Dərs vəsaitində müasir müəllim üçün zəruri psixoloji biliklər maraqlı və məzmunlu şəkildə şərh edilib


Güzəran psixologiyasının tarixi qədim olsa da, elmi psixologiya hələ cavan elmlər sırasındadır. XX əsrə qədər insanların həyat fəaliyyətlərinin tənzimlənməsində güzəran psixologiyasının,obrazlı desək, gücü çatmışdır. Keçən əsrin əvvəllərindən etibarən urbanizasiya və miqrasiya kimi demoqrafik proseslərin intensivliyi nəticəsində şəhər həyat tərzi dominantlıq əldə edəndə, insanların həyat - fəaliyyətlərində köklü kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verdi. Əgər elmi psixologiya yaranmasaydı, güzəran psixologiyası yeni həyat tərzində insanların fəaliyyətlərinin tənzimlənməsinin öhdəsindən, çətin ki, gələ bilərdi.  Şəhər həyat tərzi öz intensivliyini günü-gündən artırır. Gözümüzün önündə bir tərəfdən insan münasibətlərində gərginliklər artır, digər tərəfdən insanların peşə fəaliyyətində psixoloji biliklərsiz uğur əldə etmək çətinləşir. XX əsri bəlkə də, psixologiya əsri adlandırmaq olar, bu əsrdə psixologiyada o qədər fundamental tədqiqatlar aparılıb ki, onların nəticələri tətbiq edilməsəydi insanlar üçün yaşamaq, sadəcə olaraq, çətin olardı. Bu gün, XXI əsrin əvvəllərində isə psixologiya elmi olmadan, sadəcə olaraq, keçinmək mümkün deyil. Buna görədir ki, ildən-ilə universitetlərdə hazırlanan mütəxəssislərə daha böyük həcmdə və daha dərin məzmunda psixologiya fənni tədris edilir. Bu fənnin tədrisi iki istiqamətdə mühümdür. Birincisi, insanların öz sosial həyatlarında uğur qazanması, ikincisi öz peşə fəaliyyətlərini daha düzgün təşkil etməsi üçün.

 

Bütün peşə sahiblərinə psixologiyanı öyrənmək vacibdir. Bu, həm istənilən müəssisənin idarə edilməsi, həm müəssisədaxili münasibətlərin düzgün tənzimlənməsi, həm sosial həyatda insanlarla münasibətlərin düzgün qurulması, həm də peşə karyerası üçün zəruri əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, müasir dövrdə xüsusən inkişaf etmiş ölkələrdə hazırlanan kadrlara psixoloji biliklər öyrədilməklə yanaşı, həm də bütün müəssisələrdə psixoloq fəaliyyət göstərir. 

 

Müəllimlik peşəsi üçün isə psixologiya ana fəndir. Məsələyə belə yanaşma XX əsrin ikinci yarısında təhsil konsepsiyalarının psixoloji tədqiqatların nəticələri əsasında hazırlanmasından sonra daha da aktuallaşdı. Psixoloji biliklərə yiyələnmədən müasir dövrdə müəllimin peşə uğurları əldə etməsi mümkünsüz görünür. Bəlkə də bu reallıqdan çıxış edərək, son illərdə müəllim ixtisasları üzrə kadr hazırlığında psixologiyanın tədrisinə daha çox yer ayrılır. Müəllimlər üçün psixologiyanın tədrisi özünəməxsusluqlara malikdir. Bu reallığı görən Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının əməkdaşları müəllim hazırlığı ixtisaslarında tədrisin keyfiyyətini artırmaq üçün kollektiv müəllifliklə (dos. G.Q.Hüseynova, dos. R.V.Cabbarov, dos. İ.M.Məmmədli, dos. E.A.Piriyeva, fəlsəfə doktoru M.H.Mustafayev, fəlsəfə doktoru M.N.Eyyubova, fəlsəfə doktoru Ş.R.Aslanova, müəllim N.Ş.Qurbanova, müəllim D.Y.İbrahimova, müəllim C.E.Səfərova, müəllim A.G.Dadaşova) psixologiya fənni üzrə müəllim hazırlığı ixtisasları üçün bakalavr pilləsi üzrə dərs vəsaiti hazırlamışlar. Dərs vəsaitinin elmi redaktoru psixologiya elmləri doktoru, professor K.R.Əliyevadır.

 

Fikrimizcə, dərs vəsaitinin özünəməxsusluqlarından birincisi odur ki, o kollektiv əməyin məhsuludur. Yəni, hər bir müəllif vəsaitdə özünün tədqiqat apardığı problemə aid məsələləri işıqlandırmışdır. Bunun nəticəsidir ki, dərs vəsaiti dərin məzmuna, səlis və aydın dilə malikdir, asan oxunur. Dərslik kollektiv əməyin məhsulu olduqda, təqdim etdiyimiz Psixologiya dərs vəsaitində olduğu kimi, özünün orijinal məzmunu və yüksək dəyəri ilə fərqlənir.

 

Hər bir elmi öyrənərkən, ilk növbədə, onun bir elm kimi təşəkkül tapması, obyekti, predmeti, anlayışları, tədqiqat metodları və s. izah edilir. Müəlliflər bu ənənəyə sadiq qalaraq, əvvəlcə psixologiyanın predmetini, vəzifələrini, psixologiyanın elmlər sistemində yerini, psixologiya elminin əsas sahələrini açıqlayır, sonra psixologiyanın inkişaf tarixinin əsas mərhələlərinə diqqəti cəlb edirlər. Psixologiyanın bir elm kimi inkişafı V.Vundtun eksperimental psixologiya laboratoriyası yaratması ilə başlanır. V.Vundtun nailiyyətlərini açıqlayan müəlliflər, bununla bərabər XX əsrdə yeni psixologiya məktəblərinin - humanist psixologiya, genetik psixologiya, koqnitiv psixologiya məktəblərinin yaranmasını vurğulayırlar. Maraqlıdır və təqdiredicidir ki, müəlliflər Azərbaycan psixologiyasının inkişafına bu fəsildə xüsusi yer ayırmışlar. Azərbaycan psixologiyasının işıqlı səhifələri çoxdur. Müəlliflər bu səhifələri yazanların hər biri haqqında dərin hörmətlə məlumat verir və psixologiyanın bugünkü inkişafında rol oynayan alimlərin fəaliyyətinə diqqəti cəlb edirlər. Bu fəsildə müəlliflər psixologiyanın metod və metodologiyası, psixikanın təkamülü, şüur və şüursuzluq məsələlərinin izahına da geniş yer vermişlər.

 

Uzun illər təlim konsepsiyaları hafizə yönümlü olub, müəllimlər pedaqoji yollarla bu vəzifəni həll ediblər. Biliyi yeni nəslə ötürmək üçün mücərrəddən konkretə yüksəlmə yolundan istifadə olunub. Müasir dövrdə biliyin mənimsənilməsində konkretdən mücərrədə yoluna üstünlük verilir. Birinci yol duyğular vasitəsi ilə qavranılan biliyin hafizədə qalmasına, ikinci yol qavranılan biliyin təfəkkür və təxəyyülün süzgəcindən keçdikdən sonra hafizədə qalmasına hesablanıb. Birinci yoldan istifadə olunduqda şagird yalnız bilik əldə edir, ikinci yoldan istifadə edildikdə şagird bilikdən istifadə etməyi - qarşısına çıxan problemi analiz-sintez edərək, vəziyyətdən çıxış yolunu, başqa sözlə desək, məsələni həll etmək iqtidarına malik olur. Bu, onunla bağlıdır ki, təlim prosesində ikinci yoldan istifadə edildikdə şagirdlərdə fikri əməliyyatlar inkişaf edir. Göründüyü kimi, müasir təlim konsepsiyaları psixologiyanın nailiyyətlərinə arxalanır. Məsələnin belə qoyuluşu hər bir müəllimin psixi proseslərin formalaşması və inkişafı mexanizmlərini bilməsini tələb edir. Dərslikdə bu istiqamətdə psixi proseslər - Duyğular (duyğuların təsnifatı, əsas növlərinin təsnifatı, əsas xassələri, duyğuların inkişafı), qavrayışın (qavrayış haqqında ümumi anlayış, əsas xassələri, təsnifatı), diqqət  (diqqətin psixoloji mahiyyəti, fizioloji əsası, növləri, əsas xüsusiyyətləri), hafizə (hafizənin növləri, hafizə prosesləri), təfəkkür (təfəkkür haqqında ümumi anlayış, onun keyfiyyət xarakteristikası, əsas növləri, formaları, fikri əməliyyatlar), təxəyyül (təxəyyül haqqında anlayış, fizioloji əsasları, növləri, təxəyyülün inkişafı), emosiya və motivasiya (emosiya anlayışı, emosiyaların strukturu, funksiyaları, təsnifatı, xarakteristikası, hisslərin təsnifatı və xarakteristikası, motiv anlayışının tərifi, strukturu və funksiyaları, təsnifatı) psixologiyası haqqında geniş məlumat verilir. Düşünürük ki, bu məlumatlar gələcək müəllimlərin öz dərslərində psixi prosesləri inkişaf etdirmək üçün yetərlidir və onlar bu biliklərə əsaslanaraq öz dərslərini müasir dövrün tələbləri səviyyəsində qura bilərlər.

 

İnsan həm bioloji varlıqdır, həm sosial varlıq. Bioloji varlıq kimi onun keyfiyyətləri fərd, sosial varlıq kimi şəxsiyyət termini ilə ifadə edilir. İnsanın fərddən şəxsiyyətə çevrilməsi mürəkkəb və ziddiyyətli prosesdir. İnsanlar bu prosesi məktəbdə yaşayırlar, onlar şəxsiyyət kimi məktəbdə “doğulurlar”. Psixoloji problemləri bilməyən və ya ona biganə qalan və ya onu tətbiq etməyi lazım bilməyən müəllimlər məhz bu dövrdə insanın yaşadığı hiss və həyacanları başa düşmürlər. Təbii ki, belə münasibətin əziyyətini şagird çəkir. Bu istiqamətdə şəxsiyyət məsələlərinin gələcək müəllimlərə öyrədilməsi mühüm əhəmiyyət kəsb edir.

 

Müəlliflər qeyd edirlər ki, şəxsiyyət problemə dair nəzəriyyələrdə vahid yanaşma yoxdur. Onlar şəxsiyyət haqqında məşhur alimlərin (E.Erikson, D.O.Mid, A.Bandura, Q.V.Olport, A.V.Petrovski, M.Q.Yaroşevski) fikirlərini açıqlayır, problemi müxtəlif aspektlərdən təhlil edərək, ümumiləşdirmə aparır və məntiqi nəticə çıxararaq, öz fikirlərini ortaya qoyurlar. Dərsliyin yazılmasında bu meyl xüsusilə vacibdir. Oxucu müxtəlif yanaşmaların əhatəsində qalmamalıdır, onlara düz yolun istiqaməti göstərilməlidir ki, müəlliflər bu çətin məsələnin öhdəsindən uğurla gəlmişlər.

 

Şəxsiyyət problemi çoxşaxəlidir. Onun hər bir məsələsi haqqında müxtəlif fikirlər səslənir. Müəlliflər dərslikdə bunu nəzərə ala bilmişlər. Məsələn, şəxsiyyətin inkişafına təsir edən amilləri açıqlayan müəlliflər diqqəti müxtəlif yanaşmalara cəlb edirlər. Sonda isə haqlı olaraq, bioloji və sosial amilləri, eləcə də insanın şəxsi fəallığını əsas götürən nəzəriyyəni təqdir edirlər. Bu bölmədə müəlliflər oxucunu şəxsiyyətin strukturu, qrup və şəxsiyyətlərarası münasibətlər ilə tanış edirlər. XX əsrdə müxtəlif şəxsiyyət nəzəriyyələri - şəxsiyyətə psixoanalitik yanaşma (Z.Freyd), şəxsiyyətə koqnitiv yanaşma (D.Miller, U.Naysser), şəxsiyyətə intersioksionist yanaşma (C.Mid, Ç.Kuli və b.), şəxsiyyətə humanist yanaşma (E.Erikson, A.Maslou, K.Rocers, Q.Merfi, Q.Olport) yaranmışdır. Müəlliflər bu nəzəriyyələr haqqında lazımi məlumatları vermişlər. Maraqlıdır ki, bu bölmədə müəlliflər şəxsiyyətin inkişafının yaş xüsusiyyətlərini açmış, bununla da müəllim üçün son dərəcə vacib olan şəxsiyyət problemi haqqında tam məlumat verə bilmişlər.

 

Şəxsiyyətin formalaşmasında fəaliyyət və ünsiyyət xüsusi önəm kəsb edir. Bu istiqamətdə müəlliflərin “Fəaliyyət və ünsiyyət” probleminə xüsusi fəsil ayırmalarını təqdir etmək lazımdır. Adından da bəlli olduğu kimi, bu fəsil iki hissədən ibarətdir. Birinci hissə fəaliyyət probleminə həsr olunmuşdur. Burada onlar fəaliyyət və onun ümumi strukturu, növləri, iradi tənzimi, iradi keyfiyyətləri açıqlayırlar. İkinci hissədə ünsiyyət psixologiyası (ünsiyyət psixologiyasının mövzusu, strukturu, funksiyaları, ünsiyyət pozuntuları, çətinlikləri, maneələri) məsələləri açıqlanır. 

 

Şəxsiyyətin fərdi psixoloji xüsusiyyətləri adlı beşinci fəsil üç hissədən ibarətdir. Müəlliflər əvvəlcə temperament və onun tiplərinə diqqəti cəlb edirlər. Hələ qədim dövrdən insanların bir-birindən fərqləndiyi müşahidə edilmişdi. İnsanlarda mövcud olan bu fərdi xüsusiyyətlər temperament termini ilə ifadə edilmişdi. Müəlliflər bu hissədə temperament haqqında müxtəlif təlimlərin fonunda temperament tiplərini açıqlamışlar. İkinci hissə xarakter və onun aksentuasiyası probleminə həsr olunmuşdu. Bu hissədə xarakterin tərifi, onun formalaşmasına təsir edən amillər, xarakter əlamətlərinin təsnifatı, xarakterin norma, aksentuasiyası və patologiyası açıqlanmışdır. Üçüncü hissə qabiliyyətlərin psixologiyasına həsr olunmuşdu. Məktəbdə şagirdlərin qabiliyyətlərinin öyrənilməsi və inkişafı önəmli pedaqoji vəzifələrdən biridir. Son illərdə tətbiq edilən inkişafetdirici təlim konsepsiyaları qabiliyyətlərin öyrənilməsi məsələsini daha da aktuallaşdırmışdı. Qabiliyyətlərin öyrənilməsinə, ilk dəfə, A.Binenin hazırladığı testlər vasitəsi ilə başlansa da, bu məsələ sonralar F.Halton tərəfindən inkişaf etdirilmişdi. Müəlliflər qabiliyyətlər probleminin aktuallığını nəzərə alaraq, bu fəsildə qabiliyyətlərin kəmiyyət və keyfiyyət xarakteristikasını, qabiliyyətlərin quruluşunu açıqlamış, təbii imkanlar və qabiliyyət, qabiliyyət və istedad, şagirdlərdə qabiliyyətlərin və yaradıcı imkanların formalaşması məsələlərinə xüsusi diqqət yetirmişlər.

 

Müəllimlər üçün olan bu dərs vəsaitində pedaqoji psixologiya bölməsinin verilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, psixoloji tədqiqatların nəticələrinin məktəbə tətbiqi pedaqoji psixologiya vasitəsi ilə həyata keçirilir. Müəlliflər dərs vəsaitində müəllim hazırlığı üçün son dərəcə vacib olan pedaqoji psixologiya bölməsinə xüsusi fəsil ayırmışlar. Onların bu təşəbbüsünü alqışlayırıq.

 

Mahiyyəti etibarı ilə bu hissə iki istiqamət ilə əlamətdardır. Birinci istiqamət təlimin və tərbiyənin psixoloji əsaslarını özündə ehtiva edir. Hər bir müəllim həm də tərbiyəçidir. Onlar təlimin və tərbiyənin psixoloji əsaslarını bilməlidirlər.

 

Təlimin psixoloji əsasları bölməsində təlim sosial-psixoloji, ünsiyyət və yaradıcılıq prosesi kimi mənalandırılır. Bu məzmundan çıxış edərək, müəlliflər təlim nəzəriyyələrini, təlimin prinsiplərini, təlimin psixoloji qanunauyğunluqlarını açıqlayır, şagirdin təşəkkülündə və yaradıcılığının inkişafında fəal təlim metodlarının, təlimdə fərdi və diferensial yanaşmanın rolunu göstərirlər. Fəal təlim metodları Pedaqogika və Fənlərin tədrisi metodikası fənninin tədrisində tələbələrə öyrədilir. Görəsən, Psixologiya dərsliyində bu məsələyə yer ayrılmasının səbəbi nədir? Məsələ burasındadır ki, bu metodların tətbiqinin psixoloji əsasları var, onları bilmədən müəllim bu metodların tətbiqində uğurlu nəticə əldə edə bilməz. Zənnimizcə, müəlliflər öz məqsədlərinə nail olmuşlar. Bu biliklər təlim prosesinin daha səmərəli təşkilində, şagirdin təfəkkürünün, təxəyyülünün inkişafında, qabiliyyətini üzə çıxarıb,onun düzgün istiqamətlənməsində mühüm rol oynayır.

 

Tərbiyə prosesi müasir dövrdə monoloji mədəniyyətin dialoji mədəniyyətlə əvəz edilməsi ilə yeni məzmun kəsb etmişdi. Bu müəllim-şagird münasibətlərinin yeni müstəviyə keçməsi deməkdir. Müəlliflər problemə bu istiqamətdən yanaşaraq, tərbiyənin əsas funksiyalarını, ümumi və xüsusi məqsədlərini, vəzifələrini açıqlamışlar. Maraqlı məqam ondan ibarətdir ki, onlar bu bölmədə tərbiyəvi təsir, tərbiyəvi nüfuz və qarşılıqlı təsir, onun tipləri, metodları məsələlərinin mahiyyətini izah etmişlər.

 

Fəslin ikinci istiqaməti pedaqoji fəaliyyətin və müəllim şəxsiyyətinin psixologiyasının açıqlanmasına həsr olunmuşdur. Keçən əsrin 60-70-ci illərinə qədər müəllim pedaqoji prosesin subyekti, şagird isə obyekti kimi qiymətləndirilirdi. Tərbiyə məsələlərində yaranan dəyişikliklər nəticəsində müasir dövrdə şagird də müəllim kimi pedaqoji prosesin subyekti kimi qiymətləndirilir. Məsələyə bu kontekstdən yanaşan müəlliflər pedaqoji fəaliyyətin psixoloji səciyyəsini, funksiyalarını, strukturunu, motivlərini, üslublarını, pedaqoqun peşəkarlıq anlayışını və onun peşəkar komponemtliyini psixoloji tədqiqatlara əsaslanaraq açıqlamışlar. Müəlliflər pedaqoji proses, pedaqoji fəaliyyət və pedaqoqun peşəkarlığı məsələlərini yeni məzmunda təqdim edə bilmişlər. 

 

Artıq bir müddətdir ölkəmizdə inklüziv təhsil həyata keçirilir. Təbii ki, bu istiqamətdə bizim təcrübəmiz yox idi, buna görə ilk vaxtlarda xarici ölkə təcrübələrindən istifadə edildi. İndi, az da olsa, inklüziv təhsil sahəsində təcrübə toplanıb, müəyyən uğurlar əldə edilib. Tədricən müəyyən tədqiqatlar da həyata keçirilir. Ali məktəblərdə də müəllim hazırlığı ixtisasları üzrə kadr hazırlayan fakültələrdə inklüziv təhsil ilə bağlı xüsusi kurslar tədris edilir. Bu kurslar gələcək müəllimlər üçün olduqca böyük pedaqoji əhəmiyyət kəsb edir. Təqdirəlayiqdir ki, Psixologiya dərs vəsaitində bu məsələ diqqətdən kənar qalmamışdı.“İnklüziv təhsilin nəzəri-psixoloji məsələləri” adlı fəslin ayırd edilməsi müəlliflərin uğuru kimi qiymətləndirilməlidir. Düşünürük ki, dərs vəsaitində bu problemə yer ayrılması hazırlanan müəllim kadrlarının gələcək uğurlarını daha da artıracaq, ölkəmizdə inklüziv təhsil istiqamətində daha keyfiyyətli təcrübənin əldə olunmasına şərait yaradacaqdır. “İnklüziv təhsilin nəzəri-psixoloji məsələləri” fəslində müəlliflər inklüziv təhsilin məqsəd və vəzifələrini, inklüziv təhsilin komponentləri və prinsiplərini açıqlayırlar. Maraqlıdır ki, bu fəsildə xüsusi qayğıya ehtiyacı olan uşaqların psixoloji xüsusiyyətləri, onların aktual və yaxın inkişaf zonaları, müxtəlif xüsusiyyətləri, bu uşaqların təlim və tərbiyəsinin təşkili məsələləri müasir məktəbin aktual problemi kimi dəyərləndirilir.

 

 Müasir dövrdə müəllimin portret cizgiləri dəyişib, bu gün müəllim, ilk növbədə, psixoloq olmalıdır. Bu gün istedad əsridir, onu sinifdə müəllim yetişdirməlidir. İstedadsız şagird yoxdur, istedadı üzə çıxmayan şagird var. Müəllim  fənni pedaqoji yollarla tədris edəndə istedadı üzə çıxara bilmir, fənni psixologiyanın nailiyyətlərinə əsasən quranda istedadı üzə çıxara bilir.

 

Psixoloqlar istedadın öz stixiyasını şəxsiyyət məkanında göstərdiyini müəyyən etmişlər. Məsələnin belə qoyuluşu şagirdlərdə şəxsiyyət keyfiyyətlərinin formalaşmasını tələb edir. Müəllim pedaqoji biliklərlə şagirdi yalnız tərbiyə edə bilir, şəxsiyyət keyfiyyətlərinin formalaşması və inkişaf etdirilməsi müəllimdən psixoloji biliklər tələb edir.

 

Düşünürük ki, təqdim etdiyimiz dərs vəsaiti müasir müəllimin yetişdirilməsinə hesablanıb. Dərs vəsaitində müasir müəllim üçün zəruri olan psixoloji biliklər son dərəcə maraqlı və məzmunlu şəkildə şərh edilib. Müəlliflər müəllim olmaq istəyən hər bir kəs üçün son dərəcə dəyərli olan dərs vəsaiti hazırlamağa nail olmuşlar. Buna görə onları yalnız təbrik etmək lazımdır.

 

Hikmət ƏLİZADƏ,

BDU-nun professoru 

 



Bölmənin digər xəbərləri