Prezident təqaüdçüsü Sevda Məmmədzadə:“Bütün ümidlərini doğrulda bildim”


Heç bir peşəylə  müqayisəyə  gəlmir müəllimlik. Müqəddəs  bir missiyanın  icraçıları olurlar müəllimlər. Dilin açarı olan əlifbadan tutmuş dünya elmlərinə qədər nə varsa hamısını öyrədirlər şagirdlərinə. Mərhum Xalq şairimiz Bəxtiyar Vahabzadə necə də gözəl deyib:

 

Yaşamaq yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız ondadır.

Şam əgər yanmırsa, yaşamır demək,

Onun da həyatı yanmağındadır...

 

Sanki  dərin fəlsəfi yükün daşıyıcısı olan  bu sətirlər büsbütün   ali rütbə sahibləri olan müəllimlərə xitabən yazılıb. Ömrünün  ziyasını, elmini, biliyini, ümumiyyətlə, bu görüb-götürüləsi dünyada Ulu Tanrı tərəfindən nəyə sahib ola bilibsə hamısını ölçüsü, hüdudu bilinməyən ilahi bir məhəbbətlə şagirdlərinə, tələbələrinə ötürən yeganə peşə sahibləridir müəllimlər.

 

Əminəm ki, belə  müqəddəs peşə sahiblərindən biri   haqda  sevimli övladının dilindən eşidəcəkləriniz   müəllimi  ən ali bir insan olaraq sizlərə bir daha sevdirəcək.

 

Həmsöhbətim Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin veteran diktoru, Əməkdar artist, Prezident təqaüdçüsü Sevda Məmmədzadənin bir vaxtlar Əməkdar  müəllim olmaqla bərabər el-oba ağsaqqalı  sayılan  sevimli  atası  Saleh Məmmədzadə haqqında söylədiklərini sözün tam mənasında həyəcansız dinləmək mümkün deyildi. Bu gün ömrünün  müdrik   çağını  yaşayan tanınmış incəsənət nümayəndəsi uşaqlıq, yeniyetməlik və gənclik illərinin yaddaşında  sağalmaz izlər buraxan sevimli  ata və sevimli müəllim itkisini  görün necə yaşayır:

 

...Hər il alman faşizmi üzərində qələbənin qeyd olunduğu  9  may tarixində  sevimli atamın  xoş xatirəsini  təkrar-təkrar yada salır,  qürur  hissi yaşayıram. Həmin gün   ailəmizdə  toy-bayram əhvali-ruhiyyəsi olurdu. Milyonlarla insanı qanına qəltan edən o dəhşətli   müharibədən  salamat qayıtmaq  doğrudan da hər kəsin tale qisməti olmayıb. Buna görə də  həmin günü atam  əsil doğum günü  kimi qeyd edirdi. Bu  barədə danışanda da  qəhər məni boğur, o tarixi günləri yenidən atamla bərabər yaşamaq həvəsi ilə coşub-daşıram. Gözlərim  qarşısında  gözəl qayğısız , xoşbəxt günlər canlanır.

 

Əziz xatirəsini  böyük ehtiramla yaddaşıma həkk etdiyim ilk məhəbbətim və ilk müəllimim olan atam  böyük pedaqoji   yaradıcılığa   malik olan və ondan bədii silah kimi  istifadə edən  filoloq alim Saleh Məhəmməd oğlu  Məmmədzadə Ağdaş  rayonunun Şəmsəbad kəndində 1902-ci ildə ziyalı ailəsində doğulmuşdur. Onun tərbiyəsində və təhsilində  Türkiyədə təhsil almış ictimai xadim, ərəb-fars dilləri üzrə mütəxəssis, dayısı Muxtar Əfəndizadənin  böyük rolu olub. 1920-ci illərin sonunda  Bakıya gələn atam  seminariyaya daxil olmuş, böyük və dahi yazarımız Hüseyin  Cavid Əfəndidən   dərs almışdı. Atamın ilk iş yeri  İrəvan pedaqoji təhsil mərkəzi olub, sonradan vətənimizin ayrı-ayrı bölgələrində - Quba, Şəki, Ağdaş və Bakıda  müxtəlif  təhsil ocaqlarında çalışıb. Son iş yeri isə  Maarif  Nazirliyində aparıcı mütəxəssis vəzifəsi olub. 1941-ci ildə alman faşistləri sovetlər ölkəsinə  müharibə elan edəndə   atam altı körpəsini xanımına tapşırıb və könüllü surətdə silaha sarılaraq cəbhəyə  yollanıb. O,  bir sıra Avropa ölkələrində - Çexiya, İtaliya, Fransa və Polşada ön cəbhədə vuruşaraq fədakarlığına görə vətənə medallarla  dönüb. Ordudan qayıtdıqdan sonra  atam yenə də elmi fəaliyyətini davam etdirərək  Əməkdar müəllim fəxri adına layiq  görülüb, orta məktəb dərsliyinin -   “Azərbaycan dilinin qrammatikası” kitabının müəllifi olub.  Atam cəhalətə,  xurafata, nadanlığa qarşı daim mübarizə aparan, övladlarını da bu ruhda  tərbiyə edən vətən oğlu  olmuşdur. O, çox ciddı, həm də kövrək qəlbli sadə  bir insan idi. Xalq arasında sevilən, seçilən müəllim kimi tanınırdı. Nümunəvi  ailə başçısı, sədaqətli ömür-gün yoldaşı, müdrik ata, baba  idi. Atam 1989-cu ildə əbədiyyətə  qovuşdu...

 

Əziz ata, sən  mənim  damarlarımda axan qanım, arxam- dayağım, vüqarım, fəxrim olmusan. Hər  şeyə görə sənə borcluyam. Sən verdin mənə bu əxlaqı, bu qüruru, bu vətənsevərliyi. Həmişə  mənimlə fəxr etdiyini dilinə gətirəndə baxışlarında  gur həyat eşqi  üzümə nur saçırdı. Nə yaxşı  ki, gecəmi gündüzümə qataraq bütün ümidlərini doğrulda bildim, sənə başucalığı qazandırdım.

 

Sifai SƏFƏROVA