“Naxçıvan Gənclərinin Birinci Debat Çempionatı” layihəsinin bağlanış mərasimi keçirilib


Naxçıvan Dövlət Universitetində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “İdeyanı reallaşdır” 2022 qrant müsabiqəsinin qalibi “Naxçıvan Gənclərinin Birinci Debat Çempionatı” layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev layihənin missiyası barədə danışıb. Bildirib ki, “Müxtəlif xidmətlərin göstərilməsi zamanı mühüm vasitə hesab olunan kommunikasiya mədəniyyəti debat yarışlarında peşəkarcasına nümayiş etdirilib. Cəmiyyətin maarifləndirilməsinə xidmət göstərən ideyalar çərçivəsində gənclərin bu cür təşəbbüslərinin dəstəklənməsi hər bir ziyalının əsas məqsədlərindən biri olmalıdır. Layihə yarış çərçivəsində qalmamalı, təlim, seminar, konsaltinq və digər formatlarda genişləndirilməli, debat anlayışı tələbələr üçün əsas müzakirə platformalarından birinə çevrilməlidir”.

 

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı mübahisə, müzakirə və ziddiyyəti özündə birləşdirən fəaliyyət sahəsi kimi debat anlayışının real müstəviyə çıxarılmasını və Naxçıvan gənclərinin maraq dairəsinə daxil edilməsini müsbət hal kimi dəyərləndirib:“İnteraktiv müzakirə vasitəsi kimi debat gənclərdə analiz etmə bacarığını, deduktiv əsaslandırmanı, faktual mübahisə qabiliyyətini və inandırma üsullarını inkişaf etdirən ünsiyyət metodlarından biridir. Bu gün bu üsullardan ən məharətlə istifadə edən gənclərimizi mükafatlandırmaq üçün buraya toplaşmışıq. Qeyd etməliyik ki, ölkəmizin intellektual səviyyəsi yüksək, ünsiyyət bacarığına malik, real faktlara söykənərək debat cəmiyyətləri qura bilən gənclərə hər zaman ehtiyacı vardır. Onların yetişdirilməsi və qiymətləndirilməsində təhsil müəssisələrinin rolu çox böyükdür.”

 

Təhsil müəssisələrində keçirilən yarış xarakterli debatların əhəmiyyətini vurğulayan Naxçıvan Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev bildirib ki, orta və ali məktəblərdə müəyyən reqlamentə uyğun aparılmış debatlar gələcəkdə lokal, ümumxalq və beynəlxalq səviyyədə debat yarışlarının keçirilməsinə zəmin yaradır. Debatlar siyasi mövzularla yanaşı, incəsənət metodu kimi elm və yaradıcılıq məqsədilə həyata keçirildikdə istənilən mövqedə müzakirələri reallaşdırmaq üçün geniş imkanlar açır.

 

Vətəndaş Cəmiyyəti Debat İctimai Birliyinin əməkdaşı, təlimçi Nurlan Abbasov təlim zamanı qarşılaşdığı məqamları, əldə etdiyi təcrübələri bölüşüb. Sonra  çempionatın müxtəlif mərhələlərinə dair hazırlanmış videoçarx izlənilib.

 

Tədbirin sonunda  təlimçilər, qalib komandalar və iştirakçılar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.