Çar Rusiyasının Qafqazın, o cümlədən də Cənubi Qafqazın işğalında əsas niyyəti ərazinin müsəlmanlar yaşayan hissəsini Rusiyalaşdırmaq, yəni xristianlaşdırmaq idi və son nəticədə ruslaşdırmaq məqsədilə daha sərt işğalçı-hərbi zorakılıqlar nümayiş etdirirdi. Öncə Tbilisini Cənubi Qafqaz üzrə rus canişinliyinin inzibati mərkəzi elan etdi, sonra da Osmanlı və İran imperiyaları dönəmində şimalda ən inkişaf etmiş inzibati-iqtisadi və ictimai-maarifçi mərkəz şəhəri olan İrəvanı quberniya elan etməklə özününküləşdirmək siyasətinə başladı. Beləliklə, bu ərazilərdə yeni xristian faktorunu gücləndirmək üçün ermənilərin müxtəlif yerlərdən buraya köçürülməsini dövlət siyasəti səviyyəsinə qaldıraraq ərazinin müsəlman qismini gürcü və erməni təhdidi ilə sıxışdırmaqla yeni siyasi-tarixi reallıqlarla barışmağa məcbur etdi.

 

Yeri gəlmişkən, müasir mərhələdə müsəlman geosiyasi arealına münasibətdə də eyni doktrinanın şahidi oluruq, Qafqazlara və Orta Asiyaya tətbiq etdiyi bu qanlı güc siyasətini SSRİ dövründə Əfqanıstanın işğalı zamanı da gördük. Çox maraqlıdır ki, dünyanı təsir altında saxlamaq üçün bir-birini yola verməyən Qərb və Rusiya, yəni xristian dünyası Şərqə, o cümlədən Əfqanıstana, Suriyaya, İraqa münasibətdə vahid mövqedən çıxış etməkdədirlər. Bu zaman ərazisini, etnik və dini kimliyini qorumaq zorunda qalan Avrasiya müsəlmanlarının, xüsusilə türkdilli xalqların nə qədər kəskin tarixi-ideoloji təzyiq altında varolma mübarizəsi apardığını göstərir. İrəvanda da belə olmuşdur.

 

İrəvanın işğalının geomaarifçi təsnifatının üfüqləri

 

Çox ciddi müqavimətlə qarşılaşdığı İrəvan xanlığını həm de yure, həm də de fakto ləğv etmə məqsədi güdən çar I Nikolay 1826-cı il, oktyabrın 21-də general Yernolova yazırdı: “... Əgər İrəvanı ya silah gücünə, ya İrəvan sərdarını pulla ələ almaq yolu ilə, ya da ətrafdakılarla gizli münasibətlər qurmaqla mümkündürsə, bu imkanı əldən verməyin”.

 

İrəvan xanlığında daxili ziddiyyətlərə nail ola bilməyən rus hərbi rəhbərliyi, yalnız qalada yaşayan ermənilərin hansı yerlərə topla zərbə endirməklə bağlı xəyanətkar xəbərçiliyindən sonra qalanı fəth etdi. İşğal öncəsi çar yazırdı ki, “... hər cür nəvazişlə erməniləri öz tərəfinizə çəkməyi, xüsusi olaraq sizin ixtiyarınıza buraxıram. İrəvan qalasının müqaviməti ilə bağlı onu da demək lazımdır ki, həm birinci Rusiya-İran (2 iyul -3 sentyabr 1804-cü il; 3 oktyabr-30 noyabr 1808-ci il), həm də ikinci Rusiya-İran müharibələrində (1826-1828) İrəvan xanlığı Rusiya qoşunlarına qarşı qəhrəmancasına dirəniş göstərmişdi. Rusiya İrana və Türkiyəyə qalib gəldikdən sonra Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələri ilə Cənubi Qafqazda söz sahibi olmaqla İrəvanın fəthini paytaxt Sankt-Peterbuqda bayram edərək, xüsusi rəsmi hərbi keçid düzənləmişdi. Rus qoşunlarının baş komandanı Paskeviç isə bu qələbəyə görə qraf titulu, 2-ci dərəcəli Georgi ordeni, bir milyon rubl pul mükafatı və şəhərin fatehi kimi “Erivanski” titulu aldı. Beləliklə, tarixi proseslər ona gətirib çıxartdı ki, 1805, 1813, 1828-ci illərdə imzalanmış Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri Azərbaycanı, onun tarixi torpaqlarını parçaladı, xalqımızı iki yerə böldü.

 

Bundan sonra erməni köçü sürət götürdü. Belə ki, 1828-ci il fevralın 26-dan iyunun 11-dək, yəni üç ay yarım ərzində İrandan 40, Türkiyədən isə 90 min erməni köçürüldü. Beləliklə, İrəvan çoxmillətli quberniya olaraq imperiyanın cənub cinahında vacib inzibati-ticarət mərkəzi statusunu yeni formatda qəbul etdi. Bunun artıq təkcə rusdilli hərbi yaşayış məntəqəsi yox, həm də rusdilli ictimai-mədəni quberniya olaraq yeni siyasi tarixi transformasiya prosesinə başlanması idi.

 

Gürcüstana heç bir zorakı unifikasiya siyasəti tətbiq etməyən, o qədər də dağıntı və talana yol verməyən çarizmin nəinki İrəvan və Naxçıvan xanlıqlarına, eləcə də Bakı, Quba, Qarabağ, Gəncə və Cənublu-Şimallı külli Azərbaycana qarşı hər cür dağıntı, talan və zorakılıqla müşayiət edilən işğalı, həm də xanlıqların inzibati-ticarət və mədəni-maarifçi əsaslarını dağıdaraq, etnik və dini kimliyinin məhvinə başladı. Hər bir tarixi transformasiya mərhələsində cəmiyyətin tərəqqisinin başlıca amilinə çevrilən, daim yeniləşməkdə olan ümumtarixi biliklər yeni ictimai-humanitar düşüncənin mühüm komponenti olmuşdur. Həmin biliklər müasir siyasi-tarixi reallıqlardan və müstəqil respublikaçılıq mövqeyinə əsaslanan tədqiqatlarda təhsil və pedaqoji fikir tariximiz haqqında tarixi təhrifdən kənar yeni pedaqoji təfəkkürün başlıca komponentini təşkil edir.

 

Ziyalılarımızın yeni tipli milli mətbuatı yaratmaqla, sonralar publisistik yazılarında qaldırdıqları ictimai-humanitar məzmunlu məsələlər xalqımızın tarixinə yeni istiqamət vermiş oldu. Bu dövrdə biri özbək (“Türkistan vilayətinin qəzeti”), biri Kazak (Dala vilayətinin qəzeti), dördü tatar (“Tonquç”, “Tərcüman”, “Mirad”, “Nur”) qəzetləri ilə bərabər, Azərbaycan dilində  çıxan nəşrlərə toxunan türk təhsil tarixçisi Nadir Dövlət yazırdı: “Azərbaycanda ilk türkcə qəzeti 1875-ci ildə Bakıda Həsən bəy Məlik(ov) “Əkinçi” adı ilə çıxarmağa başladı. “Əkinçi” 1877-ci ildə rus-türk müharibəsi ərəfəsində rus hökuməti tərəfindən bağlandı. 1879-cu ildə Tiflisdə Cəlaləddin və Hacı Səid Ünsi qardaşlarının “Ziya” qəzeti və 1880-ci ildə “Ziyayi Qafqaziyyə” məcmuələri çıxdı. “Ziya”nın 1884-cü ilə qədər 76, 1888-ci ilədək “Ziyayi Qafqaziyyə”nin isə 97 sayı nəşr edildi. “Kəşkül” isə 1883-1891-ci illərdə nəşr edildi, 1903-cü ildə M.Şahtaxtinski Tiflisdə “Şərqi-Rus”u və Əli Mərdan Topçubaşı Bakıda 1904-cü ildə “Həyat” qəzetlərini çıxardılar. Krımda hələ qəzet-jurnal nəşrinə icazə verilmədiyi dövrdə İsmayıl bəy Qaspıralı 1881-ci ildə “Tonquç”u məcmuə halında nəşr etdi. 1905-ci il inqilabından əvvəl çıxan ən təsirli qəzet isə yuxarıda söylədiyimiz kimi, yenə İsmayıl bəy Qaspıralının nəşr etdiyi “Tərcüman” oldu.

 

İrəvan mədəni-maarifçi mühiti milli məktəb və pedaqoji fikrin tədqiqi kontekstində

 

Yarım əsrdən çox fasiləsiz olaraq apardığı fundamental tədqiqatları ilə tanınan, Azərbaycanın görkəmli məktəb tarixçisi Hüseyn Əhmədov bu dövr təhsil tarixinin başlıca inkişaf istiqamətlərindən bəhs edərək yazırdı: “Əvvəlki əsrlərə nisbətən maarif və mədəniyyətin, yeni tipli məktəblərin meydana gəlməsi və tərəqqisi baxımından daha zəngin olan bu dövrün məktəb tarixi Azərbaycanda elmi-pedaqoji və ictimai fikrin inkişafında yeni mərhələ təşkil etdiyi kimi, xalq maarifi, məktəb təhsili və pedaqoji fikrin inkişafı tarixində də ayrıca mərhələ təşkil edir”.

 

Beləliklə, Qərbi Azərbaycanın, xüsusilə İrəvan əyalətinin, Naxçıvanın və başqa ərazilərimizin  tarixi-coğrafi, etnoqrafik mənzərəsini o dövrün mürəkkəbliyi və texniki çətinlikləri ilə müqayisədə heyrətedici bir məsuliyyətlə yazıb-yaradan Cənubi Qafqaz Canişinin xüsusi nümayəndəsi İ.İ.Şopenin  bu  ərazilərin siyahıya alınmasına dair məşhur kameral dəftərlərini xüsusi qeyd etməliyik. Bütün sahələrdə olduğu kimi, bu sahədə də təhsilin, yəni mədrəsə təhsilinin geniş mənzərəsini verməklə çar və Sovet təhsil tarixçiliyində hakim olan məlum tezisi tamamilə tarixin arxivinə atılmış oldu. Yəni, hər birimiz çarın islam mədəniyyətinin ərəb-farsdilli külliyyatını rədd edərək, təhsilin onlar tərəfindən təklif edilən imperiya modelini təşviq etməsinin arxasında ciddi geosiyasi maraqların dayandığını gördük. Digər tərəfdən də Sovet kommunist imperiyasının da yeni ideoloji doktrinlərlə həm xanlıqlar, həm də çar Rusiyası dövrü təhsili inkar edərək hər şeyin sıfırdan başlanmasına dair “yeni mədəni inqilab” kampaniyasına (1917-1937) istinadən tarixi inkarçılığın yeni geosiyasi mənzərəsini yenidən hər birimiz üçün canlandırdı.

 

Mədrəsələr əslində təhsilin yüksək pilləsi olub uzun zaman müsəlman təhsilinin, hətta bir az da geniş anlamda yanaşsaq, islam maarifçi-humanitar intibahının başlıca istiqamətverici mərkəzlərindən olmuşdur. “...Mədrəsələrin təşkili və şəbəkəsinin genişləndirilməsi hökmdarların maarif və təhsilə ciddi baxışlarına bağlı idi. Bu işdə hökmdarlara yaxın ətrafları, xüsusilə yüksək dini təhsil görmüş əyanların, üləmaların, dini-maarifçi aristokratiyanın müsbət təsiri güclü idi”. Təhsilin əsasən rus dilində verildiyi dövlət məktəbləri bir sıra qüsurlarına baxmayaraq, xalq maarifi və məktəbin inkişafında, rus dili və mədəniyyətinin yayılmasında və təbliğində mühüm rol oynamaqla bərabər, “ana dilli məktəblər” ideyasının meydana gəlməsinə və inkişafına əlverişli zəmin hazırladı.

 

İ.Qaspıralının “Tərcüman” qəzeti və açdığı “usulu-cədid” məktəblərindən qorxuya düşən çar məmurlarının narahatçılığına ən bariz nümunə kimi dövrünün ali maarif məmurlarından olan İ.İlminski Rusiyanın tanınmış təhsil bürokratlarından olan dostu K.Pobedanostsevə İsmayıl bəyin “Tərcüman” qəzetini çıxarmaqda məqsədinə toxunaraq yazırdı: “1.Rusiya imperiyası içərisində yaşayan müsəlmanları islam əsaslarından ayırmadan Avropa elminə qoşmaq. 2.Çoxlu müxtəlif ləhcələrdə danışan Rusiya müsəlmanlarını birləşdirmək və möhkəmləndirmək. 3.Osmanlı türk kökündən gələn bütün müsəlmanlara ümumi bir dil yaratmaq. İndi nə olacaq? Bildiyimə görə, Qazanda türkcə qəzetlərin və dərs kitablarının sayı keçən ildəkinə nisbətən xeyli artmışdır. Rusiya müsəlman mədəniyyəti mərkəzinin yaranmasına imkan verməməliyik. Əks təqdirdə, müsəlmanların ruslaşdırma siyasətindən heç bir nəticə alınmaz”.

 

Bu sahədə yuxarıda qeyd etdiyimiz araşdırmalarda çar Rusiyasının işğalından sonra fəaliyyət göstərmiş Azərbaycan məktəblərinin, ana dili ideyasının tarixi təşəkkülündə mühüm rol oynayan müəllim seminariyalarının, o cümlədən İrəvan Müəllimlər Seminariyasının tarixi roluna da toxunaraq çox ciddi elmi-təşəbbüslər irəli sürülmüşdür ki, bunların içərisində İrəvan ictimai-pedaqoji mühiti ilə bağlı fikirləri xüsusi vurğulamaq lazımdır. Belə ki, İrəvan-Naxçıvan-Təbriz ictimai-tarixçi mühiti bu dövrdə vahid tarixi-pedaqoji areal olaraq araşdırılmış, ümumazərbaycan ictimai fikir tarixinin başlıca mərkəzlərindən biri olaraq göstərilmişdir. Bu sahədə İrəvan Müəllimlər Seminariyasının təsir dairəsi baxımından rolunun Qori Seminariyasından heç də az olmadığı qeyd edilmişdir.

 

Çar Rusiyası dövrü İrəvan-Təbriz-Naxçıvan ictimai-maarifçi arealın üfüqləri

 

Göründüyü kimi, Azərbaycan təhsili və pedaqoji fikir tarixində mühüm yer tutan İrəvan-Naxçıvan təhsil mühiti onun əhatə dairəsi, tarixi rolu və müasir elmi-pedaqoji fikrin inkişafında praktik əhəmiyəti ciddi araşdırılmışdır. İrəvanın çarizmin işğalınadək, işğaldan sonra və sovet dövrü ümumazərbaycan maarifi və mədəniyyətində oynadığı rola ciddi elmi-pedaqoji münasibət bildirilmişdir. Elmi-pedaqoji yanaşmaların müasir geosiyasi əhəmiyyətini nəzərə alaraq İrəvan ictimai-maarifçi mühiti yenidən dəyərləndirilmişdir.

 

Akademik Hüseyn Əhmədov İrəvan təhsil mühiti, eləcə də onun Təbriz və Naxçıvanda yeni maarifçi ideyaların yayılmasında rolundan bəhs edərək “seminariyanın İrəvan quberniyasına daxil olan şəhər və kəndlərdən başqa Naxçıvan maarifçi ziyalılarının yetişməsindəki” tarixi xidmətlərinə ətraflı toxunmuşdur. O, sonralar yeni tipli məktəb hərəkatından bəhs edərkən cədidizm maarifçi hərəkatının qarşılıqlı olaraq Təbrizə və Naxçıvana təsirini də xüsusi qeyd etmişdir. “Avrasiya xalqlarının məktəb pedaqoji fikir tarixinə dair oçerkləri” əsərində ilk dəfə tarixi pedaqoji aspektdə “Qərbi Azərbaycan məktəb və pedaqoji fikir tarixi” ifadəsini elmi dövriyyəyə daxil edərək bu diyarın daha geniş coğrafi arealı əhatə edən təhsil mühitinə toxunmaqla, əsasən İrəvan məktəblərinin maarifçi müəllimlərinin əsasını qoyduqları yeni üsullu məktəb hərəkatının xarakteristikasını vermişdir.

 

H.Əhmədovun çar Rusiyası dövrü İrəvan təhsil mühiti ilə bağlı “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” adlı dərsliyində də xeyli zəngin informasiyalar verilmişdir. O, Zaqafqaziya, xüsusilə İrəvandakı ana dilli məktəblərin pedaqoji-təhsil mühitinin Cənubi Azərbaycana təsirinə xüsusi toxunarkən  yeni üsuli-cədid məktəblərin inkişafına da şəhərin ümumi mədəni-maarifçi mühiti kontekstində yanaşaraq bəhs etdiyimiz məktəblə bağlı yazırdı: “...Belə yeni üsullu məktəblərindən biri 1882-ci ilin martında Məşədi Molla İsamyıl Hacı Kazımov tərəfindən açılmışdır”. Buradakı 14 şagirddən 12-nin azərbaycanlı olmasını qeyd edərək, belə yeni tipli məktəblərin Cənubi Azərbaycanda da təhsildə islahatlara mühüm təsirindən söz açmış, İrəvan-Naxçıvan-Təbriz mədəni-maarifçi mühitilə bağlı maraqlı paralellər əslən Cənubi Azərbaycandan olan, amma İrəvanda yeni tipli məktəb quruculuğu sahəsində yerli ziyalılarla bərabər xüsusi xidmət göstərən Mirzə Həsən Rüsdiyyə, onun böyük qardaşı Axund Mirzə Əli, eləcə də Mirzə Kazım, Mirzə Əsgər, Mirzə Cabbar kimi ziyalıların tarixi xidmətlərini xüsusi qeyd etmişdir. Təsadüfi deyil ki, bir qədər yuxarıda bəhs etdiyimiz ziyalıların əksəriyyəti ya İrəvan Müəllimlər Seminariyasını bitirmiş, ya da bu seminariyada imtahan verərək Naxçıvanda yeni təhsilin fədailəri olmuşlar. Onlardan Məmməd bəy Qaziyev, Mirzə Cəlil Mirzəyev, Tağı bəy Şəfiyev, Məmməd bəy Zamanbəyov (bəzi mənbələrdə Qori Seminariyasını bitirməsi göstərilir) və b. xüsusi qeyd etməliyik.

 

Göründüyü kimi, İrəvan təhsil mühiti Naxçıvan və Təbriz təhsil mühitilə qarşılıqlı əlaqədə öyrənilməklə çarizmin cənublu şimallı Azərbaycanı bağlayan geopolitik Təbriz-İrəvan-Naxçıvan xəttini aradan qaldırmaq, bu əraziləri asanlıqla rusiyalaşdırmaq siyasətinə tabe etdiriləcəyi niyyətini ortaya qoymaq olurdu. Beləliklə, digər xanlıqlara qarşı eyni siyasətin tətbiqi təhlükəsindən başqa, həm də bu xanlıqların simasında mövcud dini-bürokratik elitanın mütiləşdirilməsi ilə Şərq təhsil ənənəsindən Avropa təhsil ənənələrinə istiqamətlənməsi təmin ediləcəkdir.

 

Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti ilə Qəhrəman Ordumuzun qədim torpaqlarımızı erməni işğalından azad etməsilə Təbriz-İrəvan-Naxçıvan milli-maarifçi mühitinin tarixi irsini yeni müstəviyə daşımış oldu. Cənab Prezidentin İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı imzaladığı sərəncamda deyildiyi kimi, “...1881-ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyası çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun və canlılığının qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərmiş, pedaqoji fikir salnaməmizə yaddaqalan səhifələr yazmışdır”.

 

Həsən BAYRAMOV,

Bakı Dövlət Universitetinin professoru, pedaqogika üzrə elmlər doktoru

 

Hümeyir ƏHMƏDOV,

pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Təhsil Akademiyasının xarici üzvü,  RTA-nın əməkdar elm və təhsil xadimi