Bu gün ölkəmizdə həyata keçirilən təhsil islahatları müxtəlif aspektdə olan innovasiyayönümlü təhsil quruculuğu tədbirləri ilə müşayiət olunur. Bütövlükdə təhsilalanların inkişafını məqsədə çevirən bu tədbirlər özlüyündə həm yarandığı dövrdə, həm də böyük təhsil təcrübələrinin sistemli mexanizmlərinə çevrilməklə təsdiq və ya inkarını, başqa sözlə, dəyərləndirilməsini gözləyir. Bu, həm də müxtəlif innovasiyalar şəraitində istər nəzəri, istərsə də praktik xarakterli pedaqoji uğurların məntiqi nəticəsi olaraq meydana çıxır. Ona görə də belə bir missiyanı yerinə yetirə biləcək pedaqoji tənqid barəsində müzakirələr səngimir, onun yaradılması, təsbit olunması dövrü olaraq müzakirə obyektinə çevrilir. İlkin araşdırmalar da onu göstərir ki, cəmiyyət ümumi inkişafın əsas atributuna çevrilən, təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından elmi-nəzəri prinsiplərə söykənən və məsul bir yanaşma mədəniyyətini ehtiva edən pedaqoji tənqidin olmasını bir zərurət kimi tələb edir. Bu, həm də mərhum professor Əjdər Ağayevin təbirincə demiş olsaq, təhsil sistemi, təhsil strukturları, təhsil məzmunu, təlim metodları və digər praktik nəticələrdən ibarət olan “təhsilşünaslıq” və ya “pedaqogikaşünaslıq” kimi təhsil elmlərinin inkişaf etdirilməsi baxımından da  əhəmiyyətli hesab edilir.

 

Araşdırmalardan belə nəticəyə gəlmək olur ki, pedaqoji tənqid və tənqidi pedaqogikaya elmi mənbələrdə yanaşı işlənən anlayışlar kimi müraciət olunur. Ümumi cəhət ondan ibarətdir ki, pedaqoji tənqid də, tənqidi pedaqogika da  ənənəvi təhsil modellərinə yaradıcı yanaşmağı və yeniliklərə açıq olmağı, inklüziv və ədalətli öyrənmə mühitini təşviq edir. Onlara təhsil sahəsində getdikcə daha çox əhəmiyyət daşıyan anlayışlar kimi yanaşılır. Bəlkə də, elə o səbəbdəndir ki, bəzi hallarda bu anlayışlar eyni mənada işlənir, onlar təhsilalanların formalaşması və inkişafında xidməti olan sahələr kimi dəyərləndirilir. Hətta bəzi xarici dildə olan mənbələrdə pedaqoji tənqidin tənqidi pedaqogika anlamında işlənməsinə və izah edilməsinə də rast gəlmək mümkündür. Lakin tənqidi pedaqogika (critical pedagogy) və pedaqoji tənqid (pedagogical criticism) xüsusi ifadə tərzinə və semantikaya malik olan fərqli anlayışlar olmaqla özünəməxsus funksiyalar daşıyır. Mənbələrdə tənqidi pedaqogika xüsusi təhsil və ictimai hərəkat fəlsəfəsi kimi şərh olunur. O öz fəaliyyətində tənqidi nəzəriyyə və əlaqəli ənənələrdən başlayaraq təhsil və mədəniyyətin öyrənilməsi sahəsinə qədər bütün konsepsiyaları inkişaf etdirir və tətbiqinə nail olur. Bu pedaqogikanın Braziliya alimi Paulo Freire tərəfindən bünövrəsinin qoyulması XX əsrin əvvəllərinə təsadüf edir. Braziliyalı alim, pedaqoq və filosof Paulo Freire “Məzlumların pedaqogikası” əsəri ilə onun banisi kimi tanınır.

 

HAŞİYƏ: Paulo Reglus Neves Freire  XX əsrdə yaşamış pedaqoq və filosof, tənqidi pedaqogikanın yaradıcısı kimi tanınmışdır. Təhsil, pedaqogika və fəlsəfə sahələrində 20-dən çox kitab yazmışdır. O, 1968-ci ildə yazdığı “Məzlumların pedaqogikası” əsəri ilə tənqidi pedaqogikanın əsasını qoymuşdur.

 

Əslində tənqidi pedaqogika ayrıca  bir pedaqogika kimi özünə xas olan prinsipləri ilə fərqlənir. Belə ki, bu pedaqogika, ilk növbədə, tələbələrin səlahiyyətlərini artırmaq və onların həyat təcrübələrini mərkəzləşdirməklə daha demokratik və ədalətli təhsil sistemi yaratmağı hədəfləyir. İstənilən təlim şəraitində onun tətbiqi mümkün hesab edilir. Nəzəriyyə ilə praktikanın əlaqəliliyinin nəzərə alınması onun əsas tələblərindən biri hesab olunur.

 

Tənqidi pedaqogikanın digər mühüm prinsiplərindən biri də dialoqlardan istifadə olunmasıdır. Dialoq tənqidi yanaşmalar müstəvisində həm müəllimlərə, həm də şagirdlərə/tələbələrə bir-birindən öyrənməklə fikir və mülahizələrini, gələcək perspektivləri müzakirə etməyə imkan yaradır. Yaranmaqda olan müasir təhsil ənənələrini daha avtoritar və iyerarxiyaya meyilli olan ənənəvi təhsil modelindən fərqləndirir.

 

Tənqidi pedaqogikada düşüncə və fəaliyyətin olması vacib hesab edilir. Təhsilalanlar öz təcrübələri, yerləşdikləri sosial və mədəni kontekstlər üzərində tənqidi şəkildə düşünməyə həvəsləndirilir. Onların mövcud təhsil strukturlarına yaradıcı münasibət bəsləmələri, təkliflərin daha optimal olması üçün zəruri şəraitin yaradılması bir tələb kimi qarşıya qoyulur. Bununla şagirdlərdə/tələbələrdə sosial və siyasi məsələlərdən xəbərdar və sosial ədalətə sadiq olan tənqidi şüurun inkişafına imkan yarana bilir.

 

Pedaqoji tənqid nədir?

 

Pedaqoji tənqid elmi-pedaqoji yaradıcılığın bir növü olub geniş mənada təhsil prosesinin, pedaqoji, metodik əsərlərin izahı, təhlili, dəyərləndirilməsi, eləcə də təhsil prosesində maraqlı olan tərəflərin yaradıcı fəaliyyətini araşdıraraq qiymətləndirilməsi, gələcək inkişaf üçün tövsiyələr verilməsi ilə məşğul olur. Pedaqoji tənqidin başlıca vəzifəsi müasir pedaqoji və elmi-pedaqoji yaradıcılıq proseslərini izləmək, eləcə də klassik pedaqoji fikrə müasir dövrün tələbi baxımından qiymət verməkdən ibarətdir.

 

Pedaqoji tənqid həmçinin pedaqogikaşünaslıq elminin bir sahəsi kimi başa düşülür. Əgər biz pedaqoji elmlər sisteminə daxil olan sahələri xarakterinə görə ümumiləşdirilmiş şəkildə qruplaşdırsaq, heç şübhəsiz, burada həm tarixi, həm nəzəri, həm də münasibətlərdən ibarət olan yanaşmaları aydın təsəvvür edə bilərik. Bu isə pedaqogikaşünaslıq, yaxud pedaqogika elminin pedaqogika tarixi, pedaqogika nəzəriyyəsi və pedaqoji tənqiddən ibarət infrastruktur elementlərini aydın görməyə imkan verir.

 

HAŞİYƏ: Yeri gəlmişkən, hələ ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın görkəmli pedaqoq alimlərindən professorlar Bəşir Əhmədov və Əjdər Ağayevlə olan müzakirələri yaxşı xatırlayıram. Onlar pedaqogika elminin infrastruktur məsələlərinə və pedaqoji tənqid barəsində deyilən fikirlərə pozitiv mövqedən yanaşırdılar. Sonralar bu məsələlərlə bağlı pedaqoq alimlərimizdən professor Fərrux Rüstəmov, dosentlərdən Vidadi Bəşirov, İlham Əhmədov və başqalarının araşdırmalar aparması və fikirlər söyləməsi  problemin əhəmiyyətini açıq-aydın göstərməklə yanaşı, onun hələ də gündəmdə qalmasını sübut etməkdədir.

 

Pedaqoji tənqid nə üçün lazımdır?

 

Pedaqoji tənqid təhsilin effektiv olmasını və şagirdlərin/tələbələrin öyrənmə və inkişaf ehtiyaclarını ödəməsini təmin etmək üçün lazımdır. Pedaqogika təlimin metod və prinsiplərinə istinad edir, tənqid isə bu metod və prinsiplərin effektivliyini müəyyən etmək üçün onların təhlilini və qiymətləndirilməsini nəzərdə tutur. Pedaqoji tənqidlə məşğul olmaqla, pedaqoqlar təkmilləşdirməli olduqları sahələri müəyyən edə və tələbələrin ehtiyaclarına daha yaxşı xidmət etmək üçün tədris təcrübələrində dəyişikliklər apara bilərlər. Bundan əlavə, pedaqoji tənqid köhnəlmiş və ya səmərəsiz tədris metodlarını müəyyən və onları daha effektiv üsullarla əvəz etməyə kömək edə bilər. Nəhayət, pedaqoji tənqid təhsilin bütün təhsilalanlar üçün aktual, cəlbedici və effektiv qalmasını təmin etmək üçün lazımdır.

 

Pedaqoji tənqid pedaqogika nəzəriyyəsinin daha müasir elementlərlə yeniləşməsinə töhfə verməklə əvəzsiz rola malik bir sahə kimi çıxış edir. Pedaqogika nəzəriyyəçiləri peşəkar pedaqogika tənqidçilərinə daha inamla istinad edir, onların təklifləri əsasında obyektiv dəyişikliklər aparmaqdan çəkinmirlər.

 

Pedaqoji tənqid həmçinin pedaqogika tarixini özünün qənaətləri ilə zənginləşdirir. Həmçinin böyük bir dövrə məxsus pedaqoji proses, yaxud tədqiqatlar barəsində ümumiləşdirmələr apararaq obyektiv fikirlər söyləyir, konkret dövr, mərhələ üçün zəruri olan xüsusiyyətləri müəyyənləşdirir. Bütün bu yanaşmaların nəticəsində  pedaqogika tarixinin yeni səhifələri yaranır.

 

Pedaqoji tənqidin tarixi kökləri

 

Pedaqoji tənqid haqqında olan fikirlərin bir qismi də onun mövcud olmaması, yaradılmasının zəruriliyi ilə bağlıdır. Həm də bu yanaşmaların meydana gəlməsi və sistemli şəkildə xidmət göstərməməsi, bilavasitə onun hazırkı islahatyönümlü fəaliyyətlərimizin tələblərinə cavab verməməsi ilə əlaqədardır. Belə ki, Azərbaycan təhsilindəki  sürətli innovativ yeniliklər, cəmiyyətin tələbatına uyğun aparılan dəyişikliklər öz növbəsində subyektiv mülahizələrdən kənar elmi-nəzəri əsaslara söykənən münasibətlər, reaksiyalar tələb edir. Pedaqoji prosesin zənginləşdirilməsinə və inkişafına ardıcıl və sistemli şəkildə xidmət göstərməli olan pedaqoji tənqid hadisəsinin baş verməməsi narahatlıq yaradır.

 

Əslində isə pedaqoji tənqid daha mobil və çevik yanaşmaları ilə pedaqoji  prosesə münasibət bildirməli, hər zaman onun inkişafını yönləndirməlidir. Hər addımda “pedaqoji tənqid pedaqogika tarixi və nəzəriyyəsinin zənginləşməsinə material verməlidir” (Fərrux Rüstəmov).

 

Pedaqoji tənqid özünün bütün koordinatları ilə bu gün müzakirə olunsa da, onu yeni, bu günün hadisəsi hesab etmək olmaz. Pedaqoji tənqid zaman-zaman pedaqoji prosesin yaranması ilə birgə təşəkkül tapmışdır. Onun tarixi kökləri qədim Yunanıstana gedib çıxır. Platon və Aristotel kimi filosoflar fərdin inkişafına, əqli və əxlaqi fəzilətlərin təbliğinə diqqət yetirən təhsil haqqında ideyalar irəli sürmüşlər. Pedaqoji tənqid bəşəriyyətin tarixi boyu hər bir dövrdə təhsilə yeni ideyalar və yanaşmalar bəxş etmişdir.

 

Pedaqoji proses baş verən zaman məntiqi olaraq ona münasibətlər də yaranmışdır ki, bunlar özləri pedaqoji tənqidin elementləri kimi indi də dəyərini qoruyub saxlamaqdadır. Və pedaqoji prosesin müxtəlif zamanlarda inkişafı ilə bərabər, pedaqoji tənqidin parametrləri pillə-pillə inkişaf edərək formalaşmışdır.

 

Artıq ötən əsrin əvvəllərindən etibarən yeni mərhələyə qədəm qoyan pedaqoji elmlərin inkişafı ilə birgə pedaqoji tənqid də fəaliyyətini davam etdirir. Azərbaycanda pedaqoji elmin inkişaf tarixini əhatəli şəkildə öyrənən istedadlı pedaqoq alim, professor Fərrux Rüstəmov özünün “Azərbaycan pedaqogikaşünaslığı” adlı əsərində belə qənaətə gəlir ki, “20-ci illərdə pedaqoji fikir məzmunca yeni mərhələyə daxil oldu. Yaranmaqda olan yeni pedaqogika elminin nəzəri problemləri, metodoloji məsələləri, xüsusilə pedaqoji cərəyanların təsnifatı ilə bağlı müxtəlif fikirlər pedaqoji tənqidin tədqiqat və diskussiya  predmetinə çevrildi”. Və beləcə inkişaf etməkdə olan pedaqoji proseslə yanaşı, praktik olaraq münasibətlər fonunda özünü göstərən, pedaqoji tənqidi simvolizə edən müxtəlif səviyyəli təhlillər, yanaşmalar formalaşdı. Lakin təhlillərin dərin olmaması, orada təsvirçiliyin üstünlük təşkil etməsi, ümumiləşdirmələrin zəifliyi pedaqoji tənqidin gücünə, effektliliyinə təsir göstərdi. Bu isə bilavasitə pedaqoji tənqidin ümumi prinsiplərinin, elmi-nəzəri əsaslarının formalaşmaması ilə bağlı idi. Həqiqi olan isə bu idi ki, daim müsbətə  doğru  dəyişməkdə olan pedaqoji proses pedaqogika tarixi və pedaqogika nəzəriyyəsi kimi elm sahələrinin inkişafını tələb etməklə yanaşı, onların əlaqə və birliyini təmin edən pedaqoji tənqidin elmi əsasda formalaşmasına  ehtiyac duyurdu. Onun obyektivlik tribunasından  söylənilən təkliflərindən qidalanmaq istəyirdi.

 

Pedaqoji tənqidin vəzifələri

 

Pedaqoji tənqid daha çox pedaqoji aləmi dərk etmək və təhsilin keyfiyyətini artırmaq məqsədilə təhsil proseslərinin, təcrübələrinin və məhsullarının sistemli öyrənilməsi ilə məşğul olur. Son dövrlərdə texnologiyaların inkişafı, qloballaşma və sosial dəyişikliklər nəticəsində təhsil sistemlərinin mürəkkəbləşməsi, ciddi sosial fenomenə çevrilməsi  pedaqoji tənqidin üzərinə düşən məsuliyyəti daha da artırmışdır.

 

Pedaqoji tənqid mahiyyət etibarı ilə pedaqogikaşünaslığın təhsil təcrübələrinin, nəzəriyyələrinin və materiallarının təhlili və qiymətləndirilməsi ilə məşğul olan  bir sahəsidir. O, təhsilin müxtəlif aspektlərini tənqidi şəkildə araşdıraraq tədris və öyrənməni təkmilləşdirmək məqsədi daşıyır. Onun bir sıra bəzi vəzifələrini aşağıdakı kimi qeyd etmək olar.

 

  • 1. Təhsil proqramlarının (kurikulumların) təhlili. Tədris olunan materialın uyğunluğu, düzgünlüyü və əhatəliliyinin qiymətləndirilməsi üçün kurikulumun məzmunu və strukturu diqqətlə nəzərdən keçirilir. Həmçinin effektiv təlim nəticələrini təşviq etmək üçün kurikulumun ardıcıllığının və təşkilinin qiymətləndirilməsi aparılır.
  • 2. Tədris metodlarının tədqiqi. Tədris metodları dedikdə müxtəlif tədris metodlarının və təlim strategiyalarının təhlili nəzərdə tutulur. Buraya interaktiv təlim məşğələləri, mühazirə əsaslı tədris, sorğuya əsaslanan öyrənmə və ya layihəəsaslı öyrənmə kimi müxtəlif yanaşmaların effektivliyinin qiymətləndirilməsi daxildir. Həmçinin bu metodların müxtəlif fənlər, yaş qrupları və öyrənmə səviyyələri üçün uyğunluğu nəzərdə tutulur.
  • 3.  Müasir təhsil proseslərinin mahiyyətinin dərk olunması. Vəziyyəti öyrənmək və gələcək fəaliyyətləri müəyyənləşdirmək məqsədilə pedaqoji proseslər və təcrübələrlə bağlı aparılmış monitorinq və qiymətləndirmələrin nəticələrini təhlil edir, dövri olaraq ümumiləşdirmələr aparır, strateji addımlar üçün təkliflər verir. Təhsil sahəsi üzrə ədəbiyyatın tələbələrə, müəllimlərə və digər maraqlı tərəflərə təsirini araşdırır, təhsil sisteminin şagirdləri/tələbələri gələcəyə necə hazırladığını qiymətləndirir.
  • 4. Qiymətləndirmə təcrübələrinin dəyərləndirilməsi. Burada təhsilalanların öyrənməsini qiymətləndirmək üçün istifadə olunan metodların araşdırılması, o cümlədən qiymətləndirmələrin ədalətliliyinin, etibarlılığının, düzgünlüyünün və s. qiymətləndirilməsi nəzərdə tutulur. Həmçinin onların bilik və bacarıqlarının daha hərtərəfli başa düşülməsinə kömək edən alternativ qiymətləndirmə yanaşmaları da əhatə olunur.
  • 5. Tədris materiallarının qiymətləndirilməsi. Tədris materialı kimi dərsliklərin, tədris vəsaitlərinin və digər tədris materiallarının nəzərdən keçirilməsi də pedaqoji tənqidin vəzifəsinə daxil olunan məsələlərdəndir. Orada təqdim olunan məlumatın düzgünlüyünün, istifadə edilən dilin və görüntülərin uyğunluğunun qiymətləndirilməsi, müxtəlif perspektivlərin və təcrübələrin təmsil olunması əsas şərtlər kimi diqqət mərkəzində saxlanılır. Materialların bütün təhsilalanlar üçün əlçatanlığının və inklüzivliyinin mümkünlüyü vacib şərt kimi götürülür.
  • 6. Sinif idarəçiliyi. Sinif idarəçiliyinə müəllimlərin müsbət və inklüziv öyrənmə mühitini necə qurduğunu, şagird/tələbə davranışını necə idarə etdiyini və təhsilalanları fəallığa necə təşviq etdiyini, eləcə də sinif idarəetmə üsullarının motivasiyası və təlim nəticələrinə təsirini qiymətləndirmək daxildir.
  • 7. Sosial-mədəni amillərin nəzərə alınması. Pedaqoji tənqid təhsilin baş verdiyi sosial-mədəni konteksti nəzərə alır. Burada təhsil təcrübələri və materiallarının müxtəliflik, bərabərlik və sosial ədalət məsələlərini necə əks etdirdiyini və həll etdiyini araşdırmaq, həmçinin ictimai normaların, dəyərlərin tədris və öyrənməyə təsirini nəzərə almaq əsas götürülür.
  • 8. Pedaqoji innovasiyaların sosial dəyişikliklərə uyğun aparılmasını, onların müasir şagirdlərə/tələbələrə uyğunluğunu müəyyənləşdirir və şərh edir, pedaqoji ictimaiyyəti ondan istifadəyə təşviq edir və s.

 

Pedaqoji tənqid bu vəzifələri yerinə yetirməklə təkmilləşdirilməli sahələri müəyyən etmək, təhsil işçiləri arasında mənalı dialoqu asanlaşdırmaq və daha effektiv təhsil təcrübələrinin inkişafına kömək etmək məqsədini yerinə yetirə bilər.

 

Ölkəmizdə aparılan təhsil islahatları, quruculuq işləri, bilavasitə pedaqoji tənqidə olan ənənəvi münasibətlərin dəyişməsi onun məqsəd və vəzifələrinin, fəaliyyətinin obyektivliyini təmin edə bilən elmi prinsiplərinin müəyyənləşdirilməsini tələb edir.

 

Pedaqoji tənqidin prinsipləri

 

Pedaqoji tənqid təhsil məqsədlərinə çatmaqda pedaqoji yanaşmaların effektivliyini, aktuallığını və təsirini qiymətləndirmək məqsədi daşıyır. Pedaqoji tənqid öz fəaliyyətini bir sıra elmi prinsiplər əsasında davam etdirir ki, onlardan bəziləri aşağıdakılardan ibarətdir.

 

1. Təhsil prosesinə uyğunluq. Pedaqoji tənqid təhsil təcrübələrinin təhsilalanların məqsədləri, ehtiyacları və gözləntiləri, eləcə də daha geniş ictimai və mədəni kontekstlərlə uyğunlaşdırılmasını nəzərdən keçirir. O, təhsil məzmununun, metodlarının və materiallarının öyrənənlər üçün uyğun və mənalı olub-olmadığını araşdırır.

2. Təlim nəticələrinin nəzərə alınması. Pedaqoji tənqid nəzərdə tutulan təlim nəticələrinə diqqət yetirir və tətbiq edilən pedaqoji strategiyaların bu nəticələrin əldə olunmasına effektiv kömək edib-etmədiyini qiymətləndirir. O, öyrənmə məqsədlərinin aydın, ölçülə bilən və müvafiq səviyyədə olduğunu müəyyənləşdirir.

3. Sübutların tədqiqata əsaslanması. Pedaqoji tənqid təhsil təcrübələrinin effektivliyini qiymətləndirmək üçün tədqiqata əsaslanan sübutlara və empirik məlumatlara istinad edir. Tənqid və qiymətləndirmə prosesini məlumatlandırmaq üçün təhsil tədqiqatlarının nəticələrini, nəzəriyyələri və ən yaxşı təcrübələri əsas götürür.

4. Yanaşmaların şagird/tələbə mərkəzli olması. Pedaqoji tənqid şagirdlərin/tələbələrin ehtiyaclarını, maraqlarını və təcrübələrini prioritetləşdirir. Pedaqoji yanaşmalarda şagirdlərin/tələbələrin müxtəlif öyrənmə üslublarını, qabiliyyətlərini və imkanlarını nəzərə alıb-almadığını yoxlayır, fəal iştirak, tənqidi düşüncə və mənalı öyrənmə təcrübələrini təşviq edir.

5. Davamlı təkmilləşdirmə. Pedaqoji tənqid təhsil təcrübələrində davamlı təkmilləşdirmə ehtiyacını qəbul edir. O, müəllimləri özünüqiymətləndirmə ilə məşğul olmağa, rəy almağa və tədris metodlarının effektivliyini artırmaq üçün lazımi düzəlişlər aparmağa istiqamətləndirir.

6. Etik mülahizələrin nəzərə alınması. Pedaqoji tənqid təhsildə etik mülahizələri də nəzərə alır. O, pedaqoji təcrübələrin öyrənənlərin hüquq və ləyaqətinə hörmət edib-etmədiyini, inklüzivliyi və bərabərliyi təşviq edib-etmədiyini, müsbət öyrənmə mühitini dəstəklədiyini qiymətləndirir.

Bu prinsiplər təhsilin cəlbedici, effektiv və mənalılığını müəyyən etmək üçün pedaqoji təcrübələrdən istifadə olunmasına imkan yaradır. Həmçinin müəllimlərə tədris metodlarını təkmilləşdirmək və təhsilin keyfiyyətini artırmaq üçün əsaslandırılmış qərarlar qəbul etməyə kömək edir.

 

Nəticə

 

Biz bu məqalədə pedaqoji tənqidin bəzi məsələləri barədə danışdıq. Ölkəmizdə aparılan təhsil sahəsindəki quruculuq işləri ona diqqətin artırılmasını, pedaqoji tənqidin pedaqogikaşünaslıq elminin bir təkib hissəsi kimi öyrənilməsini və tətbiqini tələb edir. Bunun üçün pedaqoji tənqidlə bağlı strateji addımların müəyyənləşdirilməsi, müxtəlif təhsil müəssisələrində pedaqoji prosesin keyfiyyət səviyyəsini müəyyən edən və onun inkişafını dəstəkləyən müzakirə və diskussiyaların keçirilməsi təklif olunur.

 

Ənvər ABBASOV,

Bakı Slavyan Universitetinin prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim