Tərbiyə işində əsas yeri müəllimin fəaliyyəti tutur


Dünyada gedən qloballaşma, regional təhdidlər, ekoloji problemlər, elm və texnologiyanın sürətli inkişafı Azərbaycanın sosial-iqtisadi həyatına bu və ya digər şəkildə təsir göstərir. Sürətlə baş verən dəyişikliklər böyüyən gənc nəslin tərbiyəsinə fərqli nöqteyi-nəzərdən yanaşmanı tələb edir. Dünyamızda fiziki, psixi, mənəvi cəhətdən sağlam və yaradıcı təfəkkürə malik Azərbaycan vətəndaşının formalaşmasına nail olmaq üçün bu gün təhsil sistemində əsaslı yeniliklərə xüsusi önəm verilir.

 

İnstitusional yanaşma: əsaslı, dayanıqlı, proqressiv və rəqabətəqabil sistemə; nəticələrin ölçülməsinə; müxtəlif strukturların sistematik faydalanmasına; beynəlxalq səviyyədə intellektual rəqabət aparmağa; sistemin inkişafına və onun beynəlxalq səviyyədə irəli sürülməsinə; təhsil, mədəniyyət, idman, elm, din və digər sahələrdə vahid azərbaycançılıq ideyasının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edən yeni yanaşmalı tərbiyə işinin tətbiqinə böyük ehtiyac vardır. Bunlar əsas götürülərək uşaq-gənclərin bütün sahələrdə milli tərbiyəsinin (təhsil, mədəniyyət, idman, elm, din və s.) vahid, sistemli, kompleks inkişafı məsələsi ölkə rəhbərinin siyasi kursunun tamamlayıcı komponenti sayılaraq tədqiq olunması xüsusilə diqqətdə saxlanılır. Bu işdə əsas məqsəd böyüyən gənc nəsli xalqına və dövlətinə layiq, sədaqətli vətəndaş tərbiyə etməkdən ibarətdir. Cəmiyyətin ehtiyac və tələbatını nəzərə alaraq elə nəsil formalaşdırılır ki, Vətəninin inkişafı naminə hər cür fədakarlığa hazır olsun. Dünyada uşaq tərbiyəsindən müqəddəs, çətin, məsuliyyətli və şərəfli bir iş yoxdur. Dəyişən cəmiyyətin tələblərinə uyğun yetişən nəslin milli və ümumbəşəri dəyərlər əsasında tərbiyə olunması mühüm əhəmiyyət kəsb edir.

 

Təhsil müəssisələrində daha çox uşaq hüquqlarına, sağlam həyat tərzinə, ekoloji mühitin qorunmasına, uşaq yaradıcılığının və idmanın, uşaqların bilik və bacarıqlarının inkişafına, onların vətənpərvərlik, milli-mənəvi və bəşəri dəyərlər ruhunda tərbiyəsinə, tolerantlıq mühitində yaşamasına, gender ayrı-seçkiliyinə son qoyulmasına və digər sahələrdə maarifləndirmə işinin aparılmasına xüsusi fikir verilməlidir. Lakin tərbiyə məktəbin, valideynin və ictimaiyyətin işi olmaqla məhdudlaşmır, o hər bir fərdin işidir. Bu prosesdən kənarda heç kəs və heç nə qalmır, lakin bu həqiqətlə yanaşı, bir məsələni də qeyd etmək lazımdır ki, uşaqların tərbiyəsində təhsil müəssisələri, ailə və sosial mühit aparıcı yer tutur. Geniş kadr şəbəkəsinə malik olan təhsil müəssisələrinin məqsədləri içərisində tərbiyə işinin təşkili önəmli məsələ sayılır.

 

Tərbiyə işinin təşkilinin əsas vəzifələri

 

- dünya əmək bazarının tələbinə uyğun rəqabətəqabil,  milli-mənəvi dəyərlərin və  milli kimliyin, fiziki, ekoloji və hüquqi mədəniyyətin daşıyıcısı olan, fiziki, psixoloji və mənəvi cəhətdən sağlam və milli şüurlu yetkin insanın formalaşdırılması;

- insanın inkişafına kompleks yanaşılması;

- cəmiyyətdə və təhsil sistemində tərbiyənin statusunun yüksəldilməsi;

- tərbiyənin milli və ümumbəşəri mədəniyyətin formalaşdırılmasına istiqamətləndirilməsi;

- tərbiyə işində yeni pedaqoji - psixoloji və sosial yanaşmaları tətbiq etməklə uşaq-gənclərin  müasir səriştələrə yiyələndirilməsi;

- uşaq-gənclərdə dəyərlərə müsbət münasibətlərin formalaşdırılması;

- uşaq-gənclərin tərbiyə sistemində ailə, təhsil müəssisəsi və icma arasında əlaqələrin yüksək səviyyədə qurulması; tərbiyə sahəsində yenilikçiliyin və təşəbbüskarlığın təşviq olunması; tərbiyə institutları üçün ümumi əlverişli bazanın yaradılması;

- Azərbaycan Respublikasında uşaq-gənclərin  tərbiyəsi sahəsində vahid, ardıcıl və davamlı konseptual yanaşmanın formalaşdırılması;

- vətənpərvər və humanist tərbiyə sisteminin qurulması;

- tərbiyə sisteminin mənəvi bazasının möhkəmləndirilməsi;

- tərbiyə sahəsində peşəkar kadr hazırlığı, səmərəli fəaliyyətə görə stimullaşdırma mexanizmlərinin təkmilləşdirilməsi, peşə etikasının formalaşdırılması;

- valideyn və icmanın pedaqoji-psixoloji cəhətdən maarifləndirilməsi;

- uşaq-gənclərin hüquqlarının qorunması, onların həyatının, təhlükəsizliyinin və inkişafının təmin edilməsi;

- neqativ təzahürlərin kompleks profilaktikasının təşkili;

- xüsusi qayğıya və münasibətə ehtiyacı olan uşaqların mənəvi-psixoloji inkişafının dəstəklənməsi;

- tərbiyənin inkişaf sisteminin elmi bazasının formalaşdırılması;

- tərbiyə işinin monitorinqi sisteminin yaradılması və s.

 

Sosiallaşma nədir?

 

Uşağın inkişafına ətraf mühit və hər şeydən əvvəl, onun kiçik yaşlarında qoşulduğu sosial münasibətlər sistemi təsir edir. Bəs, sosiallaşdırma nədir? Bu gün sosiallaşdırma bir anlayış kimi fəlsəfi, psixoloji və pedaqoji işlərdə geniş istifadə olunur. Sosiallaşdırma dedikdə, insanın sosial münasibətlər sisteminə, müxtəlif milli sosial cəmiyyətlərə (qruplar, institutlar, təşkilatlar) inteqrasiyası nəzərdə tutulur. Sosiallaşdırma mədəniyyət elementlərinin, şəxsiyyətin formalaşdığı sosial ölçü və dəyərlərin dərk edilməsi kimi başa düşülür.

 

Şübhəsiz ki, sosiallaşma prosesinin mahiyyəti cəmiyyətin maraqları ilə izah olunur. Cəmiyyət üzvləri ictimai rolların öhdəsindən gəlməli, təsərrüfat fəaliyyətində iştirak etməli, sağlam ailə qurmalı, qanuna riayət edən vətəndaş olmalı və s. Bu, insanı sosiallaşmanın obyekti kimi xarakterizə edir. Amma mükəmməl sosiallaşma o zaman mümkündür ki, insan bu prosesin nəinki obyekti, həm də subyekti olsun. Subyekt kimi o, sosial norma və mədəni dəyərləri özünüinkişaf, özünüreallaşdırma ilə birlikdə dərk edir, yəni nəinki cəmiyyətə uyğunlaşır, həm də sosiallaşma prosesində fəallıq göstərir, öz-özünə və həyat şəraitinə təsir edir.

 

Sosiallaşma özünütənzim mexanizminin elementi kimi çıxış edir. İnsan sosiallaşaraq yalnız təcrübə əldə etmir, həm də həyat şəraitinə və ətrafdakı insanlara təsir edərək özünü şəxsiyyət kimi reallaşdırır.

 

İnsanın sosiallaşması dedikdə, öncə fərdin sosial rollarının reallaşmasına hazır olduğu nəzərdə tutulur. Bu vaxt sosial özünütəyin - uşaqların sosial münasibətlərin ümumi sistemindəki rolu və mövqeyinin seçilməsi prosesi baş verir.

 

Sosiallaşmada tərbiyənin rolu

 

İnsanın sosiallaşdırılmasında tərbiyə mühüm yer tutur. Sosiallaşmanın pedaqoji aspektinin fərqi ondadır ki, o pedaqoji təsirin qanunauyğunluqlarını və metodikasını öyrənir. Tərbiyə prosesi şəxsiyyətə edilən bütün mümkün təsirləri əhatə edir və yalnız uşağın ictimailəşməsinə şərait yarada bilir. Uşağın sosiallaşması hər müəllimin fəaliyyətinin strateji məqsədidir. Belə ki, dərsdə əldə edilmiş bilik, bacarıq və səriştələri insanın ictimailəşməsi üçün baza hesab etmək olar.

 

Uşağın ictimailəşdirilməsinə müəllimlərlə, valideynlərlə və başqa uşaqlarla olan münasibətləri təsir göstərir. Burada pedaqoji vasitələrin düzgün seçilməsi əhəmiyyətlidir. Hansı ki, bir tərəfdən uşağa özünü reallaşdırmağa, digər tərəfdən ictimai və pedaqoji münasibətlər quruluşunda öz davranış qaydalarını müəyyən etməyə kömək edir.

 

Tərbiyə öz obyektinə, eyni zamanda, öz subyekti kimi nəzər yetirir. Bu, onu bildirir ki, şəgirdlərə edilən məqsədyönlü təsir onların fəal mövqeyini güman edir. Tərbiyə cəmiyyətdəki əsas münasibətlərin tənzimləyicisi kimi çıxış edir. O, insanın özünü reallaşdırmasına, ideallarına çatmasına şərait yaradır.

 

Əgər inkişaf fərdə xas olan keyfiyyətlərə yönəldilmişdirsə, o zaman tərbiyə ictimai əxlaq keyfiyyətlərindən irəli gəlir və onlar tərbiyə prosesində fərd tərəfindən mənimsənilir.

 

Burada uşaqların sosial münasibətlərinin xüsusiyyəti üzə çıxır: bir yandan onlar böyüklərin sosial münasibətlərinə uyğundur, digər tərəfdən aparıcı xarakter daşıyırlar. Uşaqlar həqiqi münasibətlərə qoşularkən bu münasibətlər haqqında ideal təsəvvürlərə yiyələnirlər.

 

İkinci şərt uşaqların sosial qarşılıqlı münasibətlər prosesində özünü reallaşdırmasıdır. Bu şərt uşağın ətrafı ilə münasibətlərində daha sərbəst olmasına şərait yaradır. Bu zaman şəxsin özünüinkişafı üçün məqsədin dərk edilməsi və fəaliyyətin əhəmiyyəti, hər bir uşağın öz mənliyini dərk etməsi, uşağın cəlb olunduğu işdə aydın perspektivlərin olması vacibdir.

 

Pedaqoq alimlərimiz tərbiyə prosesinə bütöv dinamik bir sistem kimi baxırlar və onun effektliliyini müəllimlə şagird arasındakı münasibətin inkişafında görürlər. Tərbiyə prosesi təhsil müəssisəsinin pedaqoji fəaliyyətinin əsasını təşkil edir. Eyni zamanda tərbiyə prosesinin təşkili öz çərçivəsilə kifayətlənmir və sosial mühitin bütün amillərinin təsirini nəzərə alır.

 

Tərbiyə prosesinin aparıcı qüvvəsi uşağa edilən müxtəlif təsirlərin və onun şəxsiyyətinin formalaşması arasındakı qarşıdurmaların həllidir. Əgər müəllimlərin irəli sürdüyü fikirlər şagirdlərin imkanları daxilindədirsə və onların əhəmiyyət verdiyi dəyərlərə uyğun gəlirsə, bu ziddiyyətlər inkişafın qaynağına çevrilir və əksinə, əgər uşaq müsbət təsirlərin qəbuluna hazır deyilsə, bu cür ziddiyyət optimal inkişafa uyğun gəlməyəcək.

 

Bununla əlaqədar şagirdləri yaxşı öyrənmək, inkişafın yaxın, orta və uzaq perspektivlərini, onları konkret tərbiyə məsələlərinə çevirəcək bacarıqla layihələşdirmək lazımdır.

 

Tərbiyəvi iş özündə təşkilati və pedaqoji məsələlər kompleksinin reallaşmasını, şagirdlərin tərbiyəvi formalarının və metodlarının seçimini və onların reallaşması prosesini cəmləşdirir. Bu iş şagird və müəllimlərin birgə fəaliyyətinin təşkilini təxmin edir və uşağa əsaslı təsir göstərən sosial institutların münasibətlərinin tənzimlənməsini nəzərdən keçirir.

 

Tərbiyə işində əsas yeri müəllimin fəaliyyəti tutur. O, bütün təşkilati funksiyalar kompleksini: planlaşdırma, əlaqələndirmə, effektliliyi təhlil edir və reallaşdırır.

 

Tərbiyəvi prosesin vacib komponenti

 

Tərbiyə işi tərbiyə prosesinin vacib komponentidir, onun əsas yaradıcısıdır. Ümumi təhsil məktəbinin pedaqoji fəaliyyətinin uğuru müəllimlərin bu işi necə aparmasından asılıdır.

 

Tərbiyə sistemi donmuş yox, daim inkişafda olan fenomendir. Müxtəlif fikirlər, təsəvvürlər, uşaqların qarşılıqlı fəaliyyətinin üsulları, fəaliyyətin bu və başqa növləri, quruluşları yaranır və itir, kollektivin həyat fəaliyyəti çətinləşir və qaydasına düşür, yaxud əksinə, intizamsızlıq böyüyür - bütün bu hadisələr tərbiyə sisteminin inkişaf prosesini səciyyələndirir.

 

Tərbiyə sisteminin inkişaf prosesi

 

Tərbiyə sisteminin inkişaf prosesi ziddiyyətlidir və düzxətli deyildir. Onda enmələr və yüksəlmələr, sabitliyin yetərincə uzunmüddətli olması ilə yanaşı, sistem “geri” qalan zaman fəaliyyətdə, münasibətdə və yaradıcılıqda müsbət xüsusiyyətlərin itirilməsi də ona xas formalardandır. Bundan çəkinmək lazım deyil, bunu bilmək, sistemdə baş verən formaların səbəb və nəticələrini təhlil etmək zəruridir.

 

İlk növbədə, məktəbin tərbiyə sisteminin qurulmasına təkan verən səbəblər üzərində dayanaq. Təbii ki, onlar müxtəlifdir. Birinci, ayrı-ayrı ümumtəhsil məktəblərində yeni texnologiya kimi təqdim edilən “sehirli çubuqların” köklü şəkildə tərbiyəvi prosesi dəyişmək qabiliyyətinə malik olmamasını dərk etmələri; bunun əvəzində sistemli yanaşmanın zəruriliyini qəbul etmələridir. İkinci səbəb, pedaqoqların orijinal fıkirlərinin: “Məktəb tikmək və orada tərbiyəvi sistem yaratmaq olar”, - mövcudluğu ilə bağlıdır.

 

Nəhayət, tərbiyə sisteminin yaranmasına təkan verən üçüncü səbəb rolunda - dəb çıxış edir. Şəhər və kəndlərdə həmişə söhbət tərbiyə sistemindən getməsə də, tərbiyəvi sistemlərin müxtəlif saylı panoramaları yayılıb. Bir tərəfdən dəb onu göstərir ki, tərbiyə sisteminin yaranması fikri səmərəlidir, artıq “kütləni əhatə edib”. Digər tərəfdən, tərbiyə sisteminin düşünülmədən bu formada tirajının təyin edilməsi ideyanın nüfuzdan düşməsinə gətirib çıxara bilər.

 

Beləliklə, sistemin yaranma mərhələsindəki xarakterik xüsusiyyətləri nəzərdən keçirək. Baxmayaraq ki, tərbiyənin məqsədi fərziyyədən başlayır, bu mərhələdə məqsədlər yetərincə amorf xarakter daşıyır, tez-tez təmənna formasında təqdim olunur. Təbii ki, bu mərhələdə, ideya ilə onun həyata keçirilməsi arasında fikir ayrılığı aşkar edilir. Amma bu fikir ayrılığı heç də həmişə sistemin quruluşunun yanlışlığı, səhv salınması deyildir. Sadəcə, sistem, hələ küll halında gücünü toplamayıb, onun komponentləri, demək olar ki, ayrı-ayrı işləyir. Məhz buna görə bir çox pedaqoqlarda nikbin əhvali-ruhiyyə süstlük və ruh düşkünlüyü ilə əvəz olunur.

 

Ümumtəhsil müəssisəsində kollektiv fəaliyyət hələ formalaşmadığı vaxtda pedaqoji mühitdə, rəhbər, fəallar, qruplar arasında gərginlik, hətta konflikt kəskin şəkildə üzə çıxır. Pedaqoqların bəziləri yeni fikir və məqsədləri qəbul etmir, digərləri isə qəbul etmək istəyir, lakin yeni şəraitdə işləməyi bacarmırlar. Axtarışlar, qızğın müzakirələr şəraiti şagird mühitini də əhatə edir. Kollektiv fəaliyyətə istiqamətlənənlər, təşkilatçılıq qabiliyyətinə malik olanlar daha tez fərqlənir, məktəbin cavabdehliyini öz üzərlərinə götürürlər. Bu isə həmişə şagirdlərdə müsbət reaksiya oyatmır. Ayrılmalar dövrü başlayır, lakin bu, sistemin ümumi ahəngdarlığı yolunda müvəqqəti hallardır. Təbii ki, sistemin qaydaya salınması, işgüzar, funksional münasibətlərin qurulmasını tələb edir.

 

Bu mərhələdə sistemlə ətraf mühitin qarşılıqlı fəaliyyəti kortəbii xarakter daşıyır.

 

Ətraf mühit hələ dərk edilməmiş, məqsədyönlü mənimsənilməmişdir.

 

Bütövlükdə sistemdaxili əlaqələr yetərsizliyi ilə xarakterizə olunur. Onun komponentlərindən bəziləri sərbəst çıxış edə və ayrılıqda işlənə bilər.

 

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, tərbiyə sisteminin yaranma mərhələsində əsas diqqəti aşağıdakılara yönəltmək lazımdır: Birincisi, əsas pedaqoji ideyaların məcmusuna, onun konsepsiyalarının formalaşmasına; ikincisi, həm uşaqların, həm də böyüklərin tələbatlarını əks etdirən məktəbin maddi-texniki baza və kadrlarla təmin olunmasına; fəaliyyətin başqa növlərilə əlaqəni nəzərdə tutan sistemyaradıcı fəaliyyətin üzə çıxmasına; üçüncüsü, daha əhəmiyyətli anlarda, gələcək sistemi modelləşdirən “qabaqlayıcı situasiya”ların yaranmasına.

 

Ümumtəhsil müəssisələrinin tərbiyə sisteminin inkişafı ona xas obyektiv təzadlarla idarə olunan təbii, qanunauyğun prosesdir, lakin bu, o demək deyildir ki, onun inkişafı mövcud şərtlərlə kəskin şəkildə qabaqcadan müəyyən edilmişdir. Sistemin inkişafının xeyli variantları ola bilər, lakin onların heç də hamısı pedaqoji dəyərə malik olmayıb və məktəblinin fərdi inkişafında əlverişli deyildir.

 

“Tərbiyə” anlayışına filosof, sosioloq, pedaqoq və psixoloqların müxtəlif yanaşmaları olmuşdur. Tədqiqatçıların çoxunun şərh etdiyi ümumi cəhətləri aşağıdakı kimi göstərmək olar:

 

- tərbiyə olunanlara təsirin məqsədyönlülüyü;

- bu təsirlərin sosial istiqaməti;

- müəyyən münasibətlər normasının uşaqlar tərəfindən mənimsənilməsi üçün şəraitin yaradılması;

- insan tərəfindən kompleks sosial rolların mənimsənilməsi və s.

 

Tərbiyənin ümumi sosial funksiyası ondan ibarətdir ki, nəsildən nəslə keçən biliklər, ideyalar, sosial təcrübələr, davranış üsulları mənimsənilsin. Tərbiyənin konkret sosial funksiyası, onun konkret məzmunu və mahiyyəti tarixi gedişdə dəyişir və cəmiyyət həyatının müvafiq maddi şəraiti ilə, ictimai münasibətlə, ideologiyaların mübarizəsi ilə müəyyənləşir.

 

Piralı ƏLİYEV,

Təhsil İnstitutunun Elmi-pedaqoji Tədqiqatlar Mərkəzinin Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin müdiri