Şərq ədəbiyyatında qəzəl deyəndə M.Füzuli, mənzum roman deyəndə N.Gəncəvi yada düşür. Əvvəla onu demək lazımdır ki, klassik ədəbiyyatımız müxtəlif dövrlərdə imperiyaların məngənəsindən keçərək günlərimizə gəlib çatıb. Həmin dövrlərdə F.Köçərli, M.A.Dadaşzadə, H.Araslı, M.Ç.Cəfərov, M.C.Paşayev kimi tədqiqatçıların fədakarlığı və uzaqgörənliyi olmasa idi, yəqin ki, Azərbaycan xalqı çox şey itirərdi. Nəsimini ateist, Füzulini rüşvətə qarşı çıxan vətəndaş şair, Nizamini ilk əməkçi insan surəti yaradan şair adlandırmaqla onları dövrün ideoloji burulğanından çıxarıb bizə yenidən bəxş ediblər. Onlar yaxşı başa düşürdülər ki, bu dahiləri itirməkdənsə, yaxud farsa, ərəbə verməkdənsə, onları utopik sosialist, yaxud, Allaha və dinə qarşı çıxan vətəndaş şair kimi qələmə vermək daha yaxşıdır. Çünki, vaxt gələcək hər şey öz yerini tapacaq. Doğurdan da səhv etmədilər. Bəzən belə fikir səslənməkdədir ki, klassik Azərbaycan ədəbiyyatı yalnız seçilmişlər üçündür. Hər kəs onu başa düşüb mənimsəyə bilməz. Orta əsrlərdə mövcud olan elmlərə vaqif olmaq lazımdır. Yoxsa, bu, mümkün deyil. Mənə elə gəlir ki, bu, çox mühafizəkarlıq olardı.

 

Təki hamı oxusun. Əlbəttə ki, hər kəs, öz qabiliyyətinə görə mənimsəyəcək və ən nəhayət, Nizami kimi söz sərrafına əl uzatmaq istəyənlər də başa düşməlidir ki, bu böyük düha sahibi özünü Nizami Gəncəvi adlandırmaqla hər şeyi deyib.  Hamını təəcübləndirmək və ucuz “elmi kəşf”  etmək üçün dahi Nizami haqda nəsə demək ən azı günahdır. Nizami Gəncəvinin 1180-ci ildə tamamladığı “Xosrov və Şirin” poemasında insan eşqinin qüdrət və əzəməti göstərilmişdir. Aydındır ki, əsərin təfsiri, məzmunu, Nizami fikirlərinin izahı həddən artıq ehtiyat tələb edir.

 

Mənim məqsədim diqqəti başqa bir istiqamətə yönəltməkdir. Əvvəla məlumdur ki, Azərbaycan xalqı qədər tarixi, mədəniyyəti, ədəbiyyatı təcavüzə məruz qalan xalq çətin tapılar. O.Süleymanov demişkən, tarix deyil, onun yozumu təəccüb doğurur. Zəngin mədəniyyət, dövlətlər yaradan xalqımızın əlindən çox şeyləri alsalar da, ona sahib ola bilməyiblər. Söhbət Midiya dövlətindən gedir. Midiyalılar və Midiya tarixini müxtəlif tarixçilərdən oxuyarkən ortaya daha çox suallar çıxır. Məsələn, Azərbaycan ədəbiyyatı tarixində aşağıdakı cümlələri oxuyuruq: “Qətranların, Nizamilərin istifadə etdikləri xalq yaradıcılığında əsrlər boyu yaşayan bu əzəmətli surət (Fərhad) nəyin əsasında yaranmışdır...

 

İran hökmranlığından qurtarmaq üçün üsyan qaldırmış 9 böyük ölkənin üsyan başçıları, o cümlədən Fravarts-Fraort-Fərhad haqqında Bisütunda böyük bir dastan yazılmış, boynu zəncirli əsir vəziyyətində İran Şahının qarşısında dayanmış bir şəkil də həkk edilmişdi” (səh. 34 A.Ə.T-1960). Əslində, mən Böyük Nizami və onun qəhrəmanı Fərhadı daha yaxşı öyrənmək istərdim. Bu səbəbdən də kompleks şəkildə aşağıda adları və əsərlərində istinad etdiyim Azərbaycan tarixçilərinin köməyinə söykənərək Midiya tarixinə bir nəzər salmaq istərdim.

 

E.ə VIII əsrin sonunda Midiyada Deyok tərəfindən vahid dövlət yaradılmasına təşəbbüs edilir və o Ekbatan şəhərini saldırır. B.e.ə 672-ci ildə Deyokun oğlu Fraorta (mixi yazılarda o, Kaştariti adlanır) Midiyanın Assuriyaya qarşı mübarizəsini uğurla başa çatdırdı. 28 ildən sonra Midiyada iskit ağalığına Kiaksar son qoydu. Tarixçi alim Q.Qeybullayev yazır ki, e.ə 612-ci ildə çar Kiaksarın vaxtında Maday dövləti türk mənşəli skiflərin köməyi ilə Assuriya təcavüzkarlığına son qoymuş, ərazisini özünə qatmış və bu münasibətlə tarixdə ilk dəfə ikibaşlı qartal emblemini qəbul etmişdir. Məlumdur ki, “aslanlar yuva”sının təcavüzkar siyasəti  Babilistan dövləti ilə Midiyanı ittifaq yaratmağa məcbur etmişdir. Müttəfiqlər, əks tərəfdə  Manna və Assuriya  ilə Qablini şəhəri yanında qarşılaşırlar. Assuriya məğlub olur. E.ə 612-ci ildə “aslanlar yuvası” tutulur, e.ə 605-ci ildə isə Assur dövləti süqut edir.

 

Kiaksar bu ittifaqı möhkəmləndirmək üçün hətta öz qızını Babil padşahının oğluna ərə verir. Tarixçi alim Y.Yusifov yazır ki, Midiyanın müttəfiqi (indi həm də qohumu) Babil hökümdarı Nabupalasar e.ə 605-ci ildə vəfat edir. Hakimiyyətə oğlu II Novuxodonosor keçir. Bundan sonra o, qohumluq münasibətlərinə sadiq qalaraq Midiya və onun tərkibinə daxil olan əraziyə müdaxilə etmirdi. Babilistan və Midiya Ön Asiyanın ən qüdrətli dövlətlərinə çevrilirlər. E.ə VI əsrdə Novuxodonosor Midiya şahzadəsi, sevimli arvadı İsti Babildə darıxan Amitida üçün dünyada tayı-bərabəri olmayan bir bağ saldırmaq qərarına gəlir. Çünki Amitida vətəninin coğrafi şəraiti üçün darıxırmış, “Asma bağlar” ona vətəninin dağlarını və təbiətini xatırlatmalı imiş. Böyük bir məhəbbətin təzahürü olan bu abidə sonradan dünyanın yeddi möcüzəsindən biri adlandırıldı. Kiaksarın vəfatından sonra hakimiyyətə onun oğlu Astiaq (e.ə 585-550) gəlir. Astiaq mərkəzi hakimiyyəti gücləndirmək üçün zadəganların hüquqlarını məhdudlaşdırır. Yuxarıda göstərilən mənbəyə görə Midiyanın axırıncı çarı Astiaq türklərin tarixində qara səhifə yazmış şəxslərdəndir. Onun öz sərkərdəsi Harpaqa qarşı ədalətsiz münasibəti (oğlunu öldürüb ətini atasına yedizdirməsi) Harpaqın Astiaqa qarşı vuruşan fars ordusunun tərəfinə keçməsinə səbəb olur. Herodotun “rəşadətli kişilər” adlandırdığı midiyalılar arasında bu anlaşılmazlığın və xəyanətin səbəbi nə imiş?

 

Rəvayətə görə Astiaq yuxuda görür ki, qızı Mandananın ətrafinda əmələ gələn su bütün Asiyanı basır. Tədbirçilərin yozumuna görə Mandanadan olacaq oğlan Astiaqı hakimiyyətdən salacaq. Hakimiyyətinin əldən çıxacağından qorxan Astiaq qızını Kambis adlı sakit təbiətli bir iranlıya ərə verir ki, ondan olacaq uşaq heç cür şah ola bilməsin, yəni hakimiyyətə gələ bilməsin. Çünki, o dövrün qanunlarına görə, şah olmaq üçün həm təmiz türk qanına sahib olmaq, həm də əsilzadə olmaq lazım idi. Astiaq bilərəkdən qızını farsa verməklə gələcək nəvəsini varislikdən məhrum edir. Astiaq ikinci yuxudan sonra nəvəsini çox etibar etdiyi Harpaq adlı qohumuna verir ki, uşağı öldürüb, təhlükəni sovuşdursun. Lakin sərkərdə Harpaqın uşağı nəinki öldürmədiyi və onu böyüdüb mənsəb sahibi etməsi Astiaqı amansız bir adddım atmağa məcbur edir. İllər keçir. Harpaq Astiaqa qarşı kinini gizlədərək intiqam üçün fürsət  gözləyir. Midiya sarayında zadəganlar və şah arasında ziddiyyətlər və sarayda farsmeylli qüvvələrin fəaliyyəti Harpaqa gözəl fürsət verir. Harpaq Midiya ordusunun baş komandanı kimi e.ə 550-ci ildə baş verən həlledici döyüşdə fürsəti əldən vermir. Midiya dövləti süqut edir. Əhəməni dövləti yaranır. Farslar Midiyanı özlərinə tabe edərək, onların mədəniyyətini və dövlət idarə sistemini qəbul edirlər. Hətta əhəmən sülaləsindən olan Kir özünü Midiya şahı elan edir. Sonralar Kir layiqli cəzasını alır. Məlumdur ki, e.ə 530-cu ildə Araz çayının sahilində baş verən döyüşdə Tomris tərəfindən məğlub edilib öldürülür. Farsların hakimiyyəti altına düşmüş “rəşadətli kişilər” bununla razılaşmaq istəmirlər. Tarixçi alim İ.Əliyev yazır ki, Qaumatın çevrilişi farsların hakimiyyətinə qarşı Mada narazılığının təzahürü idi. Maqın həlak olmasından sonra farslardan başqa hamı onun taleyi üçün təəssüflənirdi. Qaumatın ölümündən sonra Fravartişin başçılığı ilə Madada bir neçə ay davam etmiş üsyan da eyni səbəbdən baş verir. Azərbaycan ədəbiyyatında Fraorta üsyanı və onun rəhbəri əfsanələşmişdir. İran şahı Daranın hakimiyyəti illərində üsyan başçısı olan Fərhad əsrlər boyu yaşamış və dahi Nizaminin qəhrəmanına çevrilmşdir.

 

Dilavər QURBANOV,

BDU-nun Qazax filialının müəllimi