Bakı Dövlət Universitetində 31 mart hadisələrinə həsr olunmuş konfrans keçirilib


Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və  faktlar” mövzusunda konfrans keçirilib.

 

Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycan xalqı son iki yüz ildə erməni vandalizmi və terrorizminə məruz qalıb: “Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də məhz 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin xüsusi qəddarlıqla törətdikləri kütləvi qırğınlardır. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. On minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilib, milli mədəniyyət abidələri, tarixi binalar və məscidlər dağıdılıb. Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Muğan, Xaçmaz, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində ermənilər tərəfindən amansız qanlı faciələr törədilib. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilib. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilib, əhalisi misli görünməmiş amansızlıqla öldürülüb".

 

YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə də bildirib ki, ermənilər tərəfindən 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə xalqımıza qarşı kütləvi cinayətlər törədilib:”Amma sovetlər dönəmində bu faktlar gizlədilib və ya təhrif olunmuş şəkildə təqdim edilib. Keçmişin acı səhifələrinin növbəti nəsillərin yaddaşında həkk edilməsinə, real həqiqətlərin araşdırılmasına imkan verilməyib. Nəticədə ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində erməni ekspansionist şovinizmi bir daha baş qaldırdı, Azərbaycan xalqı yenidən çətin sınaqlara, deportasiya, etnik təmizləmə, işğala məruz qaldı və Xocalı soyqırımı kimi dəhşətli faciə yaşandı. Yalnız müstəqillik illərində keçmişimizin gerçək mənzərəsini yaratmaq və xalqımıza qarşı dəfələrlə törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət vermək imkanı qazandıq. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında” Fərman mühüm tarixi əhəmiyyət kəsb edir”.

 

Milli Məclisin deputatı Nizami Səfərov  1918-ci ilin mart qırğınlarını bəşəriyyət tarixinin ən qanlı səhifələrindən biri kimi dəyərləndirib. Bildirib ki,  bu soyqırımı Bakı ilə yanaşı, Azərbaycanın digər bölgələrini, eləcə də Qərbi Azərbaycan ərazisini əhatə edib,  insanların vəhşicəsinə öldürülməsi ilə yanaşı, çoxlu sayda yaşayış məntəqələri də tamamilə dağıdılıb.

 

Beynəlxalq hüquqa əsasən,  bu cinayətlərin soyqırımı olduğunu deyən deputat dünya təcrübəsindən nümunələri də xatırladıb. N.Səfərov bütövlükdə soyqırımı və insanlıq əleyhinə cinayətlər haqqında mövcud olan beynəlxalq sənədlər, konvensiyalar haqqında məlumat verib. O, bütün bunların fonunda beynəlxalq birliyin erməni cinayətlərinə səssiz qalmasını ikili standartların göstəricisi hesab edib.

 

Tədbir diskussiya şəraitində davam edib və iştirakçıların sualları cavablandırılıb.