəfi fikrinin köməkliyi ilə aydınlıq gətirir.

 

Sadə və anlamlı, hər kəsin başa düşəcəyi sadə bir dildə tərtib olunmuş, oxunması çox rahat olan bu kitab respublika ziyalılarının və geniş ictimaiyyətin dərin marağına və minnətdarlığına səbəb olmuş, işgüzar müzakirələrə yol açmışdır.

 

Hamıya bəllidir ki, respublikamızda uzun illərdir formalaşmış pedaqogika elmi əsasən sovetlər dönəmindən miras qalmış, insanların həyat və düşüncəsinə hakim kəsilmiş kommunist ideologiyasının təsiri ilə formalaşmışdır. Respulikamız müstəqillik əldə etdikdən sonra bu düşünmə tərzindən nə qədər uzaqlaşmağa çalışsaq, azad olmağa can atsaq da onun mənfi təsirləri hələ də mövcud pedaqoji prosesdə özünü göstərməkdədir.

 

Etibar Əliyev vətənpərvər ziyalılarımız kimi ulu öndər Heydər Əliyevin ölməz ideyalarına əsaslanan, güclü və möhkəm təməl, milli və müasir dəyərlər üzərində qurulmuş müstəqil  Azərbaycan dövlətinin xoşbəxt gələcəyinə inanır və əmindir ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, sosial-iqtisadi qüdrəti güclənəcək, daha müasir-modern dövlətə çevriləcəkdir. Hər an bu müqəddəs arzuların çin olmasını düşünən müəllif, hər bir cəmiyyətin əsaslı dəyişməsində və yeniləşməsində təhsilin bütün islahatlarının öndə durmasını ardıcıl siyasətə çevirən Ulu öndər Heydər Əliyev ənənəsinə sadiq qalaraq, bunun səmərəli və nəticəyönlü yolunu təhsil sisteminin inkişaf etdirilməsində, ilk növbədə bu sistemi yönəltməyə qadir olan yeni təhsil fəlsəfəsinin formalaşdırılmasında görür.

 

Elə kitabın ana xətti də təhsil fəlsəfəsinin formalaşmasına və inkişafına təsir göstərən, dəyərini əsrlərlə itirməyən, müasirliklə səslənən, insanlığı daha üstün gələcəyə aparmağa qadir olan ideyalar və bu ideya sahiblərinin əsərlərindən təhsil, təhsil sistemi ilə bağlı verilmiş fikir və düşüncələrdən nümunələrdir.

 

Əslində dünyanı  dəyişən də  ideyalardır, idarə edən də. Təhsil və elm sahəsində isə ideyaların sayı daha çoxdur, sadəcə bu ideyalardan gücə çevrilə bilənlərə, inkişafa aparanlara daha çox ehtiyac duyulur. Əsərdə qabaqcıl ölkələrin təcrübədə özünü doğrultmuş təhsil fəlsəfəsinin əsasını təşkil edən ideyalarla yanaşı, qloballaşan  dünyada müasirliyin atributuna çevrilmiş keyfiyyətli təhsillə bağlı ideyalara da geniş yer verilir. Bu baxımdan kitabı keyfiyyətli təhsil və onun inkişafına töhfələr verə biləcək pedaqoji ideyalar çələngi də adlandırmaq olar.

 

Müasir dövrümüzdə keyfiyyətli təhsil hər bir şəxsin ən böyük uğuru, nailiyyəti hesab olunmaqla yanaşı, həm də ona həyatda özünü realizə etməkdə, şəxsi karyera qurmaqda, hüquqlarının qorunması və  özünə inamın formalaşmasında həlledici rol oynayır. 

 

Əsərdə dünya elminin ən görkəmli nümayəndələri, klassik və müasir ədəbiyyatın şah əsərlərini yaratmış nadir simaların fikirləri öz əksini tapıb.

 

Əsərdə müasir təhsil fəlsəfəsinin formalaşmasında dünyada tanınmış bir çox dahilərin ideyalarına geniş yer verilmişdir. Bir məqalədə onların  hamısının təhsil fəlsəfəsi ilə bağlı görüşlərindən söhbət açmaq imkan daxilində deyildir. Onların arasında müasir təhsilin inkişafında danılmaz rolları olan Con Dyüi, Barbalıs N. və Piters M., Ceyms Uotson, Zembilas M. və sairlərlə yanaşı, həm də təhsillə bağlı xalqımızın yetişdirdiyi Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaxanov,  Qorxmaz Quliyev, Əjdər Ağayev kimi dahilərin əsərləri də yer almışdır. 

 

Kitabda yer alan təhsil fəlsəfəsi ilə bağlı ideyaların arasında Etibar Əliyev özünün “Təhsilin sənaye cəmiyyətindən postsənaye cəmiyyətinə transformasiyası” adlı əsərində təhsilimizlə bağlı düşüncələrini səmimiyyətlə bölüşür. Təcrübəli bir təhsil ekspertinin uzun illərin gərgin əməyinin bəhrəsi olan düşüncələri təhsilimizin reallıqlarına daha yaxındır. Təhsilə, məktəbə olan məhəbbətini isə o gizlətmir, əsl filosof kimi bildirir: “İnsan və cəmiyyət özlərinin ən böyük arzu və ümidlərini məktəblə bağlayır. İnsanlar məktəbin həyatı ilə yaşayır, ən saf ideyalarının burada həyata keçəcəyinə ümid bəsləyirlər. Məktəbdə  bizə keçmişimiz bəlli olur, bu günümüz yaradılır və gələcəyimizə yol çəkilir”.  Müəllifin qeyd etdiyi kimi, ömrünü təhsillə bağlayan insanların düşüncələrinin əksəriyyətini də elə məktəb həyatı, məktəb gələcəyi ilə bağlı fikir və qayğılar tutur. İstək və arzuları isə müqəddəs olaraq qalır. Məktəbin inkişafı və çiçəklənməsi üçün sağlam mühitin yaradılması əsas şərtdir:  “Xəstə cəmiyyət mütləq məktəbi də yoluxdurur, xəstə məktəbdən isə bu viruslar gələcək nəsillərə keçir. Məktəbi xilas edən cəmiyyət öz gələcəyini xilas etmiş olur”.

 

Müəllif əsərində diqqəti çəkən digər önəmli məsələ isə bəşər tarixinin keçdiyi yolu müxtəlif dövrlərə ayırmaqla yanaşı, onların inkişafına səbəb olan əsas təlabatları incələyir. Təhsilin digər dövrlərdən fərqli olar bu gün daha böyük əhəmiyyət kəsb etdiyini əsaslandırır: “Bəşəriyyətin keçdiyi yolu ümumiləşdirsək, görün, necə mənzərə yaranır:

 

  • * Aqrar dövr - bu dövrdə əsas struktur istehsala heç nə verməyən, lakin ona sahib çıxan monarxiya, ordu, kilsə və digər dini idarəçilik strukturlar idi.
  • * Sənaye dövrü - əsas struktur ağır sənayenin inkişafı, firma və korporasiyalar idi.
  • * Postsənaye dövrü - əsas struktur bilgini, bilim adamlarını, bilən adamlarını, bilən adamları yaradan və paylayan universitetlərdir”.

 

Daha  sonra müəllif inkişaf mərhələlərini “aclıqla” bağlayır, aclığın aradan qaldırılması yollarını elmin yaratdığı istehsal sahələrinin inkişafı ilə, onların bir-birini əvəz etməsində isə təhsilin danılmaz rolunu bir daha qeyd edir: “Bu gün təhsil klassik maarifçilərin dediyi mənəvi vəzifəni də yerinə yetirir, sənaye dövründəki kimi işi bilən əməkçilər də yetişdirir, ən başlıcası, bilgi istehsal edir və bu bilgilərlə yeni dövr yaradır”.

 

Vidadi ORUCOV, 

Pedaqogika üzrə elmlər doktoru