Esse


Ana dilində hər kəlmənin səslənməsi çox-çox uzaqlarda olan ulularımızın dilindəki bəlağət tərzindən, söz ahəngindən xəbər verir. 

 

Sözün yaşam tərzi necədir?

 

Söz ünsiyyətdə yaranır. Söz kəlmələşəndə, danışıq tərzinə çevriləndə yaşayır. Söz uşaqların dilində uşaqlaşır, böyüklərin dilində böyükləşir. Söz məhəbbət dünyasını bəzəyəndə zərif, mübhəm bir varlığa çevrilir. Zavallı bir həyat yolçusunun dilində söz yazıqlaşır. Söz ananın dilində övladının qidasına çevrilir, onun ruhunu oxşayır.

 

Ən sərt qərarları verənlərin dilində söz qılıncdan iti bir silahdır. Onun qəbzəsi də kəsir, doğrayır.

 

Söz Allahdan gələn və Allaha ismarlanan bir varlıqdır. İnsanlar sözlərində yaşayır, sözlərində var olur. Müqəddəsliyin də, kamilliyin də, yolunu sözdə tapır. Söz yoxsa, insan görünmür, aliliyini, müqəddəsliyini itirir, sadələşir, cılızlaşır, bioloji varlığa çevrilir.

 

Söz canlı varlıqdır. Söz tarixən yaranır, tarixə çevrilir. Əsrlərin, qərinələrin yol yoldaşı olur. Kiminsə dilində deyilməklə şərəflənir. Bəlağət güzgüsündə öz gözəlliyini, təkrarsızlığını, məna və hikmət mənbəyi olmasını nümayiş etdirir. Tarixin yaddaşına kömüləndə bir hikmət xəzinəsinin açarına çevrilib özünün munisini gözləyir. Gözləyir ki, kimsə onu tapacaq, kimsə onu kəşf edəcək, kimsə onu üzük qaşı kimi hikmət çələnginin təkrarsız bəzəyinə çevirəcək.

 

Söz qənirsiz nemətdir.

 

Söz Rəbbin insanlara bəxş etdiyi qənirsiz nemətdir. Onun bətnində, mayasında haqqın əlaməti var. Böyük Füzulinin təbirincə demiş olsaq, söz  “yoxdan var olur”, “qeyb niqabından rüxsarını göstərir”. Hər kəsin sözü özüdür. Hər kəs sözünün qarşısında hesabat verir. Hər kəs sözündə görsənir. Hər kəs sözlərində var olur. Hər kəs sözlərinin qiyafəsində özününküləşir.

 

Bəşəriyyət tarixin qucağında sözlə bəslənib, sözlə qidalanıb, sözlə pərvəriş tapıb, sözlə ucalıb. Bu gün insanlıq sözdən qurulmuş abidələrə sitayiş edir, onu böyük məhəbbətlə vəsf edir. Sirli, sehirli söz aləmində mənalar axtarır, heyrətamiz düşüncələrinə sığınaraq kainatın ən yaddaqalan cizgilərini cızmaqla məşğul olur.

 

Ana dili - mədəniyyət abidəsi.

 

Ana dili xalqın tarixi keçmişindən qaynaqlanan, əsrlərin sınağından keçərək bu günə qədər gəlib çatan ən zəngin mədəniyyət abidəsidir. Onun hər bir sözü, cümləsi tariximizin daş yaddaşıdır. Bu yaddaş onun həm ilkinliyini, qədimliyini, həm də bizə özümüz qədər yaxınlığını göstərir. Orada əsrlərin, qərinələrin səsi, sorağı, zamanların, qovuşan, ayrılan məqamların mətləbləri uyuyur. Bu mətləblər bizim bəzən müzakirələrimizə çevirdiyimiz, ulularımızdan bu günə uzanıb gələn tarixi keçmişimizdir. Bütün tarixi faktlar, rəqəmlər pozulsa da, o pozulmaz. Ana dilimizin yaddaşında möhkəmlənər. 

 

Ana dilini öyrənmək ona məhəbbətdən başlayır. Onun lüğət-semantik al-əlvanlığına maraqdan qaynaqlanır. Zəngin qrammatik-üslubi özəlliklərinə heyrətdən nəşət tapır. Ana dili günbəgün, saatbasaat hava, su kimi insanın mənəviyyatına çevrilir. Onsuz yaşamaq çətinləşir. Tədricən hər kəs ana dili ilə qürur hissi keçirməyə başlayır, onu şərəf və ləyaqət mücəssəməsi hesab edir. Bu isə hər an təmasda olduğumuz, hərarətini hiss etdiyimiz doğma dilimizin çox qədim tarixi köklərə bağlı olduğunu göstərir. Eyni zamanda, bu dildə ünsiyyət quran hər bir vətandaşdan ona həssaslıqla yanaşmağı, zəngin mənəviyyat mücəssəməsi kimi baxmağı tələb edir. Hər bir vətəndaş ana dilini hərarətlə sevməyə, məhəbbətlə, şövqlə istifadə etməyə başlayır.

 

Hər dəfə ana dili ilə təmasda olduqca, doğma ananı, onun laylasını xatırlayırsan, mehriban və səmimi nəvazişini, doğma nəfəsini hiss edirsən...

 

Ənvər ABBASOV,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent