"Müstəqillik dövründə ilk dəfədir ölkəmizdə 10 minə yaxın əcnəbi tələbə təhsil alır". 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Mədəniyyətlərarası dialoq üzrə VI Dünya Forumunda "Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu" adlı panel sessiyasında çıxışı zamanı deyib.
 
O bildirib ki, əcnəbi tələbələr gənclərimiz arasında fərqli mədəniyyətlərə inteqrasiyanı və multikulturalizmi təşviq etmək, yeni təcrübənin ölkəmizdə tətbiqi baxımından mühüm rola malikdirlər.
 
"Eyni zamanda ümumilikdə xaricdə Dövlət Proqramları çərçivəsində 4500-ə yaxın gəncimiz dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb" - deyə nazir müavini qeyd edib.
 
F.Qurbanov əlavə edib ki, təqdirəlayiq haldır ki, bu gün dünyanın 19, Azərbaycanın isə 40- dək ali təhsil müəssisəsinin bakalavr və magistratura səviyyələrində "Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə giriş" fənləri tədris olunur.
 
"Düşünürük ki, interdisiplinar məzmun və mahiyyət daşıyan bu fənlər universitetlər üçün çox önəmlidir. Tədris prosesində tələbələr Azərbaycan multikulturalizminin ədəbi-bədii, elmi-fəlsəfi, ictimai- publisistik və siyasi-hüquqi qaynaqlarını, o cümlədən, Azərbaycan multikulturalizm modeli ilə dünya ölkələrinin multikulturalizmin modellərini tanıma və müqayisəli şəkildə öyrənmə fürsəti əldə edir".