Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda deyilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən olunub. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. 
 
 
Biz müəllimlər də məktəbdə dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən bəhs edən tədbirlərimizlə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini şagirdlərimizin diqqətinə çatdırırıq. Öyrətmək istədiyimiz budur ki, yaşıl rəng və bu rəngdə enerji dünyanı xilas edə bilər; Həqiqətən də yaşıl rəngi həyatımızın və sağlamlığımızın rənginə çevirə bilərik!  
 
Hazırda beynəlxalq aləmdə ətraf mühit komponentlərinin mühafizəsi, mövcud ekoloji problemlərin həllində mütərəqqi metodların tətbiqi həyata keçirilir. Bütün dünya yaşıl rəng uğrunda mübarizəyə başlayıb. Biz də ölkəmizdə qarşıya qoyulan bu əsas prioritetdən çıxış edərək Güzdək qəsəbə tam orta məktəbində 3-cü “A” sinif rəhbəri Qətibə Həsənova və 3-cü “B” sinif rəhbəri Günay Sadıqova ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş “Yaşıl Azərbaycan” adlı dərs təşkil etdik. “Həyatımızda yaşıllığın əhəmiyyəti” adlı “dəyirmi masa”da isə araşdırmalar əsasında təqdimatlar hazırlayan şagirdlərin fikirlərini dinlədik. 
 
 
Məlumdur ki, elmi-texniki tərəqqi bir çox təzadlar yaradıb və bunlar da təbiətdə ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb. Bunun əsas səbəbi insanın təbiətə, ətraf mühitə vurduğu ziyan, avtomobillərin, təyyarələrin, raketlərin, sənaye zavodlarının çoxalması və kimyəvi məhsulların istehsalının artmasıdır. Bütün bunlar ekologiyaya mənfi təsir edən amillər sırasında dayanır, zərərli tullantılar   nəticədə ozon qatının sıradan çıxmasına səbəb olur. 
 
Bu mövzularda keçirdiyimiz tədbirlərdə şagirdlər fikirlərini çəkdikləri rəsmlərdə ifadə etdilər; divar qəzeti hazırladılar; təmizlik və ağacəkmə aksiyasına qatıldılar.  “Yaşıl dünya naminə həmrəy olaq” adlı layihə çərçivəsində tullantıların toplanılmasında fəallıq göstərdilər. 250 kiloqramdan çox kağızı yenidən istifadə üçün yığıb təhvil verdilər. Qərara aldıq ki, növbəti tədris illərində də bu prosesi davam etdirək. 
 
 
Bütün bu tədbirlər şagirdlərin ekoloji dünyagörüşünə, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyinə, təbii sərvətlərin öyrənilməsi vasitəsilə idraki səriştələrinin formalaşmasına, öyrənmə və tədqiqatçılıq bacarıqlarının yeni formalarının hazırlanmasına, ekoloji hərəkata, ekoloji yönümlü fəaliyyətə cəlb edilmələrinə, bilik axtarışının müxtəlif forma və metodlarını, praktiki bacarıqları, təşkilatçılıq qabiliyyətlərini mənimsəmələrinə müsbət təsir göstərdi. Sonda şüarımız bu oldu: “Ekosistemə hər zaman qayğı və sevgi gərəkdir; planetimizi qorumaq hamımızın vəzifəsidir!”.   
 
 
 
 
 
 
 
 
 
 
 
Günay SADIQOVA
Güzdək qəsəbə tam orta məktəbin müəllimi