Ustadımız biz tələbələrə sonsuz həssaslıqla diqqət ayırırdı


Biz müstəqil vətənimizdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyini qeyd edirik.  Lakin yarım əsr bundan öncə azad deyildik, çünki vətənimiz Sovet Sosialist Respublikaları birliyinin tərkibində 15 ölkədən biri idi. 70 il ərzində sovetlər dönəmində yaşamışıq. O zaman “Qırmızı Əmək bayrağı” ordeni ilə  təltif olunmuş konservatoriyamız bu gün isə Bakı Musiqi Akademiyası adlanan təhsil ocağımız Üzeyir bəyin adını daşıyır. Musiqi məbədimiz 1971-ci ildə yarım əsrlik yubileyini qeyd edəndə, mən bəstəkarlıq fakültəsinin birinci kurs tələbəsi idim. Xatırlayıram ki, sözügedən bayram əhvallı günlərdə Qara Qarayevin bizə dərs keçdiyi 309 nömrəli sinif otağına çox sayda çəkiliş qrupları gələrdi.

 

Nəticədə isə, yubileylə bağlı kitab və bukletlərdə bəstəkarlıq üzrə təlim keçən tələbə və aspirantlar həm tam heyətdə, həm də azsaylı  tərkibdə ustadımızla birgə fotolarda əks olunmuşdu. Mən də bu çəkilişlərin iştirakçısı idim. Xoşbəxtlikdən belə anlarda müəllimim royal arxasına, öz yanına mütəmadi olaraq məni dəvət edərdi. Sonralar da müxtəlif hadisələrlə bağlı sinfimizdə çəkilişlər keçiriləndə Qara Qarayev mənə: “Gəl, öz növbətçi yerini tut” -  deyərək royal arxasında, öz yanında yer ayırar, oturdardı.

 

O xoşbəxt illərə dönərkən qeyd etməliyəm ki, ustadımız öz tələbələrinə, biz gənclərə sonsuz həssaslıqla diqqət ayırırdı. O zaman da indi olduğu kimi, konservatoriya rektorluğunun, professor və müəllim heyətinin çox önəm verdiyi məsələ tələbələrin ali təhsili və tərbiyəsi idi. Bizi, tələbə və aspirantları ümumittifaq konfranslara, baxışlara, müsabiqələrə cəlb edirdilər. Lazım gələndə digər konservatoriyalara da ezam olunurduq.Bəstəkar tələbələri SSRİ Bəstəkarlar İttifaqının qurultaylarına, hətta 1972-ci ildə Polşada  keçirilən “Varşava payızı”na da aparmışdılar. Çox böyük qayğı və diqqət ilə əhatə olunmuş xoşbəxtlər idik.

 

Konservatoriyanın ab-havası da qeyri-adi idi. Məsələn, günlərin birində məni o zamankı rektor Soltan Hacıbəyov musiqi məbədimizin dəhlizində görərkən ayaq saxladı və hal-əhval tutaraq əlavə etdi: “Sən həmişəki kimi təhsilinlə məşğul ol. Bizim səninlə bağlı çox geniş planlarımız var”. Bəli, qeyd etdiyim kimi, bu, son dərəcə xeyirxah və qeyri-adi həssas münasibət idi, çünki elə Soltan müəllimin oğlu İsmayıl da Qara Qarayevin sinfində həmin vaxt bəstəkarlıqdan təlim keçirdi. Rektorumuzun isə son dərəcə obyektiv olması mənə ünvanlanmış sözlərdə özünü tam büruzə verirdi. Çünki o, layiq saydığı tələbələri öz balasından ayırmırdı. Gənclərə ünvanlanmış səmimi qayğı və içdən gələn diqqət Üzeyir bəyin adını daşıyan konservatoriyanın ənənəsi idi. Beləliklə də, örnək və bizə nümunə olan insanların əhatəsində saflaşır, yetkinləşirdik. Dəhlizlərdə və sinif otaqlarında professorlardan Kövkəb Səfərəliyevanı, Şövkət Məmmədovanı, Cövdət Hacıyevi, Cahangir Cahangirovu, Səid Rüstəmovu, Süleyman Ələsgərovu, Əşrəf Abbasovu, Mayor Brenneri, Xəyyam Mirzəzadəni, Azər Rzayevi, Məmməd Saleh İsmayılovu, İzabella Abezqauzu, Süzanna Şeyni, Xanlar Məlikovu, Aida Tağızadəni, Elmira Nəzirovanı, İvetta Plyamı, Elmira Səfərovanı, Rauf Atakişiyevi, Aqşin Əlizadəni, Simuzər Quliyevanı, Rafiq Quliyevi və bir çox ləyaqətli, dəyərli müəllimlərimizi görməyə uşaqlıqdan adət etmişdik.

 

Təhsil aldığım müddətdə Tələbə Elmi Cəmiyyətinin, aspirantura dövründə isə gənc alim və aspirantlar qurumunun sədri vəzifələrini icra edirdim. Olurdu ki, sözügedən elmi işimlə əlaqədar təhsil naziri Qurban Əliyevin keçirdiyi müşavirələrə konservatoriyamızın prorektoru, sonralar isə rektor əvəzi vəzifəsində çalışan Bilqeyis Məmmədova ilə birgə gedərdik.

 

Bunu da əlavə etməliyəm ki, təhsil aldığım illərdə əlaçı olduğuma görə  Üzeyir Hacıbəyov adına təqaüdə də layiq görülmüşdüm. Bütün bunları artıq tarixə çevrilmiş, keçən əsrin 70-ci illəri, Qara Qarayev kimi nəhəng simanın musiqi məbədimizdə pedaqoji fəaliyyətini icra etdiyi, mənim isə konservatoriyada təhsil aldığım, bilavasitə şahidi olduğum dövr olduğuna görə qələmə alıram.

 

Musiqi ocağımızda son dərəcə ali müəllim-tələbə münasibəti, saf ülvi ab-hava var idi. Elə 60-cı illərdə də  bəstəkar Cövdət Hacıyevin rektorluğu zamanında konservatoriyamızın fəaliyyəti son dərəcə nümunəvi idi. Bütün qeyd etdiklərimi əyani görmüşdüm. Çünki xüsusi musiqi qabiliyyəti olan uşaqlar üçün yaradılmış Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alırdım. Bu orta ixtisas musiqi məktəbi də konservatoriyanın binasında yerləşirdi. Mən sözügedən məbəd-məkanında öncə məktəb şagirdi, sonradan isə konservatoriyada tələbə və aspirant həyatımı yaşamışdım.

 

Məktəb illərində piano üzrə müəllimim İvetta Adolfovna Qudelislə keçdiyim ixtisas dərslərim axşam saatlarına düşürdü. İbtidai siniflərdə təhsil alarkən dərsimin bitməsi ilə əlaqədar atama zəng edirdim ki, məni qarşılasın. Bu səbəbdən konservatoriyanın ikinci mərtəbəsində telefonla təchiz olunan professor-müəllim otağına çıxırdım. Günlərin birində Müslüm Maqomayevin sözügedən otaqda divar qəzetinə rəsm çəkdiyini gördüm. Zəng etmək üçün icazə aldım. Həmin vaxt onun qeyri-adi rəssamlıq  qabiliyyətini də kəşf etdim: o, yaddaşına arxalanaraq rəsmi adi karandaşla vatman kağızına ustalıqla həkk edirdi.

 

Məktəb illərində məni atam dərslərə aparıb-gətirərdi. Günlərin birində atamın gəlməsini gözləyirdim. Birdən Bülbülü  konservatoriyadan çıxan gördüm. O, pilləkənlərlə düşdü, mənim yanımdan keçəndə ayaq saxladı, əli ilə saçlarıma sığal çəkərək  dedi: “Qızım, sən bəstəkar olacaqsan”. Açığı, çox təəccübləndim. Hələ ikinci sinifdə oxuyurdum. Gələcəkdə bəstəkar olmağımdan isə tam xəbərsiz idim.

 

Oqtay Zülfüqarovla da məktəb illərində görüşmək mənə nəsib olub. Oqtay müəllim Bülbül adına məktəbə, kiçikyaşlı məktəblilərlə görüşə gəlmişdi. O illərdə Oqtay müəllimin “Yolka” mahnısı çox populyar idi. Müəllifin öz müşayiəti ilə bu mahnını ifa etdim. Oqtay Zülfüqarov mahnının notlarının üstünü yazdı, mənə bağışladı və  dedi: - “Sən bəstəkar olacaqsan”. Həyatımda ikinci dəfə idi ki, bu sözləri eşidirdim. Yenə də təəccübləndim, amma bu etirafları möhkəmcə yaddaşıma həkk etdim.

 

Zaman keçdi. Konservatoriyanın növbəti əlli illiyinə qədəm basdıq. Ötən zaman  boyunca demək olar ki, bütün musiqi-nəzəri və praktik fənlərdən, hətta bəstəkarlıq kafedrasında ixtisas fənnindən  dərs demişəm. Qeyd edim ki, tələbələrim arasında iki gözündən əlil olan İlqar Əhmədov kimi gənc bəstəkara da ixtisas üzrə təlim keçmişəm. O zaman kompozisiya fənnini tədris etməyimin  səbəbi, ustadım Qara Qarayevin mənə böyük inamı və etimadı idi. Çünki bəstəkar məzunum İlqar Əhmədov konservatoriyanı bitirəndə Qara Qarayevin dünyasını dəyişdiyi 1982-ci il idi. Deməli, Qara müəllimimlə çiyin-çiyinə, eyni kafedrada 1977-1982-ci illərdə ixtisas fənnini aparırdım. Xarici tələbələrə də bəstəkarlıqdan təlim keçirdim. Bunlardan iraqlı Kövkəb Həmzəni və suriyalı Əli Qəfrini xatırlayıram.Mütləq qeyd etməliyəm ki, bəstəkarlıq təlimi üzrə təcrübəni konservatoriyanın nəzdində “Xalq konservatoriyası” adlı bir qurumda qazanmışdım. Məni oraya müəllimlərim yönləndirmişdi. Bu, böyük sınaq və məsuliyyət idi. Paralel olaraq mükəmməl təcrübə əldə etdim. Xalq konservatoriyasında ildən-ilə müəllim kimi püxtələşərək, hətta bəstəkarlıq kafedrasının müdiri vəzifəsinə qədər yüksələ bilmişdim. Sözügedən konservatoriyada musiqi qabiliyyətli, amma digər peşə sahibləri olan gənclər təhsil alırdılar.

 

Şagird və tələbə həyatımdakı kimi, sonradan müəllimlik fəaliyyətim dövründə də diqqət və qayğı ilə əhatə olunmuşdum. Hətta o vaxtlar bəstəkarlıq kafedrasının müdiri olan Xəyyam Mirzəzadə bizi, bəstəkarlıq üzrə təlim keçmiş bir neçə məzunu o zaman fəaliyyətdə olan kamera xoru cəmiyyəti ilə tanış etdi, möhkəm yaradıcılıq əlaqələrimizin qurulmasının təməlini qoydu. Bunun nəticəsində xor əsərlərimiz bu cəmiyyət tərəfindən konsert ifalarını tapdı, nəşr olundu və səs yazısına alındı.

 

Bu yerdə, ustadım Qara Qarayevin tövsiyə və vəsiyyətlərinə üz tutmaq istərdim.Bunlar gənc nəslə olan ülvi bir münasibətdən doğulmuşdu. Beləliklə, o zamankı yaşlı həmkarlarımızın bizimlə qurduğu təmas məhz ustadımızın yuxarıda sözügedən vəsiyyətlərindən qaynaqlanmışdı.Yəni, Qara müəllimin gənc bəstəkarlara yönlənmiş səmimiyyətindən, atalıq qayğısından yaranmış, istiqamətlənmiş davranışından.

 

Ümumiyyətlə, XX əsrdə musiqi mədəniyyəti Azərbaycanda son dərəcə intensiv inkişaf  edirdi. Konservatoriyamızın nəhəng, ali pedaqoqu Qara Qarayev bu prosesi “optimal” adlandırırdı. Çünki onun təbirincə desək: “Bir nəslin ömür fəaliyyətində musiqinin bir neçə dövrü biri digərini əvəz etdi”. Bu xüsusda da baş verənləri Qara Qarayev konservatoriyanın yüksək tədrisi,  milli kadrların fəal şəkildə yetişməsi ilə sıx bağlayırdı. Qara müəllim bəstəkarların dörd nəsil nümayəndələrinin eyni vaxtda yazıb-yaratmasını da müsbət hal kimi önə çəkir, vurğulayardı. Bunlar - yaşlı, orta,  gənc və xoşbəxt insanlar saydığı, gənclik dövrünə qədəm basan yaradıcı insanlar idilər. Yəni bizlər, o zamanın yeniyetmələri, konservatoriyamızın  tələbələri.

 

Dahi bəstəkar əmin idi ki, gənclər coşqun ruh yüksəkliyi nümayiş edənlər, axtarış həvəsində olanlardır. Ona bu fikirləri söyləməyə, bu qənaətə gəlməyə haqq qazandıran əsaslı pedaqoji təcrübəsi idi: Qara Qarayev 35 ildən artıq bəstəkarlıq kafedrasının dinamik inkişafda fəaliyyət göstərən dahiyanə ixtisas müəllimi idi. Pedaqoji iş nə qədər çox vaxt aparırdısa da,  Q.Qarayev bu fəaliyyətindən usanmırdı. Ustadımız bunu haqlı olaraq  yaradıcılığının ayrılmaz və vacib sahəsi sayırdı. O, Azərbaycan mədəniyyətinə saf coşğu və səxavətlə xidmət edirdi!

 

Qara Qarayev yaradıcı insanların zamanla həmahəng addımlaya bilməsi üçün qətiyyətlə hesab edirdi ki, sənətkarlar müasir elmin nailiyyətlərindən xəbərdar olmalıdır. Qara müəllim təəssüfləndiyi bir məsələni də belə etiraf edərdi: Hər hansı peşə ilə məşğul olan ən ali mütəxəssislər belə, digər elm sahələrinin bütün  nailiyyətlərini, təbii ki, tam şəkildə, həmçinin peşəkar səviyyədə dərk edə bilmir. Lakin o, həm də sənətkarın  müasir dünyanı dialektik şəkildə anlamalı olmasını vurğulayırdı. Bu səbəbə də, təbiətşünaslığın, fəlsəfənin ən yeni sistematik bilgiləri haqda hər peşə sahibinin mütləq aydın təsəvvürləri olmasını arzulayırdı.Onun bu yöndə apardığı maarifləndirmə işləri də heç zaman yadımdan çıxmır. Belə ki, keçən əsrin 70-ci illərində Qara Qarayev konservatoriyamızın kiçik zalında müasir musiqi ilə bağlı silsilə mühazirələr də oxumuşdu. Bu mühazirələr əsl məktəb idi: ali, mükəmməl və son dərəcə dərin fəlsəfi saatlar. Bütün deyilənləri o, öz təcrübi yanaşması ilə də biz tələbələrinə əyani tərzdə, həssas deyimləri ilə göstərərdi. Müəllimimiz elmin və incəsənətin bütün sahələri ilə bağlı təbii şəkildə mülahizələr söyləyər, maraqlı etiraflar və açıqlamalar edərdi. Onun mühazirələrinə konservatoriyanın bütün kafedralarından professor-müəllim heyəti, aspirantlar, tələbələr və hətta digər təhsil müəssisələrindən və elm ocaqlarından ziyalılarımız toplaşardı.

 

Dahi sənətkar çox vaxt haqlı olaraq vurğulayardı: “Ətraflı bilgilər insanların dünyagörüşünə, mənəviyyatına təsir edir, sənətkarların isə yaradıcılığında əks olunur”. Bu baxımdan, Q.Qarayev “Sosiologiya” elmini xüsusilə vacib sayırdı.

 

Yuxarıda qeyd etdiklərim ustadımızın bizə keçdiyi dərslərdə də əyani olaraq izah olunardı. Biz Qara müəllimdən mütəmadi olaraq müxtəlif elmlərlə, incəsənət sahələri ilə bağlı son dərəcə maraqlı açıqlamalar eşidərdik.

 

Qara müəllimin SSRİ Ali Sevetinin deputatı kimi fəaliyyətinin müəyyən dövrü mənim gözümün qarşısında keçib. Müəllimimizin xüsusi kitabçası var idi. Onun səhifələrinə yanına gələn seçicilərdən eşitdiyi problemlər yazıya alınırdı. Çox vaxt dərslərimizə başlamazdan öncə konservatoriyanın dəhlizində onunla görüşə gələn seçiciləri görürdük. Elə dərsimiz zamanı da hər kəs qapını açıb Qara müəllimə ricasını çatdıra bilirdi. Sənətlə bağlı yazılarını, bəstələrini göstərmək üçün də Qara müəllimin yanına gələnləri görürdük, əsərlərini eşidirdik. Bir sözlə, Qara müəllimin sinif qapısı və kövrək qəlbi insanlar və həmkarları üçün hər zaman açıq idi. O, istirahətin nə demək olduğunu bilməzdi: yaradıcılıqla bağlı məsələlərlə yanaşı, istər gündüz, istərsə də gecə köməyə ehtiyacı olan insanların da problemlərini öncə qəlbi və beyni ilə çözər, ardınca isə həyatda real surətdə həll edərdi. Bəli, Q.Qarayev ona üz tutanlara son dərəcə həssas münasibət və qayğı göstərirdi.

 

Qara Qarayev pedaqoq olaraq sinfinə yenicə qədəm basan tələbəsinə ənənəvi olan belə bir sualla da müraciət edirdi: “Siz musiqiyə xidmət etməyin son dərəcə ağır fəaliyyət olduğunu dərk edirsinizmi? Belə məhrumiyyətlərə tam hazırsınızmı? Axı siz nə bayram, nə bazar günlərində, nə də ki məzuniyyətiniz zamanı dincəlməyəcəksiniz! Bütün qüvvənizi yazıb yaratmağa, üzərinizdə çalışmağa sərf etməli olacaqsınız! İndi, yolun astanasında durarkən bu suala öz qarşınızda səmimi, düşünülmüş tərzdə cavab verin. Tam qüvvənizlə işləməyə hazır deyilsinizsə, onda  bu peşədən əl çəkin və digər faydalı işlə məşğul olun. Musiqi sahəsinə özünüzü tam fəda etməsəniz, əlinizdən heç bir müsbət iş gəlməyəcək! Bunu da yadınızda saxlayın: heç kimin heç kəsin zövqünü korlamağa ixtiyarı yoxdur. Odur ki, siz hamıdan artıq bilikli, bacarıqlı və zövqlü olmalısınız!”.

 

Bəli, indiki Musiqi Akademiyamızın Qara Qarayev kimi Üzeyir sənətinin və müəllimlik fəaliyyətinin davamçısı var idi!

 

Elnara DADAŞOVA,

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar