SABAHın START UP layihələri ilə diqqəti özünə çəkməyi bacaran məzunları Azərbaycan brendini yaratmaq istəyirlər


Onlar SABAHın builki məzunlarıdır. Zahirən öz yaşıdlarından fərqlənməyən bu gənclər yüksək bilik və bacarıqları, ən əsası isə orijinal START UP layihələri ilə sözün yaxşı mənasında diqqətləri  özlərinə çəkməyi bacarıblar. Söhbət Bakı Dövlət Universitetinin SABAH qruplarında təhsil almış Elçin Ağazadədən və Ağababa Bağırovdan gedir. Onu da xüsusi vurğulayaq ki, iyulun 5-də Bakı Konqres Mərkəzində keçirilən SABAHın məzun günü bu iki gəncə, eləcə də bütün SABAHçılara unudulmaz bir gün yaşatmaqla yanaşı, onlara yiyələndikləri yüksək bilik, qazandıqları bacarıqlar, kreativ düşüncələrinin məhsulu olaraq hazırladıqları layihələri geniş istimaiyyətə təqdim etmək baxımından da unikal bir şans verdi.

 

 

Orta təhsilini Bakıdakı 70 nömrəli məktəb-liseydə alan Elçin Ağazadə çox kiçik yaşlarından fikirlərini səlis və sərbəst ifadə etməyi, hərtərəfli maraqları ilə hər kəsi ətrafında cəmləməyi bacarıb. Məhz riyazi qabiliyyəti, güclü zəkası və məntiqi mülahizə yürütmək bacarığı onu Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsinə gətirib. Ali məktəblərə qəbul imtahanlarında 633 bal toplayaraq kompüter elmləri ixtisası üzrə təhsil almağa başlayıb.

 

SABAH qruplarına  3 mərhələli qəbul prosesini uğurla keçərək, bu qruplarda kompüter elmləri ixtisası üzrə təhsilini davam etdirmək şansı qazanıb. Buradakı fərqli və sağlam təhsil mühitindən, eləcə də yaradılan imkanlardan maksimum yararlanaraq ixtisasına aid biliklərini dərinləşdirməklə yanaşı, özünün bir çox şəxsi keyfiyyətini də təkmilləşdirib.  SABAH qruplarının “Microsoft” şirkəti ilə əməkdaşlığı çərçivəsində maddi vəsait ödəmədən əldə etdiyi müxtəlif ixtisasyönümlü sertifikatlar onun dəyərləndirdiyi imkanlardan sadəcə biridir.

 

 

Ağıllı qələm və yeni nəsil eynək

 

“Wand” və “ZoomX” (Ağıllı qələm və yeni nəsil eynək ). SABAH Karyera Akademiyası çərçivəsində START UP istiqamətini seçən Elçinin tələbə yoldaşları ilə hazırladığı START UP layihələr belə adlanır.

 

“Wand”ın biznes analitiki olan Elçin ilk olaraq bu layihə barədə məlumat verir: “Wand” - kağız üzərində etdiyiniz hər cızma-qaranı həm yazıldığı şəkildə, həm də elektron çap formatında “bluetooth” vasitəsilə telefonunuza göndərən ağıllı qələmdir. Qələmin əsas funksiyası onun müvəqqəti mürəkkəbdən istifadə etməsidir. Belə ki, istifadəçi kağız üzərində qeyd apardıqdan 5-10 dəqiqə sonra həmin mürəkkəb, yəni yazı kağız üzərindən buxarlanır. Lakin bu müddət ərzində istifadəçinin məlumatları artıq etibarlı bir şəkildə telefonun yaddaşında saxlanmış olur. Bu, eyni kağızı sonralar dəfələrlə yenidən istifadə etməyə imkan verir”.

 

Elçin qələmin gətirəcəyi gəliri də əsl biznes analitiki kimi təhlil edib: “1 Wand qələminin qiyməti 25 dollardır. Hər bir qələmin istehsalına 20 dollar xərc çəkilir ki, bu da hər satışda 5 dollar gəlir deməkdir. Bir neçə ildən sonra illik ortalama 300 min satış həcminə çatdığımızı fikirləşsək, ildə 1.5 milyon dollar gəlir əldə etmiş olarıq ki, bu da ölkəmizin  iqtisadiyyatının güclənməsinə səbəb olar”.

 

“Wand” qələminin bazarda mövcud rəqiblərindən əsas üstünlükləri isə bunlardır:

1) Unikallıq:

 

“Wand” bazarda müvəqqəti mürəkkəbdən istifadə edən ilk qələmdir. Digər qələmlərin heç biri bu funksiyanı təqdim etmir.

2) Alqoritm:

 

Bazardakı digər qələmlərin satış qiyməti ortalama 240 dollardır. Çünki onların istifadə etdiyi alqoritm qələmi yalnız spesifik, xüsusi dəftərlər üzərində istifadə etməyə imkan verir. İstifadəçi məcburdur ki, həmin dəftəri qələmlə birlikdə alsın, çünki əks halda qələm yararsız aparatdan başqa bir şey deyil. Bu kimi əlavə məcburi vəsaitlərə görə də həmin qələmlərin qiyməti kifayət qədər bahadır.

 

Lakin “Wand”da istifadə olunan innovativ tanıma alqoritmi və texnologiya qələmi heç bir əlavə cihaz və ya vəsait tələb olunmadan istifadə etməyə imkan verir ki, bu da qələmlərin qiymətinin 25 dollarla hüdudlanmasına gətirib çıxarır.

 

Vaxta qənaət etmək baxımından da qələmin əhəmiyyəti böyükdür. Belə ki, müəllimin auditoriyada bu qələmlə yazdığı müxtəlif məlumatlar, tələbələrin  telefonlarına yüklədikləri xüsusi proqram vasitəsi ilə avtomatik olaraq telefonda əks olunur. Verilən hər hansı bilgilər sonradan həm yazılı formada çıxarıla, həm də telefonda qala bilər.

 

“Wand” qələmi həm də ekoloji dostumuza çevrilə bilər. Elçin belə düşünür. Misal üçün, təkcə ABŞ-da 7 milyard ağacın hər il kağız istehsalı üçün kəsildiyini nəzərə alsaq, onun ekologiya, təbiətin mühafizəsi və iqlim dəyişikliyi üzərində hansı müsbət və nəhəng təsirlərə malik olmasını təsəvvür etmək elə də çətin deyil.

 

Layihənin böyük maraqla qarşılandığını deyən E.Ağazadə bildirib ki, “Wand” İnformasiya Kommunikasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun 4-cü Qrant Müsabiqəsi çərçivəsində qalib kimi 12000 AZN dəyərində maddi dəstək əldə edib. Bundan başqa, layihə 2017-ci ildə təşkil olunan Lütfi Zadə İnnovasiyalar olimpiadasının qalibi, “GİST Tech-I” Beynəlxalq START UP Çempionatının Azərbaycanı təmsil edən yeganə yarımfinalçısı, “Bakutel 2017” tədbirinin iştirakçısıdır.

 

“Wand”la bağlı məlumatlar  nüfuzlu “Euronews” telekanalı tərəfindən işıqlandırılıb və kanalın rəsmi saytında məqalə dərc olunub.

 

Bu son deyil... Elçinin təqdim etdiyi digər START UP layihəsi “ZoomX”adlanır. “ZoomX” - mobil tətbiqetmə vasitəsilə idarə olunan və istifadəçiyə eynəyin nömrəsini -6; +3 aralığında öz görmə qabiliyyətinə uyğun tənzimləməyə imkan verən yeni nəsil eynəkdir. Layihənin rəhbəri olan bu istedadlı gənc tələbə yoldaşları ilə birlikdə hazırladıqları eynəklə  eyni  vaxtda təyinatından asılı olaraq müxtəlif optik eynəklərdən istifadə edən insanların işini xeyli rahatladacağını deyir.

 

Layihənin hədəf kütləsi kifayət qədər geniş olub, yaxıngörmə, uzaqgörmə və presbiopiya xəstəliklərindən əziyyət çəkən insanları əhatə edir. Belə ki, gündəlik həyatda bir neçə eynəkdən istifadə edən insanlar (əsasən presbiopiya xəstələri) 9 görmə dərəcəsinə sahib olan bu eynəkdən istifadə etməklə, artıq 2 və ya 3 eynək almaq məcburiyyətində qalmayacaq. Sadəcə, eyni bir eynəyə qoyulacaq kiçik cihaz vasitəsi ilə xüsusi hazırlanmış  proqramla görmə nömrəsini tənzimləyərək istədiyi kimi istifadə edə biləcək. Bundan başqa, istifadəçinin görmə qabiliyyəti zamanla dəyişərsə, o, yeni eynək almağa ehtiyac duymayacaq. Həmin proqram istifadəçiyə görmə qabiliyyətinə uyğun olaraq nömrəsini öyrənmək imkanı yaradacaq.

 

Həmsöhbətim qısa zamanda ölkənin START UP ekosisteminin maraq dairəsinə sürətli giriş etməyi bacaran bu layihəyə ilk maddi və mənəvi dəstəyin  də məhz elə Təhsil Nazirliyi və SABAH qrupları tərəfindən gəldiyini söyləyir.  Belə ki, layihə qatıldığı “SABAH” İnnovasiya Forumunun qalibi olaraq ilkin prototipin hazırlanması üçün qranta layiq görülüb.

 

Həmçinin layihə İnformasiya Kommunikasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun 5-ci Qrant Müsabiqəsi çərçivəsində qalib kimi 11000 AZN dəyərində maddi dəstək əldə edib.

 

Bundan başqa, layihə 2017-ci ildə “Golden Byte” Beynəlxalq İT Çempionatının regional finalında, eləcə də Lütfi Zadə İnnovasiyalar Olimpiadasında III, “Microsoft” şirkətinin “İmagine Cup” yarışmasının Milli Finalında isə II yerlərə layiq görülüb.

 

“ZoomX” layihəsi 2017-ci ilin oktyabrında baş tutan 11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin və Azərbaycan Milli Mədəniyyət Forumunun nəzdində təşkil olunan “TeamLab Workshop”unun iştirakçısıdır. Bu layihə 2018-ci ilin may ayında təşkil olunan”Emerge Challange” yarışmasının yarımfinalçısıdır.

 

Göründüyü kimi, müxtəlif yerli və beynəlxalq yarışlarda nailiyyətlər qazanan layihə nəinki yerli, o cümlədən xarici investorların da diqqətini cəlb etməyi bacarıb. Belə ki, hazırda bu istiqamətdə danışıqlar aparılır və layihənin yekun satış variantının hazırlanması üzərində çalışılır.

 

“Tələbələr sabahlarını SABAHla qursunlar”

 

Elçin əmək fəaliyyəti sferasında da fərqlənir və artıq 1 ildir ki, Azərbaycanın ən öncül özəl İT şirkətlərinin birində çalışır.

 

Təhsilini davam etdirmək istəyən bu gənc tam təqaüdlə Estoniyanın Tartu Universitetində İnnovasiya və texnologiya menecmenti ixtisası üzrə magistraturaya qəbul olunub. Avropanın bir çox ölkəsindən tam təqaüdlə qəbul alan Elçin seçimini Estoniyanın nəinki Avropanın, hətta dünyanın ən uğurlu START UP mərkəzlərindən biri olması, bu və digər imkanlar baxımından gələcək üçün daha çox perspektiv vəd etməsi ilə əlaqələndirir.

 

O, bu günə qədər əldə etdiklərini  uğur yox, məqsədə doğru gedən yolda qazanılmış nailiyyətlər kimi dəyərləndirir. Bu nailiyyətləri əsas məqsədə aparan nərdivanın pillələri kimi təsəvvür edir. Həmin pillələri addımlamaqda ona yardımçı olan valideynlərinin, müəllimlərinin, universitet həyatının, xüsusilə də SABAHın əvəzsiz dəstək və motivasiyasını isə heç vaxt unutmayacağını bildirir.

 

Əsas məqsədi haqqında hələ ki, danışmaq istəmədiyini deyən Elçinin SABAH haqqında yekun fikirləri isə belədir:

 

“SABAH bir brenddir. Özü də  Azərbaycan təhsilinin fəxrlə üzərində daşıyacağı bir brend. Gələcək həyat yolunda yaşıl işıq yandırmaq istəyən tələbələr sabahlarını SABAHla qursunlar”.

 

7 yaşında kiçik animasiya yaradıb

 

 

 

Digər həmsöhbətim Ağababa Bağırov da BDU-nun SABAH qruplarında  kompüter elmləri ixtisası üzrə təhsil alıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 1-ci kursu bitirdikdən sonra BDU-nun SABAH qruplarına qəbul olunub.

 

Lap kiçik yaşlarından şəkil çəkmək, nələrsə düzəltmək və kompüter oyunlarının yaradılması onun marağında olub. Hələ 6 yaşı olanda animasiya qurmağa cəhd edib. Uşaq vaxtı köhnə sovet cizgi filmlərinə baxdıqda onların necə yaranması ilə maraqlanan Ağababa artıq 7 yaşında bir qutunun içinə çəkdiyi şəkilləri qoyub çarx ilə fırladaraq kiçik animasiya yaradıb. Daha sonra 3D animasiyaları, xüsusilə kompüter oyunlarının cəlbediciliyi onun bu sahə ilə daha yaxından maraqlanmasına səbəb olub. O, artıq çəkdiyi şəkillərə hərəkət verərək onları daha da canlandırmaq istəyirdi. 12 yaşı olanda kompüter oyunları haqqında araşdırmalar aparmağa başlayıb. Həmin vaxt yalnız bir kompüter proqramı yükləyə bilən Ağababa onu incələyərək ilk iki - axtarış və labirint oyunlarını düzəldib.

 

Lakin  çox təəssüf ki, o zamanlar yeniyetmənin ətrafında bu işlə məşğul olmasını dəstəkləyən, müəyyən istiqamət verən insanlar yox idi.

 

Orta məktəbi bitirdikdən sonra iki seçim - rəssamlıq, yoxsa kompüter elmləri arasında qalan Ağababa arzuladığı sahə ilə məşğul olması üçün ikincini seçir.   Universitetdə oxuduğu müddətdə “game development”ə və süni intellektə marağı daha da artır. Təhsilini kompüter elmləri ixtisası üzrə alan gəncin bütün bu öyrəndikləri, SABAH qruplarında əldə etdiyi bilik və bacarıq onun incəsənətlə bağlı məqsədlərinə xidmət edir. Hansı ki, çəkdiyi şəkillərə hərəkət, proqramlaşdırma, idarəetmə qataraq onları canlandıra bilir və bütün bunlar da özünü kompüter oyunlarında cəmləşdirir: “İKT ilə bağlı əldə etdiyim bacarıqlarım mənə təxəyyülümdə canlandırdığım obrazları, fikirləri, görüntüləri reallaşdırmaq və digər insanlar tərəfindən onları görmək, həmin şəkillərin içində gəzmək, hətta müəyyən şeyləri idarə etmək imkanı yaradır. Biz bununla dünyaya, insanlara daha çox şey ifadə edə bilərik”.

 

3-cü kursda oxuyarkən kompüter oyunları ilə bağlı START UP layihələr hazırlayaraq bu sahə ilə daha ciddi məşğul olmağa başlayıb.

 

Oyunlardan biri “Balaca qəhrəman” (“The Little Hero”) adlanır. Oyun 3D pazl oyunudur. “Balaca qəhrəman” oyununun əsas məqsədi insanların yaddaşını gücləndirmək, axtarış etmə, məntiqi düşünmə qabiliyyətini inkişaf etdirmək, zamanlarını düzgün bölməyə yardımçı olmaqdır.

 

Oyunun janrı strategiya, pazl və məntiqdir. Oyun mobil versiyada nəzərdə tutulub. Burada təqdim olunan 3D pazlları tamamlamaq tələb olunur.

 

Ağababa bu oyunun ona uğur gətirdiyini söyləyir. Oyunun “Golden Byte” Beynəlxalq İT Çempionatının regional finalında I, Lütfi Zadə İnnovasiyalar Olimpiadasında II yerlərə layiq görüldüyünü söyləyir. İstedadlı gənc 2017-ci ilin mart ayında keçirilən “SABAH” İnnovasiya Forumunda hazırladığı “Balaca qəhrəman”ın maraqla qarşılandığını, həmin ilin aprelində isə Ukraynada bu oyunla ölkəmizi təmsil etdiyini bildirir.  

 

SABAHın məzun gününə hazırladığı “On” oyunu

 

“On”oyununun düzəldilməsinə bu ilin  mayından başlayıb. Oyunun stolüstü versiyasını hazırlayan Ağababa hazırda onun mobil versiyası üzərində işləyir. Hazırladığı oyunun mahiyyətini belə açıqlayır: “Oyunda strategiya, məntiq tələb olunur, burada kart və daşlardan istifadə edilir. Oyunun iki forması mövcuddur: kompüter oyunu və stolüstü oyun. Oyunun əsas məqsədi insanlarda məntiqi, strateji düşünmə qabiliyyətini gücləndirməkdir. Hədəf kütləsi istənilən yaş qrupu ola bilər. Oyunun çətinlik dərəcəsini azaldıb-artırmaq mümkündür”.

 

Hazırladığı kompüter oyunu özündə iki növü birləşdirir. Bunlar təknəfərlik və ikinəfərlik oyunlardır. Təknəfərlik oyun əsas oyun hesab olunur və müəyyən süjet xəttinə malikdir. Burada müxtəlif  səviyyələri ardıcıl olaraq keçmək lazımdır. İkinəfərlik oyunu isə istənilən zaman dostlarla birlikdə oynamaq olar.

 

Stolüstü oyunun isə ikinəfərlik oyundan ibarət olduğunu deyən müəllif  onun əsas ideyasının verilmiş 4 kartı bitirmək olduğunu deyir. Belə ki, kartı ən tez bitirən şəxs oyunun qalibi hesab edilir. Oyunçular üçün müəyyən bir oyunçu daşı və oyun zamanı ala biləcəyi əlavə köməkçi daşlar mövcuddur. Oyunçu daşı yuxarı, aşağı, sağa, sola, diaqonal üzrə hərəkət etdirə bilər. Lakin oyun başladıqda hər bir oyunçu daşı yalnız yuxarı, aşağı, sağa, sola bir dama olaraq hərəkət etdirə bilər. Digər hərəkətlər isə oyun zamanı sizin yürütdüyünüz strategiya ilə əldə etdiyiniz əlavə daşlarla mümkün olur.

 

“SABAH mənə məqsədimə yaxınlaşmaqda yardımçı olub”

 

Ağababa deyir ki, müxtəlif stolüstü oyunlar hazırlamaq, həmin oyunları nəinki ölkəmizdə, həmçinin dünyada Azərbaycan brendi altında tanıtmaq ən böyük arzusudur: “Arzumu  reallaşdırmağa, gördüyüm işləri dəstəkləyən və düzgün istiqamət verən olmasa idi, bəlkə də mən kreativ düşüncələrimin məhsulu kimi ərsəyə gələn bu layihələrimi təqdim edə  bilməzdim. SABAH mənə məqsədimə yaxınlaşmaqda yardımçı olub”.

 

Hazırda özəl şirkətlərdən birində çalışan istedadlı gənc həmçinin  məktəblilərə 3D modelləşdirmə, texnologiya ilə bağlı dərslər keçir.

 

Ağababa İKT üzrə bilik və bacarıqlarını daha da artırmaq, inkişaf etdirmək   üçün magistratura təhsilini ABŞ-da almaq istəyir.

 

Gələcək sabahlarımızı aydınlaşdıracaq SABAHçılar

 

Bəli, həm Elçini, həm də Ağababanı dinlədikcə onların timsalında gələcək sabahlarımızı  öz elmi, ağlı, peşəkarlığı ilə aydınlaşdıracaq neçə-neçə gəncimizin olduğunu görürük. Elə fəaliyyətinin ilk günündən SABAH qrupları da bunu bizlərə vəd edib.

 

Samirə KƏRİMOVA