Məqsədyönlü prosesdən real nəticələrə doğru


Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Təhsilsiz xalq müasir şəraitdə öz imkanlarını həyatına sərf etmək üçün çox problemlərlə rastlaşar. Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır.

 

Heydər ƏLİYEV, Ümummilli Lider

 

Məsələyə ümumi nəzər

 

Hər hansı bir sahə üzrə fəaliyyətlər həmin sahənin səciyyəvi xüsusiyyətlərini, dövrə, zəmanəyə görə məqsəd və vəzifələrini, perspektiv inkişaf hədəflərini özündə əks etdirən prinsiplər üzərində qurulur. Bu prinsiplər, bir növ, tənzimləyici, istiqamətverici, optimallaşdırıcı xarakter daşımaqla nəzərdə tutulan strateji xəttin əsas qayəsinə, başlıca ideyasına və istinad nöqtəsinə çevrilir.

 

Məlumdur ki, Azərbaycanın təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri statusunda təhsilin humanistləşdirilməsi, humanitarlaşdırılması, demokratikləşdirilməsi, diferensiallaşdırılması, fərdiləşdirilməsi, inteqrativlik, səmərəlilik, varislik, millilik və dünyəvilik, fasiləsizlik, liberallaşma və s. prinsiplər müəyyən olunmuşdur. Lakin diqqətlə yanaşıldıqda burada qeyd edilən humanitarlaşmadan tutmuş liberallaşmaya qədər bütün bu prinsiplər, əslində, şaxələnmiş dəyərlər formatında humanistləşdirmə prinsipinin mahiyyətinin açıqlanmasına xidmət göstərən tərkib hissələri, alt-prinsiplər mövqeyində çıxış edir.

 

Haşiyə. 1996-cı ildən etibarən təhsilin humanistləşdirilməsi prinsipinin, “yeni pedaqoji təfəkkür” anlayışının mahiyyətinin izahı, təbliği, tətbiqi yolları ilə bağlı genişmiqyaslı maarifləndirmə tədbirləri, müsabiqə və layihələr Bakı şəhərində, o illərdə şəhər təhsil idarəsinin müdiri işləmiş görkəmli təhsil xadimi Asif Cahangirovun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilmiş, sonradan davamlı xarakter almışdır. Təsadüfi deyil ki, 1999-2000-ci dərs ili Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, respublikanın bütün tipdən olan ümumi və məktəbəqədər təhsil müəssisələrində “Təhsilin humanistləşdirilməsi yolu ilə yeni pedaqoji təfəkkürün inkişafı ili” elan edilmiş, “İl” çərçivəsində reallaşdırılan əməli tədbirlər, qazanılmış nailiyyətlər növbəti illərdə yenilikçi ideyaların, xoşməramlı təşəbbüslərin, səmərəli iş təcrübələrinin təşəkkülündə, qabaqcıl təhsil müəssisələrinin və müəllimlərin üzə çıxarılmasında mühüm rol oynamışdır.

 

Təhsilin humanistləşdirilməsindən danışarkən bir amilə xüsusi diqqət yetirmək lazım gəlir. Belə ki, bu prinsipin daxilindəki alt-prinsiplərin hər biri, əsasən, təhsil sahəsindəki dövlət siyasətinin konkret istiqamətini təmsil etdiyi halda, humanitarlaşdırma təhsillə əlaqədar bütün fəaliyyətlərlə birbaşa bağlıdır. Ölkəmizin təhsil qanunvericiliyində “təhsil” anlayışı nəzəri cəhətdən “sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi” kimi təsbit edilsə də, təhsilin ümdə məqsədinin ağırlıq yükü təbii olaraq “vətəndaş və şəxsiyyət yetişdirmək” vəzifəsinin üzərinə düşür. Bu isə təhsildə insan tərbiyəsi amilinin başlıca meyar olduğunu təkzibedilməz həqiqət kimi diqqətə çatdırır ki, onun da təşkilati-mənəvi-pedaqoji-psixoloji əsasını humanitarlaşdırma prinsipi təşkil edir.

 

Belə bir analogiya aparmaq mümkündürsə, humanitarlaşdırma-siyasətdə dövlət mənafeyi, uzaqgörənlik, məqsədyönlülük, qətiyyət və iti düşüncə; iqtisadiyyatda millətin rifahı naminə dinamik inkişaf və ardıcıl modernləşdirmə; fəlsəfədə dünyanın və bəşəri dəyərlərin məntiqi dərkinə yönəlmiş baxış və yanaşmaların yaranması; səhiyyədə insan sağlamlığının prioritet sayılması; bədii ədəbiyyat və incəsənətdə mənəvi zənginlik və estetik mədəniyyətin təşəkkülü; ticarətdə düzgünlük və halallığın ifadəsidirsə, ümumi təhsildə bu keyfiyyətlər dialektik bağlantı yolu ilə insan şəxsiyyətinin formalaşmasını təmin edən yüksək əyarlı dəyərlərdir. Görkəmli psixoloq-alim, professor Əbdül Əlizadənin sözləri ilə desək, “Təhsilin humanitarlaşdırılması, əslində, müasir məktəbin insan konsepsiyası kimi qiymətləndirilməlidir” (“Seçilmiş əsərləri”, I cild, Bakı-2022).

 

Nədənsə “humanitar” kəlməsi deyilərkən bu ifadənin davamı kimi insanın nəzərinə ilk növbədə “yardım” sözü gəlir. Humanitar yardım, heç şübhəsiz, mahiyyətcə dara düşmüş ölkələrə və insanlara göstərilən humanist mövqeyin bariz nümunəsidir. Lakin təhsil sistemində, təlim-tərbiyə quruculuğunda humanitarlaşdırma ilkin lüğəvi mənasını saxlasa da, məqsədinə görə nisbətən fərqli prizmadan izah edilir. Bu, sadəcə olaraq, təhsilalana qarşı yönələn mərhəmət hissi kimi başa düşülməməlidir. Təhsilin humanitarlaşdırılması, hər şeydən əvvəl, uşağın (təhsilalanın) nəticə etibarı ilə cəmiyyət üçün ləyaqətli insan-vətəndaş olaraq formalaşmasına, potensial imkanlarına uyğun bilik, bacarıq və səriştələrə yiyələnməsinə göstərilən məqsədyönlü və tələbkar münasibətdir. Bu mənada təhsildə humanitarlaşdırma vətəndaşlıq mövqeyi və vətənpərvərlik nümunəsidir.

 

Heç bir uşağı diqqətdən qaçırmayaq!

 

Belə bir fikir də yürütmək mümkündür ki, mahiyyətinə görə təhsilin humanistləşdirilməsi daha çox strategiyadırsa, təhsilin humanitarlaşdırılması daha çox formalaşmış dünyagörüşün ifadəsidir. Başqa sözlə, humanitarlaşdırılmanın reallığa çevrilməsi üçün onu təhsil sistemində tətbiq edənlərin dünyagörüşü humanitar tələbləri əks etdirməli, onlar humanitar pedaqoji təfəkkürə malik olmalıdırlar.

 

Əgər humanitarlaşdırmanı təhsil alan uşağın mənafeyinə yönəlmiş münasibət forması adlandırırıqsa, bu halda “təhsil” anlayışının iki komponentindən birinin-tərbiyənin bir proses kimi məhz ailədən başlanmasının sübuta ehtiyacı yoxdur. Bu məqamda məşhur yazıçı Çingiz Aytmatovun ibrətamiz bir fikri yada düşür: “İnsanın başqaları üçün görə biləcəyi ən xeyirxah iş öz ailəsində ləyaqətli övladlar tərbiyə etməkdir”. Əlbəttə, bu humanist müddəa tam reallığa çevrilsəydi, dünya cənnətə dönərdi. Lakin ailələr, ailələrdəki mənəvi-psixoloji mühit, tərbiyə məsələlərində valideynlərin mövqeyi müxtəlif olduğu üçün kifayət qədər diqqət və qayğı ilə əhatə edilməyən, sağlamlıqlarına, arzu və istəklərinə ciddi diqqət yetirilməyən, mənəvi inkişaflarına laqeyd münasibət bəslənilən uşaqlar, heç şübhəsiz, məktəb həyatına psixoloji gərginlik və zədələrlə qədəm basırlar. Ona görə də məktəbdə humanitar ruhlu mənəvi-psixoloji iqlimin yaradılması ilə bərabər, uşaqların təhsil həyatına uyğunlaşmasında etibarlı dəstəyə çevrilmiş məktəbəhazırlıq mərhələsində, eləcə də, xüsusilə, ibtidai təhsil səviyyəsində səriştəli,  peşəkarlığı ilə seçilən, humanitar pedaqoji-psixoloji yanaşmaları mənimsəmiş müəllimlərin çalışması, uşaqların təhsilinin məhz onlara etibar edilməsi zəruri məsələ kimi meydana çıxır. Bu baxımdan pedaqoji ali və orta ixtisas təhsili müəssisələrində tələbələrə aşılanan ixtisas üzrə ən zəruri nəzəri biliklərlə yanaşı, müəllim hazırlığı sahəsində əsas diqqətin müəllim üçün xüsusilə vacib olan səriştə və keyfiyyətlərin formalaşmasına yönəldilməsi məqsədəmüvafiq hesab olunur:

 

* yaş fiziologiyası və psixologiyasına aid nəzəri biliklərin praktik bacarıq və səriştələrə çevrilməsi yolları;

* uşaqlara fərdi yanaşma və onlarla ünsiyyətqurma bacarıqlarının formalaşması;

* şagirdlərin fərdi keyfiyyətlərinin öyrənilib nəzərə alınması;

* uşaq şəxsiyyətinə hörmət və həssaslıqla yanaşılması;

* məktəbdaxili qiymətləndirmə növlərinin tətbiqi metodikası;

* təhsil prosesinin və uşaqların təhsil həyatının, öyrənmə meyillərinin motivləşdirilməsi, müəllim-şagird münasibətlərinin pedaqoji əməkdaşlığa çevrilməsi;

* şagirdlərdə idraki, ünsiyyət və psixomotor bacarıqların formalaşdırılması;

* şagirdlərdə yaradıcı fəaliyyət, müstəqil öyrənmə, tənqidi təfəkkür, tolerantlıq və məsuliyyət mədəniyyətinin aşılanması;

* ümumi təhsilin dövlət standartlarının mahiyyətinin açıqlanması;

* orta məktəbdə tətbiq edilən müvafiq fənn kurikulumlarında nəzərdə tutulanların mənimsədilməsi və sair.

 

Həqiqətən də, müəllim nəzəri cəhətdən nə qədər savadlı olsa belə, onda müəllimlik sənətini (müəllimlik, həqiqətən, sadəcə sənət deyil, incəsənətdir) şərtləndirən məlum keyfiyyətlər yoxdursa, uşaqların uğurlu təhsilindən danışmağa dəyməz. Normal nəzəri savadlılıq şagirdlərə qarşı məhəbbət və ülvi hisslərlə, pedaqoji peşəkarlıqla birləşəndə müəllim əsl vətəndaş mövqeli şəxsiyyətə, humanitarlaşdırılmış təhsilin yetkin nümayəndəsinə çevrilir.

 

Hansı fənni tədris etməsindən asılı olmayaraq, müəllimin səriştəliliyinin ən ümdə cəhətlərindən biri psixoloji-pedaqoji müşahidələrinə əsaslanaraq hər uşaqda müsbət keyfiyyətləri, rəğbətləndiriləsi və inkişaf etdiriləsi cəhətləri görüb qiymətləndirmək bacarığıdır. London universiteti kollecinin fəxri professoru Dilan Viliamın fikridir ki, “pedaqoji-psixoloji müşahidələri ən optimal qiymətləndirmə vasitəsi adlandırmaq mümkündür. Təkcə cari və imtahan qiymətləri şagird haqda tam təsəvvür yaratmaq imkanı vermir” (“Azərbaycan müəllimi”qəzeti, 13 may 2022-ci il, №18). Bu fikir uşaqlara yanaşmada humanitar mövqeyin mövcudluğuna dəlalət edir. Əks halda, yəni uşağın daxili aləminə, arzu və istəklərinə, meyil-marağına, potensial imkanlarına laqeyd münasibət göstərildikdə o, həvəsdən düşür, təhsilə marağı azalır, hətta məktəbdən yayınmağa cəhd edir. Hər hansı bir fəndən (fənlərdən) qeyri-kafi qiymət aldığına görə uşağı təkrar sinifdə saxlamaq, fikrimizcə, məktəbin pedaqoji-psixoloji və təşkilati-idarəedici statusuna, həmin müəllimin (müəllimlərin) isə “peşəkar”, “öyrədən” imicinə ciddi xələl gətirir.

 

Haşiyə. Neçə illər bundan əvvəl Təhsil Nazirliyində internat tipli təhsil müəssisələri şöbəsinin müdiri işlədiyim vaxtlarda mənim yanıma məktəbli nəvəsi ilə birgə yaşlı bir qadın gəlmişdi. Məlum oldu ki, uşağın valideynləri yoxdur, nənənin himayəsində yaşayır. Bir neçə fəndən “2” qiymət aldığına və üzrsüz dərs buraxdığına görə onu məktəbdən xaric etmək istəyirlər. Soruşdum ki, bu uşaq hər hansı bir qabiliyyətə, bacarığa malikdirmi?! Nənəsi dedi ki, musiqiyə həvəslidir, yaxşı səsi var. Bundan sonra incəsənət təmayüllü gimnaziyanın direktorundan xahis etdim ki, uşağı yoxlayıb rəy bildirsinlər. Ertəsi gün məlumat verildi ki, uşaq çox istedadlıdır və o, təhsilini gimnaziyada davam etdirə bilər. Həmin uşaq gimnaziyanı bitirdikdən sonra hətta yüksək musiqi təhsili də aldı və həyatda öz yerini tutmağı bacardı. Bununla belə, əvvəl oxuduğu məktəbdə uşağa göstərilən etinasızlığı heç unuda bilmirəm.

 

...Eyni zamanda ürəkaçan bir fakt! Respublikanın Əməkdar müəllimi, qabaqcıl kimya müəllimi Heybət Qədirov uzun müddət Yardımlı rayonunun Alçabulaq kəndində işləyib. Zəhmətsevərliyi və uşaqların inkişafı yolunda fədakarlığı ilə seçilən Heybət müəllim kimya fənni üzrə şagirdləri yetişdirmək üçün hələ ibtidai siniflərdən istedadlıları müəyyənləşdirib onlarla məşğul olur və deyim ki, uğurları da az olmurdu. Yadımdadır ki, onun pedaqoji himayəyə götürdüyü istedadlı şagirdlərdən biri kimya fənni keçilməyən VI sinifdə oxuyarkən həmin fənn üzrə respublika olimpiadasının yekun turunda III, sonrakı ildə isə I yerə layiq görüldü. Nümunə mənasında qeyd etdiyim bu iki real fakt uşağa münasibətin biri digərinə əks formasıdır. Nə yaxşı ki, uşaq və gənclərimizin təhsil yolunu öz vətəndaşlıq mövqeyi, saf əqidə və fədakarlıq nuru ilə işıqlandıran müəllimlərimiz üstün saydadır.

 

“Təhsilsiz uşaq itirimiş uşaq, itirilmiş uşaq itirilmiş gələcəkdir”

 

Bu dəyərli fikri ölkəmizin iqtisadiyyat naziri Mikayıl Cabbarov vaxtilə təhsil naziri işləyərkən UNESKO-nun Baş konfransının 38-ci sessiyasındakı çıxışında səsləndirmişdi.

 

Təhsilsizlik, həqiqətən, çox böyük ictimai bəladır və bu hal hər hansı bir şəxsi cəmiyyətdə “artıq adam”a çevrilmək təhlükəsi ilə qarşı-qarşıya qoyur. Nahaq yerə demirlər ki, “oxumayan bilməz, bilməyən bacarmaz”.

 

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin insan həyatındakı rolu çox dəqiqliklə ifadə olunmuşdur: “Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir”.

 

Uşağın təhsil həyatının başlanğıcını onun inkişafında az əhəmiyyətli olmayan məktəbəqədər təhsil hesab etsək də, bütün uşaqlar bu imkandan tam və səmərəli yararlanmadıqları üçün yetərincə ağır və ağır olduğu qədər də şərəfli humanitar missiya ən kütləvi təhsil pilləsi öhdəliyini yerinə yetirən ümumi təhsilin üzərinə düşür. Ümumi təhsilin isə ən məsul mərhələsi 9 illik icbari ümumi orta təhsil dövrüdür. Çünki fərqli mühitlərdə böyüyən və müxtəlif təfəkkür tərzinə malik uşaqlarda 6 yaşdan başlayaraq tədricən sağlam dünyagörüşünün və şəxsiyyətyönümlü mənəvi keyfiyyətlərin formalaşdırılması, onların zəruri nəzəri biliklərə, həyati bacarıq və səriştələrə, ilkin texniki savadlılığa və müstəqillik, azadfikirlilik, rəqabətədavamlılıq elementlərinə yiyələnmələri, əqli, fiziki inkişafları, növbəti pillədə təhsillərini davam etdirmələri, faydalı əmək prosesinə hazır olmaları məhz ümumi orta təhsildən və onun nə dərəcədə səmərəli təşkili və həyata keçirilməsindən bilavasitə asılıdır.

 

Məlumdur ki, ümumi təhsildə tədris olunan fənlərin məzmunu humanitar əsaslı didaktik prinsiplərə (nəticəyönümlülük, şəxsiyyətyönümlülük, şagirdyönümlülük,varislik, tamlıq və s.) uyğun müəyyənləşdirilir və nəzərdə tutulan məqsədlərə doğru sinifdən-sinfə, səviyyədən-səviyyəyə inkişaf etdirilir. Təhsilin humanitarlaşdırılması prosesində peşəkar müəllim amili və səriştəli idarəetmə ilə yanaşı, bütövlükdə dövlət təhsil standartlarının, eləcə də hər bir fənn üzrə məzmun standartlarının məqsədəmüvafiqliyi və əhəmiyyətliliyi uşağın mənafeyinə, onun cəmiyyət və dövlət tələbinə uyğun formalaşmasına hansı səviyyədə xidmət göstərməsi ilə qiymətləndirilir. Bu məntiqlə yanaşsaq, haqlı sual meydana çıxır: Necə edək ki, sistemli şəkildə aparılan elmi-pedaqoji, fizioloji, psixoloji və tibbi tədqiqatların nəticələri əsasında müəyyənləşdirilməklə orta təhsil sistemində tədrisi zəruri bilinən bütün fənlər bütövlükdə ümumiorta təhsilli şəxsin yetişməsinin təminatçısına çevrilsin!? Təəssüf ki, fənləri əsas və qeyri-əsas adı ilə təsnif edənlərə hazırda da təsadüf olunur. Şübhəsiz, uşağın formalaşmasında hər bir fənnin öz mövqeyi və dəyəri vardır. Vaxtilə ibtidai siniflərdə musiqi, təsviri incəsənət, fiziki tərbiyə dərslərinə ayrılan saatlar hesabına şagirdlərə ana dili, riyaziyyat mövzularının tədris edilməsi kimi zərərli bir “ənənə” kök salmışdı ki, belə vəziyyət humanitar münasibətdən çox anti-humanist xarakter daşıyırdı (bu, bəzi müəllimlərin təcrübəsində hələ də qalmaqdadır). Halbuki həmin fənlər uşaqların gözəlliyi dərk edib qiymətləndirməsində, bədii-estetik dünyagörüşlərinin formalaşmasında, məlumat dairələrinin genişlənməsində, daxili aləmlərinin, qəlb dünyalarının zənginləşməsində, fiziki inkişaflarında, onlarda xeyirxah və tolerant münasibətlərin təşəkkülündə əhəmiyyətli rol oynayır.

 

Əlbəttə, tədris planlarındakı bütün fənləri hər bir uşaq təfəkkür və meyil-maraq istiqamətinə görə eyni səviyyədə mənimsəmək imkanına malik deyildir. Riyaziyyat, təbiət fənlərinin (fizika, kimya, biologiya) çətin qavranılması məlum həqiqətdir. Lakin bəzilərinin düşündüyü kimi, təhsilin humanitarlaşdırılması heç də tədris planlarında humanitar fənlərin mövqeyinin artırılması anlamına gəlmir. Bəs, belə olan halda, riyaziyyat, fizika, kimya, biologiya və digər fənlərin humanitarlaşdırılması ideyasının mahiyyəti nədən ibarətdir?! Humanitarlaşdırma prizmasından belə əsaslandırmaq mümkündür ki, məsələn, heç bir uşağı sistemli riyazi təfəkkürə malik olmadığı, misal-məsələ həll edə bilmədiyi, kimyəvi reaksiyalardan baş çıxarmadığı, fiziki qanunlara maraq göstərmədiyi üçün istedadsız adlandırmaq qeyri-pedaqoji, anti-humanitar mövqedir (Dünya ədəbiyyatının görkəmli nümayəndəsi A.S.Puşkinin liseydə oxuyarkən riyaziyyatdan çox aşağı qiymət alması məlum faktdır. Lakin bu hal onun məşhur şair kimi şöhrətlənməsinə heç də mane olmadı). Təhsil qanunvericiliyində təsbit olunmuş hər bir fənnin məqsəd və vəzifələri baxımından yanaşıldıqda, belə uşaqlara texniki-təbiət fənlərindən gündəlik həyati məsələlərlə əlaqəli ən zəruri, əlçatan nəzəri və praktik bilik və məlumatların verilməsi, eləcə də həmin fənlər vasitəsilə şəxsiyyəti təyin edən dəyərlərin, həyati bacarıq və səriştələrin, ilk növbədə, idraki fəallıq, qeyri-standart və alqoritmik düşüncə tərzinin aşılanması, münasibət bildirmək, səbəb-nəticə əlaqələrini dərk etmək, fiziki və kimyəvi qanunauyğunluqları tanımaq, təhlil və müqayisə, planlaşdırma, proqnozlaşdırma aparmaq, praktik məişət problemlərini həll etmək, texniki vasitələrlə davranmaq, təbiətə, ekologiyaya həssaslıq və qayğı ilə yanaşmaq və sair keyfiyyətlərin mənimsədilməsi diqqət mərkəzində saxlanmalıdır. Azərbaycan tarixi, Azərbaycan coğrafiyası fənlərinin tədrisinə, hər şeydən əvvəl, bütün uşaqlarda milli iftixar hissini gücləndirən, mənəviyyatlarında və əqidələrində dərin izlər buraxan vətəndaşlıq və vətənpərvərlik dərsləri kimi münasibət bəslənilməsi, dövlət dilinin-Azərbaycan dilinin səmərəli öyrədilməsi, gələcəkdə hansı peşəni, ixtisası seçəcəklərindən asılı olmayaraq, şagirdlərdə ədəbi dilə uyğun yazılı və şifahi nitq mədəniyyətinin formalaşdırılması məktəbin humanitar aspektdə fəaliyyətinin aparıcı istiqamətinə çevrilməlidir. Ulu Öndər Heydər Əliyevin bugünümüzə və gələcəyə ünvanlanmış konseptual fikridir ki, “Biz öz tariximizlə fəxr edirik. Orta məktəblərdə tarixin tədrisi çox yüksək qurulmalıdır. Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz tarixini, öz ana dilini mükəmməl bilməlidir. Öz dilini bilməyən, sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Ədəbiyyatımızı bilməyən dilimizi yaxşı bilməyəcəkdir, yüksək mədəni səviyyəyə çata bilməyəcəkdir. Uşaqlarda sözə, obrazlı təfəkkürə məhəbbət hissi aşılamaq, onları dünya və Azərbaycan poeziyası və nəsri klassiklərinin ədəbiyyatın qızıl fonduna daxil olmuş əsərləri ilə tanış etmək lazımdır”.

 

Şübhəsiz, müəyyən fənləri proqram tələbinə uyğun tam mənimsəyə bilməməsi uşaq üçün mənəvi yükə çevrilməməli, onu təhsildən soyutmamalıdır. Dərk etmədiyi halda, təlim materiallarını əzbərləmək isə şagirdi ümumi inkişafdan saxlayan, təfəkkür və düşünmək qabiliyyətini ləngidən əsas amildir. Yeri gəlmişkən, dahi alim A.Eynşteyn orta təhsil aldığı məktəbi belə xatırlayırdı: “Bizim məktəbimiz uşaqlarda təəccübləndirmək qabiliyyətini inkişaf etdirmirdi. Əksinə, o, mexaniki əzbərləmə üsulları ilə bu qabiliyyəti zəiflədirdi” (“Uşaqlar üçün ensiklopediya-Fizika”, Bakı,”Şərq-Qərb”, 2008, I hissə).

 

Rəmzi məna daşısa da, həqiqətən, məktəb uşağı hansı cəhətləri ilə təəccübləndirə bilər?! Birmənalı olaraq, fərq qoymadan hər uşağa qarşı eyni xoş rəftar və qayğıkeş münasibətlə, maraq və istəklərinə, daxili aləmlərinə həssaslıqla yanaşmaqla, əlverişli təhsil şəraiti və müstəqil öyrənmə imkanları yaratmaqla, hər hansı bir uğurunu qiymətləndirmək və onu daha da həvəsləndirməklə, rəy və mülahizələrinə tolerant mövqe sərgiləməklə! Bu amillər məktəbin humanitar mənəvi siması sayıla bilər.

 

Şagird nailiyyətlərinin məktəbdaxili müasir qiymətləndirmə sisteminə də (diaqnostik, formativ, summativ) təhsilin humanitarlaşdırılmasına yönəlmiş yolun vacib həlqəsi, əlverişli fürsət məqamı kimi baxmaq lazımdır. Əgər səmərəli və məqsədyönlü aparılarsa, bu qiymətləndirmə növləri bacarıq və qabiliyyətləri baxımından uşaqların təsnif olunmasında, potensial imkanlarının, meyil-maraqlarının üzə çıxarılmasında, fərdi psixoloji xüsusiyyətlərinin müəyyənləşdirilməsində, hər bir uşağa yanaşma taktı və metodikasının düzgün seçilməsində, onlarda təhsilə və biliklənməyə qarşı məsuliyyət hissi və motivləşmənin yaradılmasında müstəsna imkanlara malikdir. Həmin qiymətləndirmə növlərinin tətbiqindən alınan nəticələr isə məktəbin idarəolunması və təlim-tərbiyə prosesinin faktik keyfiyyətinin aşkara çıxarılmasında əsas indikatorlara çevrilir ki, onlar da mövcud vəziyyətə görə obyektiv şəkildə perspektiv planlaşdırmanın zəruri hədəflərə doğru istiqamətlənməsini təmin edir.

 

Ümumi təhsilin humanitarlaşdırılmasından söz açarkən dərsliklərlə əlaqədar məsələlərə toxunmamaq mümkün deyil. Məlumdur ki, ölkəmizdə orta məktəblər üçün milli dərsliklərin hazırlanması prosesi yalnız dövlət müstəqilliyimizin bərpasından sonra baş tutmuş, dərslik tərtibçiliyi sahəsində mütəxəssislər korpusu formalaşmağa başlamış, ötən müddətdə bir sıra nəzərəçarpan uğurlar da əldə edilmişdir.

 

Bununla belə, dərsliklərlə bağlı müşahidə olunan və nəzərə alınması zəruri bilinən bəzi cəhətlərə diqqət yetirmək lazım gəlir. Dərsliklərin məhz konkret fənn üzrə təsdiq olunmuş dövlət standartları rəhbər tutulmaqla tərtib edilməsi; dövlət tələbi olan standartların dərsliklərdə reallaşdırılmasının başlıca məqsədə çevrilməsi və artıq yüklənməyə yol verilməməsi; məlumatların uşaqların yaşına, yaddaşına, qavrama imkanlarına, psixologiyasına uyğun müəyyən edilməsi, dərsliklərin həcminin süni surətdə artırılmaması və digər bu kimi amillər tərtibçilər tərəfindən nəzarətdə saxlanası məsələlər sırasına daxildir.

 

Əgər hamılıqla qəbul ediriksə ki, fənlərin müəyyən olunmuş məzmununun şagirdlərə çatdırılması və mənimsədilməsində dərsliklər mühüm rol oynayır, bu zaman onların dil və üslub xüsusiyyətləri baxımından hansı peşəkar səviyyədə tərtib edilməsi ciddi məsələ kimi meydana çıxır. Yeri gəlmişkən, Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsil Resursları Mərkəzində “Dərslik mətnlərinin dil və üslubu ilə bağlı Tövsiyələr” hazırlanıb müvafiq saytda yerləşdirilmişdir (müəlliflər: texnika üzrə fəlsəfə doktoru İsmayıl Sadıqov, filologiya üzrə fəlsəfə doktoru Əsgər Quliyev). Burada haqlı olaraq qeyd edilir ki, “Dərsliklərin dil və üslubunun başlıca linqvistik, məntiqi, pedaqoji-psixoloji tələbləri içərisində məzmunun (mətnin) aydınlığı, ifadə edilən fikrin dəqiqliyi və izahların yığcamlığı əsas yer tutur”. Bu məntiqlə də vəsaitdə dərsliklərin dilinə və üslubi keyfiyyətinə xələl gətirən amillər pedaqoji-psixoloji cəhətdən əsaslandırılmış və xarakterizə olunmuşdur. Xüsusilə, mətnlərin “oxunabilirlik”, yəni, qavranılma səviyyəsinin yüksəldilməsi vacib vəzifə kimi irəli sürülmüşdür. Fikrimizcə, həmin “Tövsiyələr”in tərtibçilərinin və mətnlərin oxunabilirliyinin qiymətləndirilməsi metodlarına aid elmi tədqiqatların müəllifinin (İsmayıl Sadıqov) dərslik yaradıcılığı ilə məşğul olan mütəxəssislər qarşısında təqdimatlarının və müvafiq seminarların təşkili məqsədəuyğun olardı. Şagirdlərimizə yaş səviyyələrinə uyğun anlaşılan dil və üslubda hazırlanmış, bədii-estetik dizaynda tərtib edilmiş, mənaca dolğun, həcmcə yığcam dərsliklərin verilməsi, heç şübhəsiz, onların təhsilinə humanitar yanaşmanın növbəti bir təzahürüdür.

 

P.S.   Müasir dövrdə beynəlxalq ünsiyyət vasitəsinə çevrilmiş ingilis dilininn statusu cəmiyyətdə xeyli artmaqdadır. Ümumi təhsilin tədris planlarında həmin xarici dilin mövqeyinə ciddi önəm verilməsi qaçılmaz reallıqdır. Bu, ümumi təhsildə tətbiq edilməkdə olan mütərəqqi təhsil texnologiyası STEAM-la, ümumi təhsilli məzunların sosial müdafiəsini təmin edəcək  peşə maraqlarının ödənilməsi üçün hər bölgədə peşə liseyi yaratmaq ideyası ilə bərabər, heç şübhəsiz, təhsilin humanitarlaşmasına yönəlmiş xoşməramlı missiyalardan birinə çevrilərdi.

 

Aydın ƏHMƏDOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini, Əməkdar müəllim