“Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalın 2021-ci il üçün 4-cü nömrəsi çapdan çıxıb. Jurnalın bu sayında pedaqogika bölməsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovun “Azərbaycanda ilk ana dili. Orta məktəbin təşkili” adlı məqaləsi dərc olunub. Məqalədə A. Şaiqin yaratdığı “Nümunə məktəbi”nin təşəkkülü, inkişafı və təhsil tariximizdə oynadığı rolu araşdırılıb.

 

Bu bölmədə həmçinin Azərbaycan Respublikası Təhsil İnstitutunun böyük elmi məsləhətçisi, pedaqogika üzrə elmlər doktoru, professor Vidadi Xəlilovun “Davranış və məişət estetikası”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, qabaqcıl təhsil işçisi Şahrza Ağayevin və Bakı Dövlət Universitetinin Qazax filialının pedaqoji elmlər kafedrasının baş müəllimi Cəmilə Qarayevanın “Peşəyönümü texnologiyasında Nizami irsinin nümunələri”, Gəncə Dövlət Universitetinin Təhsil pedaqogikası və metodikası kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Aynur Kərimovanın “Ali pedaqoji təhsilin inkişafında Boloniya prosesi və pedaqoji kadr hazırlığı”, Gəncə Dövlət Universitetinin Təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Saidə Nəsibovanın “Ümumtəhsil məktəblərində iqtisadi tərbiyənin məzmunu”, Bakı Dövlət Universitetinin Qazax filialının magistri Tunay Məmmədzadənin “İnklüziv təhsil prosesində məktəbəqədər yaşlı uşaqların formalaşması” mövzularında yazıları öz əksini tapıb.

 

Jurnalın bu sayında oxucular adları qeyd olunanlarla yanaşı, həmçinin iqtisadiyyat,  beynəlxalq əlaqələr (layihələr, təcrübələr), metodika və innovasiyalar bölmələri üzrə də  bir-birindən maraqlı məqalələrlə, elmi, metodiki yazılarla tanış ola bilərlər.


Qeyd edək ki, təsisçisi Azərbaycan Respublikası Təhsil Nazirliyi olan “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnal  ildə 4 dəfə nəşr olunur. Jurnalda pedaqogika, texnika, iqtisadiyyat, informatika, ekologiya və digər fundamental elm bölmələri üzrə məqalələr, metodiki yazılar verilir.

 

Lamiyə ƏLİMƏRDANOVA