Təhsil Nazirliyinin Çağrı Mərkəzində yeniliklər


Təhsil Nazirliyi vətəndaş müraciətlərini operativ cavablandırmaq, məmur-vətəndaş münasibətlərində əlçatanlığı təmin etmək üçün davamlı olaraq yeniliklərə imza atır. Bu istiqamətdə son günlər Təhsil Nazirliyinin Çağrı Mərkəzində yeniliklər tətbiq olunub. Belə ki, əvvəllər vətəndaşlar Çağrı Mərkəzində yalnız 146-1 nömrəsi ilə əlaqə saxlayırdılarsa, artıq Mərkəzdə 6 istiqamət üzrə müraciətlərə baxılır. Burada məqsəd vətəndaşların sorğu xarakterli müraciətlərini daha səmərəli və operativ cavablandırmaqdan ibarətdir.  Qeyd edək ki, Çağrı Mərkəzində əməkdaşlar daxil olan müraciətləri xüsusi proqram təminatı tərəfindən qəbul edir və onları cavablandırır. Ötən illər ərzində çoxsaylı vətəndaş müraciətlərinin cavablandırılması təcrübəsi də göstərdi ki, vətəndaşlara daha keyfiyyətli xidmətin göstərilməsi üçün mövcud sistemdə yeniliklərin edilməsi vacib şərtdir. Hazırda xidmətlərin çeşidlənməsi aparıldığından vətəndaşlar artıq müəyyən olunmuş istiqamətlər üzrə həmin sahənin birbaşa ixtisaslaşmış kadrlarından məlumat əldə etmiş olacaqlar.

 

Oxucularımıza yeni sistemlə bağlı istiqamətləri təqdim edirik.

 

146 - 1:

 

Bu xəttə vətəndaşlar  Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində 1-ci sinifə qəbul, məktəbəqədər hazırlıq qruplarına qəbul,  müəllimlərin işə qəbulu, Bakı şəhərinə aid məktəblər üzrə bütün suallarını ümumi xəttə gözləmədən birbaşa Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mütəxəssislərinə  ünvanlaya biləcəklər.

 

146 - 2:

 

Vətəndaşlar təhsil müəssisələrində baş vermə təhlükəsi olan və ya baş vermiş fövqəladə hallarla bağlı bütün müraciətlərini bu xəttə ünvanlaya bilərlər. Beləliklə, vaxt itkisi olmadan, operativ şəkildə baş vermiş hallara dərhal reaksiya veriləcək.

 

146 - 3:

 

Müəllimlərin işə qəbulu, iş yerinin dəyişdirilməsi, daimləşməsi və sertifikasiyası ilə bağlı vətəndaşlar respublika üzrə adıçəkilən bütün suallarını İnsan Resursları Mərkəzinin mütəxəssislərinə  ünvanlaya biləcəklər. Nəzərə alaq ki, vətəndaşların bu məsələ ilə bağlı çoxsaylı sualları olur. Bu istiqamətdə müvafiq şəxslərə birbaşa müraicətin olunması operativliyin və düzgün məlumatların verilməsini təmin edəcək.

 

146 - 4:

 

Məktəblərdə avadanlıq, bağlantı və şəbəkə üzrə texniki dəstək üçün istiqamətlənib. Təhsil  müəssisələri sözügedən xəttə  məktəblərdə avadanlıq, bağlantı və şəbəkə üzrə texniki dəstək məsələləri, vətəndaşlar isə virtual məktəblə bağlı yaranmış texniki problemin həllində onlara köməklik göstərilməsi üçün müraciət edə biləcəklər.

 

146 - 5:

 

Xəttə vətəndaşlar, təhsilalanlar və təhsilverənlər, təhsil prosesinin iştirakçıları psixoloji dəstək almaq üçün müraciət edə bilərlər. Nəzərə alaq ki, Çağrı Mərkəzi artıq bir neçə müddətdir ki, bu prosesi həyata keçirir, istər təhsilalanlar, istərsə də təhsilverənlərə psixoloji yardım göstərir.

 

146 - 6:

 

Təhsil Nazirliyinin Çağrı Mərkəzi ilə əlaqə yaratmaq üçün- bu xəttə vətəndaşlar ümumi müraciətlərini ünvanlayıb Nazirliyin mütəxəssislərindən məlumat əldə edə bilərlər. Bu, vətəndaşla məmur arasında ünsiyyətin daha da yaxşılaşdırılması, Nazirliyin müvafiq qurumları ilə vətəndaş arasında məsafənin yaxınlaşmasına hesablanmış bir addımdır.

 

Niyazi RƏHİMOV