Cəmiyyətin formalaşması və inkişafında insan faktoru əsas rol oynayır. Bu amil ümumbəşəri təkamülün əsas hərəkətverici güc strukturudur. İnsan zaman keçdikcə müəyyən nailiyyətlərə imza atır, yeni kəşflər edir. Onun cəmiyyətə verəcəyi faydalar danılmazdır. Cəmiyyətin açarı, özülüdür. İnsanın şəxsiyyət kimi formalaşmasında onun yaratdıqları, yaradıcılığının rolu əvəzolunmazdır. Bütün bu təkmilləşmə prosesinin təməl mərkəzi təhsildən, tərəqqidən başlayır. Əgər bir insan yaxşı təhsil alırsa, o cəmiyyətdə faydalı şəxsiyyət kimi formalaşacaq. Belə ki, hər uğurun başlanğıcı təhsildən, tədrisdən qaynaqlanır. Məktəb bunun təməl prinsiplərinin köküdür. Məktəbə ilk qədəm qoyduğundan o, bir şəxsiyyət kimi  formalaşmağa başlayır. İnsanın təhsil aldığı mərhələdə əsas rol birbaşa tədrisin formasından, həmçinin insanın ətraf aləmə yanaşma tərzindən asılıdır. Zamanla onun kitab alışqanlığının yaranması təhsilinə də təsir göstərir. Kitaba olan marağı mütaliəsinə yol açır. Mütaliə insanın öz həyatında formalaşdırdığı faydalı vərdişdir. Mütaliəyə marağın artması məktəbdən qaynaqlanır. Artıq belə bir mühitin formalaşması çox gözəl mənzərədir. Kitab təbliği bilavasitə geniş oxucu kütləsinin yaranması ilə nəticələnir. Həmçinin, kitab dükanlarında növbə sırasının çoxluğu insanda əvəzolunmaz hisslər yaradır. Kitaba sevgi mütaliəyə olan tələbatı artıracaq.

 

Mütaliə, fərdi inkişaf prosesi olsa da, cəmiyyətin inkişafına, sağlam düşüncə mühitinin yaranmasına, cəmiyyətin sosial həyatına, yeni ideyaların yayılmasına, ictimai marağa, bütövlükdə hamının mənəvi sərvətinə çevrilməsinə imkan yaradır. Aydın məsələdir ki, hər bir insanın özünəməxsus maraq dairəsi olur. Bu da onun mütaliə tələbatının formalaşmasında, reallaşmasında mühüm rol oynayır. Mütaliə insanda düzgün təfəkkürün yaranması ilə nəticələnir. Bu sırada C.Brunonun fikri yada düşür. “Əsl təhsil yalnız mütaliə ilə əldə edilir”. Bəli, mütaliə insanı öz dünyasını tanımasını təmin edir. Mütaliə daxili zənginliyi artırır, mənəvi dünya ilə bir körpü yaradır. İnsanın psixoloji çətinliklərinin yox olmasına kömək edir. Azərbaycanın dahi şəxsiyyətlərindən biri Hüseyn Cavidin “Azər” poemasında verdiyi mesaj buna bariz nümunədir. Azərin psixoloji durumunun aradan qalxması kitabların - mütaliənin səyəsində mümkün olmuşdur. Kitabı oxuduğumuz zaman mütaliənin bizə verdiyi faydalarını daha çox dərk edirik. Ümumiyyətlə, hər hansı oxuduğumuz bir kitabı yenidən vərəqləmək, yenidən oxumaq, sanki keçmiş dostunla yenidən görüşmək, dərdləşməkdir. Eyni zamanda, həmin vaxtdakı psixoloji duruma düşməkdir. Mütaliə etmək-mənəviyyat dünyasının işıqlanmasına, zənginliyinə səbəb olur, ürəyi və ağlı insanlıq sevgisi ilə doldurur.

 

Müasir dövrdə mütaliə etmək imkanları genişlənir. Texniki avadanlıqların, vasitələrinin artması sürətlənir. Müasir dövrün bu tərəqqisi insanların işinin daha da rahat şəkildə icra etməsini təmin edir. Lakin buna baxmayaraq, bəzən insanların düşüncəsində bu tərəqqinin əslində ənənəvi vərdişlərin bilavasitə itirilməsinə yönəlik təzadlı fikirlər formalaşır. Bəli, texnologiya inkişaf edir. Bu da məlumatların rahat şəkildə əldə edilməsini sürətləndirir. Bir növ operativlik funksiyasını icra edir. Lakin bu demək deyil ki, insanlar bunu ancaq mənfi yöndə icra etsinlər. Tarixə nəzər salsaq, əvvəlki dövrlərdə məlumat almaq çoxmərhələli proses idi. İndiki zamanda bu əlimizin altındadır. Demək ki, daha da informasiyalanmaq, məlumatlanmaq üçün əlimizdə gözəl fürsətlər var. Bundan sui-istifadə etməmək lazımdır. O demək deyil ki, biz əlimizə kitab, qələm götürməyi unutmalıyıq. Hər bir yeniliyin bizə fayda verəcək istiqamətlərini özümüzdə kəşf etməliyik. Texnologiyanın bugünkü nailiyyəti sayəsində pandemiya dövründə distant təhsildən yararlana bilirik. Təhsildən virtual da olsa, şagirdlər, tələbələr faydalana bilir. Onların təhsil almasında yarana biləcək çətinliklər məhz texnologiyanın bugünkü inkişafı sayəsində təmin olunur. Bu yenilik daha çox kitab, qəzet nəşrini çoxaltmaq, cəmiyyətdə yaymaq, insanlarda daha çox kitaba, mütaliəyə marağın artmasını təmin edir. Susuz yaşamaq olmadığı kimi mütaliəsiz də yaşamaq mümkünsüz görünməlidir. Mütaliə insana düzgün təfəkkürün formalaşmasında ən böyük vasitəçidir. Məhz bunun sayəsində biz doğru istiqamətin hansı tərəfdə olduğunu aydınlaşdıra bilirik. Mütaliə bir növ bizə işıq olur, körpü olur. Necə ki 1-ci sinifdə əlimizdən qələm tutub yazı yazmağı öyrədən müəllim kimi.

 

Tünzalə QULİYEVA