Pedaqoji ixtisaslar üzrə təhsil alan bütün tələbələr inklüziv təhsil haqqında məlumatlanacaqlar


UNİSEF-Azərbaycan və “Regional İnkişaf” İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə bu ildən 2 böyük layihəyə başlayıb. Təhsil Nazirliyi hər iki layihədə strateji tərəfdaşdır. Layihələr inklüziv təhsil sahəsində çalışacaq kadrların hazırlığına dəstək olacaq. Belə ki, Bakı və bir neçə başqa rayonun ümumtəhsil müəssisələrində, pedaqoji ixtisaslar olan universitetlərdə ənənəvi metodkabinet rolunu oynayacaq resurs mərkəzlərinin yaradılması nəzərdə tutulub. Nəzərdə tutulan rayon və ya şəhərlərdə inklüziv siniflərdə dərs keçən müəllimlər mütəmadi olaraq oradakı resurslardan, avadanlıqlardan yararlana biləcəklər. Bu barədə “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında Təhsilin inkişafı proqramları şöbəsinin məsləhətçisi Orxan Abasov məlumat verib. Onun sözlərinə görə, UNİSEF-Azərbaycan “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” adlı layihə çərçivəsində ümumtəhsil müəssisəsinin bir sinfini bütün avadanlıqlarla təchiz edəcək: “İndiyədək bu sahədə olan ən böyük çatışmazlıq resurs azlığıdır. Hətta ali təhsil müəssisələrində bu sahədə dərslər ayrıldığına baxmayaraq, müəllimlər kitab və dərsliklərin azlığından şikayətçidirlər. Məcbur olurlar xarici dillərdə olan ədəbiyyatlardan tərcümə edib yararlansınlar. Bu layihə çərçivəsində məhz lazımi resursların tərcüməsi də nəzərdə tutulub”.

 

“Regional İnkişaf” İctimai Birliyi isə ali təhsil müəssisələrində resurs mərkəzləri yaradacaq. “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsində müəllim və tələbələr üçün nəzərdə tutulan resurs mərkəzlərində  ixtisasartırma təlimlərinin, ali təhsil müəssisələrində təhsil proqramlarının təkmilləşdirilməsi də nəzərdə tutulub. O.Abbasov deyib ki, ümumiyyətlə, gələcəkdə inklüzivlik təhsilin bir komponentinə çevriləcək: “Nəzərdə tutulub ki, pedaqoji təhsil alan bütün tələbələr inklüziv təhsil haqqında ali məktəblərdə məlumatlandırılsın. Hazırda işləyən müəllimlərin bu sahədə hazırlığını təmin etmək üçün isə hər iki layihə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ilə yaxından əməkdaşlıq edir. İnklüziv təhsil sahəsində təlim modulları hazırlanır. Həmin modullar hazır olduqdan sonra hissə-hissə bütün müəllimlərin həmin təlimlərə cəlb olunması nəzərdə tutulub. Təlimlər 2019-cu ilin fevralından başlayacaq”.

 

Ruhiyyə Daşsalahlı