Bibimin xatirələri


Zaman dəyişsə də tarix olanları yaddaşına köçürür. Heç nə unudulmur, heç kəs yaddan çıxmır. Nəsillər xatirələrini bir-birilərinə ötürürlər. Xüsusən də böyük bir elin, sayı minlərlə olan insanların doğma yurd-yuvalarından qovulması bəşəri bir zülm adını almağa layiqdir...

 

Doğulub boya-başa çatdığım nəsil şəcərəsi belə bir faciə ilə üzləşib. Tarixə qısa ekskursiya etsək 1945-ci ili xatırlamalıyıq. Nəhəng Sovetlər birliyinin “mehriban”, “sarsılmaz qardaşlıq” dövründə bizim nəsil öz dədə-baba yurdları sayılan qədim İrəvan xanlığının Əştərək mahalının Nəzirəvan kəndində yaşayırdı. Atam, əmilərim və bibilərim də Nəzirəvanda doğulmuşdular.

 

Söhbətdən yayınmayaraq 1945-ci ilə qayıdaq. Həmin ilin payızında Ermənistana bir bəd xəbər sürətlə yayıldı. Sovet dövlətinin əmri ilə indi Ermənistan ərazisinə qatılmış torpaqlarda yaşayan azərbaycanlılar öz doğma yurdlarından Azərbaycan ərazilərinə köçürüləcəklər. Stalin, Beriya və Mikoyan birləşərək azərbaycanlılara qarşı tarixi bir haqsızlığa dair qərar qəbul etdilər.

 

1947-ci il 23 dekabr və 1978-ci il 10 mart tarixli sərəncamlarla azərbaycanlıları Kür-Araz ovalığına köçürmək fikri öz təsdiqini tapdı.

 

Böyük bibim Fatma xanımın deportasiya xatirələrini saatlarla dinləmişik. Ətrafımda olan gənc nəsil, qohum-əqrəba üçün bu acı xatirələri dinləmək çox ağır olsa da tarixin ədalətsizliyini görmək, əhaliyə edilən zülmün çəkisini duymaq baxımından diqqətçəkən idi.

 

O, həmişə xatirələrə dalanda simasını kədər bürüyərdi. Əvvəlcə yaşadıqları dağ kəndinin saf havasından, barlı-bəhrəli bağlarından, sərin çeşməli bulaqlarından, özlərinə məxsus adət-ənənələrindən, böyük yolunu tutmalarından ağızdolusu danışardı. Düzlük, namuslu olmaq başlıca meyar idi. Bibim deportasiya vaxtı on altı yaşının olmasını, baş verən hadisələri aydınlığı ilə anlamasını bildirərdi. Moskva 1948-1953-cü illər ərzində yüz minlərlə azərbaycanlını deportasiya edərək doğma torpaqlarından, yurd yerlərindən köçürdü deyə- bibim hər dəfə o məsum illəri xatırlayıb yaddaşına köçmüş olayları bizə danışardı.

 

Əştərək Qərbi Azərbaycanın rayonlarından biri idi. Onun Nəzirəvan, Təkiyə, Hamamlı, Üşü, Ənirsək, Persi, Əkərək, Parpı kimi bir-birinə yaxın dağdöşü kəndləri vardı. Əhalisi də azərbaycanlılar - deyə bibim növbəti yığışımız, məclisimiz zamanı xatirələrini söyləyərdi, - Kəndimizdən on beş-iyirmi kilometrlik məsafədə Ələyəz adlı yalaq yerləşərdi. Atam kolxozun qoyun sürüsünü otarardı. Müharibə illərində cavan uşaqlar idik. Meşələrin təbii sərvətlərindən, nemətlərindən yeyərdik. Hamısı da əhvalımıza dayaq duran vitaminli şirəli meyvələr.

 

Öz həyətimizdə də ağaclarımızın barından həm istifadə edər, həm də aran rayonlarından taxıla, arpaya, noxud, kartofa digər zəruri mallara dəyişərdik.

 

Camaatın heç nədən korluğu yox idi. Məhsul bol olanda İrəvana da yolumuz düşürdü. Sübh tezdən meyvə dolu arabalar İrəvana üz tutur, bazarda məhsullarımızı satar, lazım olan şeyləri alıb, axşama qədər qayıdardıq.

 

Bu qaydaya öyrəşmişdik. Ziyarət yerlərimiz, dini ocaqlarımız var idi. Bu ocaqlara üz tutan onlarla ailə diləklərini gerçəkləşdirirdi. Kəndin hündür yerində qəbiristanlığımız yerləşirdi.Yaşadığımız kəndlərin hamısında təbii bulaqlar vardı və hamısının da adı Azərbaycan dilində idi. Yay aylarında qış tədarükümüzü görərdik. Çünki qışımız çox sərt keçərdi. Qonşu qadınlar yığışıb üç, dörd aylıq lavaş bişirib, qış azuqəsini görər, imkanlı ailələr iki-üç toğlu kəsib yağda qovurar, küplərə doldururdu ki, buna da qovurma deyirdilər. Bu qovurmadan müxtəlif çeşiddə yeməklər bişirərdik.

 

Bibim deyirdi: - Xeyir-şər üçün yerdən geniş ev damlarımız vardı. Üstündə də bacası, təndir isə içəridə olurdu: Qış aylarında kənd adamları ən çox buraya yığışardı. Yaxın kəndlərdən aşıqlar gələr, axşamdan səhərəcən çalıb-oxuyar, dastan söyləyərdilər.

 

Yarımçıq qalan dastanın ardını isə ertəsi axşamlar davam etdirərdilər. Aşıqlar kənd camaatının qonağı olurdular: yeməkləri, qalmaqları ev sahibinin üzərinə düşərdi. Uşaqlar, yeniyetmələr gücləri çatan qədər dastan gecələrinə qulaq asardılar.

 

Böyük Vətən müharibəsi, 1941-1945-ci illərin ağrı-acısı bizim kəndlərdən də yan keçmədi - deyə bibim növbəti söhbətini qəmli notlarla başladı. Kəndlərimizdə necə deyərlər “başıpapaqlı” qalmamışdı. Yaşı çatanlarla bərabər boylu-buxunlu cavanları da odun-alovun içərisinə yollayırdılar. Necə deyərlər, gedər-gəlməzə... Ermənilərin əlinə fürsət düşmüşdü: hərbi xidmətə yararlı oldu-olmadı, cəbhə yaşı çatdı-çatmadı hansısa erməninin əvəzinə azərbaycanlı uşaqları göndərirdilər. Cəbhədən bizim də kəndimizə “qara kağızlar” gəlməyə başladı. Biz cavanlar meşələrimizin meyvələri, giləmeyvələri, cır alma, armudu, quşəppəyi, quzuqulağı, yemliyi ilə qidalanırdıq. Evimizin təsərrüfat işlərində böyüklər kimi çalışardıq.

 

Yaman günün ömrü az olar deyiblər. Bu, bir neçə il çəkdi və yerini daha dəhşətli məhrumiyyətlərə verdi. Ağlımız kəsirdi, hər yanda bizi köçürəcəklərindən danışardılar, kəndlərimizdə tez-tez yuxarıdan gələn “böyük” adamlar iclas edərdilər. Kəndimizin sözü keçən, ağsaqqal adamlarını da müxtəlif təbliğatlarda bu işə cəlb edirdilər.

 

Nümayəndələrimizi Azərbaycana aparar, onlara haranı məsləhət görsələr, onlar da gəlib oranı tərifləyərdilər. “Yağlı” vədlər ayaq tutub yeriyirdi. Camaatımız bu köçürmədən heç razı deyildilər deyə bibim təəssüf dolu “ah” çəkərdi. Bağ-bağatımız, evlərimiz qaldı onlara. Dünyanın ən yalançı, hiyləgər, xain adamları idilər.

 

Məhlələrimizin, evlərimizin haqqını ödəmədilər ki, pulumuz yoxdur, mal-qaramızı aparmağa icazə vermədilər ki, dabaq xəstəliyi var, kənddən çıxarmaq olmaz...

 

Haşiyə çıxaraq onu da bildirim ki, sovet dövləti imperiyasına daxil olan xalqları öz nəzarətində saxlamaq üçün daim milli ədavəti qızışdırır, xalqlar arasında qarşıdurma siyasəti yeridirdi.

 

-Ay bala, - deyə bibim nəslimizin başına gətirilən, Qərbi Azərbaycan əhalisinə edilən haqsızlıqlardan danışmağına davam edərdi: - Evlər, üstü meyvə dolu bağlar, tərəvəz yerlərimiz qaldı. Əştərəyin bir-birinə yaxın kəndlərinə “Yürüş” başladı. Hər evin qarşısında bir yük maşını dayandı. Ev əşyalarımızı qablaşdırmış, baxçalarımızı tutmuşduq. Bir daha kəndimizi başdan- ayağa gəzdik, dini ocaqlarımızı, müqəddəs yerlərimizi ziyarət etdik, babalarımızın - nənələrimizin önündə baş əydik... İrəvan dəmiryolu vağzalı ilə bağlı bir məqam yaddaşıma həkk olundu. Bibim deyirdi ki, vağzal bələdçisi ev əşyalarının yanında oturmuş adamlara baxa-baxa o baş-bu başa vargəl edirdi.

 

Bizim baxçaların ikisində topladığımız müalicəvi otlar, əvəlik bükümləri vardı. O bizim yüklərə əl uzadanda qorxdum. Dedi: - qorxma. Fikir eləməyin. Azərbaycanda hər şeyiniz olacaq. Siz qoçaq millətsiniz. Eviniz, bağ-bağçanız, mal-qaranız. Mən ürkək-ürkək, qorxu içərisində ona baxırdım.

 

Dedi: - Bircə buradakı suyunuz, meyvəniz və saf havanız olmayacaq.

 

Onda başa düşməsək də, sonralar anladıq ki, ermənilər gülüstan torpağımıza, laləzar yurdumuza çoxdan göz dikiblərmiş.

 

Bibim deyərdi: - Gəldik Aran bölgəsinin lap isti yerinə düşdük. Kürdəmirin Atakişili kəndinə. Bizim bir üstünlüyümüz o oldu ki, 50 evdən ibarət “İrəvanlılar” məhəlləsi rayonun lap yaxınlığında idi. Bizi evlərə paylamışdılar. Gözəl insan və ailə başçısı olan Camal kişi bizə səxavətlə, ürəkaçıqlığı ilə qucaq açdı. Bir gülməli hadisə elə yerləşdiyimiz gün oldu. Sərin yaylaqlardan, dağlar qoynundan bu isti aran kəndinə gələndə sanki havamız çatışmırdı, istidən boğulurduq.

 

Camal dayının heyva bağlarının içərisindəki hasarlanmış su hovuzunu görəndə özümüzü saxlaya bilmədik. Cavanlar tökülüşüb hovuzda doyunca sərinlədilər... Vay, vay siz nə etdiniz? Biz bu hovuzdan istifadə edirdik- deyə Camal dayının həyat yoldaşı səsləndi. Daha iş-işdən keçmişdi. Az keçmədi ki, bizim üçün inşa edilən mənzillər hazır oldu və oraya köçdük. Üç-dörd otaqdan ibarət iki cərgəli məhəllənin ərazisini çox geniş götürmüşdülər. Sonradan zorla köçürülmüşlərin övladları yeni ailə qurduqca onlara həyət yerləri ayrıldı. Bir evdən dörd-beş ailə yarandı. Biz çar-naçar yaşasaq da buralara öyrəşdik, kolxozda çalışmağa başladıq. Dədə-baba yurdumuza qayıtmaq bir xəyal olaraq qaldı...

 

- Amma zaman keçdikcə, gün-güzəran yaxşılaşdıqca, iqtisadi vəziyyət imkan verdikcə atam zaman-zaman İrəvana, Əştərəyə səyahətlər edib. Onu da bildirim ki, atam Sayad Qurbanovun səfərlərindən biri 1987-1988-ci illərdə baş tutub və bu səfər Əştərək rayonu, doğulduğu Nəzirəvan kəndi və qonşu kəndlərə səfərlərin zirvə nöqtəsi olub. Atam, nənəm, bacıları, qardaşları, nəvələri də daxil olmaqla beş gün doğma yurdlarına, dünyasını dəyişmişlərinin məzarlarına, müqəddəs ziyarətgahlarına baş çəkiblər. Qurumuş bulaqları, kəndi ikiyə bölən çayın yoxluğu, xeyir-bərəkətin buradan uzaqlaşdığının, evlərinin çoxunun dağıdıldığının şahidi olaraq təəssüfləniblər. Onların kənddə yaşadıqları zaman qonşuları olmuş ermənilərin timsah misallı göz yaşlarını müşahidə ediblər...

 

Bu gün yurd yerlərinin ağrı-acısını, niskilini ürəklərində daşıyan Kürdəmir rayonu, Atakişili kəndinin “İrəvanlı məhəlləsinin” seyrəkləşən qocaları ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il əsarətdə qalmış torpaqlarımızın azad edilməsini böyük sevinc hissi ilə qarşılayırlar. Əzəli və əbədi tarixi torpaqlarımızın geri qaytarılması istiqamətində beynəlxalq səviyyədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl və qətiyyətli mübarizəsini xalqımız dəstəkləyir və alqışlayır. Yeni fəaliyyətə başlayan Qərbi Azərbaycan icmasının məqsəd və məramı tarixi ədalətsizliyin aradan qaldırılmasına yönəldilib.

 

Bütün dünya anlamalıdır ki, bizim heç kimin torpağında gözümüz yoxdur.

 

Beynəlxalq konvensiyalara uyğun olaraq dövlətimizin ərazi bütövlüyünü istəyirik!

 

Başqa təmənnamız yoxdur. Bizim sülh işimizə, istəyimizə mane olmaq, ermənilərə yarınmaq istəyənlərin arzuları ürəklərində qalacaqdır. Çünki bizim iş haqq işidir.

 

Xəqani QURBANOV,

Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin aparıcı məsləhətçisi