Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin qış imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.

 

“Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb.

 

Qış imtahan sessiyasının ilk həftəsinin uğurla başa çatdığını vurğulayan Ş.Bayramov imtahan prosesinin təşkilində heç bir çətinliyin yaranmadığını və nəzərdə tutulmuş bütün imtahanların baş tutduğunu qeyd edib.

 

İmtahanlarda iştirakçılıq və müvəffəqiyyət göstəricilərinin qənaətbəxş səviyyədə olduğunu diqqətə çatdıran rektor sessiyanın obyektiv, şəffaf, ədalətli və mütəşəkkil keçirilməsində əməyi olan MDU-nun professor-müəllim, inzibati və texniki heyət üzvlərinə təşəkkürünü bildirib.

 

Valideynlərin imtahan prosesini yaxından izləmək təşəbbüslərini yüksək qiymətləndirən rektor bu cür fəaliyyətlərin davamlılığı üçün bütün lazımi şəraitin təmin edildiyini deyib.

 

Səmimi ortamda keçən görüşdə tələbə və magistrantların sual və təkliflərinə münasibət bildirilib.