Aprelin 2-də Bakıda ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib.


Təməlqoyma mərasimində təhsil naziri Emin Əmrullayev, xarici işlər naziri Ceyhun Bayramov, energetika naziri Pərviz Şahbazov və İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio iştirak ediblər.


Təməlqoyma mərasimində bildirilib ki, sözügedən universitetdə təsis olunacaq akademik proqramlar iqtisadiyyatın strateji sektorlarını əhatə edəcək və yüksəkixtisaslı mütəxəssislər yetişdirəcək. Universitet kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, elektrik və elektronika, nəqliyyat və infrastruktur mühəndisliyi, memarlıq, şəhərsalma və landşaft memarlığı, dizayn, interyer dizaynı və digər istiqamətlər üzrə təcrübə, nou-hau, texnologiya və innovasiyaların tətbiq olunacağı elm və bilik ocağı olacaq. 


Qeyd edək ki, təməli qoyulan bu universitet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri zamanı əldə olunub. İtaliya-Azərbaycan Universiteti ADA Universitetinin bazasında fəaliyyət göstərəcək.
 

İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil ocağı Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universiteti cəlb olunub. Bu xüsusda, keçən il ADA Universiteti ilə İtaliyanın adıçəkilən universitetləri arasında İtaliya-Azərbaycan Universitetinin yaradılması və bu istiqamətdə akademik əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.