MDU-da müsabiqədə iştirak edəcək məktəblilərlə görüş keçirilib


Mingəçevir Dövlət Universitetində (MDU) Elm və Təhsil Nazirliyinin və digər müvafiq qurumların təşkilatçılıq etdiyi “Sabahın alimləri” XII Respublika müsabiqəsində iştirak edəcək Mingəçevir məktəbliləri ilə görüş keçirilib. MDU və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə Təhsil sektorunun birgə təşəbbüsü əsasında baş tutan görüşdə universitetin və şəhər orta məktəblərinin bir qrup müəllimi də iştirak edib.

 

“Sabahın alimləri” müsabiqəsinin final mərhələsinə çıxmaları münasibətilə şagirdləri təbrik edən MDU-nun rektoru Şahin Bayramov görüşün məktəblilərdə motivasiyanı daha da yüksəltmək, şəhər təhsil ictimaiyyətinin istedadlı gənclərə davamlı dəstəyini hiss etdirmək məqsədi daşıdığını diqqətə çatdırıb.

 

Şagirdlərin istedadının və yaradıcılıq potensialının üzə çıxarılması və inkişafı baxımından müsabiqənin önəmindən söhbət açan rektor məktəb illərindən elmi və yaradıcılıq fəaliyyətlərinə aktiv cəlb olunmağın üstünlüklərindən danışıb, məktəblilərə uğurlar arzulayıb.

 

Milli təhsil sistemində Mingəçevir məktəblərinin özünəməxsus yerinin olduğunu qeyd edən şəhər təhsil sektorunun müdiri Sevinc Həsənova ötən illərdə olduğu kimi bu müsabiqədə də mingəçevirli şagirdlərin layiqincə təmsil olunacaqlarına inandığını bildirib.

 

Sonra müsabiqəyə təqdim etdikləri innovativ layihələr barədə ətraflı məlumat verən məktəblilər diqqət və dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.

 

Qeyd edək ki,   IX-XI siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyan müsabiqə 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasına hədəflənib. Sözügedən müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndəriləcək. Regionda fəaliyyət göstərən ümumtəhsil müəssisələri ilə işbirliyinə xüsusi önəm verən MDU-da bu istiqamətdə də şəhər məktəblilərinə müvafiq dəstəyin göstərilməsi diqqət mərkəzində saxlanılır.