İnstitutun təşəkkülü və ya ilk illər


(Əvvəli   https://muallim.edu.az/news.php?id=15542 

 

Azərbaycanda ilk eksperimental tədqiqatlar

 

İnstitutun kütləvi eksperimentlərin təşkili və keçirilməsi sahəsində gördüyü işlər özünün unikallığı ilə seçilməklə yanaşı, həm də Azərbaycan təhsilinin, eləcə də pedaqoji elmin tarixində ilk hadisə idi. Bu, həm də ötən əsrin 60-cı illərindən etibarən keçmiş SSRİ ərazisindəki təhsil sistemində, xüsusi olaraq, diqqət mərkəzində dayanırdı. Belə ki, 60-cı illərin sonu və 70-ci illərin əvvəllərindən azsaylı xalqların uşaqlarının məktəbə hazırlanması institutun pedaqoji problemləri sırasında xüsusi yer tuturdu. Odur ki, həmin dövrdə uşaq bağçalarının məktəbə hazırlıq qruplarında və məktəbdə təşkil olunmuş qruplarda altıyaşlıların I sinfə hazırlanması üçün proqramlar və metodik göstərişlər hazırlandı.

 

Altıyaşlıların təlimi xüsusi aktuallıq kəsb etdiyindən onun miqyası genişlənməyə başladı. Beləliklə, institutda başqa bir problem - azərbaycanlı (doğma dili Azərbaycan dili olan) uşaqların məktəb təliminə hazırlanması üzrə 20 məktəbdə eksperimental tədqiqata başlanıldı. İnstitutda hazırlanan proqram və dərs vəsaitləri onun daha elmi əsasda aparılmasına və coğrafiyasının genişlənməsinə imkan yaratdı. 1977-1978-ci dərs ilindən eksperimentlər kütləvi xarakter aldı. Bu məsələyə həsr olunmuş “Uşaqların məktəbə hazırlanması” adlı ilk kitab 1977-ci ildə çapdan çıxdı. SSRİ Maarif Nazirliyi və SSRİ Pedaqoji Elmlər Akademiyasının rəhbərliyi həmin işləri yüksək qiymətləndirdi. İnstitutun təşəbbüsü ilə uşaqların məktəbə hazırlanmasına həsr olunmuş növbəti Ümumittifaq Konfransının Bakıda keçirilməsi məqsədəmüvafiq hesab edildi. Konfrans 1978-ci ilin fevral ayında Bakıda təşkil olundu.

 

1977-1978-ci dərs ilində institut SSRİ Təlimin Məzmunu və Metodları Elmi-Tədqiqat İnstitutu, Uşaq və Yeniyetmələrin Fiziologiyası Elmi-Tədqiqat İnstitutu ilə birlikdə 6 məktəbin hazırlıq siniflərində kompleks eksperimentə başladı. Üç il ərzində davam edən bu eksperiment hazırlıq sinfi nəticələrinin təkmilləşdirilməsi üçün zəngin material verdi.

 

Artıq 1977-1978-ci dərs ilindən respublikanın 10 məktəbinin hər birində altıyaşlılardan ibarət bir sinif təşkil olundu. Həmin siniflərdə tədris prosesi yeddiyaşlılardan ibarət I siniflər üçün proqram və dərsliklər əsasında aparıldı. Sonrakı dərs ilində siniflərin sayı 20-yə çatdırıldı. Bu tədqiqatın nəticələri də altıyaşlıların təlim imkanlarını və onun əsasında altı yaşdan təlimə başlayan ibtidai məktəblərdə təlimin məzmununu və metodlarını dəqiq müəyyənləşdirməyə şərait yaratdı. Beləliklə, tədqiqat geniş vüsət aldı. Yeddi yaşdan təlimlə yanaşı, altı yaşdan təlim də paralel aparıldı. 80-ci illərin axırında I sinfə 90 minədək altıyaşlı cəlb olundu. Eksperimentin uğurlu nəticələri nəzərə alınaraq 1991-1992-ci tədris ilindən Azərbaycanda kütləvi şəkildə altı yaşdan təlimə başlanması barədə qərar qəbul olundu.

 

Beşgünlük iş həftəsinə keçilməsi də institut tərəfindən ciddi eksperimental tədqiqata cəlb edilmişdir. Respublikanın 40 məktəbində hazırlıq siniflərinin və 10 uşaq bağçasında məktəbəhazırlıq qrupunun beşgünlük iş həftəsi üzrə fəaliyyət göstərməsinin pedaqoji-metodik təminatına xüsusi fikir verilmiş, müvafiq proqramlar və müəllimlər, tərbiyəçilər üçün zəruri metodik materiallar hazırlanmışdır. 1982-1984-cü illərdə institutun fəaliyyətində beşgünlük iş həftəsinə keçilməsinin real imkanlarının öyrənilməsi, I-III siniflər üçün proqram və dərsliklərin təkmilləşdirilməsi, təbiətşünaslıq və əmək təlimi üzrə tədris komplektinin hazırlanması, ibtidai siniflərdə uşaqların tərbiyəsinə kompleks yanaşmanın praktik həlli yollarının müəyyənləşdirilməsi və s. kimi məsələlər mühüm əhəmiyyət daşımışdır.

 

Şagirdlərin təlim müvəffəqiyyətinin 9 balla qiymətləndirilməsinin sınaqdan keçirilməsi də kütləvi eksperimentlərlə bağlı institutun keçirdiyi tədbirlər silsiləsinə daxildir. Təhsil Nazirliyinin müvafiq göstərişlərinə əsasən aparılan bu araşdırma sosial ehtiyaclardan irəli gələn bir tədqiqat işi kimi yerinə yetirilmişdir. İnstitutda 9 bal sistemi ilə bütün fənlər üzrə qiymətləndirmə normaları hazırlanmış, əvvəl iki rayonda, daha sonra əlavə olaraq dörd şəhər və rayonda eksperimental araşdırmalar aparılmışdır. Bu tədqiqat işi yekunlaşdırılmasa da, ümumiyyətlə, nəticələr şagird nailiyyətlərinin qiymətləndirilməsində çoxballılığın tətbiqinin onun effektinin artırılmasına müsbət təsirini aydın şəkildə göstərmişdir. Bunun nəticəsi olaraq ölkədə təlim nailiyyətlərinin qiymətləndirilməsində 100, 700 ballı qiymətləndirmələrdən istifadə olunmasına başlanılmışdır. Bu, Azərbaycan təhsilinin beynəlxalq qiymətləndirmə sistemlərinə yaxınlaşmasına təsir göstərməklə onu sürətləndirmiş, həm də pedaqoji elmlər sistemində təhsilalanların qiymətləndirilməsi mexanizmlərinin zənginləşdirilməsinə töhfə vermişdir.

 

Həmçinin, kütləvi eksperimentlərin təşkili səhəsində də institutda aparılan işlərin ilkin olması Azərbaycanda pedaqoji-psixoloji elmlərin tədqiqat metodlarının mükəmməlliyinə təsir göstərmiş, onun milli kontekstdə praktik nümunələrlə əsaslandırılmasına imkan yaratmışdır.  

 

Funksiyaların genişlənməsi, məsuliyyətin artması

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 noyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu Azərbaycan Respublikasının Təhsil İnstitutu kimi adlandırılmışdır.Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, Respublika Elmi-Pedaqoji Kitabxanası və İstedadlı Uşaqlarla İş Mərkəzi ona birləşdirilməklə institut yenidən qurulmuşdur. Müasir Azərbaycanın təhsilində günbəgün yeniləşən və inkişaf edən prosesləri qarşılamaq üçün aşağıdakı istiqamətlər müəyyənləşdirilmişdir:

 

* təhsilin nəzəri və təcrübi məsələləri ilə bağlı, o cümlədən, təhsil siyasəti üzrə prioritetlərin müəyyənləşdirilməsi və strateji tədqiqatların planlaşdırılması;

* təhsil müəssisələrində keyfiyyət göstəricilərinin artırılması, o cümlədən təhsil imkanlarının genişləndirilməsi və təhsilalanlar üçün bərabər imkanların yaradılması;

* elmi-pedaqoji tədqiqatlar və elmi-pedaqoji kadr hazırlığı;

* müxtəlif təhsil pillələri üzrə təhsilin məzmun və qiymətləndirmə standartlarının, nümunəvi (variativ) kurikulumların və təhsilin keyfiyyət standartlarının hazırlanması;

* müxtəlif təhsil müəssisələrində təhsilin inklüzivliyi, psixoloji xidmətin təşkil edilməsi, istedadlı uşaqlarla işin düzgün qurulması (o cümlədən, olimpiadalara hazırlıq) və tədris resurslarından istifadə sahəsində metodik tövsiyələrin hazırlanması;

* elektron təhsilin inkişafı və elektron məzmunun yaradılması;

* milli və beynəlxalq qiymətləndirmə tədqiqatlarının həyata keçirilməsi;

* təhsilin normativ-hüquqi bazasına aid sənədlərin hazırlanması;

* təhsilin bütün pillə və səviyyələri ilə bağlı pedaqoji savadlılığı həyata keçirmək məqsədilə nəşriyyat, çap (metodik vəsait, metodik tövsiyə və s.) və maarifləndirmə (konfrans, seminar, “dəyirmi masa”, müzakirə, təlim kursları və s.) işlərinin aparılması.

 

Bütün bu istiqamətlər institutun funksiyalarının genişlənməsinə, bununla bərabər, Azərbaycan təhsili qarşısında onun vəzifələrinin çoxalmasına dəlalət edir. Hazırkı dövrdə institutun mərkəzləri (Elmi-pedaqoji tədqiqatlar mərkəzi, Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi, Metodik dəstək mərkəzi, Təhsil işçilərinin sertifikatlaşdırma mərkəzi, Təhsil texnologiyaları mərkəzi), eləcə də ayrı-ayrı metodik xarakterli struktur şöbələr yuxarıda qeyd olunan istiqamətlərdə fəaliyyət göstərir.

 

Elmi-pedaqoji tədqiqatlar mərkəzində təhsilin nəzəriyyəsi və tarixi, təhsilin iqtisadiyyatı və idarə olunması, təlimin nəzəriyyəsi və metodikası, psixologiya və xüsusi təhsil məsələlərinin nəzəri və praktik aspektləri araşdırılır. Təhsil işçilərinin peşəkar inkişafı mərkəzində əlavə təhsilin məzmunu və təşkili, müəllimliyə qəbul prosesinin tənzimlənməsi, Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzində təhsil işçilərinin qiymətləndirilməsi və onlara sertifikatların verilməsi, Metodik dəstək mərkəzində isə metodik xidmət və əlaqələndirmə üzrə işlər aparılır. Özünümaliyyələşdirmə əsasında fəaliyyət göstərən Təhsil texnologiyaları mərkəzi isə təhsilin ən müasir məsələləri ilə bağlı layihəəsaslı tədqiqatları təşkil etməklə Azərbaycanda nəzəri və praktik cəhətdən əhəmiyyət daşıyan innovasiyaları sınaqdan keçirir. Metodik xarakterli struktur şöbələrdə məktəbəqədər təhsilin inkişafı, proqramlar, dərslik və dərs vəsaitləri, Milli və Beynəlxalq qiymətləndirmənin təşkili və aparılması, təhsildə innovasiyalar, keyfiyyətin təminatı, istedadlı uşaqlarla iş, ömürboyu təhsil üzrə Milli Kvalivikasiyanın reallaşdırılması, peşə təhsilinin inkişafı kimi məsələlərə aid praktik əhəmiyyət daşıyan tətbiqi araşdırılmalar aparılır.

 

Müasirlik müstəvisində hədəflərə doğru

 

Təhsil İnstitutunun bu gün diqqəti cəlb edən çoxşaxəli fəaliyyətində başlıca məqsədi humanist, humanitar, demokratik prinsiplər əsasında qurulan Azərbaycan təhsilinə dəstək vermək, onu ən yeni innovasiyalarla zənginləşdirməklə müasir cəmiyyətin ehtiyac və tələbatlarına uyğunlaşdırmaqdan ibarətdir. Son illərdə “Məktəbəqədər təhsilin yeni məzmunu və idarə olunma məsələləri” (2016), “Standart və kurikulumlar: nəzəri və praktik məsələlər” (2016), “Müasir təhsilə innovativ yanaşmalar” (2016), “İstedadlı uşaqlarla təlimin təşkili və məzmunu” (2016),“Ümumi təhsil fənlərinin tədrisi məsələləri” (2016), “Məktəbəqədər təhsil müəssisələrində inteqrativ və inkişafetdirici təlim məsələləri” (2017), “Ümumtəhsil məktəblərinin idarə edilməsinin modernləşdirilməsi” (2017), “Şagird nailiyyətlərinin qiymətləndirilməsi texnologiyaları” (2017), “Ümumi təhsildə şagird nailiyyətlərinin formativ qiymətləndirilməsi” (2018), “Fənn kurikulumlarının tətbiqi məsələləri” (2018), “Təhsilin idarə edilməsinə yeni yanaşmalar” (2018), “Ümumtəhsil fənləri üzrə təlim strategiyaları və qiymətləndirmə vasitələri” (2019), “Təhsilin idarə olunmasında dəyərlər” (2019), “Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla korreksiya işinin təşkili” (2019), “Təhsilin keyfiyyətinin yüksəldilməsinin aktual məsələləri” (2019) və s. mövzularda nəzəri və praktik xarakterli tədqiqatlar aparılmış və nəticələr çap olunmuşdur. Bu dövrdə, həmçinin layihəəsaslı araşdırmalara xüsusi diqqət yetirilmişdir. “Məktəbəqədər və ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlim modullarının hazırlanması”, “Alternativ tədris proqramlarının təbliği”, “Ailələrin maarifləndirilməsi yolu ilə 3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi”, “Refleksiv müəllim”, “Dünyanın ən böyük dərsi” və s. layihələr uğurla başa çatdırılmışdır. Eləcə də, “STEAM Azərbaycan”, “İcmaəsaslı məktəbəqədər təhsilin inkişafı”, “Zərdabi-ibtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı”, 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qruplarının təşkili layihələri həyata keçirilir.

 

2021-ci il fevralın 2-də təsdiq olunmuş “Azərbaycan 2030: sosial inkişafa dair Milli Prioritetlər”də dünyada artan rəqabətə davam gətirmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafının müasir və güclü təsirə arxalanmasının vacibliyi, yalnız bu yolla insan kapitalının inkişaf etdirilməsinin zəruriliyi qeyd edilir. Bunun üçün “Ömürboyu təhsil”ə xüsusi önəm vermək, erkən və məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirmək, ümumi təhsili gücləndirmək, gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaqla keyfiyyətli təhsil almaq imkanlarını genişləndirmək, kadr hazırlığını əmək bazarının tələblərinə uyğunlaşdırmaq və ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə rəqabətədavamlılığını təmin etməklə XXI əsrin tələblərinə uyğun olaraq təhsilin inkişaf etdirilməsi nəzərdə tutulur.

 

İnstitut dövlətimizin təhsil sahəsində müəyyən etdiyi bu prioritetləri özünün fəaliyyətində ciddi konseptual yanaşmalar kimi qəbul edir. Son struktur dəyişiklikləri aparıldıqdan sonra başladığı genişmiqyaslı tədqiqata əsaslanan dəstəkləyici, inkişafyönümlü, maarifləndirici xarakterdə olan fəaliyyətlərini davam etdirir.Təhsil İnstitutu məzmun islahatlarını dərinləşdirmək, beynəlxalq qiymətləndirmə tədqiqatlarında daha yaxşı nəticələrə nail olmaq, erkən və məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirmək, rəqəmsal texnologiyalara və yeni bacarıqlara yiyələnmək, peşə və “Ömürboyu təhsil”də əməkdaşlığa nail olmaq və ali təhsildə rəqabətliliyi təmin etmək istiqamətlərində tədbirlər həyata keçirməyi hədəflər kimi müəyyənləşdirib. Və bu gün böyük tarixi yol keçmiş Təhsil İnstitutu müasirlik müstəvisində həmin hədəflərə doğru özünün fəaliyyətini uğurla davam etdirir.

 

Ənvər ABBASOV,

Təhsil İnstitutunun direktor müavini