Dosent, pedaqogika üzrə fəlsəfə doktoru Baloğlan Quliyev yüksəkixtisaslı kadrlar hazırlanması sahəsində uzun illərdir ki, səmərəli elmi-pedaqoji fəaliyyət göstərir. Təsadüfi deyildir ki, məhz bu fəaliyyətinə görə universitetin 90 illik yubileyi münasibətilə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir. Həmin il Baloğlan müəllimin anadan olmasının 75, elmi-pedaqoji fəaliyyətinin isə 50 ili tamam olmuş, böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsi sahəsində çəkdiyi zəhməti lazımınca qiymətləndirilmişdir.

 

Baloğlan müəllimin keçdiyi ömür yoluna nəzər saldıqda bu illər ərzində onun elmi-pedaqoji fəaliyyətində nə kimi irəliləyişlər olduğu aydın görünür. O, 85 yaşını haqlasa da əvvəlki illərdə olduğu kimi, indinin özündə də “Fiziki tərbiyə”, “Fiziki tərbiyə və onun tədrisi metodikası” (İbtidai sinif müəllimliyi ixtisası üçün), o cümlədən idman fənlərinin tədrisi metodikasının (Fiziki tərbiyə və çağırışaqədər hazırlıq müəllimliyi ixtisası üçün) səmərəliliyinin yüksəldilməsində, gələcək müəllimlərin peşə hazırlığı və idman ustalığının artırılmasında fəal iştirak edir. Təcrübəli pedaqoq fiziki tərbiyə, eləcə də idmanın ayrı-ayrı növlərinin təliminə müasir innovativ yanaşmaların tətbiqinin təbliği və reallaşması üzrə öz əməyini əsirgəməmişdir.

 

B.Quliyev respublika və beynəlxalq dərəcəli idmançı tələbələrin təhsil-tərbiyəsində, yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında zəruri kömək göstərir, müəllim və magistrantların, tədqiqatçı tələbələrin yararlanması məqsədilə “Azərbaycan məktəbi”, “Məktəbəqədər və ibtidai təhsil”, “Pedaqoji Universitet xəbərləri”, ARTİ-nun “Elmi əsərləri” kimi elmi-nəzəri və metodiki jurnallarda vaxtaşırı çıxış edir. Həmin elmi-metodiki çıxışlarda şagird və tələbələrin təlim prosesində idrakı fəaliyyətinin yüksəldilməsi, fiziki inkişafının təmini, hərəki qabiliyyətinin artırılması və mənəvi-iradi xüsusiyyətlərinin formalaşdırılması araşdırılır. Xüsusən, fiziki tərbiyə prosesinin fəal (interaktiv) metodla təşkilinin imkan və yolları açıqlanır. Bu da təhsil-tərbiyəyə yeni yanaşmanın həyata keçirilməsi fonunda təlim-tərbiyə işlərinin keyfiyyətinin artırılmasına səbəb olur, təlimin daha optimal qurulmasını şərtləndirir. Bunlar bütövlükdə məktəblilərin sağlam həyat tərzinin və fiziki mədəniyyətinin formalaşmasına, gümrah, şən, yüksək əhvali-ruhiyyədə, dözümlü və iradəcə möhkəm olmasına zəmin yaradır, onların cəmiyyət üçün layiqli vətəndaş kimi böyüməsinə imkan verir.

 

B.Quliyevin elmi-metodiki fəaliyyətinə diqqət yetirsək məlum olur ki, onun 200-dən çox tədqiqat işi çap olunmuş, bunlardan da 61-i dərs və metodiki vəsait, tədris proqramı, 2-si monoqrafiya, 6-sı xaricdə çap olunmaqla 9 beynəlxalq elmi-metodik konfrans materialları (Qdansk (Polşa - 1976), Moskva (1972, 2020), Minsk (1976), Kiyev (1982), Çeboksari RF (2020), qalanları isə jurnal və qəzet məqalələridir. Həmin tədqiqat işləri müasir tələblərə tam cavab verir və dövlət tədris proqram materiallarının təliminin təkmilləşdirilməsini əhatə edir. Xüsusən, ümumtəhsil məktəbinin qarşısında qoyulmuş başlıca məqsəd və vəzifələrin reallaşdırılmasının, eləcə də fiziki tərbiyə üzrə təlim-tərbiyə sahəsində strateji hədəflərin həyata keçirilməsinin imkan və yollarının araşdırılmasına həsr edilmişdir. Çap olunmuş tədqiqat əsərlərində kiçikyaşlı məktəblilərin fiziki tərbiyəsinin məzmunu, mahiyyəti, funksiyaları, metod və formaları, təlimin təşkili, nailiyyətlərin qiymətləndirilməsinin modernləşdirilməsi, tədris prosesinin idarə edilməsinin mütərrəqi pedaqoji mexanizmlər baxımından şərh olunmuşdur. Eyni zamanda təhsilalanların və təhsilverənlərin yeni təlim texnologiyalarının tətbiqində kompleks yanaşma, birgə fəaliyyətin tənzimlənməsi və stimullaşdırılmasını təmin edən komponentlər, fərdiləşdirmə, diferensiallaşdırma və peşəkar (səriştəli) yanaşmaların mahiyyəti, gerçəkləşdirilməsi imkanları araşdırılır. Bundan əlavə, Azərbaycan milli oyunlarının kiçikyaşlı məktəblilərin fiziki mədəniyyətinin formalaşmasına təsirinin eksperimentdə yoxlanılmasının metodikası, fəal (interaktiv) təlimin təşkili yolları, onun nəticəsi öz əksini tapmışdır.

 

Diqqətçəkən sevindirici hal budur ki, Baloğlan müəllimin çap olunmuş tədqiqat işlərinin 36-sı son 7 ilin zəhmətinin bəhrəsidir. Bunlardan 2-si monoqrafiya, 12-si fənn proqramları (kurikulumları), 16-sı respublikanın elmi-nəzəri jurnallarında çap olunmuş məqalələrdir. Nüfuzlu xarici jurnallarda çap edilmiş 6 məqalədən isə 1-i “Thomson Reuters” reytinqli (Kanada - Ottava, 2018), 4-ü isə beynəlxalq indeksləşmə (bazasına) sistemlərinə (Skopus) daxildir.

 

Bütün bunlar onu deməyə əsas verir ki, “Fiziki tərbiyə və çağırışaqədər hazırlığın tədrisi texnologiyası” kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru B.S.Quliyev Təhsil İslahatı Proqramının fiziki tərbiyə üzrə məqsəd və vəzifələrin həyata keçirilməsi üçün lazımi elmi-pedaqoji fəaliyyət göstəmişdir. Xüsusən, məktəblilərə fiziki mədəniyyətin aşılanması üçün məqsədyönlü axtarışlar aparmış və aparmaqda davam edir. Bütün bunlar fiziki tərbiyənin məzmununun milli zəmində zənginləşdirilməsinə, milli oyunların bəşəri sərvət olaraq dünya çapında təbliğinə yönəldilməsi qloballaşma dövründə Azərbaycanın müstəqil dövlət olaraq milli maraqlarına tam şəkildə uyğun gəlir.

 

B.Quliyev fakültə və kafedranın ictimai həyatında, bədən tərbiyəsi sağlamlıq tədbirlərində fəal iştirak edir, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik müəllim kimi tələbə və həmkarlarının, təhsil ictimaiyyətinin hörmətini qazanmışdır. Mədəniyyətimizin ayrılmaz hissəsi olan milli fiziki tərbiyəni xaricdə nəşr edilən nüfuzlu beynəlxalq jurnallarda layiqincə təbliğ və təmsil edən tədqiqatçı alim kimi dəyərləndirilir.

 

Baloğlan  müəllim “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi”, güləş üzrə SSRİ idman ustasıdır. Azərbaycan SSR Maarif Nazirliyi (indiki Azərbaycan Respublikasının Təhsil Nazirliyi), Bədən Tərbiyəsi və İdman Komitəsi (hazırki Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi), eyni zamanda Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutu (Azərbaycan Respublikasının Təhsil İnstitutu) və Azərbaycan Dövlət Pedaqoji Universiteti, eləcə də idman təşkilatları tərəfindən ictimai fəaliyyətinə görə dəfələrlə fəxri fərmanlarla təltif olunmuşdur. O, Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurasının, “Milli Pedaqogika məktəbi” elmi-pedaqoji jurnalının redaksiya heyətinin, ADPU-nun 15 il və fakültə Elmi Şurasının isə 32 ilə yaxın üzvü, fakültə Elmi Şurasının katibi, “Məktəbdə bədən tərbiyəsi” məcmuəsinin redaktoru olmuşdur.

 

85 yaşlı yubliyar Baloğlan müəllimə elmi-pedaqoji fəaliyyətində nailiyyətlər və cansağlığı arzulayırıq.

 

Eldar ABDULLAYEV,

ADPU-nun “Fiziki tərbiyə və çağırışaqədər hazırlığın tədrisi texnologiyası” kafedrasının müdiri