BMU-da Novruz bayramı təntənəli şəkildə qeyd olunub


Bakı Mühəndislik Universitetində (BMU) "Bu yaz bir başqa yazdır" adlı Novruz şənliyi təşkil edilib.

 

Universitetin rəhbərliyi, müəllim-tələbə heyətinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev Azərbaycan xalqının milli-mənəvi  dəyərlərinin zənginliyini, çoxəsrlik keçmişini özündə yaşadan Novruz bayramı münasibətilə kollektivə ən səmimi təbriklərini çatdırıb.

 

Rektor Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın ən mötəbər dövlət bayramı adlandırdığı Novruzun bu gün xalqımız tərəfindən daha yüksək şövqlə qeyd olunduğunu, bayramın builki gəlişinin Vətənimiz üçün böyük anlam kəsb etdiyini, xüsusi rəmzi məna daşıdığını vurğulayıb.  Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyimizin tam bərpasından sonra Novruz tonqallarının doğma Qarabağımızın digər guşələri kimi, Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavənddə, Ağdərədə yanması günümüzün reallığına çevrilib. Bayram ruhunun bütünləşən torpaqlarımızda qürur hissi ilə yaşandığını deyən rektor bununla da ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhunun şad olduğunu qeyd edib.

 

Sonra rektor Novruzun rəmzi olan bayram tonqalını alovlandırıb.

 

Şölələnən tonqal ətrafında bayram şənliyi universitetin Bədii yaradıcılıq bölməsinin hazırladığı konsert proqramı ilə davam edib.