"Hazırda dövlət qurumları və vətəndaşlar ETN-nin 47 elektron xidmətindən yararlanır. Ümumiyyətlə, bütün dövlət xidmətlərimizi  elektronlaşdırmağa çalışırıq". 
 
Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.
 
O bildirib ki, hazırda istənilən təhsil pilləsinə qəbul, onun daxilində hərəkət və çıxış elektron müstəvidədir. 
 
"Gələcəkdə təhsil sənədlərinin elektron verilməsinə, sənədlərin özünün elektronlaşmasına nail olmağa çalışırıq. Həmçinin təhsilin məzmununu daha təkmil formada elektronlaşdırmaq üzərində düşünürük. Bildiyiniz kimi, bu günün tələbidir ki, fənlər ayrılıqda tədris edilməsin. Tədris prosesi özü də təkmilləşməli, layihə əsaslı, problem əsaslı təhsilə çevrilməlidir. Hansısa problemi həll edərkən bir fənnin biliklərindən istifadə etmirik. İnteqrativ, yəni bütün fənlərdən qazanılan biliklər olmalıdır. Növbəti addımımız budur ki, yeni texnologiyaları müəllimlərə dəstək kimi verək ki, onlar tədrisi, məzmunu dəyişə bilsinlər və dərsdə bilik ötürücüsü kimi yox, daha çox şagirdlərin öyrənməsini dəstəkləyən proses rəhbəri kimi çıxış etsinlər. Bu baxımdan müəllimlərimizə həm yeni alətlər, həm də yeni bacarıqlar verməliyik" - deyə idarə rəisi qeyd edib.