Xoşbəxt o xalqdır ki, Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər kəsə örnək olan, zəkası, dühası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş tarixi şəxsiyyətləri var. Bəli, böyük və qədim Azərbaycan xalqı xoşbəxtdir. Bəli, biz-azərbaycanlılar xoşbəxtik... Çünki müasir Azərbaycanımızın qurucusu, Ümummilli Lider Heydər Əliyev kimi dünyaşöhrətli dahi şəxsiyyətimiz vardır. O, ən çətin zamanlarda həm dövlətin, həm də xalqının xilaskarına çevrilməyi bacarmış şəxsiyyətdir. Müasir Azərbaycanın tarixi məhz Ulu Öndərin adı ilə başlayıb... Heydər Əliyev öz ömrünü bütünlüklə Azərbaycan xalqına həsr etdi. Azərbaycanı dünyaya tanıtdı, dünyanı Azərbaycana sığdıra bildi!

 

Heydər Əliyev çıxışlarında dönə-dönə bildirirdi  ki, bir xalqın gələcəyi onun təhsilinin inkişafından asılıdır.  Təhsil  onun daha böyük diqqətlə yanaşdığı sahə olmuşdur. Bu sahənin inkişafında Ulu Öndərin fəaliyyəti müstəsna əhəmiyyətə malikdir.

 

“Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır” - deyirdi Ümummilli Lider. Məhz buna görə də hakimiyyətdə olduğu bütün illərdə ilk növbədə təhsil sahəsindəki islahatları prioritet seçdi, təhsilin inkişafı, gəncliyin savadlı, bilikli yetişməsi üçün bütün imkanları yaratdı.

 

Məsələn, hələ SSRİ dövrünə, yəni Azərbaycan Respublikasına rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərinə nəzər salsaq, 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri 765-dən 2117-yə çatdırıldı. Ölkədə 5 yeni ali təhsil müəssisəsi açıldı və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artdı. Heydər Əliyevin səyi sayəsində 1971-ci ildə Azərbaycanda milli zabit hərbi kadrları hazırlayan Cəmşid Naxçıvanski adına hərbi məktəb açıldı. Eləcə də Ulu Öndərin təşəbbüsü və birbaşa himayəsi ilə 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi. O dövrdə ümumilikdə SSRİ-nin 170 qabaqcıl ali məktəbinə 15 minə yaxın azərbaycanlı göndərilmişdi. Bütün bunlar sayəsində Azərbaycanın ucqar kənd və qəsəbələrində orta ümumtəhsil məktəbləri açıldı, minlərlə azyaşlı təhsilə cəlb olundu, həmçinin, respublikanın milli kadr potensialının gücləndirilməsinə şərait yaradılmış oldu. 

 

Bütün bu yüksək xidmətlərinə görədir ki, 1983-cü ildə SSRİ-də məktəb islahatına da Nazirlər Soveti sədrinin birinci müavini kimi Ulu Öndər rəhbərlik edirdi.

 

Elm və təhsilin inkişafı müstəqillik illərində də Ulu Öndərin siyasətinin prioritet məsələləri sırasında idi. Dahi lider bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, dünyanın inkişaf etmiş ölkələrinin təcrübələrinin tətbiqi məqsədi ilə önəmli tədbirlər həyata keçirmiş, mühüm sərəncamlar imzalamışdı. 1998-ci ilin martında imzalanmış “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyasının yaradılması haqqında”, 1999-cu ilin iyununda qüvvəyə minən “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı”, 2002-ci il oktyabrın 4-də imzalanmış “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında”, 17 fevral 2003-cü il tarixli “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramının (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” sərəncamlar bu sahədə görülmüş mühüm xidmətlərdən bir qismidir.

 

İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi liderin təhsilə, gənclərin inkişafına verdiyi töhfələrdən biridir.

 

Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Elmlər Akademiyasının da fəaliyyətində canlanma müşahidə olundu. Ulu Öndərin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adı verildi, yeni ixtisaslaşmış institutlar yaradıldı.

 

“...Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir... Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir”.

 

Bu sözlər dahi liderin ədəbiyyata, incəsənətə, mədəniyyətə olan xüsusi diqqətinin, sevgisinin bir nümunəsidir. O, bu sevgini hakimiyyətdə olduğu bütün dövrlərdə gördüyü işlərlə daim hiss etdirib.

 

Hələ SSRİ dövründə məhz Heydər Əliyevin nüfuzu sayəsində XX əsr Azərbaycan ədəbiyyatının klassiklərinə - Süleyman Rəhimova, Rəsul Rzaya, Mirzə İbrahimova, Süleyman Rüstəmə  o dövrün ən şərəfli mükafatı - Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi.

 

Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi sayəsində “Kitabi-Dədə Qorqud”un 1300 illiyi, Məhəmməd Füzulinin 500 illiyi bütün dünyada qeyd olundu. O, bu addımı ilə böyük türk eposunun və böyük Azərbaycan şairinin məhz bu xalqa aid olduğunu bütün dünyaya sübut etdi.

 

Repressiya qurbanı olmuş böyük şair, dramaturq Hüseyn Cavidin nəşinin Sibirdən Naxçıvana gətirilməsi, Molla Pənah Vaqifin, Hüseyn Cavidin məqbərələrinin tikilməsi, paytaxt Bakıda İmadəddin Nəsimi, Hüseyn Cavid, Nəriman Nərimanov, Cəfər Cabbarlı kimi böyük ədiblərimizə heykəllər qoyulması, ədəbiyyat və mədəniyyət xadimlərimizin ev muzeylərinin açılması, Şuşada “Vaqif Poeziya Günləri” kimi ədəbiyyat bayramının əsasını qoyması Heydər Əliyevin ədəbiyyatımıza qayğı və diqqətinin önəmli nümunəsi idi.

 

Ulu Öndər müasiri olduğu ədəbiyyat və incəsənət nümayəndələrinə də xüsusi qayğı ilə yanaşmış, onları yüksək dövlət mükafatları ilə təltif etmiş, yubileylərinin təntənəli təşkilinə diqqətlə yanaşmışdır. Onun şair və yazıçılarımızla görüşlərinin lent yazıları bu gün də sevərək izlənir, dahi liderin həm də kövrək və həssas ruhundan xəbər verir.

 

Bir xalqın var olması, milli-mənəvi dəyərlərinin gələcək nəsillərə aşılamasında dil faktorunun önəmini yaxşı bilən Ulu Öndər azərbaycançılığın ən mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi sahəsində də önəmli addımlar atmışdır. Öz ana dilini mükəmməl bilən müdrik Prezidentimiz bir natiq kimi hər kəsə örnək idi. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən Azərbaycan dilinin ana dili kimi qəbul edilməsi də “millətin milliliyini saxlayan onun dilidir” - deyən Heydər Əliyevin cəsarətinin, öz dilinə könüldən bağlılığının nümunəsi idi.

 

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir.

 

Şübhəsiz, Heydər Əliyev dühasının ən böyük əsəri müstəqil və firavan Azərbaycandır! Məhz buna görə də qədirbilən xalqımız dahi liderini hər zaman sonsuz ehtiram və sayğıyla yad edir. “Heydər Əliyev İli”nə ölkədəki bütün dövlət və təhsil müəssisələri öz töhfələrini verirlər. O cümlədən, hər zaman ölkəmizdəki əlamətdar hadisələrə, günlərə operativ şəkildə reaksiya verən, şagirdlərimizin təlim-tərbiyəsində bu əlamətdar günlərin təbliğatının müstəsna rolunu yaxşı dərk edən Bakıdakı R.Əliyev adına 3 nömrəli tam orta məktəb də bir sıra silsilə tədbirləri ilə Ulu Öndəri yad edir, onun yetişməkdə olan gələcək nəsillərə layiqincə tanıdılmasında əlindən gələni edir.

 

Bir müddət öncə məktəbimizin şagirdlərinin dahi liderin adını daşıyan, özündə onun həyat və fəaliyyətindən izlər saxlayan Heydər Əliyev Mərkəzini ziyarəti həmin addımlardan biridir. Burada şagirdlərimiz müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevi yaxından tanımaq şansı əldə etmiş, onun vətənimiz, millətimiz üçün gördüyü böyük işlərin şahidinə çevrilmişlər.

 

Həmçinin, məktəbimizin şagirdi Leyla Məlikova Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat yazı müsabiqəsinin qalibi seçilmişdir. İstedadlı şagirdimizin yüksək yerə layiq görülən və “Heydər Əliyev və Azərbaycan tarixi” adlı kitabda çap olunan “27 sentyabr-Anım Günü” adlı inşa yazısının elmi rəhbəri olmaqdan qürur duyuram.

 

Bəli, bu gün sonsuz qürur və fəxarət hissi ilə haqqında bəhs etdiyimiz, bəxş etdiyi Qarabağ zəfərinin sevincini yaşadığımız Vətən müharibəsi də Heydər Əliyev dühasının başladığı yolun davamı idi. Ulu Öndərin siyasi irsini layiqincə davam etdirən Prezident İlham Əliyev özünün də dediyi kimi, ata vəsiyyətinə əməl edərək 30 illik işğala son qoyub gözəl Qarabağımızı, dilbər Şuşamızı bizə qaytardı.

 

Ümummilli Liderin təməlini qoyduğu işləri layiqli davamçısı İlham Əliyev daha da genişləndirir və ölkənin sağlam gələcəyi, xalqın rifahı üçün yorulmadan çalışır. Bütün bu işlərin nəticəsi kimi isə təbii ki, günü-gündən inkişaf edən və dünya təhsil sisteminə inteqrasiya edən təhsilimiz də ən gözəl nümunədir.

 

Səbinə İMANOVA,

Bakıdakı R.Əliyev adına 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi