Müəllim və şagirdlər mina təhlükəsizliyinə dair maarifləndirilir


Azərbaycan Respublikasının  Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğaldan azad etdiyi ərazilərdə bərpa-quruculuq işlərinə başlandı və təbii ki, bu işlərin sürətləndirilməsi üçün intensiv minatəmizləmə əməliyyatlarının aparılması vacibdir. Ölkəmizin ərazisində çoxsaylı hərbi cinayətlər törətmiş Ermənistanın ərazilərimizi minalarla çirkləndirməsi istər hərbçilərimizin, istərsə də dinc sakinlərin həyatı üçün ciddi təhlükə yaradır. 2020-ci il noyabr ayından döyüş əməliyyatları dayandırılandan indiyədək xidməti vəzifəsini yerinə yetirən, həmçinin doğma yurdunu görmək istəyi ilə işğaldan azad edilmiş ərazilərə gedən çoxsaylı insan mina partlayışının qurbanı olub. Bütün bunlar mina təhlükəsinə dair təlimlərin keçirilməsinin vacibliyini şərtləndirir.

 

***

 

Ağdaş rayonu Orta Ləki kənd  M.Nəbiyev adına tam orta məktəbində  Təhsil Nazirliyi və Fövqəladə Hallar  Nazirliyinin birgə təşkilatçılığı ilə “Mina təhlükəsindən qorunma yolları” adlı tədbir keçirilib.

 

Tədbirdə Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev, Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Priotexnik və İstehkam hazırlığı şöbəsinin rəisi  kapitan Süleyman Heydərov, Ağdaş RİH başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri İsmayıl Yusifzadə, Rayon Təhsil Şöbəsinin müdiri Hürü Əliyeva, Yerli kənd icra nümayəndəsi İ.Rəsulov, Qarabağ müharibəsi veteranları İsmayıl Xuduyev, Əflatun Məmmədov, Aydın Cəfərov,  qazilər Vüqar Süleymanov, Əvəz Mütəllimov, Mirzəmməd Kərimov, rayonun bir sıra ümumtəhsil müəssisə rəhbərləri, Orta Ləki kənd  M.Nəbiyev adına tam  orta məktəbinin rəhbər heyəti və şagirdləri  iştirak ediblər.

 

Tədbir iştirakçıları əvvəlcə şagirdlərin mina təhlükəsindən qorunmaya dair hazırladıqları rəsm sərgisinə baxış keçiriblər və onlara  mövzu ilə bağlı təhlükəsizlik qaydalarına dair təlimat kitabçalar və maarifləndirici bukletlər təqdim olunub.

 

Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi şagirdlərə partlamış hərbi sürsatlar haqqında ətraflı biliklər verib, bu istiqamətdə slaydlar nümayiş etdirib  və şagirdləri maraqlandıran sualları cavablandırıb.

 

Müzakirələr çərçivəsində düşmən tərəfindən quraşdırılan tələ minalar, insanları, əsasən də uşaq və gəncləri cəlb etmək üçün oyuncaq və ya fərqli görünüşdə hazırlanan əldəqayırma partladıcı qurğular, minalar və partlamamış hərbi sursatları tanıma, onların təhlükəsindən qorunma, təhlükəli ərazilərdə hərəkət qaydaları istiqamətlərində məlumat verilib, fikir mübadiləsi aparılıb.

 

Tədbirdən sonra Təhsil Nazirliyinin əməkdaşı və Ağdaş RİH-nin nümayəndəsi, həmçinin Rayon Təhsil Şöbəsinin rəhbərliyi Qarabağ müharibəsinin iştirakçıları ilə görüş keçirilib və metodiki tövsiyələr əsasında işin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda Vətən müharibəsi qaziləri və müharibə veteranları ilə səmimi söhbət apararaq, onların problemləri və qayğıları ilə maraqlanaraq lazımi tövsiyələr verilib.

 

***

 

Mingəçevir şəhərində “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr” haqqında Təhsil Nazirinin 20.08.2021-il tarixli  F-416 nömrəli əmrinin icrası ilə bağlı şəhər ümumtəhsil məktəblərinin direktorlarının və hərbi rəhbərlərinin, həmçinin Qarabağ müharibəsi qaziləri və “Qızıl aypara” Cəmiyyətinin  şəhər şöbəsinin  əməkdaşlarının iştirakı ilə müşavirə keçirilib.

 

Məqsəd şəhərin məktəblərində mina və partlamamış hərbi sursat barədə dərsləri tədris edən müəllimlərin partlamamış hərbi sursata dair biliklərinin genişləndirilməsidir. Müşavirədə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kapitan Süleyman Heydərov təhlükəsiz ərazilər, minalar barədə ətraflı məlumat verib və sualları cavablandırıb.

 

Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən Zamik Cəbiyev,  İlqar Zeynalov adına 2 nömrəli tam orta məktəbin direktoru Zəhra Zamanova,  Mehdi Hüseynzadə adına  3 nömrəli tam orta məktəbin direktoru Gültəkin Quliyeva, 19 nömrəli tam orta məktəbin direktor əvəzi Ülviyyə Fətəliyeva, 20 nömrəli tam orta məktəbin direktoru Tünzalə Məmmədova və həmin məktəbin ÇH rəhbəri Əli Abbasov görülən işlər barədə müşavirə iştirakçılarına məlumat veriblər.

 

Tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev bu sahədə şəhərdə görülən işləri təhlil edərək müvafiq tapşırıqlar verib.

 

İclasda qeyd olunub ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd məktəbliləri mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə barədə məlumatlandırmaq, rəsmi və qeyri-rəsmi xəbərdaredici mina nişanları, təhlükəli ərazinin olduğunu bildirən əlamətlər, bələd olunmayan yerlərdə xüsusi davranış və minalardan qorunma qaydalarına əməl etmək, mina ilə bağlı bədbəxt hadisələrin qarşısının alınması üçün bilik və vərdişləri uşaq və gənclərə aşılamaqdan ibarətdir.

 

Müşavirə iştirakçılarına mövzu ilə bağlı bukletlər paylanıb.

 

***

 

Mingəçevir şəhər 13 nömrəli tam orta məktəbin Xb sinfində “açıq dərs” keçirilib. Dərs Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlanıb.

 

Məktəbin hərbi rəhbəri Xanlar Kərimov partlamamış sursatların insan həyatı üçün necə təhlükəli olduğu, onların aşkar edilməsi və bu zaman hansı hərəkəti etməli olduqları  və s. haqqında məlumat verib.

 

Sonra Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Priotexnik və İstehkam hazırlığı şöbəsinin rəisi  kapitan Süleyman Heydərov mövzu haqqında şagirdləri maarifləndirib, onların suallarını cavablandırıb.

 

***

 

Mingəçevir şəhər İnteqrasiya Təlimli İnternat tipli Gimnaziyada hərbi rəhbər, Qarabağ müharibəsinin iştirakçısı Elçin Teymurov “Mina təhlükəsi“ adlı nümunəvi dərs keçirib. Dərsdə Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev, Şəhər Təhsil Şöbəsinin məsul işçiləri iştirak edib.

 

Nümunəvi dərsdə hərbi rəhbər düşmən tərəfindən quraşdırılan tələ minalar, insanları, əsasən də uşaq və gənclərin diqqətini cəlb edən oyuncaq və ya fərqli görünüşdə hazırlanan əldəqayırma partladıcı qurğular, minalar və partlamamış hərbi sursatları tanıma, onların təhlükəsindən qorunma, təhlükəli ərazilərdə hərəkət qaydaları ilə bağlı məlumat verib.

 

Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Süleyman Heydərov minaların quruluşu, iş prinsipi haqqında məlumat verib. Ikinci mərhələdə şagirdlərə slaydların köməyi ilə minalar haqqında və onların insanlara vurduğu fəsadları nümayiş etdirilib.

 

Tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi məktəblilərin və bütövlükdə şəhər əhalisinin mina təhlükəsizliyi ilə bağlı maarifləndirilməsinə böyük ehtiyac duyulduğunu qeyd edərək, muzakirə edən məsələnin aktuallığından, məqsəd və vəzifələrindən söhbət açıb.

 

***

 

Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Xocalı rayon Kosalar, Yaloba və Başkənd kənd tam orta məktəblərinin X və XI sinif şagirdləri üçün mina təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinin Ümumi və Məktəbəqədər Təhsilin təşkili və idarə olunması şöbəsinin baş məsləhətçisi Əhliyət Adıgözəlov, Xocalı Rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev, Azərbaycan Respublikası Minaaxtarma Agentliyinin Göygöl Regional Təlim Mərkəzinin təlimatçısı Vasif Cəbrayılov iştirak edib.

 

ANAMA-nın mütəxəssisi mina və partlamamış hərbi sursatlar haqqında məlumat verdi, məktəblilərə mina təhlükəsindən qorunmaq üçün maarifləndirici bukletlər təqdim etdi.

 

Qarabağ müharibəsi iştirakçısı Həzrət Quliyev, qazi Rüfət Novruzov öz döyüş xatirələrini danışıblar, minaların tanınması üsulları, partlayıcı vasitələrdən qorunmaq barədə şagirdlərə məlumat veriblər.

 

***

 

Naftalan şəhər ümumtəhsil müəssisələrində müəllim-şagird heyətinin mina və partlayıcı hərbi sursatların  təhlükəsinə dair maarifləndirmə  tədbiri keçirilib.

 

Tədbiri giriş sözü ilə açan şəhər təhsil şöbəsinin müdiri Rəna Dəmirova bildirib ki, ölkəmizdə insanların mina və PHS-lərin qurbanına çevrilməməsi üçün çox ciddi maarifləndirmə işləri aparılıb və hazırda bu istiqamətdə işlər davam etməkdədir.

 

Təhsil Nazirliyinin nümayəndəsi Əhliyət Adıgözəlov bildirib ki, 44 günlük Vətən müharibəsi ordumuzun şanlı qələbəsi ilə bitmiş və işğal altında olan torpaqlarımız azad edilmişdir. Bu torpaqların əksər hissələri mina və PHS-lə çirkləndiyi üçün təhlükəsizliyin təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi zərurəti daha da aktuallaşmışdır. Vətəndaşlarımızın müvafiq şəraitdə təhlükəsizlik qaydalarını bilməsi və bu qaydalara əməl etməsi üçün kütləvi və lokal maarifləndirmə tədbirlərinin həyata keçirilməsi baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması baxımından vacibdir.

 

ANAMA-nın Tərtər bölgəsi üzrə əməliyyat meneceri Şahin Allahverdiyev müəllim-şagird heyətinə təhlükəli ərazilərə daxil olmamasını, partlamamış mina və hərbi sursatlardan ehtiyatlı olmağı tövsiyə edib.

 

Vətən müharibəsi iştirakçısı İsa İsayev bildirdi ki, hər birimiz azad olan torpaqlarımızı görmək istəyirik. Ancaq mənfur ermənilər hər yerə minalar basdırmışlar. O, gözə görünməyən düşmənlərdən qorunmaq üçün ehtiyatlı olmalıyıq.

 

***

 

Goranboy rayonu Qızılhacılı qəsəbə 2 nömrəli  tam orta məktəbdə də “Mina nədir” mövzusunda tədbir keçirilib.

 

Məktəbdə “Həyat bilgisi“ fənni üzrə 6-b sinfində Vasif Novruzovun “Minalar və  onlardan qorunma üsulları” və 7-b sinfində Yunis Qurbanovun  “Partlamamış hərbi sursatlar” mövzularında “açıq dərs”ləri təşkil edilib.

 

Hər iki dərsdə şagirdlər ANAMA və onun fəaliyyəti, minalar və onların növləri haqqında, PHS-lar ola biləcəyi yerlər, düşdükləri çətin vəziyyət zamanı doğru qərarların qəbulu, təhlükəli yerlər haqqında ətraflı məlumatlar aldılar.Şübhəli əşyalara toxunmamaları, bu zaman müəllimlərə, valideynlərə və ya özlərindən böyük şəxslərə, 102 və ya 112 Qaynar xəttinə məlumat vermələri bildirilib. Dərs zamanı internetdən əldə olunmuş materiallardan, slayd və videoçarxlardan, əyani vəsaitlərdən istifadə edilib. Məktəbin rəhbərliyinə və şagirdlərə mina təhlükəsizliyi ilə bağlı kitabçalar, bukletlər, plakatlar hədiyyə edilib.

 

Qızılhacılı qəsəbə sakini, Qarabağ müharibəsi qazisi, Şuşa fatehi Zakir Əliyev, Qarabağ müharibəsi veteranı Qənbər Xəlilov şanlı döyüş yolları haqqında şagirdlərə məlumat veriblər.

 

***

 

Goranboy şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə 10 və 11-ci sinif şagirdləri, müəllimlər və müharibə veteranları iştirak edib.

 

ANAMA-nın əməkdaşları mina təhlükəsizliyi haqqında ətraflı məlumatlar verdilər. Qarabağ müharibəsi qaziləri Vüsal Rzayev, Ruslan Əmrahov iştirak etdikləri döyüşlər haqqında danışıblar. Qızıl Aypara Cəmiyyətinin rayon təşkilatının sədri Sənan Sadıqov  diqqətə çatdırıb ki, rəhbərlik etdiyi təşkilat da “Mina təhlükəsizliyinə dair maarifləndirmə“tədbirlərində fəal iştirak edir.

 

Təhsil Nazirliyinin nümayəndəsi 2021-2022-ci tədris ilində ümumi orta təhsil səviyyəsində tədris olunan “Həyat bigisi” fənninin daxilində, habelə X-XI siniflərdə tədris olunan “Çağrışaqədərki hazırlıq” fənninin tədrisində “Mina təhlükəsizliyinə dair maarifləndirmə” kursu üzrə mövzuların tədris olunmasını qeyd edərək eyni zamanda sinif saatlarında, valideyn iclaslarında da bu vacib mövzuda söhbətlərin aparılmasını, bu qəbildən olan  tədbirlərin bütün ümumtəhsil müəssisələrində keçirilməsini tövsiyə edib.

 

***

 

Təhsil Nazirliyinin və Minatəmizləmə Agentliyinin birgə layihəsi əsasında Gəncə şəhər M.Müşviq adına 14 nömrəli  tam orta məktəbin10 və 11-ci sinif şagird və müəllimlərinin iştirakı ilə mina təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib.

 

Təhsil Nazirliyinin nümayəndəsi Əhliyət Adıgözəlov, ANAMA-nın Göygöl bölgəsi üzrə təlimatçı Vasif Adıgözəlov, Qarabağ müharibəsinin qaziləri Zaur Kərimov, Canpolad Abbasov, Rüstəm İsayev, Qərib Allahverdiyev və Qızıl Aypara Cəmiyyətinin Gəncə Regional Mərkəzinin koordinatoru İsmayıl Əsədov mövzu ilə bağlı çıxış ediblər. Onlar şagirdlərə mina və partlamamış hərbi sursatların forması, rəngi, ölçüsü, nədən hazırlanmasından danışıb, iştirakçılarda onları tanımaq bacarıqları formalaşdırıb, mina və partlamamış hərbi sursatların ola biləcəyi yerlər, rəsmi və qeyri-rəsmi mina işarələri barədə məlumat verib, minalanmış əraziyə daxil olanda təhlükəsiz hərəkət etmək qaydaları öyrədib, şagirdlərə minalarla oynamamaq, çubuqla onlara toxunmamaq, mina və partlamamış hərbi sursatların partlayaraq onları öldürə və ya şikəst edə bilməsini izah edib.

 

***

 

Gəncə şəhər V.Əliyev adına 12 nömrəli tam orta tam orta məktəbdə “Həyat bigisi“ fənni üzrə 6a sinfində müəllim Leyla Xəlilova “Minalar və  onlardan qorunma üsulları” mövzusunda “açıq dərs” təşkil edib.

 

Dərs zamanı Leyla müəllim düşmən tərəfindən quraşdırılan tələ minalar, insanları, əsasən də uşaq və gənclərin diqqətini cəlb edən oyuncaq və ya fərqli görünüşdə hazırlanan əldəqayırma partladıcı qurğular, minalar və partlamamış hərbi sursatları tanıma, onların təhlükəsindən qorunma, təhlükəli ərazilərdə hərəkət qaydaları ilə bağlı məlumat verib.

 

Minalara və digər partlamamış hərbi sursatlara aid slaydlar və videoçarx nümayiş olunub. Qarabağ  müharibəsinin iştirakçıları öz xatirələrini danışaraq, minaların tanınması üsulları, partlayıcı vasitələrdən qorunmaq üçün hansı addımların atılmasının vacibliyi barədə şagirdləri məlumatlandırılar. Dərsdə Təhsil Nazirliyinin və ANAMA-nın məsul əməkdaşları iştirak edib.

 

***

 

Gəncə şəhərinin ərazisində fəaliyyət göstərən Kəlbəcər rayon 102 №-li tam orta məktəbin 6-c sinfində  “Həyat bilgisi” fənnidən “Minalar və partlamamış hərbi sursatlar” mövzusunda açıq dərs keçirilib.

 

Dərsdən əvvəl Təhsil Nazirliyinin əməkdaşı Əhliyət Adıgözəlov, Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri Namiq Rəcəbov məktəb kollektivi ilə görüşüb, siniflərdə şagirlərlə  fikir mübadiləsi aparıblar.

 

Dərs məlumatlandırıcı plakatların, videoproektorun köməyi ilə fənn müəllimi Naib Abbasov tərəfindən tədris olunub. Sonra ANAMA-nın təlimatçısı Vasif Cəbrayılov mina və hərbi sursatlara aid olan maketlərin, təlim vasitələrinin köməyi ilə şagirdlərə daha geniş məlumat verib.

 

“Açıq dərs”dən sonra məktəbin idman zalında V-XI sinif şagirdləri ilə görüş keçirilib.

 

***

Azərbaycan Respublikası təhsil nazirinin “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr” in  təsdiq edilməsi barədə” 2021-ci il 20 avqust tarixli əmrinin icrası ilə bağlı Ağdaş rayonu M.Şeyxzadə adına İnternat tipli Texniki, Humanitar və Təbiət fənləri təmayüllü gimnaziyada, Mingəçevir şəhər13 nömrəli tam orta məktəbdə Mingəçevir şəhər Peşə Məktəbində Təhsil Nazirliyinin və ANAMA-nın nümayəndələrinin, həmçinin Qarabağ müharibəsi iştirakçılarının iştirakı ilə maarifləndirmə tədbirləri təşkil olunub.