Aprelin 28-də Təhsil Nazirliyi, Təhsil İnstitutu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş “İrəvan Müəllimlər Seminariyası” adlı elmi konfrans keçirilib.

 

Konfransda “İrəvan Müəllimlər Seminariyası” adlı videoçarx nümayiş olunub. 

 

Konfransda açılış nitqi ilə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov İrəvan Müəllimlər Seminariyasının yaranma tarixindən söz açıb. Firudin Qurbanov qeyd edib ki, seminariya Azərbaycan tarixində müstəsna rolu olan görkəmli şəxsiyyətlər yetişdirib və Azərbaycanın qərb bölgəsinin təhsilinin, mədəniyyətinin, pedaqoji fikrinin inkişafında mühüm rol oynayıb. Nazir müavini ölkə Prezidenti cənab İlham Əliyevin İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə əlaqədar imzaladığı sərəncamı Azərbaycanın tarixi irsi və mədəniyyətinə verdiyi dəyərin nümunəsi kimi qiymətləndirib.

 

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov da öz növbəsində İrəvan Müəllimlər Seminariyasının əhəmiyyətini tarixi və müasirlik çərçivəsində olmaqla iki istiqamətə ayırıb. Qeyd edib ki, birinci istiqamət həmin dövr üçün tələb olunan pedaqoji kadrların formalaşması və təhsil sisteminin inkişafını təmin etmək, ikinci istiqamət isə seminariyanın tarixini dərindən öyrənərək dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.

 

Millət vəkili Əziz Ələkbərli seminariyanı bitirən ziyalı müəllimlərin təhsil sahəsindəki xidmətlərindən söz açıb. Millət vəkili İrəvanın tarixi Azərbaycan torpağı olduğunu vurğulayaraq tarix və mədəni irsimizə sahib çıxmağın zəruriliyindən, eləcə də gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışıb.

 

Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva seminariyanın pedaqoji kadrların yetişdirilməsində verdiyi töhfələrdən bəhs edib, həmçinin Azərbaycan tarixinin kölgədə qalan tərəflərinin işıqlandırılmasının vacibliyini qeyd edib.

 

Daha sonra  AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev mövzu ilə əlaqədar olaraq çıxış ediblər. 

 

Konfrans müzakirə şəklində panellərlə davam etdirilib. “İrəvan Müəllimlər Seminariyası: tarixi gerçəklər müasirlik müstəvisində”, “İrəvan Müəllimlər Seminariyası: milli maarifçilik hərəkatının aparıcı qüvvəsi” mövzularında məruzələr dinlənilib. 

 

Konfransın bədii hissəsində Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən hazırlanmış musiqi nömrələri təqdim olunub.