26 iyul-1 avqust tarixlərində Rusiya Federasiyasının Kazan şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOİ 2018)  keçirilib. Rusiya, Belçika, Finlandiya, Macarıstan və bir çox Avropa ölkəsinin təmsil olunduğu olimpiadaya azərbaycanlı şagirdlər də qatılıb.

 

4 nəfərdən ibarət komanda ilə bu mötəbər elm yarışında iştirak edən məktəblilərimiz  medalla qayıdıblar. Belə ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdləri Abutalıb Namazov və İbrahim Tağızadə, Lənkəran şəhəri 4 nömrəli Humanitar liseyin 9-cu sinif şagrdi Murad Eynizadə bürünc medallara layiq görülüblər.

 

Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesini təkmilləşdirilməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olur. Nazirlik tərəfindən Fizika, riyaziyyat və informatika təmayüllü, Kimya-biologiya təmayüllü liseylərdə yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində şagirdlər olimpiadalara hazırlıq prosesinə cəlb edilirlər.

 

Qeyd edək ki, sözügedən olimpiadada iştirak edən şagirdlər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində xüsusi proqram əsasında hazırlıq prosesindən keçiblər.

 

2014-cü ildən etibarən Təhsil Nazirliyinin müvafiq əmri əsasında yaradılmış mərkəzlərdə artıq 4 ildir ki, şagirdlər beş müxtəlif fənn - riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə iki fərqli yaş qrupu olmaqla hazırlıqlara cəlb olunurlar. 200-dən çox şagirdin dinləyici olduğu bu mərkəzlərə müxtəlif dövlət və özəl məktəblərin şagirdləri dəvət edilir. Tədris ilinin əvvəlində namizəd şagirdlərin seçimi ilə müəyyən edilən şagirdlər ali məktəblərdən, ayrı-ayrı institutların alim və professorlarının, eləcə də əcnəbi mütəxəssislərin dərslərində iştirak edirlər. Olimpiadalara hazırlıq mərkəzləri yerli və ölkədən kənarda bir neçə ali məktəblə sıx əməkdaşlıq yaradaraq, nəzəri və praktiki dərslərin hazırlığı prosesini təşkil etməkdədir.