Ənənəvi qiymətləndirmə ilə müqayisədə özündə bir çox üstünlükləri ehtiva edir


Müasir texnologiyalar tədris prosesində müəllim və şagirdlər üçün müxtəlif imkanlar yaratmaqdadır. Şagird nailiyyətlərinin qiymətləndirilməsi və analizi təlim prosesinin çox vacib hissəsini təşkil edir. Qiymətləndirmə prosesində texnologiyadan istifadə müəllimlərə şagirdlərin nəticələrini operativ təhlil və gələcək dərslərin planlaşdırılması üçün istifadə etməyə imkan verir.

 

Rəqəmsal summativ qiymətləndirmə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2018-ci il 28 dekabr tarixli 8/1 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Ümumitəhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası”na əsasən keçirilən ənənəvi summativ qiymətləndirmələrin kompüter avadanlıqlarından və müvafiq proqram təminatından istifadə edərək təşkilidir. Elm və Təhsil Nazirliyi tərəfindən məktəbdaxili qiymətləndirmənin rəqəmsallaşdırılması prosesinin tətbiqinə ötən tədris ilindən pilot olaraq başlanılıb. Bu məqsədlə Bakı şəhəri üzrə 50 ümumi təhsil müəssisəsində böyük summativ qiymətləndirmənin rəqəmsal təşkili həyata keçirilməkdədir.

 

Elm və Təhsil Nazirliyinin Qiymətləndirmə sektorundan əldə etdiyimiz məlumata görə, cari tədris ilində ümumi təhsil müəssisələrində kiçik summativ qiymətləndirmənin rəqəmsal təşkilinə başlanılıb. Rəqəmsal summativ qiymətləndirmələr tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində texniki təminat və internet olduğu təqdirdə IV-XI siniflərdə fiziki tərbiyə, təsviri incəsənət, musiqi, çağırışaqədərki hazırlıq, texnologiya fənləri istisna olmaqla bütün fənlər üzrə aparılır. IV-XI siniflərdə fiziki tərbiyə, təsviri incəsənət, musiqi, çağırışaqədərki hazırlıq və texnologiya fənləri üzrə summativ qiymətləndirmələr həmin fənlərin xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunur. Təhsilalanın rəqəmsal summativ qiymətləndirmədə topladığı ballar və onların uyğunlaşdırıldığı qiymət summativ qiymətləndirmənin aparıldığı tarixdə sinif jurnalında və “Məktəbli kitabçası”nda yazılır. II və III siniflərdə summativ qiymətləndirmələr kağız formatında aparılır.

 

Məlumata əsasən, rəqəmsal summativ qiymətləndirməyə hazırlıq məqsədilə ümumi təhsil müəssisələrinin rəhbərliyi tərəfindən aşağıdakı tədbirlərin görülməsi təmin olunur:

 

  • 1. Qiymətləndirmələrdən əvvəl kompüterlərin işləkliyinin və internetə çıxışının olmasının, eyni zamanda Microsoft TEAMS proqramının kompüterlərə yüklənməsinin və istifadəyə hazır olmasının yoxlanılması;
  • 2. Təhsilalanların istifadəçi adı, şifrəsi və ÜTİS kodunun işləkliyinin yoxlanması və Microsoft TEAMS proqram təminatından istifadəyə yararlı olması;
  • 3. Qiymətləndirmədən əvvəl virtual sinif komandalarında bütün təhsilalanların qoşulduğunun və komanda elanlarını gördüklərinin yoxlanılması;
  • 4. Növbəti sinfin prosesə rahat davam edə bilməsi üçün cari qiymətləndirmə bitdikdən sonra hər bir təhsilalanın öz Virtual Məktəb hesabından çıxış etdiyinin yoxlanılması;
  • 5. Qiymətləndirmə prosesinə texniki dəstək göstərə biləcək şəxslərin müəyyənləşdirilməsi;
  • 6. Azərbaycan Respublikasında təhsil alan xarici ölkə vətəndaşlarının Microsoft, TEAMS proqramında hesablarının işləkliyinin yoxlanılması və təmin edilməsi;
  • 7. Kompüterdən istifadə bacarığı aşağı səviyyədə olan təhsilverənlərin və təhsilalanların müəyyənləşdirilməsi və müvafiq təlimlərin keçirilməsi;
  • 8. Rəqəmsal summativ qiymətləndirmə keçiriləcək fənlər üzrə tapşırıq blanklarının hazırlanması.

 

Qeyd edək ki, rəqəmsal summativ qiymətləndirmə ümumi təhsil müəssisəsinin daxilində keçirilir. Təhsilalanların qiymətləndirilməsinə dair rəqəmsal məlumatlar müəllimin Virtual Məktəb hesabında elektron formada arxivləşdirilərək bir il müddətinə saxlanılır. Texniki təminat və internet olmadığı təqdirdə ümumi təhsil müəssisələrində summativ qiymətləndirmələr ənənəvi formada, kağız üzərində təşkil olunmalıdır.

 

Summativ qiymətləndirmələrin rəqəmsal keçirilməsi ənənəvi qiymətləndirmə ilə müqayisədə özündə bir çox üstünlükləri ehtiva edir. Belə ki, qiymətləndirmənin rəqəmsallaşması nəticəsində təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqları təkmilləşdirilir, təhsilalanların nəticələrinə dair çevik hesabatlılıq aparılaraq fərdi yanaşma təmin olunur, valideyn və qanuni nümayəndələrə təhsilalanın nailiyyətini izləmə imkanları yaradılır, ümumi təhsil müəssisələrində kağız israfının qarşısı alınır. Rəqəmsallaşan məktəbdaxili qiymətləndirmənin əsas üstünlüklərindən biri də təhsilalanların rəqəmsal keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarına hazırlığının təmin edilməsidir.

 

Lamiyə ƏLİMƏRDANOVA