İmtahanda iştirak etmək üçün 290 nəfər qeydiyyatdan keçib


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2021-ci il 26 dekabr tarixində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək.

 

DİM-dən bildirilib ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 3 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 290 nəfər qeydiyyatdan keçib.

 

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

 

Bakalavr imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilmişdir) və özü ilə aşağıdakı sənədləri gətirməlidir.

 

- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

 

- imtahana buraxılış vərəqəsi;                               

 

- sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqəsi ilə birlikdə çap edirsiniz, imzalayırsınız və imtahan zalına daxil olduqda nəzarətçiyə təhvil verirsiniz).

 

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda bakalavr imtahana buraxılmayacaq.

 

İmtahanların idarə olunması üçün 3 imtahan rəhbəri, 34 zal nəzarətçisi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.