Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) “Virtual reallıq və innovasiyalar vasitəsilə peşə təhsilinin və təlimin keyfiyyətinin artırılması” (VrinVET) adlı Erasmus+ layihəsi çərçivəsində Türkiyənin Nevşehir Hacı Bektaş Veli Universiteti (NEVU) ilə tərəfdaşlığa başlayıb.

 

Nevşehir Hacı Bektaş Veli Universitetində VrinVET layihəsi çərçivəsində tərəfdaşların ilk idarəedici görüşü baş tutub. Erasmus+ proqramı çərçivəsində icra olunacaq layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Layihənin əsas məqsədi məktəb rəhbərlərinə, pedaqoqlara, müəllimlərə və tələbələrə XXI əsrin təhsil texnologiyalarından yaradıcı və səmərəli şəkildə istifadənin öyrədilməsi və həvəsləndirmədir.

 

Görüşdə Türkiyə, Azərbaycan, Albaniya, Əlcəzair, Yunanıstan, İtaliya və Polşadan olan nümayəndələr iştirak ediblər. Layihə çərçivəsində baş tutmuş səfərdə ADPU-nu Xarici Dillər Mərkəzinin baş müəllimləri Yasəmən Babayeva və Jalə Səmədova təmsil ediblər.

 

Görüşün açılış hissəsində NEVU-nun rektoru professor Semih Aktekin layihə tərəfdaşlarını salamlayaraq giriş nitqi ilə çıxış edib. Daha sonra layihə rəhbəri, professor Mustafa Hilmi Çolakoğlu layihə və universitet haqqında geniş məlumat verib. Həmçinin Yunanıstan və Albaniyadan olan layihə menecerləri də layihədə görülmüş və görüləcək işlər, layihəyə ayrılmış büdcə haqqında məlumat veriblər. Növbəti gün isə nümayəndələr texnoparka səfər edərək layihədə istifadə ediləcək VR gözlüklər və cihazlarla əyani tanış olublar.