Altay Pənahov: “Müharibənin ilk günlərində 10-a yaxın şagirdimlə, məzunumuzla qarşılaşdım”


“Azərbaycan müəllimi” qəzetinin növbəti döyüşçü müəllim qonağı İsmayıllı rayonu A.Məmmədov adına Diyallı kənd tam orta məktəbin Çağırışaqədərki hazırlıq rəhbəri Altay Pənahovdur. 50 yaşlı ehtiyyatda olan kapitan AzTU-nun 1996-cı il məzunudur. Avtomatika və hesablama texnikası fakültəsində “İstehsal proseslərinin avtomatlaşdırılması” ixtisası üzrə təhsil alıb.

 

Döyüş yolu: istiqamət Talış, Suqovuşandır!

 

1997-ci ildə həqiqi hərbi xidmətə leytenant rütbəsində başlayıb. Artilleriya diviziyasında kəşfiyyat rəisi, əlahiddə tank əleyhinə batareyanın komandiri vəzifələrində xidmət edib.1998-ci ildə baş leytenant hərbi rütbəsi alıb. 1999-cu ilin dekabrında Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyyata buraxılıb.

 

Vətən müharibəsi başlayanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə zabit kimi müraciət etdi. Çağırışa: “Sentyabrın 29-da cəbhəyə yollandım, Müzəffər Ordumuzun Talış, Suqovuşan istiqamətlərindəki döyüş əməliyyatlarında minaatan batareyanın komandiri vəzifəsində döyüş tapşırıqlarını yerinə yetirməkdən başladım”.

 

Şəhid müəllim Famil Əhmədzadə ilə yolu kəsişdi

 

Müəllim yoldaşı ilə yolu müharibədə də kəsişdi. Altay Pənahov döyüşçü, şəhid müəllim Famil Əhmədzadə ilə rastlaşdıqlarını deyir: “Famil müəllimi əvvəldən tanıyırdım. Sentyabrın 29-da mən getdim, 1 gün sonra o gəldi. Hərbi hissədə rastlaşdıq. Oktyabrın 12-dək bir bölmədə olduq. Onu  başqa tabora verdilər, ayrıldıq”.

 

Ayın 12-də ayrılıblar, 14-də Famil müəllim şəhid olub...

 

Altay müəllimin, sadəcə müəllim həmkarı ilə yox, şagirdləri ilə də yolları döyüş meydanında yenidən kəsişib: “Müharibənin ilk günlərində 10-a yaxın   şagirdimlə, məzunumuzla qarşılaşdım. Sonra 3 nəfəri ilə bir taborda olduq. Ümumiyyətlə, Vətən müharibəsində 39 şagirdim iştirak etdi. Onlardan 2-si şəhid oldu, 1-i itkin düşdü”.

 

Altay müəllimin isə taboru da, döyüş istiqaməti də müharibənin sonunadək dəyişməyib: “Bizim hərbi hissənin istiqaməti müharibənin əvvəlindən sonunadək bir istiqamətdə oldu - Talış, Suqovuşan istiqaməti...”

 

2020-ci ilin dekabrında ordudan növbəti dəfə tərxis olunub ehtiyata buraxılarkən o, artıq kapitan idi. Sadəcə rütbəsi qalxmayıb, indi onun sinəsini medal və döş nişanı bəzəyir: “2021-ci ildə “Suqovuşanın azad olunmasına görə”, 2022-ci ildə  isə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olundum”.

 

“Yetirmələrim əsl vətənpərvərlik nümunəsi göstərdilər”

 

O, 2003-cü ildən müəllimdir. Müəllim kimi bilik və bacarığı qiymətləndirilib: “Diaqnostik qiymətləndirmədə iştirak etmişəm və 51 bal toplamışam”.

 

Müəllim olduğu gündən çağırışaqədərki hazırlıq rəhbəri kimi gəncləri hərbi vətənpərvərlik ruhunda yetişdirir, ordu sıralarına hazırlayır: “Hazırladığım  komandalar dəfələrlə hərbi-idman oyunlarının rayon, zona və respublika turlarında qalib olub. “Şahin” hərbi idman oyunlarında komandamız 2012-ci ildə respublika finalında 2-ci, 2016-cı ildə 4-cü pillədə yer aldı, 2023-cü ildə isə 1-ci yeri tutaraq ölkə çempionu oldu. Sadəcə yarışda yox, döyüşlərdə də yetirmələrim əsl vətənpərvərlik nümunəsi göstərdilər”.

 

Orduya necə yetişdirdiyini isə  Vətən müharibəsində qəhrəmancasına döyüşən 39 şagirdi sübut edib. Elm və Təhsil Nazirliyi də bunu nəzərə alaraq Altay müəllimin bu böyük uğurunu 2023-cü ildə qiymətləndirib. O,“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

 

Ruhiyyə DAŞSALAHLI