“Bu gün universitetlərin qarşısında çox mühüm vəzifələr var. Biz elmi tədqiqat mühitini qısa vaxtda formalaşdırmalıyıq”.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev sentyabrın 9-da Bakıda keçirilən xaricdə yaşayan azərbaycanlı alimlərin forumunda çıxışı zamanı deyib. 
 
O bildirib ki, Naxçıvan Dövlət Universitetində bununla bağlı işlərə başlanılıb: “Universitetimiz görkəmli alimlərlə birgə işləyir, əməkdaşlarımızın onlarla bərabər məqalələri yayımlanır. Təbii ki, bu bir başlanğıcdır. Biz istəyirik ki, bu əməkdaşlıqlar davam etsin”.
 
E.İsayev qeyd edib ki, NDU modern bir universitetdir: “Alimlərin təklifləri ilə laborotoriyalarımız zənginləşdirilir. Hazırda nano texnologiya laboratoriyaları açılır. İstəyərdik, alimlərimiz orada fəaliyyət göstərsin. Alimlərimizin kitabları bizim kitabxanalarda olsun. Onları gənclərə tövsiyə edək. Hətta tərcümə mərkəzlərimizdə kitabları tərcümə etmək imkanımız da var”.
 
Günel ABBAS