Maarif sahəsində milliləşmə prosesinin əsası qoyuldu


XX əsrin əvvəllərində Şərqdə bir günəş doğdu- əsrlər boyu öz azadlığı uğrunda qurbanlar verən Azərbaycan  müstəqilliyinə qovuşdu. Öz işıqlı ideyaları ilə Azərbaycan Xalq Cümhuriyyəti nəinki milli dövlətçilik tariximizdə, həmçinin təhsilimizdə, maarifimizdə də parlaq izlər qoydu.  Bu il müstəqilliyinin 100 illiyini qeyd etdiyimiz  Azərbaycan dövlətinin təhsil tarixini bir daha vərəqləmək olduqca qürurvericidir.

 

Milli hökumət yarandığı ilk gündən dövlətçiliyin möhkəmləndirilməsi üçün fəaliyyətə başladı. Dövlətin təhsil sahəsində həyata keçirdiyi islahatlar xüsusilə təqdirəlayiq idi. Azərbaycan Xalq Cümhuriyyəti xalqın maariflənməsi, milli kadrların yetişdirilməsi, təhsil müəssisələrinin milliləşdirilməsi, yeni təhsil ocaqlarının yaradılmasını əsas vəzifələr kimi ön plana qoymuşdu. Elə buna görə də Tiflisdə yaradılan müvəqqəti hökumətin tərkibindəki 9 nazirlikdən biri də Xalq Maarif Nazirliyi idi.

 

Xalq Cümhuriyyəti Azərbaycan dilini dövlət dili elan etməklə maarif sahəsində milliləşmə prosesinin əsasını qoydu. Baxmayaraq ki, kadr çatışmazlığı, tədris vəsaitlərinin azlığı kimi problemlər mövcud idi, Azərbaycan təhsil tarixində ən vacib addımlardan biri olan bu qərar xalqda milli ruhun, özünüdərk prosesinin formalaşmasında təsiredici rol oynadı. O zaman milli hökumətin maarif sahəsində apardığı islahatlar sırasına yeni dərsliklər, proqramlar hazırlamaq üçün komissiyaların yaradılması, seminariyaların, müəllim hazırlayan qısamüddətli pedaqoji kursların açılması, ilkin olaraq Türkiyədən müəllimlərin dəvət olunması və dərsliklərin gətirilməsi də daxil edilmişdir. Hökumət proqramların, dərsliklərin hazırlanması və nəşri zamanı milli-mənəvi dəyərlərə - türkçülük, islam və Avropa dəyərlərinə üstünlük verilməsini nəzərdə tuturdu. Həmin dövrdə Maarif  Nazirliyi təhsil işçiləri üçün mətbuat orqanları və məktəblilər üçün uşaq ədəbiyyatı jurnallarının  nəşrini təşkil etməyi də qarşısına vəzifə qoymuşdu. Ölkədə  iqtisadi müstəqilliyi təmin etmək üçün milli mütəxəssislərin hazırlanması, elmi cəmiyyətlərin və universitetlərin yaradılması, əhali arasında savadsızlığın aradan qaldırılması, azərbaycanlı gənclərin xaricdəki tanınmış universitetlərdə təhsil almasını təşkil etmək də mühüm islahatlar sırasında idi. Bunların əsasında isə Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, onu azad, demokratik respublika kimi bütün dünyada tanıtmaq dayanırdı.

 

Tezliklə Azərbaycanın 10 bölgəsində xalq məktəblərinə nəzarət etmək üçün müfəttişliklər yaradıldı və təhsil müəssisələrinin fəaliyyəti onlara həvalə edildi.

 

AXC hökumətinin maarifin inkişafına xüsusi önəm verməsinin əsas göstəricilərindən biri də bu idi ki, həmin dövrdə digər sahələrə nisbətən təhsilə daha çox vəsait ayrılırdı. Belə ki, təkcə 1919-cu ildə dövlət büdcəsindən olan 665 milyon pulun 75 milyonu təhsil sahəsinə ayrılmışdı.

 

AXC-nin  təhsilin milliləşdirilməsi sahəsində atdığı addımların ən əhəmiyyətlilərindən biri də təhsilimizin inkişafında müstəsna rol oynayan Qori Müəllimlər Seminariyasının tatar (Azərbaycan) şöbəsinin Qazaxa köçürülməsi olur.

 

1879-cu ildən Gürcüstanın Qori şəhərində fəaliyyətə başlamış Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının nəzdindəki tatar (Azərbaycan) şöbəsi vaxtilə 5 illik sınaq müddətinə açılmışdı. Belə ki, azərbaycanlılar burada təhsil almağa üstünlük verərlərsə, o zaman həmin şöbə ayrılaraq Azərbaycan şəhərlərinin birində müstəqil fəaliyyət göstərməli idi. Sonradan çar Rusiyası buna imkan verməsə də, maarifpərvər ziyalılarımız bu ideyanı reallaşdırmaq üçün mübarizə aparmaqdan yorulmamışlar.

 

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra  milli hökumət 22 iyun 1918-ci il tarixində Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi haqqında qərar qəbul etdi. Bu işlə məşğul olmaq seminariyanın keçmiş inspektoru F.Köçərliyə tapşırıldı. Seminariyanın direktoru kimi fəaliyyətə başlayan F.Köçərli isə burada xalqın maariflənməsi üçün lazımi şərait yaratdı, seminariyanın nəzdində yaşlılar üçün savad kursu və uşaq evinin də açılmasına nail oldu.

 

Sonra isə məktəblərin milliləşdirilməsi istiqamətində islahatlar aparıldı. Milli hökumət yaranana qədər Azərbaycanda ana dilində orta məktəblər fəaliyyət göstərmirdi. F.Xoyskinin 28 avqust 1918-ci ildə verdiyi qərarla bütün ibtidai tədris müəssisələrində təlimin ana dilində aparılması qanuniləşdi.

 

Araşdırmalar göstərir ki, 1919-1920-ci dərs ilinin  əvvəllərində Azərbaycanda 643 ibtidai və 23 orta məktəb fəaliyyət göstərirdi ki, ibtidai məktəblərdə 48070, orta məktəblərdə isə 9611 şagird təhsil alırdı. Onların arasında 4 qadın gimnaziyası və 3 qız məktəbinin də olduğu xüsusi qeyd edilməlidir. Maarif Nazirliyinin 1919-cu ilin oktyabrında hökumətə ünvanladığı  rəsmi təqdimatdan aydın olur ki, hər il, təxminən, 35 yeni ümumi orta məktəb açılması da planlaşdırılırdı. Əlavə olaraq, milli hökumət Birinci Dünya müharibəsi nəticəsində fəaliyyəti dayandırılmış ümumtəhsil məktəblərini yenidən istifadəyə verirdi.

 

Azərbaycan hökuməti təhsil sahəsində aparılan islahatları müzakirə etmək və yeni təkliflər hazırlamaq məqsədi ilə 1919-cu ilin avqust ayında Bakıda Azərbaycan müəllimlərinin I qurultayını çağırdı. Qurultayda təhsilin milliləşdirilməsini əsas tutan proqram və dərslikləri hazırlamaq üçün dövlət komissiyası yaradıldı. Komissiyaya xalq maarif nazirinin müavini Həmid bəy Şaxtaxtinskinin sədrliyi ilə bir çox tanınmış dövlət xadimləri və ziyalılarımız daxil edilmişdilər. Komissiyanın işinin nəticəsi kimi 1919-cu ildə “Təzə elmi-hesab”, “Son türk əlifbası”, “Ədəbiyyat dərsləri”, “Yeni məktəb”, “Müntəxəbat”, “Tarixi-təbii” adlı yeni dərsliklər hazırlandı ki, bu işdə görkəmli maarifçilərdən M.Mahmudbəyov, F.Ağazadə, A.Şaiq, S.Acalov, H.Cavid, A.Əfəndizadə, F.Köçərli və başqalarının xidmətləri böyük idi.

 

Cümhuriyyətin təhsildə apardığı milliləşdirmə siyasətini çətinləşdirən səbəblərdən biri də peşəkar milli müəllim kadrlarının çatışmaması idi. Bu çətinliyi aradan qaldırmaq üçün 1919-cu ilin sentyabrında Bakıda Kişi Müəllimlər Seminariyası açıldı. 1914-cü ildən fəaliyyət göstərən Gəncə Müəllimlər Seminariyası isə yenidən quruldu. Bundan başqa, xalq məktəbləri üçün müəllim hazırlamaq məqsədi ilə bölgələrdə qısamüddətli kurslar da açıldı.

 

Təhsil tariximizdə ilk məktəbəqədər tərbiyə müəssisələrinin yaradılması da məhz cümhuriyyət dövrünə təsadüf edir.

 

Milli hökumət təhsildən kənarda qalmış, kimsəsiz uşaqların təlim-tərbiyəsinin qayğısına qalmaq məqsədi ilə 1919-cu ilin avqust ayında uşaq evi də açmışdır. Çətin şəraitdə yaşayan həmin uşaqları məktəbə cəlb etmək üçün  Bakıda “Uşaqlara yardım bürosu” yaradılmışdı.

 

Cümhuriyyətin əsas qayğılarından biri də peşə-ixtisas təhsili müəssisələrinin yaradılması idi. Yeni qurulmuş dövləti müxtəlif sahələrdə (dəmiryolu, poçt, teleqraf, bank) milli kadrlarla təmin etmək məqsədilə kurslar açılmış, gənclərin belə məktəblərə imtahansız qəbulu üçün imkan yaradılmışdır.

 

AXC-nin ən çox diqqətdə saxladığı sahələrdən biri də ali təhsilli milli kadrların hazırlanması idi. Azərbaycan hökuməti milli kadrlar yetişdirmək məqsədi ilə Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu, Dövlət Konservatoriyası və Pedaqoji İnstitutun açılması üçün hazırlıq işləri aparırdı. Amma milli hökumətin qısa ömrü bu ali məktəblərdən yalnız birinin açılmasına imkan verdi. 1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamentində uzun sürən müzakirələrdən sonra “Bakı Dövlət Universitetinin təsis olunması” ilə bağlı tarixi qanun qəbul edildi və elə həmin il noyabrın 15-də universitetdə dərslər başlandı. H.Z.Tağıyev, o cümlədən bir sıra imkanlı insanların yardımı ilə I Bakı Kişi Gimnaziyasının və keçmiş Kommersiya Məktəbinin binaları təmir olunaraq universitetə verildi. Universitetdə 887 tələbə və 217 nəfər azad dinləyici təhsil alırdı. Universitetin müəllimlərindən 9 nəfəri azərbaycanlı idi ki, onların içərisində M.Topçubaşov və M.Şahtaxtinski də var idi. Universitetdə AXC-nin dövlət xadimlərindən M.Ə.Rəsulzadə və R.Kaplanov Osmanlı ədəbiyyatı tarixindən, H.Şahtaxtinski isə rus dili və ədəbiyyatından mühazirələr oxuyurdular.

 

Milli hökumət “Avropa ilə Asiyanın qovuşağında yeni çıraq” (V.İ.Razumovski) olan Bakı Dövlət Universitetinin uğurlu gələcəyinə inanırdı.

 

Hökumət milli kadrlar hazırlamaq üçün təkcə ali təhsil müəssisələri yaratmaqla kifayətlənmək fikrində deyildi. Belə ki, azərbaycanlı gənclərin Avropanın məşhur universitetlərində təhsil almağa göndərilməsi istiqamətində də işlər görülürdü. Dövlət həmin tələbələrin xərclərinin ödənilməsi üçün vəsait də ayırmışdı. Amma xaricə getməyi planlaşdırılan 100 tələbənin hamısı nəzərdə tutulmuş ölkələrdə təhsil ala bilmədi. Milli hökumət devrildikdən sonra onlardan bəziləri öz təhsillərini yarımçıq qoyub geri qayıtdı, bir qismi isə getdikləri ölkələrdə müxtəlif sahələrdə çalışmağa başladı. Təəssüf ki, onların arasında “repressiya” adlı amansız qatilin qurbanına çevrilənlər də oldu.

 

Cümhuriyyətin gördüyü mühüm işlərdən biri də ilk dəfə dövlət səviyyəsində hərbi təhsil müəssisələrinin yaradılması ilə milli hərbi təhsilin təməlinin qoyulması oldu. Azərbaycan ordusunu hərbi mütəxəssislərlə təmin etmək üçün Gəncədə praporşiklər məktəbi açıldı. Bu məktəbdə 250-dən çox azərbaycanlı gənc təhsil alırdı. Tədrisin keyfiyyətini artırmaq üçün məktəbə Türkiyədən təcrübəli hərbi pedaqoqlar cəlb edilmişdi. Çox keçmədən bu məktəb üç şöbəli Hərbiyyə Məktəbinə çevrildi və hökumətin süqutunadək fəaliyyət göstərdi. 1919-cu ilin ikinci yarısında Hərbi Nazirliyin Gəncədən Bakıya köçürülməsi ilə əlaqədar hərbi məktəblər şəbəkəsi daha da genişləndirildi. Məhz milli hökumətin hərbi təhsil sahəsində gördüyü işlər nəticəsində güclü Milli Ordu yaradıldı. Lakin AXC süqut etdikdən sonra hökumətinin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər yarımçıq qaldı. Sovet Rusiyası Azərbaycanda Milli Ordunu dağıtmaqla yanaşı, hərbi məktəbləri də bağladı. Peşəkar hərbiçilərin əksəriyyəti isə 30-cu illərin repressiyasına məruz qaldı.

 

Milli hökumət yaşlı əhali arasında savadsızlığı aradan qaldırmaq və qeyri-türk mənşəli vətəndaşlara Azərbaycan dilini öyrətmək məqsədi ilə savad kursları da açmışdır. Bu kursların təşkili üçün dövlət xüsusi maliyyə vəsaiti ayırmışdır. Ali hakimiyyət orqanlarında çalışan  500-dən çox məmur Bakıdakı birinci realnı məktəbdə açılmış Azərbaycan dili kurslarında təhsil almışdır.

 

Aparılan araşdırmalar bir daha təsdiq edir ki, milli hökumət dövlət quruculuğunda prioritet sahə kimi təhsilə, xalqın maariflənməsinə böyük önəm vermişdir. Azərbaycan Xalq Cümhuriyyəti iki ilə yaxın yaşamasına baxmayaraq elmin, təhsilin yüksəlişi naminə sona qədər döyüşmüşdür. Bu işdə xalq maarif nazirləri Nəsib bəy Yusifbəyli, Rəşid xan Kaplanov, Həmid bəy Şahtaxtinski və Nurməhəmməd bəy Şahsuvarov da böyük səy göstərmişdilər.

 

Ümummilli lider Heydər Əliyevin dediyi kimi, “zəngin mədəniyyət və təhsil ənənələrinə malik olan Azərbaycan, müsəlman Şərqində dünyəvi təhsilin gerçəkləşdiyi ilk ölkələrdən biri olmuşdur”.

 

Təhsilimizin milliləşdirilməsi istiqamətində əvəzsiz işlər görmüş Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra Sovet hakimiyyəti illərində milli hökumətin təhsil sahəsinə gətirdiyi yeniliklər xalqımızdan gizlədilsə də, müasir dövrümüzdə bu tarixin araşdırılması istiqamətində görülən işlər uğurla davam etdirilir.

 

Həcər ABDURZAQOVA,

İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi