BANM-nin tələbələri Azərbaycan dilində plagiat aşkarlama platforması yaratdılar


Qalib komandalardan biri Bakı Ali Neft Məktəbini təmsil edir. Müsabiqə birincisi olan 6 nəfərdən ibarət “AzPlagio” komandası Azərbaycan dilində plagiat aşkarlama platforması yaradıb. İlqar Məmmədov deyir ki, qrup yoldaşları - Nəzrin Qurbanova, Ağamirzə Fətəliyev, Ruhan Budaqlı, Bəhruz Hüseynov, Adil Məhərrəmli ilə bir araya gələrək əvvəlcə komanda formalaşdırıblar, sonra layihə: “Müsabiqə üçün elan olunan mövzular arasından ölkəmizdə mövcud olmayan, ən effektiv, ən çox ehtiyac duyulan mövzunu seçdik.  Özündə bir çox özəllikləri birləşdirən bir anti-plagiat sistemi təklif etdik. Bu platforma Azərbaycan dilində olan hər hansı məqaləni digər mənbələrlə müqayisə edə biləcək. Xüsusi funksiyalarımızdan biri imtahan platformasının təşkili və digər platformalardan fərqli olaraq imtahanın sonunda nəticələrin plagiat faizi ilə birlikdə təqdim edilməsi, digəri isə Azərbaycan dilində effektiv Turnitin sisteminin qurulmasıdır”.

 

“Azərbaycan dilində plagiat aşkarlama platformasının yaradılması” mövzusunda ərsəyə gətirilən layihə komandaya uğur gətirib. İlqar deyir ki, komanda yoldaşlarıyla ayrı-ayrılıqda çox uğurları olub. Ancaq komanda şəklində qazandıqları bu ilk uğurdan da öyrəndikləri çox şey var: “Bir yerdə işlədik, kollektiv iş ortaya qoyduq və bir uğur qazandıq. Bu uğurun əsasında da məhz bu dayandı. Ayrılıqda hər hansı ideya yaxşı ola bilər, amma tutaq ki, təqdimat zəif olarsa, yaxşı ideya gözə görünməz. Biz ideyamızı ən yaxşı şəkildə layihəyə çevirdik və doğru təqdim etdik. Münsiflər heyəti qarşısında uğurlu təqdimatla çıxış etməyimizdə isə mentorumuzun doğru yönləndirməsi çox böyük rol oynadı. Nəticədə qalib olduq”.

 

Azərbaycan təhsilində parlaq zəka axtarışına UFAZ tələbələri də qoşuldu

 

Müsabiqənin ikinci qalibi Fransa-Azərbaycan Universitetini (UFAZ) təmsil edən “Planophore” komandasıdır. 3 nəfərlik komanda “Şagird və tələbələrin biliklərini sınaya biləcəyi onlayn platformanın yaradılması” layihəsi isə fərqləniblər. UFAZ-da kimya mühəndisliyi üzrə oxuyan Ləman Cəlilova tələbə yoldaşları, kompüter elmləri üzrə təhsil alan Asif və Eyvazla bir araya gələrək komanda yaradıblar: “Ancaq iştirakda tərəddüd edirdik. İmtahanlarımız çox idi, buna görə müsabiqəyə qatılmaq istəmirdik. Sonradan düşündük ki, bütün həyat imtahanlardan ibarət deyil və uğur əldə edə biləcəyimiz başqa işlərdən kənarda qalmağımız üçün əsas sayıla bilməz. Həm imtahanlarımızı verib, həm də müsabiqədə iştirak edə bilərik”.

 

İştiraka qərar verməklə işin böyük qismini görüblər. Sıra müsabiqədə hansı layihə ilə  təmsil olunmağa gəlib. Nə edə biləcəklərini çox düşünməyə gərək qalmayıb. Məktəbli olaraq hər üçünün qarşılaşdığı problemə tələbə olaraq çarə tapıblar: “Təklif etdiyimiz platforma şagirdlərin olimpiadaya hazırlığına, hətta sadəcə sevdiyi fənn üzrə mütəmadi olaraq öz üzərində işləməyinə kömək edəcək. Bu platforma parlaq zəkaların aşkarlanmasına töhfə verəcək”.

 

Platformanın imkanları bir çox baxımdan genişdir. İlkin mərhələdə olimpiada fənlərindən ibarət platformada qoyulan suallara cavab verəcək, məsələ həll edərək xal və özünü sübut etmək üçün meydan qazanacaq. Ləman Cəlilovanın sözlərinə görə, sonradan bu layihəni genişləndirərək başqa fənləri də daxil etmək olar: “Olimpiadaya məktəblilər arasında çox böyük maraq var.  Bizim yaratdığımız platforma şagirdlərə imkan verəcək ki, sevdiyi fənlər üzrə ən azı, olimpiada səviyyəsində suallara cavab verərək uğur qazansın və müəlliminə, məktəbinə, kəndinə, rayonuna, hətta bütün ölkəyə və dünyaya öz bacarığını sübut etsin”.

 

Beləliklə, onlar ideyasını layihəyə çevirib və müsabiqəyə qatılmaq üçün qeydiyyatdan keçiblər: “Qısa müddət ərzində layihəmizi anladan 3 dəqiqəlik video hazırlayıb müsabiqə komitəsinə göndərdik və həyəcanlı dəqiqələrimiz başladı. Çünki rəqabət həddən artıq böyük idi. Qeydiyyatdan keçəndən sonra öyrəndik ki, müsabiqəyə 244 komanda qatılıb. Universitetlərin çoxu bir neçə komanda ilə təmsil olunurlar. Elə bizim universitetdən də bir neçə komanda vardı. Rəqabət böyük idi və bu səbəbdən nəticələri çox həyəcanla gözləyirdik. İlk onluqda yer aldığımızı öyrəndikdən sonra həyəcanımız daha da artdı, üstəlik, dekabrın 8-də çox çətin imtahanımız vardı. Sadəcə imtahan bitdikdən sonra finala hazırlaşa bildik. Cəmi 2 günümüz vardı və biz bu günlərdən maksimum istifadə etdik. Finalda bizdən qat-qat üstün, daha innovativ layihələr olacağını gözləyirdik. Amma ilk 3 təqdimatdan anladıq ki, rəqiblərimizdən zəif deyilik. Təqdimatdan sonra isə artıq özümüzlə qürur duyurduq. Bizə yaxınlaşıb ən yaxşı olduğumuzu deyənləri, layihəmizlə maraqlanan təsisçiləri gördükcə qalib olacağımıza inamımız gücləndi. Fasilə zamanı aldığımız müsbət rəylərdən sonra ilk üçlüyə düşəcəyimizi gözləyirdik. Nəticələr elan olundu və ikinci olduğumuzu biləndə yerə-göyə sığmırdıq”.

 

Ləman deyir ki, bu uğur onlar üçün olduğu qədər, universitet üçün də böyükdür: “Qatıldığımız müsabiqələrdən əliboş qayıtmırıq. Bu, bizim universitetdə artıq ənənəyə çevrilib. 244 layihə arasında ikinci olmaq bizim uğurumuzdur. Bu uğurun nəticəsi olaraq qazandığımız vəsaiti layihəmizin reallaşdırılmasına xərcləyəcəyik”.

 

ADA Universiteti tələbələrinin təklif etdiyi platformada müəllim  tapmaq çətin olmayacaq

 

Müsabiqənin nəticələrinə görə, 3-cü yerin sahibi  ADA Universitetini təmsil edən “Find Your İnstructor” komandası olub.

 

“Universitet tələbələri arasında Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən yarışma barədə eşidəndən sonra müsabiqəyə qatılmağı qərara aldıq. Dərhal 3 dəqiqəlik video çəkib, layihəmizi izah etdik və xoşbəxtlikdən 244 komanda tərəfindən finala çıxan 10 komandanın sırasında yer aldıq”, - deyən Nihat Ələkbərli ideyanın yaranmasından da danışıb. Onun sözlərinə görə, müsabiqədə qalib gələn layihə üzərində daha əvvəl işə başlayıblar: “İdeya barədə yayda düşünməyə başladım. Anam riyaziyyat müəllimidir. Qəbul imtahanlarına hazırlaşmaq istəyənlər yayda ona müraciət edir, müxtəlif fənlərdən müəllim tapmalarında kömək istəyirdilər. İstəklər müxtəlif idi. Büdcələrinə uyğun, evlərinə yaxın, vaxtı digər planlarıyla toqquşmayacaq, fərdi və ya qrup şəklində məşğul ola biləcək ayrı-ayrı fənn müəllimləri axtarırdılar. Onda düşündüm ki, niyə bizdə belə - bütün müəllimlərin olduğu platforma olmasın? Qərara gəldim ki, şagirdlərə ən çox lazım olan bu problemi həll edəcək bir platforma yaradım. Fikrimi dostum Fəqan Rəsulovla da bölüşdüm. O da ADA Universitetində təhsil alır. Biz layihə üzərində işə başladıq. Noyabr ayında bu müsabiqə barədə eşidəndə elə həmin layihəylə qatılmağa qərar verdik. Həmin vaxt  komanda yoldaşımız Jalə Mustafayeva da bizə qatıldı və hazırlıqlara başladıq. 3 dəqiqəlik video hazırlayıb göndərdik və finala çıxan 10 komandadan biri olduq. Artıq  3 qalibdən biriyik və layihəmizi inkişaf etdirmək üçün 4 min manata sahibik”.

 

Ruhiyyə DAŞSALAHLI