Hikmət Əlizadənin ömür yoluna dost nəzəri


Sentyabr ayının ilk gününün sevinci

 

Görünür həyatın, öz sirlərini insana açmadığı fəlsəfəsi var. O sentyabr ayının birində anadan olmuşdu. Yaxın keçmişə qədər  həmin gün bilik günü adlanırdı, həmin gün hamı məktəbə gedirdi. 1963-cü ildə o da hamı kimi  sentyabr ayının birində məktəbə getdi. 1973-cü ildə ali məktəbdə - Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) tələbə kimi ilk mühazirə məşğələsində iştirakı da sentyabr ayının 1-nə təsadüf etdi. Gecəsini gündüzünə qatıb, müəllim peşəsinə yiyələndi və 1978-ci ilin yenə sentyabr ayının 1-də əlinə jurnal alıb sinif otağına daxil oldu, şagirdlərə dərs deməyə başladı. 1994-cü ilin sentyabr ayının 1-də ali məktəb auditoriyasına girib, mühazirə deməyə, seminar məşğələləri aparmağa başladı. Bu sentyabr ayının birinci gününün Hikmət Əbdül oğlu Əlizadənin həyat yoluna gətirdiyi sevinclərdir.

 

Tanışlığımın tarixi

 

Mənim Hikmət müəllimlə tanışlığımın önəmli tarixi var. Ondan xeyli əvvəl atası - görkəmli Azərbaycan psixoloqu, psixologiya üzrə elmlər doktoru, professor Əbdül Əlizadə ilə tanış olmuşam. Hələ tələbəlik illərimdən, sonradan mən təyinatla Sabirabad rayonunun Şıxsalahlı və Qaragüney kənd məktəblərində ingilis dili müəllimi, sonralar Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışarkən professor  Əbdül Əlizadənin professor Əkbər Bayramovla yazdığı “Psixologiya” dərsliyini, psixologiyanın müxtəlif məsələlərinə, o cümlədən yeniyetmələrin cinsi tərbiyəsi probleminə aid sanballı əsərlərini oxuyur, Əbdül müəllimin pedaqoji və elmi fəaliyyəti barədə ürəkaçan sözlər eşidirdim. Təhsilin müxtəlif problemlərinə həsr olunmuş tədbirlərdə, konfranslarda görüşür, bir-birimizdən hal-əhval tuturduq.

 

İş elə gətirdi ki, professor Əbdül Əlizadə ilə birlikdə dərslik yazmalı oldum. Bu, respublika maarif nazirinin müavini rəhmətlik Zahid Qaralovun təşəbbüsü idi.  1985-ci ildə ümumtəhsil məktəblərinin tədris planlarına yeni fənn - Ailə həyatının etika və psixologiyası fənni daxil edilmişdi. O zamanlar dərsliklər, adətən Moskvada yazılır, müttəfiq respublikaların dillərinə tərcümə olunurdu. Azərbaycanda da tək-tük dərsliklər - məsələn, “Əlifba”, “Azərbaycan dili” və s. alimlərimiz tərəfindən qələmə alınırdı.

 

Nazir müavini Zahid  Qaralov bizi - professor Əbdül Əlizadə ilə məni nazirliyə çağıraraq fikrini bildirdi:

 

- Moskvada Afanasyeva “Ailə” dərsliyi yazıb. Biz onu tərcümə edib məktəblərimizə göndərməliyik. Mən bunun əleyhinəyəm. Hər xalqın ailəsinin özünəməxsus xüsusiyyətləri, milli adət-ənənələri var, Azərbaycan ailəsinin də. İstəyirəm siz orijinal “Ailə” dərsliyi yazasınız. Şagirdlərimiz həmin dərsliklə tanış olanda azərbaycanlı ailəsini görməlidirlər.

 

Əbdül müəllim o zaman professor idi, mən isə hələ namizədlik dissertasiyası da müdafiə etməmişdim. Çoxlu sayda ali məktəb müəllimi, alimlər haqqında danışılan dərslikdə Əbdül müəllimlə  həmmüəllif olmaq istəyirdi, fəqət artıq məsələ həll olunmuşdu. Mənə böyük etimad göstərmişdilər.

 

Bizə az vaxt verilmişdi. Bütün səylərimizi birləşdirib “Ailə” dərsliyini yazmağa başladıq. Dərslik 1986-1987-ci tədris ilində Maarif Nazirliyinin qrifi ilə nəşr olunaraq məktəblərimizə -  IX siniflərə çatdırıldı. Bundan əvvəl, biz kursun proqramını hazırlamışdıq. Dərslik yazmaqla işimizi məhdudlaşdırmadıq. “Ailə həyatının etika və psixologiyası” (müəllim üçün metodik vəsait), “Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat” (şagirdlər üçün) dərs vəsaitləri işıq üzü gördü. “Ailə” dərsliyi rus dilinə tərcümə olunaraq ümumtəhsil məktəblərinin təlim rus dilində aparılan siniflərinə də çatdırıldı.

 

Qəzet və jurnallardan sifarişlər alır, yeni kursun müxtəlif məsələlərinə dair məqalələr çap etdirirdik. Azərbaycan televiziyasında “Ailə həyatının etika və psixologiyası” mövzusunda veriliş təşkil olundu.  Həmin verilişi professor Hüseyn Əhmədovla mən aparırdıq.

 

“Ailə”nin elmi-kütləvi nəşri də oldu.  Bir neçə il ərzində Ailə həyatının etika və psixologiyası problemlərini əhatə edən dərslik, proqram və dərs vəsaitlərinin ümumilikdə nəşri yarım milyon tiraja çatdı.

 

1987-ci ildə mən namizədlik dissertasiyası müdafiə etdim.

 

“Ailə” dərsliyinin nəşrindən sonra mənim həyatımda yeni bir yol açıldı - yaş fərqimizə baxmayaraq, mən professor Əbdül Əlizadə ilə sıx əməkdaşlıq etməyə başladım. Yaradıcı fəaliyyət göstərir, mən yazdıqlarımı o, onun yazdıqlarını mən gözdən keçirirdim. Mən boyun qaçırsam da, Əbdül müəllim öz yazılarını mənə verirdi ki, mən də öz fikrimi bildirim.

 

Belə günlərin birində professor oğlunu - Hikməti mənə təqdim etdi. Biz tanış olduq. Əbdül müəllim mənə: “Akif, sən kiçik qardaşımsan, mənim tərcümeyi-halıma daxil olmusan” deyərdi. 

 

“Sən mənim tərcümeyi-halıma daxil olmusan” sözlərinin mənası bu idi ki, Əbdül müəllim “Elmi əsərləri”nin siyahısını tərtib edərkən istər-istəməz bəzi dərsliklərin, dərs vəsaitlərinin, məqalələrin  qarşısında “həmmüəlliflə, Akif Abbasovla” sözlərini yazmalı olurdu.

 

Əbdül Əlizadə oğlu Hikmətlə əllərimizi birləşdirib: “Siz bir-birinizdən muğayat olun. Hər ikiniz pedaqogika üzrə mütəxəssisiniz. Bir yerdə dərslik, məqalələr yazın” - dedi.

 

40 ildən çoxdur ki, Hikmət Əlizadə ilə yaxın dost, yoldaşıq, bir-birimizə etibar edirik. Birlikdə “Pedaqogika” dərsliyi yazmışıq. Bir-birimizə “əmioğlu” deyirik. Hikmət müəllim namizədlik dissertasiyasını məndən əvvəl yazıb müdafiə etmişdi. Doktorluq dissertasiyasını isə, mən ondan əvvəl müdafiə etdim (1995), hətta “əmioğlu”mun müdafiəsi zamanı rəy yazıb, onun rəsmi opponenti kimi çıxış etdim.

 

Tələbəlik illəri

 

Ümumtəhsil  məktəbində  oxuyarkən (1963-1973) yaşıdları kimi onun da ən böyük arzularından biri ali məktəb tələbəsi olmaq idi. Dərslərinə ciddi hazırlaşar, özündə məsuliyyət hiss edirdi. Düşünərdi: “İnstituta, universitetə daxil olmasam, utanaram, ailə üzvlərimin, müəllimlərimin ümidlərini doğrultmaram”. Bu arzu, bu diləklə orta məktəbin son siniflərindən qəbul imtahanlarına səylə hazırlaşmağa başladı.

 

Zəhməti hədərə getmədi, özü də sevindı, ailəsini də, təhsil aldığı məktəbin pedaqoji kollektivini  də sevindirdi. O vaxtkı V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna (hazırda ADPU) qəbul olundu.

 

Haşiyə: Yadıma düşür, həmin illərdə böyük şairimiz Cabir Novruz “Tələbəlik illəri” adlı bir şeir yazmışdı. Bəstəkar Telman Hacıyev həmin şeirə mahnı bəstələdi, müğənni Elmira Rəhimova da mahnıya qol-qanad verdi. Qısa müddət ərzində bu mahnı az qala tələbə himninə çevrildi. Mahnı tələbə gəncləri təhsil almağa, tələbəlik illərindən bəhrələnməyə, gələcəyə səsləyirdi. Həmin mahnının sözlərini bütün tələbələr, səsi olan da-olmayan da, züm-zümə edirdi. Mahnı indi də Hikmət müəllimin qulaqlarında səslənir:

 

Çox-çox adi dolanan,

dünyaya, cahana, insana,

Gələcəyə inanan,

tələbə, tələbə, tələbə.

 

Mahnı hamını ovsunlamışdı, o dövr tələbələri bu mahnıdan ibrət götürür, daha məsuliyyətlə təhsil almağa səy göstərirdi. Tələbə Hikmət professor oğlu olsa da, tələbəlik dövrünün qayda-qanunlarını gözləyir, elmin sirlərini səylə öyrənirdi. Çox şərəfli bir peşəni seçmişdi. Həmin peşənin layiqli nümayəndəsi olmalıydı.

 

Təhsil aldığı illərdə həm də ictimai işlərlə məşğul olurdu. Sinif nümayəndəsi idi. Amma öz ictimai fəaliyyətini təkcə oxuduğu qrupda deyil, həmçinin fakültədə də davam etdirirdi. Tezliklə qrup tələbələri ilə yanaşı fakültə tələbələri arasında da hörmət qazandı, fərqlənən tələbələrdən birinə çevrildi. Fakültə və institut konfranslarında maraqlı məruzələrlə çıxış edirdi. Bunun nəticəsi idi ki, IV kursda təhsil alarkən ona respublika tələbələrinin konfransında plenar iclasda çıxış etmək şansı verildi. O özünəməxsus şövqlə öz məruzəsini təqdim etdi. III kursda təhsil alarkən fakültə komsomol təşkilatının büro üzvü, IV kursda isə sədr müavini seçildi. Beləliklə, təhsil aldığı illərdə o təkcə müəllim kimi formalaşmırdı, onda həm elmi yaradıcılıq və idarəetmə keyfiyyətləri təşəkkül tapırdı.

 

Ali təhsilini 1978-ci ildə başa vurdu. İnstitutu fərqlənmə diplomu ilə bitirmişdi. Sevincinin hədd-hüdudu yox idi. Amma fərqlənmə diplomu almaq hələ heç nə demək deyildi, qarşısında hamı kimi onu da daha ciddi sınaqlar gözləyirdi. Nüfuzlu bir müəllim kimi özünü doğrultmalı idi. Təyinatla müəllim işləmək üçün 9 saylı internat məktəbinə göndərildi. 

 

Elmin enişli-yoxuşlu yollarında inamlı addımlar

 

Beləliklə, o pedaqoji fəaliyyətə 9 saylı internat məktəbində başladı. Burada iki il çalışdı. İnternatda təhsil alan uşaqların çoxunun valideyni yox idi, ya dünyasını dəyişmişdi, ya da boşanmışdılar. Uşaqlar öz dəcəlliklərinə görə “fərqlənirdilər”. Bu səbəbdən internatda onlara qarşı müəllimlərin kobud münasibəti formalaşmışdı. Hikmət bir müəllim kimi bu münasibətdən razı deyildi. O, müxtəlif demoqrafik problemlərə malik olan bu uşaqlarla işləməyin pedaqoji yollarını axtarırdı. Dərs dediyi müddətdə empirik təcrübəsində bəzi yollar tapdı, tətbiq etdi. Amma bu təcrübə onu qane etmirdi. Bu məqsədlə 1980-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda pedaqogika üzrə aspiranturaya qəbul olundu və “IV-VIII sinif şagirdlərinin təlimə məsuliyyətli münasibətinin formalaşmasına demoqrafik amillərin təsirlərinin neytrallaşdırması” mövzusu üzərində  tədqiqat aparmağa başladı.

 

Qeyd etmək lazımdır ki, mövzu aktuallığı ilə seçilirdi və ölkədə ilk dəfə idi ki, bu problem tədqiqata cəlb olunurdu. Problemin bu və ya digər məsələsi heç namizədlik səviyyəsində də araşdırılmamışdı. Mövzunun mürəkkəbliyini və problem istiqamətində SSRİ məkanında tədqiqat aparılmadığını nəzərə alaraq, kafedra müdiri, professor Aban Kərimovla yanaşı, 70-ci illərdə SSRİ-də ilk olaraq tərbiyənin sosioloji problemlərini tədqiq edən məşhur sovet alimi professor  Renata QriqoryevnaQurova ona elmi rəhbər təyin edildi. Dissertasiya işinin nəzəri hissəsini və metodikasını Moskvada hazırlayan Hikmət Əlizadə Bakı və Sumqayıt məktəblərində pedaqoji eksperimentlər həyata keçirdi.  Tədqiqatda maraqlı nəticələr əldə etdi. Respublika mətbuatında tədqiqatları ilə bağlı məqalə və tezislərdən bu aydın görünürdü. Amma o təkcə Azərbaycanda deyil, SSRİ-nin müxtəlif respublika və şəhərlərində keçirilən konfranslarda məruzələri ilə çıxış edirdi. 1985-ci ildə Tbilisi şəhərində N.Qoqebaşvili adına Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək, pedaqoji elmlər namizədi (indiki qaydalara əsasən - pedaqogika üzrə fəlsəfə doktoru) elmi dərəcəsi aldı.

 

Aspiranturanı bitirdikdən sonra o 1984-cü ildə Bakı Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasında çalışmağa başladı. Kafedranın müəllimi, dosenti, professoru oldu. Onun dediyi mühazirə və seminar məşğələləri özünəməxsusluğu ilə fərqlənirdi.

 

Namizədlik dissertasiyasının müdafiəsindən sonra o Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (hazırda Təhsil İnstitutu) elmlər doktoru proqramı üzrə doktorant oldu. “Tərbiyənin demoqrafiq problemləri” mövzusunda tədqiqatlarını davam etdirdi. Bunun nəticəsi kimi,1996-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda “Tərbiyənin demoqrafiq problemləri” mövzusunda dissertasiya işini müdafiə edərək, pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görüldü. Dərslərində apardığı tədqiqatların materiallarından istifadə etdiyi üçün onunmühazirə və seminar məşğələləri həm nəzəri, həm də tətbiqi xarakter daşıyır.

 

2000-ci illərdə onun elmi yaradıcılığında yeni, bənzərsiz səhifələr açıldı. Oğlunun tədqiqatlarının dərinliyindən və nəticələrindən razı qalan professor Əbdül Əlizadə ona birgə tədqiqatlar aparmağı təklif etdi. Bu, Hikmət Əlizadəyə böyük etibar idi. Onlar təxminən 15 il ərzində birlikdə psixopedaqogika istiqamətində maraqlı tədqiqatlar aparmağa başladılar. Bu tədqiqatların nəticəsi kimi, onların birlikdə bir neçə kitabı işıq üzü gördü. Əbdül Əlizadə dünyasını dəyişdikdən sonra da o, bu tədqiqatları davam etdirir. Respublika mətbuatının səhifələrində hər birimiz bu tədqiqatların nəticələri ilə tanış oluruq.

 

Bu gün Hikmət Əbdül oğlu Əlizadə çağdaş Azərbaycan pedaqogikasının layiqli və ləyaqətli nümayəndəsidir. Müəllim və alim ailəsində böyüyüb boya-başa çatıb. Psixologiya elminin korifeylərindən olan, psixologiya elmləri doktoru, professor, “Şöhrət” ordenli, Əməkdar elm xadimi Əbdül Əli oğlu Əlizadənin övladıdır. Ailə özünün elmi-pedaqoji fəaliyyəti ilə fərqlənir. Əbdül müəllimin bacısı, Hikmət müəllimin bibisi Məryəm Əli qızı Əlizadə Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professordur.

 

Hikmət müəllimin qızı Səbinə də babasının və atasının yolunu davam etdirir, psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Hazırda elmlər doktoru proqramı üzrə doktorantdır.

 

Hikmət Əlizadə həm də çox yaxşı ailə başçısıdır. İki övlad atasıdır. 4 nəvəsi var. Övladları ataları, nəvələri babaları ilə fəxr edirlər. Hikmət müəllim də  öz övladlarını, nəvələrini çox sevir, onların sevincini öz sevincləri hesab edir.

 

Elmin enişli-yoxuşlu yollarında inamla irəliləyən Hikmət Əlizadə öz fəaliyyətini dissertasiya və elmi əsərlər yazmaqla, mühazirələr oxumaqla məhdudlaşdırmır. Elmi rəhbərliyi ilə neçə-neçə fəlsəfə doktoru  yetişdirib, fəlsəfə və elmlər doktoru proqramları ilə dissertasiya müdafiə edən bir çox gəncin rəsmi opponenti olub, dissertasiya şuralarında üzv olub, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının pedaqogika və psixologiya ixtisası üzrə eksperti olub. O, təhsil sahəsində ictimai fəaliyyəti ilə də fərqlənir. Tez-tez məktəblərdə aktual mövzularda mühazirələr oxuyur, seminarlar keçirir. Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvüdür.

 

Professor Hikmət Əbdül oğlu Əlizadə 200-dən artıq elmi əsərin - monoqrafiyanın, kitabın, dərslik və dərs vəsaitinin, tədris proqramının,  metodik tövsiyənin, məqalə və tezisin müəllifidir.

 

Əsas əsərləri bunlardır: “Tərbiyənin demoqrafik problemləri” (monoqrafiya), “Sosial pedaqogikanın aktual məsələləri”,  “Pedaqogika” (dərs vəsaiti, prof. A.N.Abbasovla), “Əsrin meqameylləri psixoloji problemləri” (monoqrafiya, III cilddə, prof. Ə.Ə.Əlizadə ilə), “Pedaqoji psixologiya (dərslik, prof. Ə.Ə.Əlizadə ilə),”Pedaqoji psixologiya (dərslik, II cilddə, prof. Ə.Ə.Əlizadə ilə), “Yeni pedaqoji təfəkkür: psixopedaqogikaya giriş” (kitab,prof. Ə.Ə.Əlizadə ilə), “Təhsilin sosial pedaqoji məsələləri (dərs vəsaiti, Q.Abbasova, R.Mahmudova ilə), Tələbələrdə “qalıq biliklərin” formalaşmasının metodologiyasına dair (kitab, A.Kazımzadə, Q.Abbasova, R.Mahmudova, R.Məmmədova ilə), “Sosial pedaqogika” (dərslik, R.Mahmudova ilə), Psixopedaqogika (Ə.Ə.Əlizadə və S.H.Əlizadə ilə) və s.

 

Təltifləri

 

Professor Hikmət Əbdül oğlu Əlizadə 2006-cı ildən Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dekanıdır. Universitetin əsas fakültələrindən biri olan bu fakültədə psixologiya, pedaqogika, fəlsəfə, sosiologiya, sosial iş ixtisasları üzrə kadrlar hazırlanır. Psixologiya və sosial elmlər sahəsində qüdrətli alimlər və ali məktəb müəllimləri bu fakültədə tələbə gənclərin təhsili və tərbiyəsi ilə məşğul olurlar. Fakültənin pedaqoji kollektivi arasında son dərəcə gözəl psixoloji və mənəvi mühit formalaşmışdır. Şəxsiyyətlərarası münasibətlər düzgün qurulmuşdur. Tələbə oğlan və qızlara, təlim prosesinə, onun idarəolunmasına münasibətdə demokratik, humanist prinsiplər başlıca yer tutur. Fakültədə tələbə özünüidarəsi fəaliyyət göstərir.

 

Nümunəvi idarəetmə mədəniyyətinə yiyələndiyinə, təcrübəli, səriştəli ali məktəb müəllimi olduğuna görə, istər universitetin rəhbərliyi, istərsə də dövlətimiz tərəfindən Hikmət Əbdül oğlu Əlizadənin əməyi yüksək qiymətləndirilmişdir. O, “Tərəqqi” medalına, “BDU-nun 100 illiyi” medalına, “Şöhrət” ordeninə layiq görülmüşdür.

 

Arzumuz

 

2021-ci ilin sentyabr ayı. Sentyabrın 1-i pedaqogika üzrə elmlər doktoru, professor Hikmət Əlizadənin sevincli günü. Onun üçün özəl olan bu əlamətdar günü ailə bir yerə yığışıb qeyd etdilər. Sonra da dost-tanış onu təbrik etdi.

 

Bu ilin sentyabrın 1-i əvvəlki sentyabrlardan fərqlənirdi. Bu adi ad günü deyildi. Yubiley ili idi. Hikmət Əlizadə ömrünün 65-ci yayını yola salmışdı. Yola salmışdı ki, bundan sonrakı sentyabrları bir-birinin ardınca qarşılayıb, böyük həvəslə, sağlam canla yola salıb növbəti illəri  salamlasın. 70 yaşını, 80 yaşını, 100 yaşını qeyd etsin.

 

Belə xoş günlərdə professor Hikmət Əlizadənin sevincinə qoşulub deyirik:

 

65 illik yubileyin mübarək!!!

 

Akif ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim