Fond peşə təhsilinin inkişafında maliyyələşmə mexanizmi rolunu oynayacaq


Azərbaycanda Peşə Təhsilinin İnkişafı Fondu təsis ediləcək. Peşə təhsilinin inkişafında maliyyələşmə mexanizmi rolunu oynayacaq Fondun Nizamnamə layihəsi hazırlanır.

 

“Azərbaycan müəllimi” qəzetinə açıqlama verən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi Amil Əlilinin sözlərinə görə, bununla bağlı “Peşə təhsili haqqında” qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli Fərmanında tapşırıq verilib: “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin 2-ci strateji hədəfinə uyğun olaraq, “Peşə Təhsilinin İnkişafı Fondu” dövlət peşə təhsili müəssisələrinin büdcədənkənar gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını təmin edəcək və peşə təhsilinin inkişafında maliyyələşmə mexanizmi rolunu oynayacaq. Fondun yaradılması ilə bağlı müvafiq sənədlər hazırlanaraq rəy və təkliflərin bildirilməsi üçün aiddiyyəti qurumlara təqdim olunub”.

 

A.Əlininin sözlərinə görə, peşə təhsili sahəsində olan yeniliklər bununla bitmir. Peşə təhsili sahəsində qəbul olunması zəruri sayılan xeyli normativ hüquqi aktlar hazırlanır. Onların bir qismi artıq hazır olsa da, bir qisminin layihəsi üzərində iş gedir: “Hazırda “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”, “Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin və xüsusi peşə təhsili müəssisələrinin nümunəvi Nizamnaməsi”, “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası” üzərində iş gedir. Ancaq “Azərbaycan Respublikasında peşə təhsilinin dövlət standartları”, “Təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması və təhsilalanların biliyinin yenidən qiymətləndirilməsi Qaydaları”,  “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədi ilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydaları”, “İşəgötürənlərlə əməkdaşlıq mexanizminin qurulması, işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyasının təmin edilməsi üçün stimullaşdırıcı tədbirlər haqqında Qaydalar”, “Azərbaycan Respublikası cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələri və xüsusi peşə təhsili müəssisələri üçün dövlət peşə təhsili standartları”, “Peşə təhsili müəssisəsi, təhsilalan və işəgötürən arasında istehsalat təcrübəsinin iş yerində keçirilməsinə dair üçtərəfli müqaviləsinin layihəsi”, “Peşə təhsili müəssisələrində yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili Qaydaları”nın layihələri artıq hazırdır. Layihələrin hazırlanmasına yalnız yerli deyil, eləcə də beynəlxalq ekspertlər cəlb olunub”.

 

Ruhiyyə Daşsalahlı