Bakı Dövlət Universiteti (BDU) tərəfdaş olduğu Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf etdirilməsi (DIRNA) adlı Erasmus+ layihəsi çərçivəsində İtaliyanın Akvila şəhərində keçirilən təlim proqramında təmsil olunub. Avropanın 3, ölkəmizin 8 ali təhsil müəssisəsinin nümayəndələrinin qatıldığı təlimdə BDU-nun Elmi kitabxanasının direktoru, layihənin BDU üzrə rəhbəri Nigar İsmayılova və kitabxananın Metodiki iş və əməkdaşlıq şöbəsinin müdiri, layihənin meneceri Cəmilə Yusifova da iştirak ediblər.

 

Degli Studi Dell’Aquila Universitetinin ev sahibliyi ilə keçirilən təlimin məqsədi Azərbaycanın layihədə tərəfdaş olan ali təhsil müəssisələrində tədqiqat nəticələrinin idarə edilməsinin təkmilləşdirilməsi, keyfiyyətli elmi tədqiqatlara, tədqiqat nəticələrinə açıq çıxışın dəstəklənməsi, hamıya əlçatan institusional repozitoriyalar (elektron arxivlər) şəbəkəsinin yaradılması üzrə İtaliya təcrübəsinin öyrənilməsi olub.

 

Təlimin ilk günü Degli Studi Dell’Aquila Universitetinin beynəlxalq əlaqələr üzrə rektor məsləhətçisi, professor Anna Tozzi universitetin beynəlxalq əlaqələri və layihələr, xüsusilə DIRNA layihəsinin reallaşması haqqında geniş məlumat verib. Tədbirdə universitetin tanıtım çarxı təqdim edilib. 

 

Səfər proqramı çərçivəsində Degli Studi Dell’Aquila Universitetinin Kitabxanasının rəhbərliyi və əməkdaşları tərəfindən UnivAQ ktabxana sistemi və xidmətləri, IRIS –İnstitusional Tədqiqat İnformasiya sisteminin işləmə mexanizmi, açıq giriş və Horizon Avropa beynəlxalq layihələri, açıq elmi bazalar, tədqiqat məlumatlarının idarə edilməsi kimi mühüm istiqamətlərdə təqdimatlar nümayiş etdirilib, müzakirələr və fikir mübadisi aparılıb. Nümayəndə heyəti, həmçinin universitetin “Humanitar” və “Mühəndislik” kitabxanalarını ziyarət edib, kitabxanaların infrastrukturu və iş prinsipi ilə yaxından tanış olublar.

 

Təlim iştirakçıları sertifikatla təltif ediliblər.