Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi bu il də ənənəsini davam etdirərək, Novruz bayramı münasibətilə Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin sakinləri ilə görüşüb.

 

UNEC rektoru professor Ədalət Muradov müəssisənin qocaman sakinlərini bayram münasibətilə təbrik edib, onlara sevgi və qayğı göstərməyin hər birimizin mənəvi borcu olduğunu bildirib. Azərbaycan xalqının öz ağsaqqallarına və ağbirçəklərinə münasibətdə diqqət və sevgisi ilə fərqləndiyini deyən rektor, gənclərə bu sevgini aşılamağın önəmini vurğulayıb.

 

Sonra Yaradıcılıq Mərkəzinin üzvləri olan tələbələr ahıllar qarşısında şən musiqilər ifa ediblər. UNEC tələbəsi Rəvan Əliyevin müəllifi olduğu “Ana” şeiri hər kəsə duyğulu anlar yaşadıb.

 

Müəssisənin ağsaqqal sakinləri səsləndirdikləri musiqi və şeirlər ilə hər kəsin qəlbində unudulmaz izlər qoyublar.