“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirin açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayevlə yanaşı, gənclər və idman nazirinin müavini İndira Hacıyeva və ARTİ-nin direktor müavini Fuad Qarayev çıxış edib.
 
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra tədbir iştirakçıları şagirdlərin layihələrindən ibarət sərgi ilə tanış olublar.
 
Məlumat üçün bildirək ki, ABŞ-nin "Society for Science" təşkilatı tərəfindən təşkil olunan İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində ölkəmizdə keçirilən və 17-19 aprel tarixlərini əhatə edəcək "Sabahın alimləri" XIII Respublika Müsabiqəsinin final mərhələsində ümumi təhsil müəssisələrində təhsil alan IX-XI sinif şagirdlərinin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə ekspertlər tərəfindən qiymətləndirilmiş işləri təqdim olunacaq.
 
Vaqif FƏTULLAYEV