Naxçıvan Müəllimlər İnstitutunda yeni layihəyə start verilib


Naxçıvan Müəllimlər İnstitutunda pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə yeni layihəyə start verilib.

 

“Azərbaycan pedaqoji elmi: ustadlar, davamçılar, iddiaçılar"  adlı layihənin keçirilməsində məqsəd gənc pedaqoqların pedaqogika elminin müasir nümayəndələrinin həyat və elmi-pedaqoji fəaliyyətləri haqqında məlumatlar əldə etməsi, pedaqoji nəsillər arasında əlaqənin təmin olunmasından ibarətdir.   

 

Layihə çərçivəsində iddiaçılar-Naxçıvan Müəllimlər İnstitutunun pedaqogika və psixologiya kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Gülmira Hacıyevanın rəhbərlik etdiyi "Gənc pedaqoqlar" dərnəyinin üzvləri, davamçılar-Azərbaycan pedaqoji elminin müasir nümayəndələri, ustadlar isə Azərbaycan pedaqoji elminin görkəmli nümayəndələridir.

 

Layihənin ilk tədbirində institutun rektoru Azad Novruzov giriş nitqi ilə çıxış edib, layihənin mahiyyəti və gənc pedaqoqların formalaşmasındakı təsir imkanlarından danışıb, layihənin işinə uğurlar arzulayıb.

 

Sonra kafedranın müdiri İsmayil Əliyev çıxış edərək bildirib ki, “Gənc pedaqoqlar” dərnəyinin bir sıra istiqamətlərdə fəaliyyəti nəzərdə tutulub, onlardan biri də bu gün reallaşan layihədir:”Sevindirici haldır ki, bu gün layihənin iddiaçıları olan gənclərimiz bu layihədə olduqca həvəslə və maraqla iştirak edirlər. Layihə gələcəkdə pedaqogika elminin dərinliklərinə sahib olacaq gənc pedaqoqların formalaşması üçün əsas amillərdən hesab edilməlidir”.

 

Layihənin ilk qonaqları, davamçılar olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsil fakültəsinin dekanı professor Fərrux Rüstəmov və Bakı Dövlət Universitetinin pedaqogika kafedrasının müdiri professor Ləzifə Qasımova olub. Gənc pedaqoqlar dərnəyinin üzvləri “İbtidai sinif müəllimliyi” ixtisası üzrə IV kurs tələbələri Səriyyə Əlizadə və Türkay Bayramova professorların elmi-pedaqoji fəaliyyəti  haqqında, davamçılar isə öz ustadları olan Azərbaycan pedaqoji elminin atası professor Əhməd Seyidov və pedaqogika elminin görkəmli nümayəndəsi professor Nurəddin Kazımovun həyat və elmi-pedaqoji fəaliyyətləri haqqında dərnək üzvlərinə məlumat veriblər.