Keçilən xüsusi dərslər və hazırlıq prosesi içimizdə sanki tam əminliklə medalla qayıdacağıq hissini formalaşdırmışdı
 
Son illər yeniyetmə gənclərimizin müxtəlif fənlər üzrə bilik müsabiqələrinə, olimpiadalara marağı artmaqdadır. Əsası məktəb illərindən qoyulan bilik yarışlarına, olimpiadalara olan həvəs illər keçdikcə bir istəyə çevrilməklə yanaşı, gələcək uğurların qazanılmasında həm də tramplin rolu oynamaqdadır.
 
“Azərbaycan müəllimi”nin haqqında söz açacağı gənclər də elə müsabiqə qalibləridir. ADA Universitetinin tələbələri olan İbrahim Ağazadə, Nihat Məmmədli, İlkin Həsənov və Rəsul Qasımlı Bolqarıstanda keçirilən Beynəlxalq Riyaziyyat Müsabiqəsində öz biliklərini nümayiş etdirərək uğurlu nəticə göstəriblər. Belə ki, istedadlı gənclərimiz adıçəkilən müsabiqədə iki bürünc medal, Fəxri Fərman (Honorary Mention) və sertifikat əldə ediblər. 
 
Gənclərin bilik və bacarıqlarının, istedadlarının üzə çıxarılmasına imkan yaradan gözəl bir fürsət 
 
Yeni tədris ilindən ADA Universitetinin II kursunda təhsil alacaq İbrahim Ağazadə 2006-cı ildə Cəlilabad şəhərində anadan olub. Cəlilabad şəhərindəki 8 nömrəli tam orta məktəbin məzunudur. Məktəb illərindən müxtəlif olimpiadalarda və intellektual yarışlarda iştirak edərək çox sayda medallar qazanıb. Respublika fənn olimpiadalarında riyaziyyat fənni üzrə 2021-ci ildə bürünc, 2023-cü ildə isə qızıl  medala layiq görülüb. “Xəmsə”, “Kim? Nə? Hara” intellektual bilik yarışmalarında da qızıl və gümüş medallar əldə edən gəncimiz, həmçinin "Breyn Rinq" yarışmasının region turunda iştirak edib.
 
 
Olimpiadaların, müxtəlif müsabiqələrin yeniyetmə və gənclərin bilik və bacarıqlarının, istedadlarının üzə çıxarılmasına imkan yaradan gözəl bir fürsət olduğunu söyləyən İbrahim Ağazadə tələbəsi olduğu ADA Universitetinə də elə 2003-cü ildə Republika fənn olimpiadasının qızıl medalçısı olaraq müsabiqədənkənar qəbul olunub. Arzuladığı ali təhsil müəssisəsi və arzuladığı “Komputer elmləri” ixtisası... Respublika fənn olimpiadalarının riyaziyyat fənni üzrə qızıl medalçısı olmaq ona bu gözəl imkanı qazandırıb. Gəncimiz seçdiyi ali təhsil müəssisəsinin tələbəsi olmaqdan olduqca məmnundur: “ADA-da dərslərin ingilis dilində tədris olunması mənim üçün böyük avantajdır. Həmçinin müəllim heyətinin xarici və yerli savadlı mütəxəssislərdən təşkil olunması mənə ADA-nı seçməyimin necə bir düzgün qərar olduğunu göstərdi”.
 
İbrahim deyir ki, Bolqarıstanda keçirilən Beynəlxalq Riyaziyyat Müsabiqəsində iştirak etmək onun üçün maraqlı olduğu qədər, eyni zamanda gələcək arzularının reallaşmasında da mühüm rol oynayır: “Beynəlxalq Riyaziyyat Müsabiqəsində açığı medal alacağımı fikirləşmirdim. 1-ci kursda idim və ingilis dilini daha mükəmməl öyrənməyə fokuslanmışdım, ancaq müsabiqə öncəsi Yaqub müəllimin, Rafael müəllimin, Elçin müəllimin və Vüqar müəllimin keçdikləri dərslərin mənə olduqca xeyri oldu və bürünc medal qazandım”.
 
Həmsöhbətimiz ali təhsil aldığı müddətdə müxtəlif olimpiadalarda və bilik yarışlarında mütəmadi olaraq iştirak etməyi düşünür. 
Adım qaliblər sırasında çəkiləndə qürur hissi keçirdim
Müsabiqənin digər bürünc medalçısı Nihat Məmmədli 2005-ci ildə Bakıda anadan olub. 2011-2015-ci illərdə Bakı şəhəri 308 tam orta məktəbdə təhsil alıb. Sonradan bir müddət orta təhsilini Bakı şəhəri Texniki-humanitar liseyində davam etdirib. Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında müxtəlif illərdə gümüş və bürünc medallara layiq görülüb. 2017-ci ildə Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyə qəbul olunan Nihat Məmmədli 2022-ci ildə buranı qızıl medalla bitirib. O, Respublika fənn olimpiadalarında riyaziyyat fənni üzrə 2016-cı ildə gümüş, 2020 və 2021-ci illərdə bürünc, 2022-ci ildə isə növbəti dəfə gümüş medallar qazanıb. 
 
 
Həmsöhbətimiz bildirir ki, elə orta təhsilini başa vurduğu il SAT imtahanından 1450 bal yığaraq ADA Universitetinin “Riyaziyyat” ixtisasına qəbul olunub. Bu tədris ilindən 3-cü kursda təhsilini davam etdirəcək. Tələbə olaraq uğur qazandığı Beynəlxalq Riyaziyyat Müsabiqəsindən söz açan gəncimiz deyir ki, yarışda dünyanın 60-a yaxın ölkəsindən 401 tələbə qatılmışdı:
 
“Müsabiqə komanda şəklində deyil, fərdi qaydada keçirilirdi. Yarışın kifayət qədər çətin olduğunu bildiyim üçün, medal qazana biləcəyimdə tərəddüdlü idim. Adım qaliblər sırasında çəkiləndə qürur hissi keçirdim. Ölkəmizdə yeniyetmə və gənclərin müxtəlif olimpiadalarda, bilik yarışlarında iştirakına xüsusi diqqət göstərilir, onların xarici ölkələrdə keçirilən müsabiqələrdə iştirak etmələri üçün hər cür şərait və imkanlar yaradılıb. Bu, çox yaxşıdır. Olimpiada qaliblərinin müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul edilməsi isə yuxarı sinif şagirdləri üçün gözəl motivasiyadır. Beynəlxalq olimpiadalarda uğur qazanmaq, həmçinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələri tərəfindən də dəyərləndirilir. Mənim üçün belə nüfuzlu müsabiqələrdəki rəqabət həm də biz gənclərin özlərini daim inkişaf etdirməsidir”.
 
Nihat Məmmədli də ADA-nın tələbəsi olmaqdan qürur duyur. Qeyd edir ki, bu ali təhsil müəssisəsini seçməyinin əsas səbəbi burada tətbiq edilən sistemin fərqli olması, təhsil mühitinin maraqlı təşkilidir: “Müəllimlərimiz hər zaman bizə dəstək olur, onlara verdiyimiz istənilən sualı həvəslə cavablandırır, həmçinin gələcək həyat yolumuzda uğur əldə etməyimiz üçün doğru yol göstərirlər. Mənim də hədəflərim var və onlara çatmaq üçün özümü  daim inkişaf etdirərək böyük uğurlara imza atmaq istəyirəm”.
 
Məktəb vaxtı olimpiadalara hazırlaşmağım mənə çox böyük təcrübə və fərqli düşüncə qazandırıb
 
Həmsöhbətimiz İlkin Həsənov Bakı şəhəri 323 nömrəli tam orta məktəbin 2022-ci il məzunudur. Bizimlə söhbəti zamanı bildirir ki, IX və XI siniflərdə Respublika fənn olimpiadalarında riyaziyyat fənni üzrə yarımfinala vəsiqə qazansa da, final mərhələsində iştirak edə bilməyib: “Buna baxmayaraq, məktəb vaxtı olimpiadalara hazırlaşmağım mənə çox böyük təcrübə və fərqli düşüncə qazandırıb.
 
 
Bolqarıstanda keçirilən Beynəlxalq Riyaziyyat Müsabiqəsi mənim üçün olimpiada karyeramda dönüş nöqtəsi adlandıracağım bir məqamdır. İlk dəfə idi ki, beynəlxalq səviyyədə keçirilən bir olimpiadada iştirak edirdim. Əlbəttə ki, beynəlxalq səviyyədə olan olimpiada digər yarışlara bənzəmir, çünki siz burada dünyanın hər yerindən qatılmış ən güclü tələbələrə qarşı mübarizə aparırsınız və mənim fikrimcə, bu yarışmanın ən maraqlı olan hissəsidir. Ölkəyə medalla qayıtmağı, əlbəttə, komandamızın hər bir üzvü istəyirdi, lakin buna əvvəlcədən əmin olmaq o qədər də asan məsələ deyildi. Lakin bizə keçilən xüsusi dərslər və hazırlıq prosesi içimizdə sanki tam əminliklə medalla qayıdacağıq hissini formalaşdırmışdı. Və ADA Universitetinin komandası olaraq biz ölkəmizə 2 bürünc medalla qayıtdıq. Mən özüm isə sertifikata layiq görüldüm”.
 
Qeyd edək ki, 2022-ci ildə 601 balla ADA Universitetinin “İnformasiya texnologiyaları” ixtisasına qəbul olunan İlkin Həsənov hazırda 3-cü kurs tələbəsidir. Bildirir ki, ali təhsil müəssisəsini seçərkən tədris prosesinin fərqli şəkildə təqdimatı, dünyanın ən nüfuzlu universitetləri ilə əlaqələr, təqdim etdiyi tələbə mübadilə proqramları onu ADA Universitetində təhsil almağa sövq edib: “Mənim üçün ADA Universitetini seçməyimdə həm də ən böyük səbəb bu ali təhsil müəssisəsinin olimpiadaçılara ayırdığı diqqət və qayğıdır. Söylədiyimə nümunə olaraq olimpiadaçılar üçün təhsilin tam təqaüdlü olması və onlara beynəlxalq olimpiadalarda iştirakları üçün şans yaradılmasını qeyd etmək olar. Əlbəttə, təcrübəli müəllim heyətini isə xüsusi vurğulamaq istərdim”.
 
İlkin Həsənov əlavə edir ki, gənclərin bilik müsabiqələrində, olimpiadalarda iştirakı onlara bir çox üstünlüklər qazandırır. Belə ki, olimpiadalar, bilik yarışları şagirdlərin və tələbələrin rəqabətlilik ruhunun ortaya çıxmasına kömək edir. Bunun nəticəsi kimi onlar gələcəkdə öz hədəflərinə daha yaxşı fokuslana və daha inamlı addımlar ata bilirlər. Ən vacib olan məqamdan biri də istər yerli, istərsə də beynəlxalq olimpiadalarda iştirak etmək gənclərimizin bir çox istedadlı insanla tanış olmasında, həmçinin sosiallaşma bacarıqlarının daha da yaxşılaşmasında əhəmiyyətli rol oynamasıdır.
 
İlkin Həsənov gələcəkdə süni intellekt sahəsi ilə məşğul olmağı düşünür. 
 
Komanda yoldaşlarımla birgə hazırlaşanda onların yetəri qədər təcrübəli və istedadlı olduqlarını görürdüm
 
Rəsul Qasımlı Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin 2023-cü il məzunudur. Orta təhsil illərindən olimpiadalara, bilik müsabiqələrinə böyük marağı olub. Respublika fənn olimpiadalarında informatika fənni üzrə  2021-ci ildə gümüş, 2022-ci ildə bürünc və 2023-cü idə növbəti dəfə gümüş medala layiq görülüb. 2023-cü ildə ADA Universitetinin “Kompüter elmləri” ixtisasına müsabiqədənkənar qəbul olub. Hazırda universitetin II kurs tələbəsidir.
 
 
Bolqarıstanda keçirilən Beynəlxalq Riyaziyyat Müsabiqəsində Fəxri Fərmana (Honorary Mention) layiq görülən Rəsul Qasımlı deyir ki, özü medal qazana bilməsə də komanda yoldaşlarının 2 bürünc medal almasına çox sevinir: “Ölkəmizə medalla qayıdacağımıza əmin idim, çünki komanda yoldaşlarımla birgə hazırlaşanda onların yetəri qədər təcrübəli və istedadlı olduqlarını görürdüm. Ümid edirəm ki, növbəti beynəlxalq olimpiadalarda ölkəmə medal qazandıranlardan biri də mən olacağam”.   
 
Samirə KƏRİMOVA